Biz kimik?

“Persona” haqqında


“PERSONA” MMC olaraq birinci növbədə məqsədimiz ölkəmizə və vətəndaşlarımıza dürüst, keyfiyyətli və yorulmadan xidmət etməkdir. Fəaliyyət istiqamətlərimiz olaraq bu gün Azərbaycan vətəndaşları üçün birinci növbədə ehtiyac halına gəlmiş sahələri prioritet bilmiş və bu sahələrdə hər keçən gün biraz daha inkişaf etməyi, böyüməyi özümüzə hədəf seçmişik. Əməkdaşlıq etdiyimiz mütəxəssislər istər təcrübə baxımından, istərsə də bilik və peşəkarlıq baxımından öz sahələri üzrə seçilmiş şəxslərdir. Fəaliyyətə başladığımız andan etibarən qarşılıqlı güvənc, insana hörmət və konfidensiallıq prinsiplərini özümüzə əsas olaraq götürmüş, xidmət keyfiyyətini ən yuxarı həddə çıxarmaq məqsədi ilə hərəkət etməkdəyik. Dünyada ən böyük xoşbəxtlik bir insana ən kiçik həcmdə olsa belə köməklik göstərməkdir.

“Hüquqi̇ xi̇dmətlər” haqqında


Bazar iqtisadiyyatına keçid dövründə ölkəmizin inkişafı, sahibkarlığa göstərilən xüsusi dəstək və yaradılan şərait nəticəsində bu gün çoxsaylı müəssisələr fəaliyyət göstərməkdə və yeniləri qurulmaqdadır. Bu müəssisələrdə hüquqi fəaliyyətin təşkili, beynəlxalq və yerli müqavilələrin hazırlanması, qanunvericiliyə uyğun olaraq sənədləşmənin aparılması, vətəndaşlar və ya müəssisələrlə yaranmış problemlərin həlli, dövlət qurumları ilə münasibətin tənzimlənməsi, məhkəmələrdə təmsil və s. baxımından peşəkar hüquqşünasların çatışmazlığı özünü biruzə etməkdədir. Eyni zamanda, ölkəmizdə yaşayan bütün vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüququnu və ölkə qanunvericiliyini yetərli qədər bilməməsi nəticəsində gündəlik həyatda bir sıra çətinliklərlə üzləşməsinin şahidi olmaqdayıq. Əməkdaşlıq edəcəyimiz hüquqşünas və vəkillərin vasitəsi ilə həm vətəndaşlara hüquqi məsləhətlərin verilməsi həm də müəssisə və fərdi şəxslərlə müqavilə bağlamaq şərti ilə hüquq xidmətinin göstərilməsi məqsədini daşıyırıq.

“Xari̇cdə təhsi̇l” haqqında


Azərbaycan müstəqillik qazandıqdan sonra sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ölkənin istənilən sahədə inkişafı və gələcəyi birinci növbədə onun gənc nəslinin təhsilinə bağlıdır. Təhsil üçün ölkəmizdə xüsusi diqqət və qayğının olmasına baxmayaraq qəbul etməliyik ki, bu sahədə təhsil ocaqlarımız çoxillik təcrübəyə malik olan xarici universitetlər səviyyəsində deyildir. Gənclərimizin gələcək karyeralarını qurmaları, hədəflərinin düzgün istiqamətdə yönləndirilməsi və ölkəmizin inkişafına öz töhfələrini vermələri məqsədi ilə dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlığa başladıq. Bizim vasitəmizlə arzuladığınız universitetdə təhsil almağınız artıq mümkündür. Lazım olduğu təqdirdə öz daxilimizdə və ya əməkdaşlıq etdiyimiz təhsil mərkəzlərində beynəlxalq dərəcəli imtahanlara hazırlıq tədrisini də təşkil edirik.

Faydalı Məsləhətlər

Tez-tez şahidi oluruq ki, valideynlər uşaqlarının cinayətə meyilli olmamasından arxayınlıqla danışıb, hər hansı profilaktik söhbətlərdən imtina edirlər. Bu düzgün mövqe deyil. Təəssüf ki, təcrübə onu göstərir ki, bizim mələk bildiyimiz uşaqlarımız bəzən uşaq kollektivlərində təsir altına düşərək özlərini tam başqa tərəfdən göstərirlər. Profilaktik söhbətlər üçün isə artıq gec olur.

Son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir. Belə münaqişələrin əksəriyyəti isə boşanmalar zamanı meydana çıxır. Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər. Lakin Qərbdə boşanma zamanı bizim ailələrdə yaşanan problemlərə bənzər problemlər yaşanmır və tərəflər düşmənə çevrilmirlər. Bunun səbəbi Qərb ölkələrinin təcrübəsində tərəflərin nikahdan öncə nikah müqaviləsi bağlamasıdır. Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur. Təcrübədə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Rəsmi məlumatlara görə, bu göstərici qeydə alınan nikahların 1 faizini də təşkil etmir. Səbəb isə mental dəyərlərdir. Belə ki, tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlilik və utancverici bir hal kimi qəbul edilməsidir. Əslində isə belə bir müqavilənin, razılaşmanın olmaması tərəflər arasında əmlak mübahisəsi mərhələsində ciddi problemlər doğurur. Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir. Nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini,ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Bununla belə, əgər tərəflər arasında nikah müqaviləsi bağlanmamışdırsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Tərəflər nikah müqaviləsi bağlayarsa, qabaqcadan tərəflər bundan fərqli mövqelər müəyyən edə bilərlər. Məsələn, müqavilədə onların nikah müddətində əldə etdikləri mülkiyyətin bölünməsinin fərqli qaydası müəyyən edilə bilər. Nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini, onların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz. Lakin nikah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir. Bəzi ekspertlər nikah müqaviləsinin bağlanmasının məcburiliyi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edir. Lakin hesab edirik ki, müqavilənin məcburiləşdirilməsi müqavilə azadlığı prinsipinə ziddir. Müqavilə tərəflərin razılığı ilə, məcburiyyət olmadan, tərəflər heç bir basqı altında qalmadan bağlanmalıdır. Cəmiyyətdə nikah müqaviləsinin mahiyyətinin, üstünlüklərinin düzgün başa düşülməsi üçün təbliğat aparılmalı, VVAQ şöbələri nikah üçün müraciət edənlərə bu müqavilənin üstünlüklərini izah etməli, gənclər arasında təbliğat aparılmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Ən son yeniliklər

Bizə yazın...