May 18 2020

Mediasiya haqqında

Son günlərdə ölkəmizdə hüquq sahəsində heç şüphəsiz ən gündəmdə olan müzakirə mövzusu mediasiyadır. Mediasiya kəliməsinin leksikamızda yad bir kəlimə olması bəlkə də bu sahənin anlaşılmasını çətinləşdirən faktorlardandır.

Lakin, əslinə baxsaq bu prosesin özü Azərbaycan mentalitetinə o qədər də yad deyildir. Belə ki, istənilən bir nəsildə söz sahibi olan, hörmət edilən, çətinliklə üzləşəndə ilk növbədə müraciət edilən “ağsaqqal” dediyimiz şəxslər vardır. Necə ki, tarix boyu qohum olmaq istədikdə “Elçi getmək” üçün ən hörmətli şəxslər aparılırsa, hansısa problemin həlli məqsədi ilə də seçilmiş şəxslərə müraciət edilir. Hər bir mədəniyyətin, hər bir cəmiyyətin belə insanlara ehtiyyacı vardır və olacaqdır. Mediasiya, sadəcə bu prosesin rəsmiləşdirilməsi və sənəd üzərində təsdiqi deməkdir.

Niyə bu gün mediasiyaya ehtiyac yarandı?
Yuxarıda qeyd etdiyimiz kimi bu proses əslində var olan prosesdir. Sadəcə bu gün dünyamız tarixdə olmayan bir şəkildə qloballaşmış vəziyyətdədir. Bir neçə saniyə içərisində minlərlə kilometr uzaq bir məsafədə nəyin baş verməsinə şahid ola bilirik. Mediasiya sistemi müvəffəqiyyət qazanmış bir sistem olaraq dünyanın əksər inkişaf etmiş ölkələrində istifadə edilməkdədir. Özünü sübut etmiş bir sistemin ölkəmizdə istifadə edilməsi sırf vətəndaşımızın mənafeyi nəzərindən olduqca vacib bir amildir.

Məhkəmə sənədi əsas götürür. Məhkəmədə məntiq baş roldadır. Məhkəmədə qanun əsasdır. Məhkəmədə duyğulara yer yoxdur, hissiyyat ön planda deyildir. Məhkəmədə ehtiyyac nəzərə alınmaz. Məhkəmədə udan və uduzan tərəf vardır. Məhkəmə düşmanlığa son verməz, daha da kəskinləşdirər. Məhkəmə illərlə uzana bilər. Məhkəmə yekun qərar verir. Məsələn: boşanmaq üçün müraciət edən şəxs uzağı 3 ay sonra məhkəmə tərəfindən boşanılır. Statistikaya nəzər salsaq sadəcə 2019-cu ildə 17148 boşanma faktı qeydə alınıb.

Mediasiyanın birinci hədəfi barışıqdır. Mediasiyada hissiyyat və duyğular öyrənilir, ehtiyaca diqqət yetirilir. Mediasiyada məğlub tərəf yoxdur. Mediatr qərar qəbul etməz, kimisə günahkar elan edə bilməz. Mediasiya prosesi illərlə uzanmaz.

Məsələn: ailə münaqişəsi ilə müraciət etmiş tərəflərdə bu ailənin ehtiyac meyarı örənilir, ortaq məxrəclər axtarılır. Müvəffəqiyyətli bir mediatr xidmətindən istifadə etmiş ailə daha sıx tellərlə bağlı şəkildə xoşbəxt yaşaya bilərlər. Hətta uğurlu mediasiya prosesindən sonra ailə boşansa belə düşmən kimi ayrılmazlar. Valideynlik nöqteyi nəzərindən bu olduqca mühüm bir anlayışdır və bu özü də bir uğurdur. Və yaxud, əvvəllər ortaq olmuş, kiçik bir anlaşmazlıq üzündən ayrılaraq bir-biri ilə uzunmüddətli məhkəmə çəkişmələrinin nəticəsində düşmən mövqeyində olan iki şirkət, müvəffəqiyyətli bir mediasiya prosesindən sonra yenidən əməkdaşlıq edərək daha da böyüyə, yüksək nailiyyətlərə imza ata bilərlər.

Yuxarıda bəhs etdiyimiz kimi, mediasiya sahəsi dövrümüz nəzərə alınarsa olduqca vacib və əhəmiyyətli bir sahədir. Qanunvericilik nöqteyi-nəzərindən bu sahənin icrası üçün zəmin tam olaraq hazırlanmışdır. Qalır sadəcə icrası. Bir də bütün sahələrdə olduğu kimi – peşəkarlıq.

Düzdür, bu anlayışı ölkəmizdə təzə ayaq açan körpəyə bənzətsək, ilk dövrlərdə o qədər də yüksək peşəkarlığın olacağına inanmaq sadəcə sadəlövhlük olardı. Necə ki, Mediasiya şurasının daha yeni fəaliyyətə başlamasına, heç bir rəsmi təlimin aparılmamasına baxmayaraq artıq özünü peşəkar mediatr adlandıranlar peyda olub və bu kimi hallar olacaqdır.

Ümid edirik ki, bu önəmli sahə tezliklə aktiv fəaliyyətə başlayacaq və sözün həqiqi mənasında peşəkarlar xalqımıza xidmət edəcəklər.

Bizə yazın...