Xəbər lenti

 Şrift:

 
                          M. Haqqı Yazıçı


 

                                 İqor balıqdan qayıtdı...

 
   İqor iş yoldaşımdır, yeni il ərəfəsində xoş əhvalla yanıma gəldi; əlimi hər zaman olduğu kimi, bütün səmimiyyəti ilə möhkəmcə sıxdı, qucaqlaşdıq.

Üzündə yeni il ərəfəsi sevinci vardı. Qarşıdakı uzunmüddətli tətilini hər il sevərək, dostlarıyla, buz tutmuş çay kənarında balıq tutaraq keçirəcəkdi.

Maraqla soruşdum; balıqlar böyükdürmü?

 Sol əliylə sağ qolunun biləyindən bir az irəliyə qədər işarə edib, balıqların böyüklüyünü göstərdi. İş yerindən çıxarkən mən də ona türkcə; rast gələ, İqor , - dedim.

Rusiya və qış deyincə qarsız, buzsuz bir panorama xəyala gəlməz. İlk gözə dəyən mənzərələrdən biri də budur: Donmuş çayların, göllərin üzərində özlərinə uyğun bir yer seçib, yerləşib, burğuyla buzda açdıqları dəlikdən qarmaq salıb balıq tutan yığın-yığın insanlar!

 İqorun yalancısıyam; buzun qalınlığı 5 sm-ə çatanda üstündə gedərək gəzmək olur. 10 sm -ə çatanda avtomobillə, 40 sm-ə çatanda yük maşını, 1 metrə çatanda tankla keçmək olur.

Bu, bir Rus ənənəsidir. Bir çox rus üçün ənənəvi "ictimailəşmə" üsullarından biridir. Əslində əsas məqsəd, balıqdan çox, darıxdırıcı qış günlərində bir bəhanəylə evdən çıxmaq, soyuqda bir şüşə arağı dostlarla birgə açıq havada içib, söhbət etməkdir.

Məsələn, Moskvada, Leninqradski Şosedə Moskvanı Ximkiyə bağlayan böyük körpünün altında donmuş çayın üzərində həmişə çoxlu balıqçı görmək mümkündür. Şəhər kənarına doğru, məsələn Dimitrovskoye Şosedən otuz qırx kilometr çöldəki göllərdə də balıqçılar xeyli fəaldırlar.

İqor, işinin ustasıdır; daha uzaqlara getdi. Moskvadan, təxminən iki yüz kilometr uzaqda olan Mojaiskə getdi.

On günlük uzun yeni il tətili boyunca İqorun balıqtutma macərasını maraqla gözlədim.

Tətilin sonunda, ilk iş günündə işə gedəndə, hər səhər etdiyimiz kimi, bir könülxoşluğu olaraq, o mənə öz dilimdə dili döndüyü qədər “Günaydın”, -  dedi, mən də ona onun dilində “Dobre utra”, - dedim.

Xoşbəxt və rahat görünürdü.

Səhər çayımı götürüb yanına getdim. İstirahətinin necə keçdiyini, çox balıq tutub, tutmadığını soruşdum.

“Niçivo!” - deyib, bir şey tutamadıqlarını bildirdi, qəh-qəhə çəkdi. Cəmi iki kiloya qədər Podleşçik tuta bilmişdi. Tutduqları balıqların əvəzinə, dostlarıyla içdikləri vodkaların boş şüşələrinin, onlarla qol-boyun olaraq cib telefonunun kamerasıyla çəkdiyi fotoşəkillərini göstərdi.

O qarnını tutaraq gülərkən, xoşbəxt, şən üzünə baxdım. Əslində balığa deyil, dostlarıyla məhəbbətə getmişdi.

  Türkcəmizə uyğunlaşdıran: Zəka Vilayətoğlu



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac