Xəbər lenti

 Şrift:


Qış xəyalları


Mavi ipəklə süslənib bizim çəhrayı vaqon
Yerimiz rahat olacaq.
Bura öpüş ocağı, bura ehtiras yeri,
Eşq yuvasıdır ancaq.

Burda baxa bilməzsən pəncərədən gecəyə,
Qapayarsan gözlərini.
Bir canavar sürüsü tək zülmətlərdə qorxudar
Sirli varlıqlar səni.

Sonra duyarsan qəfil, yanağın necə pörtmüş,
Xatırladar həmin an üzündə gəzən öpüş
xırdaca hörümçəyi.

“Tut onu!..” pıçıldarsan mənə sarı yavaşdan,
Dodaqlarım yansa da yanağında təlaşdan
axtarar o böcəyi.


Dolab

Qara palıddan olan oyma bəzəkli dolab,
Getdikcə çox mehriban bir qocaya oxşayır.
Qapılar xırıltılı… içindəki qaranlıq
uzaq illərdən qalma şərab qoxusu yayır.

Canına doldurubdu elə bil o hər nə var,
Saralmış parçalardan, nənə tikməsinəcən.
Qrifonla bəzənmiş çeşid-çeşid yaylıqlar,
Kişi paltarlarından, qadın çəkməsinəcən.

Burada həm medalyon, həm süni saclar da var,
Portret, solğun güllər, uşaqlar üçün paltar…
Quru meyvə qoxusu qarışıbdı onlara.

Bətnində nələr yatır, sənin ey dolab, nələr!
Arzun budur içində illərlə bəslənənlər
Qapın açılan kimi faş olsun insanlara!


Mənim bohema həyatım
(Fantaziya)


Köhnə, xovsuz paltoumun yırtılmış ciblərində
gizlədrəm əllərimi, hey süzürəm dörd yanı.
Göy Qübbəsi altında mən öz İlham Pərimlə
Uçub seyr eləyirəm könlüm sevən dünyanı.

Lap balaca uşaq kimi, həyəcanla, tələsik
Şeir toxumu səpirəm şan-şöhrətin şumuna.
Böyük Ayı bürcü baxır, açır mənə ovcunu,
Əynim-başım köhnə-kürüş, sığınıram mən ona…

Yolların qalın tozunda xışıldayır ulduzlar,
Sentyabr şərabının güclü məst etməyi var,
Bu ovqat damır şeh kimi, alnımda gilələnir.

Gözüm süzdükcə hey süzür yırtıq çəkmələrimi,
Əlim corab rezinimi dartıb çalır lira kimi,
Qafiyələrin alovu içimdə şölələnir.


Dərədə yuxulayan

Yaşıl tala boyunca gümüş tək parlayan çay,
Çırpır öz nəğməsini sahildə çəmənliyə.
Sıldırımlı dağ yanır günəşin tonqalında,
Sular axan dərədən bir bürkü qalxır göyə.

Cavan bir əsgər yatıb yumşaq otların üstə,
Torpaq adlı yataqdan rahatı yoxdu axı…
Ağzı azca aralı, saçları buruq-buruq,
Soluxmuş bənizindən ilıq bir işıq axır…

Möhkəm yatıb… Gül ətri onu oyadan deyil…
Xəstə bir uşaq kimi yüngülcə gülümsəyir.
Kaş isinə biləydi… – Torpaq yaman soyuqdu…

Qıcıqlandırmır onu meşənin rayihəsi,
Sıxıbdı bir əliylə– qalxıb-enmir sinəsi,
Sağ döşündə görünən bir cüt qanlı oyuqdu.


Yaşıl Kabaredə

Səkkiz gün getdim piyada, daşlar yırtdı çəkməmi,
Yortdüm yollarda – təki Şarleruaya çatım.
Çatınca baş vurub girdim “Yaşıl Kabare”yə ki,
Bir az qaxac donuz əti, bir az yağ-çörək dadım.

Doluydu dörd bir yanımda cansıxıcı adamlar,
Uzatmışdım ayağımı yaşıl masanın altına.
Darıxıb gözləyirdim ki, birdən sataşdı gözlərim,
Gülümsəyən xidmətçiyə –­ dik sinəli qadına;

Sırtıqcasına öpsən də, utanmazdı o məncə…
İştahımı coşdurmağa nə varsa yetərincə,
Güllü boşqabın içinə düzmüşdü qırçın-qırçın..

Gülüb verdi ət qaxacı, yağlı çörəklə birgə,
İçində qürub şəfəqi çaldı qızılı rəngə
köpükləri oynaşan pivə dolusu parçın.


Hiyləgər qadın

Alatoran içindəki yeməkxana zalında,
Yeməyin və meyvələrin ətri canıma sindi.
Önümə dolu boşqabı çəkdim süfrə başında,
Kiçik masam mənimçün kef məclisinə döndü.

Saat vurur… dinlədikcə, mən ləzzətlə yeyirəm;
Qəfildən qapı açılır… oturmuşam hələ ki..
Qulluqçu qız heç bilmirəm nədən təşrif buyurur,
Saçları çox səliqəsiz, yaylığısa çəpəki…

Gəzir çeçələ barmağı çəhrayı yanağında,
Yəqin təzə günah hissi baş qaldırıbdı onda,
Dodaqları şişib-pörtüb sanki alışıb-yanır.

Yüngül toxundu çiynimə… bəlkə də sınayırdı,
Yəqin öpüş istəyirdi. Sakit pıçıldayırdı:
“Bir sən də bax, gör bir nədən yanağım belə donur…”


Yamanlıq

Mərmilər qıpqırmızı qanlı tüpürcəkdimi
Masmavi göy üzündən ötüşürkən bir ucdan,
Krala qoyun kimi tabe olan alaylar
Diri gözlü ölümə atılırlar bu zaman.

Bu dəhşətli qırğınsa bir dəyirman daşıdır,
Üyüdüb toz eyləyir insan bədənlərini.
(Ah, Təbiət, sənin tək rahat baxmaq olarmı
Güllər altda çürüyən o cəsədlərə yəni?)

Bəzəkli taxt örtüyü, buxurdanın tüstüsü,
Ruhunu məst eləyən hər cürə tərif sözü,
Və qızıl hərisliyi… Tanrı göz qoyur buna…

Gəlir dərdli bir ana, boğa-boğa ahını,
Qoy kral görsün: necə o qadın, yaylığının
düyününü açaraq, mis pul uzadır ona…


Hökmdarın qəzəbi

Çiçəklikdə dolaşır solğun bənizli kişi.
Əynində qara frak, damağındasa siqar.
İçində – Tuilriylə bağlı xatirələri,
Gözlərində – elə bil, şimşək yatan göylər var.

Hə, kef çəkib durmadan iyirmi il boyunca
İmperator üfürüb Azadlığı: “Qoy sönsün!”
Azadlıqsa sönməyib… Şam tək işıq saçsa da
O, şam deyil üfürsən zülmətlərə bürünsün.

O girovdu. Qəzəblə hazırdı ki püskürə,
Lal dodaqları altda hansı sözlərdi görən?
Nə bilək? Süstlük yağır üzündən başdan-başa.…

Eynəkli xaç atası bəlkə düşüb yadına…
O siqar tüsütüsünün baxır bulud qatına –
Elə bil Sen-Kluda göyə edir tamaşa.

Tərcümə: Zahid Sarıtorpaq/
manera.az
 Şrift:




Tamaz Bibiluri (1934-1992) Gürcüstanın Gürcaani rayonunda anadan olub. 1966-cıildə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin jurnalistika bölməsini bitirib. “Axalqazrda kommunisti” (“Gənc kommunist”) qəzetində şöbə müdiri, redaktor müavini, 1974-cü ildən isə həyatının sonuna kimi “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetinin baş redaktoru müavini işləyib. T.Bibilurinun ədəbi debyütü 1957-ci ildə “Siskari”də (“Dan ulduzu”nda) baş tutub. Belə ki, burada onun hekayələri dərc olunub. 1973-cu ildə yazıçının ilk kitabı-oçerk və miniatrlərdən ibarət toplusu nəşr olunub. Bundan sonra “Maska” hekayələr kitabı, “Duyulmuş an”, “Ayın övladı”, ”Şikayət”, “Yeddi səs və torağay naminə” romanlarını, nəhayət, yeniyetmələr üçün “İlin vaxtı”(1989) romanını yazmışdır ki, həmin roman da 1992-ci ildə Gürcüstan dövlət mükafatına layiq görülüb. Tamaz Bibilurinin əsərləri xarici dillərə tərcümə olunaraq nəşr edilib. Onun əsərləri əsasında bədii filmlər çəkilib. Tamaz Bibiluri Tbilisidə, Didube Yazıçılar və İctimai Xadimlər xiyabanında dəfn edilib
.

                                                                           AT


Kəndə səs yayıldı. - Tavğvitelagilin (Sarıbaşlar öyünün - tərc.) uşağını tutublar. Bilirdilər ki, oğru idi, lakin, təsdiq edə bilmirdilər, ona nəvaziş göstərirdilər, üzünə gülürdülər. Hamı düşünürdü, başqasınınkını oğurlayır, mənimkini ki, yox. Nəhayət, üstündə tutdular, dul qoca qarının hind toyuğunu oğurlayırdı. İndi Tavğvitelagilin əl-qolu bağlanmış uşağı beştonluq maşının bortunda iki nəfər milis işçisi arasında çöməlmiş və kirpi kimi bürüşmüş halda gözlərini o tərəf-bu tərəfə səyirdir. Kənd heç nə söyləmir. Təkcə ətrafına toplaşıblar, bir yerdə quruyub qalıblar və oğrudan gözlərini çəkmirlər. Görək, indi nə olacaq və ya da son dəfə nə deyəcək,- deyə düşünürlər. Maşın tərpənəndə və loqquldayaraq yola düşəndə təkcə bir beli bükülmüş qoca kişi camaatın içindən çıxaraq maşını gözləri ilə təqib edir və dalınca çığırır. -Ax, nə əlini-qolunu bağladılar, ay, Tavğvitelagilin uşağı! Bəs, nə bilmişdin, mənim atımı ki, oğurladın və Qabalda ( Qabal Kaxetdə soydaşlarımızın yaşadığı kənddir - tərc.) satdın. -Bir dayan, çıxım bir, ananı ağladacağam! - Tavğvitelagilin uşağı bu tərəfə səslənir. Milis işçiləri onun başına qapaz vururlar. Maşın yellənir. Qoca kişi arxasınğa düşür. -Mənim nə anamı ağladacaqsan? Sən çıxana kimi mənim sümüklərim də qalmayacaq. Kənd sükuta qərq olub. Karıxmış qoca kişi o yan-bu yana boylanır və qorxmuş gözləri ilə kimisə axtarır. O “kimsə” görünmür. -Hə, ona kimi mənim sümüklərim də qalmayacaq! Heç kim cavab vermir. -Bir dayan, çıxım bir... Qoca kişi yenə də kimisə axtarır. Hər halda heç kim cavab vermir. -Sonra bilirsən, nə at idi... Uşağımız kimi sevirdik onu... Qoca qarını onun dərdi öldrdü... Qabalda satıb onu, o allahsız. Dağıstanlı ləzgiyə... Qoca kişi ağlayır. Sonra göz yaşlarını silir və iki çəpər arasındakı yolda tamam yalqızdır.

Tərcümə edən: Mirzə Məmmdədoğlu
MANERA.AZ
 Şrift:


Yeni ilin birinci günü Tanrı bütün mələkləri yanına çağırdı. O, bu yeni ildə də nəzarət kitabının növbəti səhifəsini açmaq, ötən ildə yerinə yetirilmiş, yarımçıq qalmış və onun tapşırıqlarına baxmayaraq, hələ də başlanılmamış işləri qeyd etmək istəyirdi.

         Balaca mələklər böyük, ağır bir kitabı rəfdən düşürüb, buluddan olan masanın üstünə qoydular. Qələm və pozanlarını götrüb, yazı-pozuya başladılar.Tanrı soruşur, mələkər isə cavab verirdilər:
-    Tərəqqi səhifəsini açın, deyin görüm insanlar necə yaşayırlar?
-    Çox yaxşı – deyə, Baş mələk cavab verdi.
-    Onlar yenə də Aya uçublar, Afroditanın şəklini çəkiblər.
Tanrı başını tərpədərək razılığını bildirdi. Sonra o, “Bəs sevgi? Harmoniya? Şəfqət? Onlar necə? – deyə soruşdu”.
Mələklər susurdular. Tanrı hər şeyi anladı və səhifəni çevirdi. Səhifə başdan-ayağa yazı ilə dolu idi. Orada “müharibələr”, “döyüşlər”, “bombalar” sözləri yazılmışdı. Tanrı çox kədərlənib dedi:
-    Bu səhifəni keçən ilin itkiləri sırasına yazın. Mən istəyirəm ki, siz yeni bir
nəsil yaradasınız... Səmadakı bütün göyərçinləri hüzuruma səsləyin.
Bir azdan quşların qanad səsləri eşidildi, göyərçinlər Tanrının dövrəsinə
qondular.Onların gözləri muncuq tək parlayırdı.
Tanrı üzünü göyərçinlərə tutub dedi:
-    Yer üzünə uçun, insanlara mənim müraciətimi çatdırın. Onlara sülh və
əminamanlıq məktublarımı göndərirəm. Mənim qanunlarıma əməl etmədikləri üçün çox üzüldüyümü, kədərləndiyimi onlara anladın.
Mələklər dərhal balaca, ağ kağızlarda yazmağa başladılar: “ Yaxınlarınızı sevin!”, “Sülh və əminamanlıq qurun!”, “Əzizlərinizi qoruyun!”. Sonra həmin kiçik məktubları göyərçinlərin ayaqlarına bağlayıb, onları Yer kürəsinə buraxdılar. Səyahət uzun çəkməli idi. Quşlar ayda istirahət edib, öz yollarına davam etdilər. Nəhayət, bir gün gecə yarıdan keçmiş Yerə çatdılar.
Göyərçinlər sanki göydən düşən qar dənəciklərinə qarışaraq yerə enirdilər. Onlar qanad çalaraq damlara, pəncərələrə, pilləkənlərə və eyvanlara qonurdular. Hava şaxtalı olduğundan küçələrdə heç kim yox idi. Yoldan keçən tək-tük adamlar isə onların başları üzərində uçuşan quşlara fikir vermirdilər. Yalnız bəziləri “Görəsən gecənin bu vaxtı bu quşlar nə axtarır?” – deyə öz-özlərinə fikirləşir və yollarına davam edirdilər.
Onda göyərçinlər qanadları ilə qapı və pəncərələri döyəcləməyə başladılar. Ancaq hamı öz işi ilə məşğul idi. Kimi yeyir, kimi yatır, kimi isə də televizora baxırdı. Axı onlar yazıq quşları necə eşidə, onların kədərini necə anlaya bilərdilər?
Kimsə pəncərəyə yaxınlaşır, ancaq göyərçinlərə fikir vermədən, pəncərəni açmağa belə tələsmirdi. Nahaq yerə quşlar insanları çağırır, nahaq yerə : “Biz sizə Tanrıdan kəlamlar gətirmişik” – deyirdilər. Heç kim onları eşitmirdi. 
Nəhayət, göyərçinlər donmağa başladılar. Qanadları yaş, ümidlərini itirmiş quşlar kilsədə toplaşıb, birlikdə böyük kilsə zənginin üstünə qondular. Zəng quşların ağırlığından silkələnib ucadan: Dan-n-n! – edərək səsləndi. 
Ertəsi gün yağan qar bütün şəhəri bürümüşdü. Sanki hansısa rəssam fırçasını ağ boyaya batırıb, şəhəri rəngləmişdi. Güclü şaxtaya baxmayaraq, gözəl bir gün idi.
Göyərçinlər kilsəyə uçub Tanrıdan məsləhət istədilər: “Heç kim bizə fikir vermir. Heç kim bizim dilimizi başa düşmür. İndi biz nə edək?” – deyə soruşdular. Tanrı dedi:
-    Uşaqların yanına uçun. Mənim kəlamlarımı onlara çatdırın. Saf məhəbbət və
sevgi hissləri uşaqların işıqlı qəlblərində yaşayır. Onlar məsumdurlar, ona görə də sizi başa düşərlər. 
     Ancaq uşaqlar küçələrdə yox, öz isti evlərində, buxarının qabağında oturub təzə oyuncaqları ilə oynayırdılar. Yalnız uca dağın ətəyindəki kənddə yaşayan balaca bir oğlan heyvanlara baxmaq üçün həyətə çıxmışdı. Körpə göyərçinlərdən biri uşağı görüb, tez özünü ona yetirməyə tələsdi. Amma birdən damın örtüyünə ilişərək, ayağını yaraladı. Ayağından axan qan damcıları qarı al qana boyadı. Quşcuğaz uşağın qarşısında yerə düşdü. Uşaq onu ehtiyatla qaldırıb, qucağına aldı, daxmalarına girib, donmuş göyərçin balasını isitmək üçün buxarının qabağında oturdu. 
-    Bir mənim ayağıma bax, - deyə quşcuğaz işarə ilə göstərdi. – Mən sənə 
Tanrıdan kəlamlar gətirmişəm.
Uşaq onu başa düşdü. Göyərçinin ayağındakı lenti açıb oxudu: “Bir bi-ri-ni-zi se-vin və qo-ru-yun!”... Uşaq balaca olmasına baxmayaraq, artıq “sevmək” sözünün mənasını yaxşı bilirdi. O, öz valideynlərini, yaxınlarını və dostlarını, hətta heyvanları da sevirdi. O, atasını və anasını çağırıb dedi: “Bir-birinizi sevin və qoruyun!”. Onlar birlikdə mehribancasına qucaqlaşdılar, Tanrının göndərdiyi bu xəbəri ətrafda yaşayan bütün insanlara çatdırmağı qərara aldılar.
-    Balaca göyərçin bizə Tanrıdan kəlamlar gətirib: “Bir-birinizi sevin və qoruyun!”
-    Necə? Tanrıdan kəlamlar? – deyə qonşular inamsızlıqla pıçıldaşırdı. – Bu ki, möcüzədir!
Xəbər tezliklə ətrafa yayıldı. Kənddəkilər balaca yaralı quşa baxmaq üçün axışdılar. Hamı bu hadisəyə heyran qalmışdı, onlar bunun həqiqətən də möcüzə olduğuna inanıb, Tanrı qarşısında diz çökdülər. Axır ki, insanların daş qəlbləri yumşaldı, qaranlıq çökmüş ürəkləri nura boyandı. 
İnsanlar çoxaldıqca, üzərində müqəddəs kəlam həkk olunmuş kağız parçası da yavaş-yavaş böyüməyə başlayırdı. Onun üzərindəki hərflər o qədər böyümüşdü ki, artıq, kəndə yerləşmirdi. Axırda balaca kağız parçası böyük bir bayrağa çevrildi, kəndin üstündən ucalaraq, dağın zirvəsinə yüksəldi. Bu bayrağı dörd tərəfdən mələklər tuturdu. 
Pak bulaq suyu kimi müqəddəs olan bu xəbər dağın yamaclarından aşıb, aləmə yayıldı, sanki yer üzünün susuzluğunu yatırdı. Bütün insanlar Tanrının müraciətini başa düşdülər. Onlar evlərindən çıxıb, uca dağ zirvəsində yüksələn müqəddəs kəlamı gördülər: “Bir-birinizi sevin və qoruyun!”.
Hamı – kişilər də, qadınlar və uşaqlar da bu möcüzəli səhnəni, yaralı quşcuğazı və onu qucağında tutan uşağı görmək üçün həmin kəndə üz tuturdu.  
Günahlarını etiraf edən insanların da, möhtəşəm bayrağı tutan mələklərin də qəlbi nur saçırdı. Günəş də parlaq şüaları ilə bu pak gözəlliyi işıqlandırırdı.
Nəhayət ki, haqq öz yerini tapmışdı!
Göyərçinlər çox yorulmuşdular. Göyə qalxmağa taqətləri qalmamışdı. Belə qərara gəldilər ki, bir günlük, yer üzündə gecələsinlər. Quşların kövrək qəlbi sevinc və səadətə qərq olmuşdu. Axı Tanrının tapşırığını yerinə yetirmişdilər. Onlar yenə də uçub, böyük kilsə zənginin  üstünə qondular. Və zəng yenə də əvvəlki tək, onların ağırlığından silkələnib, gecənin sükutunda: Dan! Dan! Dan! Dan! – edərək səsləndi.../avanqard.net/

Yunan dilindən 
  tərcümə edən
  Lalə Cəmşidova



 Şrift:


Nə vaxtsa Knut Hamsun anket suallarını cavablandırarkən qeyd etmişdi ki, o, yazılarını məhz vaxtı öldürmək məqsədilə qələmə alır. Fikrimcə, K.Hamsun öz dediklərində, hətta səmimi olsa belə, yenə səhvə yol verib. Yazıçılıq da həyat kimidir,  məqsədə çatmaqdan ötrü səyahət etmək,  dünyanı gəzib dolaşmaq, metafizik macəralara baş vurmaq, dolayısı ilə reallıqları qavramağı bacarmaq xüsusiyyətlərinə malik olmaq lazımdır. Yazıçı şüuru varlığın üst qatı ilə aşağı qatı arasında ömür sürməklə həyat yoluna qədəm basır, nəticədə isə özü də bu yolun sonuna gedib çıxır. 

Mən yazıçılığa müxtəlif ideyalar, hiss-həyəcanlar və həyat müşahidələri bataqlığında ilişib qalmaqla, büsbütün çaşqınlıq və özünü itirmiş vəziyyətdə başlamışam. Hətta bu gün də mən özümü, əvvəlki kimi, sözün həqiqi mənasında yazıçı hesab etmirəm. Mən öz həyatım haqqında söz açan, danışan sadə insanam.  Mənim söylədiklərim uzandıqca, onları bitmiş hesab etmirəm. Dünyanın təkamülü kimi mənim hekayətimin də sonu yoxdur. 

Mən demək olar ki, elə ilk addımlarımı atdığım vaxtdan başa düşdüm ki, burada heç bir ideya, məqsəd və məna mövcud deyil. Bununla belə, öz düşüncələrimi, fikirlərimi hər fəsildə, hər kitabda tam və bütöv təsvir etməyə, keçmiş və gələcək həyatın bütün cizgilərini kotan kimi dərindən qazmağa çalışıram. Bax beləcə hər gün qazmaqda davam etdikcə, adamda ehkamdan və ya etiqaddan da əhəmiyyətli olan inam hissi yaranır. Bu zaman mən  yazıçı kimi fəaliyyətimə daha artıq laqeyd münasibət bəsləyirəm, əvəzində isə taleyimə, qismətimə inamım getdikcə artıb-çoxalır. 

Yazıçılığa başlamazdan öncə mən əsərlərini dönə-dönə oxuduğum, şəxsiyyətlərinə dərin hörmət bəslədiyim Nitsşenin, Dostoyevskinin, Hamsunun, hətta Tomas Mannın üslubiyyatını və pryomlarını səylə öyrəndim. Necə yazmaq sirrinin açarını tapana qədər müxtəlif   üsul və qaydaları təqlid etməyə başladım. Amma hər şey mənim dalana dirənməyimlə sonuclandı.  İztirablar və ümidsizlik məni ağuşuna aldı. Məsələ burasında idi ki, daxilən mən özümdə yazıçı ilə insanı ayırmağı  bacara bilmirdim. Yaradıcılıq uğursuzluğu isə mənim üçün taleyimin uğursuzluğuna bərabər idi.  Amma həqiqətən də mən uğursuzluğa düçür oldum.  Başa düşürdüm ki,  yazdıqlarım dəyərsiz bir şeydən savayı heç nədir. Bax, bütün bunları dərk etməklə, nəhayət ölü Sarqasso dənizinin dərinliklərinə baş vurandan sonra, mən həqiqətən də necə yazmaq lazım olduğunu öyrənə bildim.  Hər şeyi isə sıfırdan başladım. Bütün əlyazmalarımı, hətta mənə əziz olanları belə cırıb tulladım. Elə ki, özümə məxsus səs-sədanı eşitdim,  vəcdə gəldim: bu səsin yalnız mənə məxsus olmağından, heç bir özgə səsə oxşamamasından, unikallığından heyrətə gəlmişdim. Artıq mənim üçün qələmə aldığım əsərlərin “yaxşı” və ya “pis” qiymətləndiriləcəyinin heç bir əhəmiyyəti yox idi. Mən bu iki sözü hətta öz leksikonumdan da çıxarmışdım. Mən tamamilə əxlaq, etika və məişət məsələləri ilə heç bir ümumi bağlılığı olmayan ədəbi mühitə, sənət səltənətinə sakin olmuşdum. Həyatım isə sənət əsərinə çevrilmişdi. Bundan belə öz səsimi tapmış, daha güclü varlığa yiyələnmişdim. Buna qədər isə mən ümidsizlik girdabında çabalamaqla çoxlu maneələri dəf etmiş, hətta ən son nöqtəyə çataraq zülmətə yuvarlanmışdım.

Mən yaxşı bilirəm ki, yazıçı olmadan reallığa yaxınlaşmaq qeyri-mümkündür. İndi mən hansısa xüsusi, qeyri-qanuni vasitənin köməyi ilə  az qavrayır, amma çox anlayıram. Hər şey mənə asan başa gəlir, daxili varlığımda məqsədə çatmaq, vəziyyətləri analiz etmək, onları  birləşdirmək, ad vermək, faktları ümumiləşdirib birbaşa ifadə etmək xüsusiyyətləri yaranmışdır. Şeylərin strukturunu təşkil edən predmetlər indi çox asanlıqla gözlərimin önündə canlanır. Qeyri-iradi olaraq hər cür şərhlərdən, izahlardan uzaq durmağa çalışıram: onlar nə qədər asan görünürlərsə, əsil sirr bir o qədər dərinləşir. Mənə məlum olan şeylər isə daha da anlaşılmaz olur. 

Mən yalnız özüm üçün yaşayıram, amma əsla fikrləşməyin ki, eqoistəm və ya həddindən artıq özümə vurulmuşam. Mən sadəcə öz həyatımı yaşamağa və bununla dünyada şeylərin balansını saxlamağa kömək edirəm. Demək olar ki, hər gün bütün vasitələrlə hərəkətə, doğuşa, ölümə, dəyişkənliyə, kosmosda baş verənlərə kömək etməyə çalışıram. Nəyim varsa, verməyə, xərcləməyə hazıram. Həm də bunu həvəslə edirəm, amma seçimi də özümdə saxlayıram, nə qədər yeri varsa, mümkündürsə, seçib yerləşdirirəm.  Mən həm tacdaram, həm də quldur. Mən bərabərliyin, Qız bürcü ilə Əqrəb bürcünün ayrılmasından təşəkkül tapan Tərəzi bürcünün simvoluyam. Qənaətimcə, dünyada hər kəs üçün kifayət qədər yer vardır.  

Məni yazmağa və ya yazmamağa heç nə məcbur etmir. Bütün əsərlərimi mən yalnız həzz almaq, əylənmək xatirinə qələmə alıram. Becərdiyim məhsullar beynimdə, düşüncəmdə yetişdikdən sonra ağacdakı kimi özləri yerə düşürlər. Tənqidçilərin və ya adi oxucuların onlar barəsində nə kimi mühakimə yürütmələri isə qəti vecimə deyil. Mən heç bir dəyər yaratmıram, yetişmiş məhsulu qidaya çevirməkdən ötrü sadəcə püskürdürəm. Mənim yazıçılığımda başqa heç nə yoxdur.

Gələcəkdə hansı kitablar üzərində işləyəcəyim barədə əvvəlcədən heç bir təsəvvürüm olmur. Mənim fikirlərim, düşüncələrim ən etibarsız stimula yönəlir. Əhval-ruhiyyəmdən asılı olaraq elə yoldaca nəsə yazıb-pozur, fikirləşir, uydurur, kifirləşdirir, deformasiya edir, boş yerdəcə tapır, şişirdir, səhv salır, kəsib doğrayıram. Belədə yalnız öz duyğularıma, intuisiyama tabe oluram. Qabaqcadanmənə heç nə məlum deyil. Çox vaxt hadisələri təsvir edərkən özüm də heç nə anlamıram. Amma onu bilirəm ki,sonradan onlar aydınlaşaraq mənim üçün hansısa bir məna kəsb edəcək. Mən qələm əhli olan insana, daha dəqiq desəm, yazıçı kimi özümə inanıram. Amma hətta ən mahir yazıçının qələmindən çıxmış sözlərə isə qətiyən inanmıram. Bununla belə, ədəbi məhsulun dilinə inamım daha çoxdur. Çünki dil ilə müqayisədə söz yalnız təhrifedici illüziya yaratmağa qadirdir.  Sözlər ayrı-ayrılıqda mövcud olmur, onlar yalnız alimlər, o cümlədən etimoloqlar, filoloqlar və digərləri üçün ayrı-ayrılıqda işlənə bilər. Dildən ayrılıqda işlənən sözlər isə lüzumsuz şeyə çevrilir və onlardan  hər hansı bir sirr əldə etmək mümkünsüz olur.

İstərdim ki, mənim sözlərim sərbəst, azad üzsünlər. Amma bu idealı həyata keçirməkdə aciz olduğumu qabaqcadan bilirəm və buna görə heç də narahatçılıq hissi keçirmirəm.  Əslində dünyanın özü də sözün həqiqi mənasında uğursuzluqlara düçar olmuşdur. Bunu dərk edərkən uğursuzluq hiss edilmədən keçib gedir.

Deyilənlərə görə, mən inqilabçıyam. Əgər elədirsə,  onda bu söhbət mənim iradəmin ziddinədir. Mən sülhün bərqərar olunmasının əleyhinə deyiləm. Amma özüm haqqında Bleza Sandraranın sözləri ilə belə deyərdim:”Mən inqilabiləşdirirəm”. Bu isə heç də inqilabçı olmaq demək deyil. Əlbəttə, mən müsbətlə mənfini ayıran arakəsmənin o biri tərəfində də yaşaya bilərdim. Ümumiyyətlə, mənə elə gəlir ki, belə bölgülərin üzərinə çıxaraq bu iki başlanğıcın hansısa harmoniyasını yaradıram. Hesab edirəm ki, sənətdən kənarda və onun təsir dairəsindən aralıda dayanmaq  lazımdır. Sənət həyatın vasitələrindən biridir, həyat isə ondan daha səxavətli və əliaçıqdır. Məqsədə çevriləndə sənət özünə xəyanət etmiş olur. Sənətkarlar isə öz gücləri hesabına sənətə xəyanət etməklə onun üzərində hökmranlıq etməyə cəhd göstərirlər. Mən tam əminəm ki, haçansa bütün sənətlər yox olub itəcək. Amma sənətkar qalacaq, həyat isə “sənətin sahəsi” deyil, onun özü olmaqla, qəti və həmişəlik sənətə aid olan bütün sahələri əvəzləyəcək.

Kimsə bütün bu söylədiklərimi mistifikasiya kimi qələmə verəcək, amma mən həqiqətən də nəyə  inandıqlarımı indi yalnız ifadə edirəm.  Tamamilə doğru və səmimi olmaq mümkündür, bununla belə kor-koranə yalan dediyini isə gizlətməyi bacara bilməzsən. 

Çox vaxt düşünürəm ki, kitab yazıb bu və digər səhifələrin məndə necə yaranmasını oxucularıma başa salım. Yəqin ki, uğur qazanmış əsərlərimin səhifələrindən birisinin izahına dair hətta qalın cildli kitab da yaza bilərdim.  Məsələn, yazardım ki, mən bu səhifəni necə düşünmüşəm, bu səhifə necə meydana gəlib, necə dəyişib, hansı əzablar bahasına yaranıb, bu yeri yazana qədər başımda hansı fikirlər dolaşıb, o zaman həftənin neçəncü günü olub, özümü necə hiss etmişəm, əsəblərim məni narahat edibmi və s. və i. a.   Həmçinin birini digəri ilə müqayisə etməkdən ötrü bir neçə səhifə barəsində də danışmaq olardı. Yaxud, bu səhifəni necə qələmə almağım, yorğan-döşəkdən qalxmamış ona əlavələr etməyim, paltarlarımı geyindikdən sonra masa arxasına keçib bir daha onun üzərində işləməyim barədə də yaza bilərdim. 

Onu da qeyd edim ki, mən öz yazdıqlarımı sözbəsöz olmasa da, kifayət qədər dəqiq və aydın yadda saxlaya bilirəm. Mənim kitablarım tarla kimidir, onları geodeziya mütəxəssisi kimi diqqətlə araşdırmışam. Həm də bu işi isti kabinetdə deyil, uzun həftələr boyunca hava şəraitindən asılı olmayaraq dişimlə, dırnağımla yer qaza-qaza yerinə yetirmişəm. Qısası, iş mənim üçün əvvəlki kimi cari yaşayış qayğısına çevrilmiş, hətta deyərdim ki, buna bir növ adətkardə olmuşam. Kitabın sonluğuna gəlincə, mən bunu sırf fiziki iş hesab etmişəm:belədə vəziyyəti dəyişmək lazım gəlir. Kitabı min cür sonluq ilə başa çatdırmaq mümkündür. Onun heç bir hissəsi deyərdim ki,  tam bitmir. Şəxsən mən hər hansı kitabın istənilən yerindən yeni kanallar və tunellər qazmaqla, təzə evlər, fabriklər, körpülər tikməklə həmin əraziləri yeni sakinlərlə doldurub, fauna və flora  ilə zənginləşdirərək hadisələri davam etdirə bilərəm. Onu da bildirim ki, mənim əsərlərimin nə girişi, nə də finalı olur. Bununla belə istənilən başlanğıc – kitabınmı, səhifəninmi, abzasınmı, ifadəninmi -  yeni həyat əlaqələrini bir-birinə bağlayır.  Bax, hər dəfə yenidən bu fikirlərin və hadisələrin həyatiliyinə, fasiləsizliyinə, vaxtsızlığına, dəyişkənsizliyinə baş vururam. Hər söz, hər sətir - cismən yalnız mənim həyati varlığımla bağlıdır.  Özüm də sanki hörümçək kimiyəm -  həyat amalıma sadiq qalaraq elə hey  toxuyuram. Anlayıram ki, bu hörümçək toru mənim beynimin, yuxusuz gecələrimin məhsuludur və elə buna görə heç vaxt nə məni tələyə salacaq, nə də heç vaxt qurumaz.

Boynuma alım ki, yazıçılıq həmişə məni özünə çəkib. Çünki yeganə məşğuliyyət olaraq açıq-aşkar bütün var-gücümü bu işə həsr etmişəm. Mən azadlığa doğru bu və ya digər yolların hamısını kişiyanə sınaqdan keçirmişəm. Yazıçılıq mənim üçün “qaçqınlıq”, yaxud da başqa sözlə desək, gündəlik qayğılardan özünü təcrid etmək olmayıb. Əksinə,  daim axıb süzülən, ilin bütün fəsillərində çağlayan  dumduru bulaq suyuna  yetişmək ümidi ilə çirkli, zir-zibilli hovuzun ən dərinliklərinə baş vururmaq lazım gəlib. Geriyə nəzər salanda mən özümu hər işin, vəzifənin, tapşırığın öhdəsindən layiqincə gəlməyi bacaran insan kimi görürəm. Məni kədərləndirən, əhval-ruhiyyəmi korlayan isə bütün xarici həyatın monotonluğu və qeyri-münbitliyi olmuşdur. Mənə elə bir sultanlıq lazım idi ki, orada eyni vaxtda həm ağa olum, həm də qul. Belə bir sultanlıq isə yalnız sənət ola bilərdi. Və mən, heç bir xüsusi istedad yiyəsi olmadığım, heç nə bacarmadığım halda qorxu-hürkü ilə həmin dünyaya qədəm basdım. Kərpici kərpic üstə qoyaraq milyonlarla sözü bir-birinə pərçimlədim, axır ki, əsil sözün  izinə düşə bildim. Mən rəvan danışmağı bacarırdım, amma bu, mənə mane olurdu. Məndə ziyalı insanın bütün qüsurları, nöqsanları cəmləşmişdi. Qarşımda isə fikirləşməyi öyrənmək, duymaq, ətrafı tamamilə yeni baxışlarla seyr etmək və belədə təhsilim barədə hər şeyi  unutmaq kimi çətin bir vəzifə durmuşdu. Həmçinin özünü sel sularına atmaq da lazım idi. Halbuki boğulmaq təhlükəsi labüd idi. Əslində isə əksər yazıçılar özlərini sel sularına atmazdan əvvəl xilasedici jilet əldə edirlər. Amma bununla belə çox vaxt elə həmin xilasedici jiletlər onların məhvinə səbəb olur.../avanqard.net/ 

Tərcümə edən: Ağaddin Babayev
 Şrift:


Yazmağa başladığım gündən Kafka mənim xaçım olmuşdur.
D.Butzati





(Grandezza dell`uomo, 1958)
           
Keşikçilər zülmətə qərq olmuş həbsxananın qapısını açıb  balaca, saqqallı bir qocanı içəri itələyəndə artıq hava qaralmışdı.  Qocanın saqqalı dümağ və elə bil özündən də böyük idi. Ondan bu cansıxıcı, yarıqaranlıq karserə zəif işıq süzülür, içəridəki dustaqlarda qəribə təəssürat oyadırdı.
Ancaq qaranlıq olduğundan qoca dərhal seçə bilmədi ki, bu mağaraya bənzər həbsxana çalasında ondan başqa da adamlar var. Ona görə də soruşdu:  
– Burada kimsə var?
Cavab əvəzinə gülüş və acıqlı donqultular eşidildi. Sonra – qəbul olunmuş qayda-qanunla hamı bir-bir özünü təqdim etməyə başladı: 
– Rikkardon Marçello, qarət, ağır formada, – deyə kimsə xırıltılı səslə dilləndi. 
– Bettseda Karmelo, dələduz-residivist, – deyə bir başqası sanki quyudan gələn boğuq səslə özünü təqdim etdi.
– Marfi Luçano – zorlama.  
– Lavataro Maks – günahsızam... 
Qaranlıqda qulaqbatırıcı qəhqəhə səsləri eşidildi. Zarafat dələduzların xoşuna gəlmişdi. İnsan qanına susamış islaholunmaz quldur Lavataronu kim tanımırdı ki?
Sonra yenə başqa bir səs eşidildi: 
– Espozito Enea – qətl. – Danışanın səsində açıq-aydın qürur hissi duyulurdu.
– Muttironi Vinçentso – ata qatili. – Bunun etirafı isə lap qalibiyyət nidası kimi səsləndi...  – Yaxşı, bəs sən, qoca birə, sən kimsən?
– Mən... – deyə təzə gələn cavab verdi, – düzünə qalsa, heç özüm də bilmirəm. Məni saxlayıb sənəd tələb etdilər, məndə isə heç vaxt heç bir sənəd olmayıb. 
– Yox bir... denən ki, tüfeyli, avarayam da! – deyə kimsə nifrətlə söyləndi. – Bəs, adın nədir? 
– Adım... Adım Morrodur, hm, hm... ləqəbim də ... Böyük! 
– Deməli, Böyük Morro. Neynək, pis fikirləşməmisən, – bir başqası qaranlıqdan istehza ilə söz atdı. – Ancaq adın sənin üçün çox böyükdür. Yəni sənin kimisinin onuna bəs edər. 
– Tamamilə dogrudur, – deyə qoca mülayimcəsinə hay verdi. Ancaq bu mənim günahım deyil. Bu ləqəbi mənə ələ salmaq məqsədi ilə veriblər, indi isə artıq gecdir. Özü də o mənə yalnız başağrısı gətirir. Bax, məsələn... yoox, bu çox uzun əhvalatdır...
– Bura bax, döşə gəlsin, – deyə məhbuslardan biri qocanın üstünə kobudcasına çəmkirdi, – burada vaxtımız kefin istəyən qədərdir.
 O birilər də onu dəstəklədilər. Cansıxıcı həbsxana günlərində hər bir əyləncə bayram idi.
– Nə deyirəm ki... – deyə qoca sözə başladı. – Bir gün mən – adını çəkmək istəmirəm – bir şəhərdə gəzib dolaşırkən möhtəşəm  saray, onun da qarşısında müxtəlif tanrı təamları ilə ora-bura vurnuxan nökərləri gördüm. “Yəqin burada hansısa bayrama hazırlıq gedir”, – deyə mən düşündüm və sədəqə diləmək məqsədilə bir qədər yaxınlaşdım. Ancaq heç ağzımı açmağa macal tapmamışdım ki, boyu, yalan olmasın, iki metrlik natarazın biri yapışdı yaxamdan və başladı bağırmağa: 
– Budur, budur oğru! Dünən ağamızın çulunu oğurlayan bu idi! Hələ cürətinə bir bax, yenidən qayıdıb gəlib! Neynək, indi biz sənin aşının suyunu verərik! 
– Mənim? – deyə təəccüblə soruşdum. – Mən ki dünən buralardan ən azı otuz mil uzaqda olmuşam. Necə olur, axı?  
– Mən səni, bax, bu gözlərimlə görmüşəm! Çulu dalına atıb aradan çıxanda görmüşəm, – deyə o, bağıraraq məni sarayın həyətinə tərəf sürüklədi. Diz çöküb yalvarmağa başladım: 
– Dünən mən buralardan ən azı otuz mil uzaqlarda olmuşam. Sizin şəhərə də birinci dəfədir gəlirəm. Böyük Morro adıma and olsun! 
– Necə-necə? – deyə həmin o qudurmuş gözlərini bərəldərək bağırdı. 
– Böyük Morro adıma and olsun! – deyə təkrar etdim.
Bu pəzəvəng isə birdən necə qəhqəhə çəkməyə başladısa...
– Böyük Morro? Ay camaat, tez bura gəlin, siz bir buna baxın, bu həşərata, sən demə, bunun adı Böyük Morro imiş! –Sonra da o, üzünü mənə tutub soruşdu: – Sən heç bilirsən, Böyük Morro kimdir? 
– Morro mən özüməm, başqa birini də tanımıram. 
– Böyük Morro, – deyə bu yaramaz məni aldatmağa başladı, – başqa biri yox, bizim möhtərəm ağamızdır. Sən, murdar dilənçi isə cürət edib onun adına sahib çıxırsan. Ancaq bil ki, bu dəfə ilişmisən. Budur, ağamız özü də gəlir.
Həqiqətən də səs-küyü eşidən saray sahibi özü də həyətə çıxdı. Bu, çox varlı tacir, bütün şəhərdə, bəlkə də bütün yer üzündə ən zəngin adam idi. O, mənə yaxınlaşır, sorğu-suala tutur, baxır və gülməkdən uğunub gedirdi. Təkcə mənim kimi bir dilənçinin onun adını daşıya bilməsi fikri sahibi əməlli-başlı əyləndirmişdi. Sonra o, nökərinə əmr etdi ki, məni buraxsınlar. Evinə dəvət etdi, var-dövlətlə dolu otaqlarını göstərdi, hətta bax, belə-belə qızıl topaları və qiymətli daş-qaşlar saxladığı, zirehli divarları olan bir otağa da apardı. Yaxşıca yedirtməyi əmr etdi və dedi: 
– Bu əhvalat, ey adı adımdan olan dilənçi qoca, daha çox ona görə qeyri-adidir ki, Hindistana səfərim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mallarımı satmaq məqsədi ilə oradakı bazara yollanmışdım. Adamlar apardığım bahalı şeyləri gördükdə, məni dövrəyə alıb sorğu-suala tutmağa başladılar ki, kiməm və haradan gəlirəm.
– Adım Böyük Morrodur, – deyə cavab verdim. Onlar isə üz-gözlərini turşudub söylədilər: 
– Böyük Morro? Səndə nə böyüklük ola bilər, miskin alverçi? İnsanın böyüklüyü onun idrakındadır! Yer üzündə bircə Böyük Morro var, o da bizim şəhərdə yaşayır. Məmləkətimizin fəxridir və sən, fırıldaqçı, öz lovğalığına görə indi onun qarşısında cavab verməli olacaqsan!  
Elə oradaca məni qamarladılar, əlimi-qolumu bağlayıb varlığından belə xəbərim olmayan həmin o Morronun yanına apardılar. Sən demə, bu adam hamının, az qala, Tanrı kimi sitayiş etdiyi adlı-sanlı alim, filosof, riyaziyyatçı, astronom və münəccim imiş. Xoşbəxtlikdən, o, dərhal başa düşdü ki, anlaşılmazlıq baş verib, güldü, əl-qolumu açmağı əmr etdi, məni öz iş otağına, rəsədxanasına, öz əlləri ilə hazırladığı qəribə cihazlara baxmağa dəvət etdi. Nəhayət, dedi:
 – Bu əhvalat, ey möhtərəm yadelli tacir, daha çox ona görə qeyri-adidir ki, Levant adalarına səyahətim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. Tədqiq etmək istədiyim bir yanar dağın zirvəsinə pay-piyada qalxarkən, o yerlər üçün qeyri-adi olan üst-başımdan şübhələnən bir dəstə döyüşçü kimliyimi yoxlamaq məqsədi ilə məni saxladı. Adımı söyləməyə macal tapmamışdım ki, qollarımı qandallayıb şəhərə doğru sürükləməyə başladılar.
– Böyük Morro? – deyə onlar hiddətlənirdi. Səndə nə böyüklük ola bilər ki, miskin müəllimciyəz? İnsanın böyüklüyü onun qəhrəman əməllərindədir! Yer üzündə  tək bircə Böyük Morro var. O da bu adanın ağası, bütün döyüşçülərin ən cəsurudur! İndi o sənin başını bədənindən ayırmağı əmr edər! 
Onlar məni, həqiqətən də, qorxunc görkəmi olan hökmdarla-rının hüzuruna gətirdilər. Xoşbəxtlikdən mən ona hər şeyi anlada bildim və bu zəhmli döyüşçü belə qəribə təsadüfə gülərək qandallarımı açmağı əmr etdi, mənə bahalı libaslar bağışladı, yaxın və uzaq adalarda yaşayan bütün xalqlar üzərində çaldığı qələbələrin şanlı şəhadətlərini seyr etməyim üçün məni öz sarayına dəvət etdi. Axırda isə dedi:
– Bu əhvalat, ey adı adımla eyni olan möhtərəm alim, daha çox ona görə qeyri-adidir ki, Avropa deyilən o uzaq ellərdə döyüşərkən mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən öz döyüşçülərimin önündə bir meşədən keçib gedərkən kobud dağlılar qabağımı kəsib soruşdular: 
– Sən kimsən ki, silahının cingiltisi ilə bizim meşələrin sükutunu pozursan?
– Mən Böyük Morroyam, – deyə söylədim və öz-özümə düşündüm ki, təkcə adımı çəkməklə onların canına lərzə salacağam. Onlar isə mərhəmətlə gülümsəyərək dedilər: 
– Böyük Morro? Sən, yəqin, zarafat edirsən. Səndə nə böyüklük ola bilər ki, ay avara döyüşçü? İnsanın böyüklüyü ehtiraslarını ram edə bilməsində və ruhunun ucalığındadır! Yer üzündə yalnız bircə Böyük Morro var və indi biz səni onun yanına aparacağıq. O zaman sən insanın əsil böyüklüyünün nə olduğunu öz gözlərinlə görə biləsən. 
Həqiqətən də, onlar məni tənha bir dərəyə gətirdilər, orada  kasıb bir daxmada, əynində cır-cındır olan bəyaz saqqallı bir qoca yaşayırdı ki, dediklərinə görə, bütün ömrünü təbiəti dərk etməkdə və tanrıya ibadətdə keçirmişdi və mən tam səmimiyyətlə boynuma almalıyam ki, o vaxta qədər heç vaxt bu dərəcədə təmkinli, həyatından razı və yəqin ki, xoşbəxt bir insan görməmişdim; ancaq, doğrusu, həyat yolumu dəyişmək mənimçün artıq çox gec idi. 
Beləliklə, adanın qüdrətli hökmdarı müdrik alimə, alim varlı tacirə, tacir isə onun qapısına sədəqə üçün gəlmiş kasıb qocaya bunları söylədi. Onların hamısının adı Morro idi, hamısı da bu və ya digər səbəbdən "Böyük" ləqəbini almışdılar.
Qoca hekayətini danışıb qurtaranda qaranlıq həbsxana otağındakı dələduzlardan biri soruşdu: 
– Deməli, belə... – əgər mənim bu kəlləmin içindəki zir-zibil yığını deyilsə, onda belə başa düşdüm ki, daxmadakı həmin o lənətə gəlmiş qoca – yəni o, hamıdan böyük – sən özünsən?
– Eh, əziz balalar,– deyə qoca nə "hə", nə də "yox" cavabı vermədən, donquldandı: – Bu həyat ki, var, çox məzəli şeydir! 
Bu yerdə qocanı dinləyən dələduzların hamısı bir anlığa susdu, çünki bəzi şeylər, hətta ən alçaq yaramazları belə düşünməyə məcbur edir..../avanqard.net/

Tərcümə edən  Cəmşid Cəmşidov

 Şrift:



Onda mənim 14-15 yaşım olardı. Müştərilərin arxasınca qapılara gedər, borcları yığardım. Ustam həmişə məni atama tərifləyərdi:

 

– Maşallah, çox qoçaq və diribaş uşaqdı. Hara göndərsəm, pulu almamış geri dönmür.

 

Bizim qəssab dükanı yolun üstündəydi. Cürbəcür müştərilərimiz olardı. Ora çox iyrənc məhəlləydi. Ürəyin istəyən qədər müfəttiş, zabit və hər cür müftəxor vardı. Gəlib nisyə ət alırdılar, amma sonra dükana borclu olduqlarını “unudurdular”. Gərək bunu kimsə onların “yadına salaydı!” Uzaqdan qaraltıları görünən kimi ustam tez qışqırardı ki:

 

– Ağa Cəfər, tez qaç dalınca, get gör, neynirsən!..

 

Çox murdar iş idi. Bunun üçün həm üzlü, həyasız olmalıydın, həm də inadkar və zirək. Bir sözlə, murdarçılıq... İndi yadıma düşəndə ürəyim bulanır. Amma o mənim bütün hiylə və fəndlərini öyrəndiyim yeganə iş idi. Mən onun bütün yollarını sınaqdan keçirmişdim. Elə buna görə də ustam xətrimi çox istəyirdi və onun-bunun yanında “zirək uşaqdı, qoçaq uşaqdı” deyə-deyə hey məni tərifləyərdi. Onun işi məni tərifləməkdən ibarət idi. Mənim də qoltuğumun altı qarpızlanırdı, özü də necə! Elə bilirdim ki, bu işi ancaq mən bacararam. Dükanın digər şagirdlərinin belə bir bacarıq və qabiliyyəti yox idi. Buna görə də onların qabağında çox qürrələnər və özümü dartardım.

 

Bəhanələr bir-birinə oxşayırdı:

 

– Bəli, bəli, düz deyirsən, yadımdan çıxmışdı. Sabah gəlib həll edəcəm, indi xırda pulum yoxdu.

 

Ya xırda pulları olmurdu, ya tələsirdilər, ya vaxtları olmurdu, ya da başqa bəhanələr. Axırda da kobud sözlərlə və hədə-qorxu ilə məni özlərindən uzaqlaşdırmaq istəyirdilər.

 

– Ayıbdı, ay uşaq, itil get burdan, yoxsa tutub polisə verərəm səni!

 

Belə hədə-qorxuları çox eşidirdim. Gah səslərinin qalın yerinə salardılar, gah üzlərini turşudardılar, gah gözlərini bərəldərdilər, gah da barmaq silkələyərdilər. Amma kim idi onların qabağında geri çəkilən və əl çəkən! Onda mən də keçirdim çığır-bağıra:

 

– Ət almısınız, pulunu verin!..

 

Əgər mənə əl qaldırsaydılar, elə qıy-qışqırıq salırdım ki,  camaatı başıma toplayırdım, onda özləri yerlərində donub qalırdılar. Belə olanda borclarını ödəyir, bildikləri bütün söyüş və başqa pis sözləri mənə və ustama yağdırır, sonra çıxıb gedirdilər. Ustamın yanına gəlib bunları ona danışanda qəhqəhə çəkib gülərək deyərdi:

 

– İt balaları müftəxorluğa öyrəşiblər, camaatı soyub öz boyunlarını yoğunlatmaqdan başqa bir iş bilmirlər.

 

Borclular arasında hər cür adam olurdu: arvad, kişi, çadralı, hicabsız, mülki şəxs, hərbçi, qoca, gənc. Onların camaatın malını yeməkdən niyə bu qədər xoşlandığını başa düşmürdüm. Kasib da deyildilər. Dükana biri dəbdəbəli geyim-kecimlə gəlirdi, biri parıldayan zərli-paqonlu mundirlə. Amma dad arvadların əlindən! Ustamın köməkçisi ağa Mahmudun başına nə oyunlar açırdılar, nə hoqqalar çıxarırdılar!

 

Bir gün bir arvadı təqib edirdim, əsl “firəng gəlincik”lərindən idi. Özünə əməlli-başlı əl gəzdirmişdi, kirşan üstündən kirşan vurmuşdu. O, üç kilo sümüksüz ət almış və ondan sonra yoxa çıxmışdı. Yadımdadı, əti alıb zənbilinə qoyandan sonra utana-utana dedi:

 

– Vay, pulqabım evdə qalıb! Nə pis oldu! Usta, indi mən neyləyim?

 

Elə baxdı, elə gülümsədi ki, ağa Mahmud dərhal dedi:

 

– Eybi yoxdu, xanım, sonra gətirib verərsiz, nə olacaq ki...

 

O, uzaqlaşandan sonra ustam ağa Mahmuddan soruşdu:

 

– Ağa Mahmud, bu alabəzəyi tanıyırdın?

 

– Vallah, elə də yox. Bir-iki dəfə ət alıb, müştəridi.

 

– Gərək Cəfəri göndərəydin dalınca.

 

– Yox, əşşi, inanmıram sən deyənlərdən olsun. Birdən xətrinə dəyər, bunlar varlı-hallı adamlardı.

Amma ağa Mahmud aradan 3-4 ay keçəndən sonra da həmin arvad bu tərəflərdə görünməyəndə dedi:

 

– O alabəzək əcəb hoqqabaz imiş! Bunları geyim-kecimlərindən də tanımaq olmur!

 

Mən də onun adama uzaqdan “gəl-gəl” deyən geyim-kecimini nəzərə alıb pulu rahatlıqla alacağımı düşünürdüm. Amma hiyləgərin yekəsi imiş. Məni o qədər bu küçədən o küçəyə, bu dalandan o dalana apardı ki, lap əldən düşdüm. Özü də elə forslanırdı, guya mən bunun evinin qulluqçusuyam, ona görə arxasınca qaçıram. Elə ki adam çox olan yerə çatırdıq və mən qıy-qışqırıq salmaq istəyirdim, səs tonunu dəyişib mehribanlıqla dillənirdi:

 

– Yaxşı, yaxşı, bildim.

 

Mən də elə bilirdim ki, xəlvət bir yerə keçən kimi pulu çıxarıb mənə vermək fikrindədir. Belə hallar çox olmuşdu. Mənə deyirdilər ki, gözlə, xəlvət bir yer tapaq. Sonra bir dalana, ya kandara çəkilib köynəklərini yuxarı qaldırır, mənim qığılcım saçan gözlərim önündə corablarının boğazından, ya alt paltarlarının büzməsindən əzik pullar çıxarıb mənə verirdilər. Amma bu dəfə yanılmışdım. İt qızı məni dolayırdı, hər hoqqadan çıxırdı ki, camaatın yanında onu biabır eləməyim. Xəlvət yerə çatanda yerdən daş götürüb arxamca atırdı. Daşların 2-3 dənəsi lap qulağımın dibindən keçmişdi.

 

Axır ki, onu tələyə saldım. Alış-veriş sıralarının birində başladım hay-küy salmağa, qışqırmağa. Bütün dükançıları, yoldan keçənləri yığdım başıma. Arvad çox pis ilişmişdi. Pulu çantasından çıxarıb üzümə çırpdı, ağzını əyə-əyə dedi:

 

- Al, itaparan olsun!

 

Pulu götürüb yola düşdüm. Bir neçə küçə gedəndən sonra gördüm sürətlə arxamca gəlir. Pulu verməyinə peşman olmuşdu. Elə bilirdi ki, mənim özümə iki tümən verib pulunu geri ala bilər. Zəmanənin ən hiyləgər adamlarından biriymiş. Kaş onda mənim yanımda olaydın və onun həmin xəlvət küçədə necə yaxşı və mehriban davrandığını öz gözlərinlə görəydin!

 

Həmin gün səhər qar yağmağa başlamışdı, özü də necə qar! Kaş orda olaydın və onun yağmağına tamaşa edəydin! Qar əvvəl küçə və xiyabanları basdı, sonra elə bil “əlini uzadıb” hər şeyin üstünü örtdü, evlər, yollar, ağaclar ağappaq oldu. Qar! Qar! Qar! Kaş görəydin qar üstünə qar necə yağır, üst-üstə necə qalanırdı! Qar dönüb yekəpər, bədheybət bir adama çevrilir, guya əllərini havaya qaldırırdı; qar dönüb olurdu bir ağac və kiçik ağ quşlar gəlib onun budaqlarında otururdular; qar çevrilirdi novçadan sallanan şıltaq bir pişik balasına! Qar! Qar! Adam istəyirdi ki, bütün günü ocağın yanında oturub, qarın yağmasına tamaşa etsin.

 

Od qalanmış manqalın qırağında əyləşmişdik. Bazarda kasadlıq idi, müştəri azalmışdı. Soyuq adamın atasını yandırırdı. Heç kəsdə çölə çıxmağa həvəs yox idi. Ətdən çıxan sür-sümük piştaxtanın üstündə yığılıb qalmışdı. Polkovnikin xidmətçisi gəlib onları itləri üçün aparmamışdı. Piştaxtanın görünüşü yamanca pozulmuşdu. Gərək sür-sümüyü fitənin arasına yığıb çölə aparaydım. Amma kim idi manqalın yanından duran! Manqalın istisi adama əməlli-başlı kef verirdi və ustamın söhbəti könül oxşayırdı.

 

O, uzaq keçmişdən danışırdı: bir “sir”  yağın dörd abbasıya, yumurtanın dənəsinin bir sənara olduğu və xeyir-bərəkətin qeybə çəkilmədiyi vaxtlardan. Ustamın qardan xoşu gəlmirdi. Hətta qarla düşmən idi. Qaşqabaqlı halda qar dənəciklərinə baxar və belə deyərdi:

 

– Qurban olum yağışa. Qar nədi?! Yağış bir müddət yağır, vəssalam. Amma qar yerdə qalır, yerin nəfəsini kəsir. Qar camaatın həm canının, həm də malının düşmənidir. Əhalinin evini yıxır qar. Dilsiz-ağızsız heyvanları çöldə ac-yalavac qoyur.

 

Ustam danışırdı ki:

 

– Keçmişdə bir dəfə adamboyu qar yağmışdı. O qar evlərin təməlini islatdı, divarları uçurdu, ağacları sındırdı, mal-heyvanı acından qırdı. Camaatın vəziyyəti çox pisləşdi. Qəhətlik, xəstəlik tüğyan edirdi. İnsanlar bir tikə çörəyə görə hər işə əl atırdılar. Acından köpür, yıxılıb ölürdülər.

Ustam gözlərini qar dənəciklərindən çəkmədən sözünə davam edirdi:

 

- Allah rəhmət eləsin hacı Yəhyaya, qəbri nurla dolsun! Bir gün xəlvətcə qazanlara neçə kisə düyü töküb ocağın üstünə qoydu, yaxşı bir dəmpüxtək  bişirdi. Sonra da boşqablara çəkdi və mənə dedi:

 

– Abbas, ağacan, savabı sənin olsun, apar bunları imkansızlara çatdır, Əli əvəzini yetirsin!

 

Çox soyuq idi, qar aman vermədən yağırdı. Mən dəmpüxtək boşqablarını götürüb çölə çıxır, aparıb imkansız adamlara verirdim. Heç yadımdan çıxmaz, axırıncı boşqabı özüm üçün götürmüşdüm, evə tərəf gedirdim. Qəfil, palçıqdan tikilmiş bir komadan ağlayan uşaq səsi eşitdim. Bir az qabağa getdim, qapının dəliyindən içəri baxdım. Gördüm ki, çox gənc bir qadın oturub yerdə, döşünü salır südəmər körpəsinin ağzına. Körpə onun döşünü ağızına alır, sonra itələyib ağzından çıxarır və başlayır ağlamağa. İki yaşlı bir başqa uşaq da ağlayaraq: “Ana, acmışam, acmışam...” deyirdi. Bilməzsən bu səhnəni görəndə nə hala düşdüm! Ürəyim ağrıdı. Yavaşca qapını döydüm. Qadın pərişan halda qapıya çıxdı. Dəmpüxtəki boşqabqarışıq ona verdim. Sonra əlimi saldım cibimə və üstümdə nə qədər pul var idisə, hamısını çıxarıb qoydum boşqabın qırağına, çıxıb getdim...

 

Ustam danışa-danışa çölə baxırdı. Hiss olunurdu ki, qarın zəifləməsinə sevinir. Artıq bayırda tək-tük də olsa, adamlar gözə dəyirdi. Göydən seyrək qar dənələri ensə də, daha bunun adına “qar yağır” demək olmazdı. Bu, səhərdən fasiləsiz yağan qarın “dibində qalanı” idi.

 

Ustam çölə baxdığı yerdə birdən dik atılıb çığırdı:

 

– Cəfər, qaç dalınca, aradan çıxır!..

 

Manqalın yanından durub çölə qaçdım, soyuq – amansız soyuq haqladı məni. Ustam arxamca qışqırdı:

 

– İyirmi tümən borcu var! Neçə dəfə ət aparıb, həmişə də “gətirib verəcəm” deyib, gəlməyib!..

 

Ayağımı qara basan kimi başladım titrəməyə. “Ay arvad, axı bu nə vaxtın çölə çıxmağıdır? Axı sən heç dünyanın düz vaxtı bu tərəflərdə görünmürdün, indi, heç it öz başını damından çıxarmadığı bu qar-qiyamətdə çöldə nə gəzirsən? Elə məni manqalın yanından durğuzmağa gəlmişdin?!” İnsafsız arvad elə də cəld yeriyirdi! Mən iki addım atmamış o, artıq tini burulmuşdu. Əynində andıra qalmış çadra, ayaqlarında qaloş! Bir az yeyin getmək istədim, az qaldı başı üstə yıxılım zəhrimar qarın içinə. Tinin başına çatdım. Orada heç kəs yox idi. İşləri korlamışdım, əlimdən qaçırmışdım onu. Küçənin axırına kimi qaça-qaça getdim, o biri tinin başına çatdım, amma arvaddan əsər-əlamət yox idi. Əlim ətəyimdən uzun qayıtdım dükana.

 

– Ay fərsiz, əldən buraxdın, hə? – ustam dilləndi.

 

Oturmaq istəyirdim ki, sür-sümüyü göstərib dedi:

 

– Daha durmusan, bunları da yerbəyer elə.

 

Mən sür-sümüyü fitənin arasına yığıb bərk düyünlədim, sonra dalıma atıb bayıra çıxdım. Döyülmüş it kimi titrəyirdim. Zəhrimara qalsın bunu! Hava yaxşı olanda qalan sür-sümüyü digər tullantıların yanına qoyub yol üstündəki zibilliyə atır, sonra məxsusi bir avazla səslənirdim, dərhal itlər quyruqlarını bulaya-bulaya gəlirdilər. Amma indi o qədər yol getməyə hövsələm yox idi. Buna görə də sümükləri arxa tərəfdə bir yerə atıb geri döndüm. Bu amansız qarın soyuğundan az qalırdı ayaqlarım qopub düşsün. Qayıdıb ayaqlarımı ocağa yaxınlaşdırdım. Ocağın istisi çox xoş gəlir, adama ləzzət verirdi. Az qalırdım ayaqlarımı soxum odun içinə. Hələ tam qızınmamışdım ki, ustam qışqırdı:

 

–Yenə çıxdı ortaya! Tez ol, qaç arxasınca, amma daha bu dəfə əldən buraxma! İyirmi tümən səkkiz qiran  borcu var. Məzhəbsiz, nə gəlib ət alır, nə də borcunu qaytarır...

 

Başılovlu çıxdım. Zəhər tuluğuna dönmüşdüm. Bıçaq vursaydılar, qanım çıxmazdı. Bir buna deyən lazım idi ki, axı sən heç buralara üzükməzdin, indi nə azarın var bu tərəflərdə?!

 

Küçənin başında ona çatıb qışqırdım:

 

– Xanım, ay xanım!..

 

Bir-iki kişi dönüb mənə baxdı. Lap xəcalət çəkdim. Məhəllə uşaqları ilə çoxlarını sınamışdıq. Əgər min nəfərin içində, tutalım, “Rüqəyyə xanım, hey!” desəydin, bütün kişilər dönüb sənə baxırdılar. Elə bil hamısının adı “Rüqəyyə xanım”dır.

 

Küçədə sakitlik idi deyə, səsim bomba gurultusu kimi yayıldı.

 

– Ay xanım, heeey!..

 

Amma o qadın heç nəyə fikir vermir, yeyin-yeyin addımlayırdı. Öz-özümə:

 

– Bu lap yaramaz əbləhlərdəndir, - dedim.

 

Yırtıq-deşik qaloşları da buna bir işarət idi. Az sonra özümü arxadan ona yetirib qışqırdım:

 

– Xanım, ay xanım!

 

O, qəfildən dayandı və dönüb üzümə baxdı. Üzünü görəndə yerimdə donub qaldım. Çox gözəl, təravətli, həm də gənc bir qadın idi. Özü də bir az yağış yağandan, ya külək qalxandan sonra üzünə baxmaq mümkün olmayanlardan deyildi. Elə ürəyəyatan, könülaçan siması vardı ki, baxdıqca baxmaq istəyirdin. Çadrasına bərk-bərk bürünmüşdü, qoltuğunun altında bir batmanlıq qazan boyda bir boğça tutmuşdu. Üzümə baxa-baxa dedi:

 

– Nə istəyirsən, ay oğlan?

 

– Məni ustam göndərib...

 

Sözümü ağızımda qoydu. Gözündəki parıltıdan məni tanıdığını anladım. Narahat tərzdə dedi:

 

– Get ona de ki, dalımca adam göndərməyinə ehtiyac yoxdu, hazır olan kimi gətirəcəm.

 

Başqaları kimi əsla nala-mıxa vurmadı. Elə əvvəldən başa düşdüm ki, oyun çıxaranlardan deyil. Amma bu amansız soyuq ovqatımı zəhrimara döndərmişdi.

 

– Ustam tapşırıb ki, pulu almayınca ayağını dükana basma.

 

– Bala, axı mənim arxamca düşməyin yaxşı deyil. Camaat görür. Bu, mənim üçün ayıbdır. Get ustana de ki, əlimə pul düşən kimi əvvəl sənin pulunu verəcəm. Mən onun pulunu yeyən deyiləm! Gör mən neçə ildir, onun müştərisiyəm!

 

Soyuq indi tamam səbrimi kəsdi.

 

– Deyib ki, pulu almayınca dükana gəlmə. Kasadlıqdı, vəziyyət yaxşı deyil.

 

O, bir an dayanıb üzümə baxdı. Sonra bir kəlmə də demədən başını aşağı salıb cəld yeriməyə başladı. Elə bildim ki, ağlına nəsə bir çarə gəlib. Adətən, bir söz deməmək yaxşı əlamət sayılırdı. Məni aparırdılar evlərinin qapısına və ondan-bundan borc alıb verirdilər. Bu o qədər yaxşı qadın idi ki, təzədən üz vurmağa ürəyim gəlmədi. Məni nə söyür, nə daş atır, nə də təhdid edirdi. Beləcə, daha heç nə demədən arxasınca getdim. O da dillənib bir söz demirdi. Amma camaat bizə baxırdı. Axırda bezib dayandı. İri qara gözlərini mənə zilləyib:

 

– Oğul bala, inan ki, olsaydı, verərdim. Belə dalımca düşmə, yaxşı deyil, camaat pis şeylər fikirləşər. Axı sən uşaq deyilsən, belə şeyləri başa düşməlisən.

 

Səsi titrəyirdi. Bilmirəm, bunun səbəbi o lənətə gəlmiş soyuq idi, ya başqa nəsə. Əvvəl elə fikirləşmişdim ki, məni borcunu qaytarmaq üçün evinə aparır. Xam xəyallara dalmışdım. Yenə zəhər tuluğuna döndüm. Soyuqdan ayaqlarım sözümə baxmır, az qalırdı qulaqlarım qopub düşsün. Ustamın “ay fərsiz, əlindən çıxartdın hə?” deməyi yadıma düşdü. Başladım qışqır-bağır salmağa. Qadın çaşıb qalmışdı:

 

– Ay insafsız, əgər yoxdursa, axı hardan alıb verim?! Camaatın yanında məni biabır etmək istəyirsən? Yaxşı, qışqırma, sabah bir yerdən tapıb gətirərəm. Vallah, gətirəcəm.

 

Yenə cəld yeriyib uzaqlaşmaq istədi. Çadrasının bir tərəfindən yapışdım. Ayaqlarım, qulaqlarım donurdu. Qulağımda “ay fərsiz, əlindən çıxartdın hə?” cümləsi cingildəyirdi. Məni ağlamaq tutmuşdu.

 

Səsimi xeyli qaldırmışdım.

 

Camaat başımıza yığışanda qadının çöhrəsi meyit rəngi almışdı. Adamlar mənim halıma yanırdılar:

 

– Ay uşaq, nə olub? Niyə ağlayırsan?

 

Səsimi bir az da qaldırdım, qışqırığm bütün küçəni bürümüşdü. Sonra, bilmirəm, nə dedimsə, qadın mənim üstümə yeridi və boş əli ilə məni vurmağa başladı. Başıma elə vurdu ki, əməlli-başlı ağrı hiss elədim. Gözüm yaşla doldu. İnsafsız çox möhkəm vururdu, əli də yaman ağır idi. Məni o vaxta kimi heç kəs, hətta atam elə vurmamışdı. Yanaqlarımdan yaş süzülürdü. Ətrafdan səslər ucalmağa başladı:

 

– Ay qız, niyə vurursan uşağı?!

 

– Sənin nə haqqın var onu vurmağa?! Uşaq görmüsən onu?

 

Qadının davranışından heyrətə düşmüşdüm. İş heç vaxt bu həddə çatmazdı. Adətən, camaat yığışan kimi məsələ həll olurdu. Amma indi bəyaz çöhrəli bu qadın göz qabağındaca məni döyürdü. Əgər camaat onun əlindən almasaydı, şikəst edəcəkdi məni. Mat qalmışdım. Nə özü mərəkəni tərk edib gedirdi, nə də başqaları kimi necəsə mənim könlümü almağa çalışırdı... Elə hey vururdu. Sanki nə etdiyini özü də bilmirdi. Küçədə qoltuğunda boğça, qarın içində dayanmışdı. Camaat bizi dövrəyə almışdı. Mən tamam özümü itirmişdim. Ona həm acıqlıydım, həm də yazığım gəlirdi. Kaş əvvəldən buraxaydım, çıxıb gedəydi. Onun nə hala düşdüyünü görmək lazım idi! Çöhrəsində çox yazıq və miskin bir ifadə vardı. Dövrələmə dayanan camaatın ortasında durmuşdu, qara gözlərindən qığılcım saçılırdı. Beləcə dayanıb kövrək bir ağac kimi titrəyirdi.

 

Mənimsə ayaqlarım, qulaqlarım, əllərim donurdu. Günahın hamısı yenidən yağmağa başlamış qarda idi. Mən lap itə dönmüşdüm: yava, quduz bir itə. Qadının çadrasından yapışıb dartdım. Qoltuğunun altındakı boğça aşağı sürüşdü. Gördüm ki, onu vahimə bürüdü, özünü itirdi. Boğçanı möhkəm tutmaq istədi, amma əlləri əsdi, boğça onun qoltuğundan sıçrayıb top kimi göyə qalxdı: eynən futbol topu kimi. Və havada açıldı. Onun içindən sür-sümük töküldü... Mənim bayaq küçəyə tökdüyüm, adətən, polkovnikin xidmətçisinin itlər üçün apardığı sür-sümük... Onlar hamının gözü qarşısında yerə səpələndi.

 

Qız gözümün qarşısında bükülüb ikiqat oldu. Sür-sümüyün üstünə əyilib dizlərini yerə qoydu, yanağındakı göz yaşlarını silməyə başladı. Mənim nitqim qurudu, cəld irəli atılıb, yerdəki sür-sümüyü tələsik toplamağa başladım. İçim həm başımıza yığışmış adamlara, həm də özümə olan hirs-hiddətlə dolmuşdu...

 

Sonra nə oldusa, yadıma gəlmir. Bir də onu gördüm ki, yağan qarın altında ağlaya-ağlaya qaçıram. Qar, lənətə gəlmiş qar!..

Tərcüməçi: Ağabala Mehdiyev

 kulis.az

 Şrift:
  •  
  • Mən borsolino papaqları ilə məşhur olan Alessandroda anadan olmuşam. İtaliya intelektuallar ölkəsidi kimi düşünmək lazım deyil. Mikelancelonun, ya da Rafaelin əslən İtaliyadan olması hələ heç nə demək deyil.
  • Hər bir avropalı küçəyə çıxarkən orta əsr kilsələrini görür, ona görə də onlara orta əsrlər maraqlı deyil. İndianapolis — bu başqa məsələdi. Ən maraqlı məktubları belə yerlərdən alıram.
  • Başqa insanları qulaqlarından tutub kokos yeməkdən ayıra bilmədiyiniz kimi, məni də qulaqlarımdan tutub orta əsrlərdən ayıra bilməzsiniz.
  • Düşünürəm ki, əgər orta əsrlərdə yaşamış olsaydım, çoxdan ölmüşdüm. Atam mühasib idi, onun atası isə tipoqraf. Atam ailədə on üç uşağın ən böyüyü, mənsə atamın ilk oğlu idim. Mənim də ilk övladım oğlan idi və analoji olaraq oğlumun da ilk övladı oğlan olmuşdu. Bunu nəyə gətirirəm? Əgər məlum olsa ki, Eko ailəsi Bizans imperiyasının törəmələridir, onda belə çıxır ki, mənim nəvəm dofindir (dofin- kral ailəsinin varisi).
  • Atam gəncliyində böyük kitab həvəskarı idi. On üç uşaq olduqlarından ailəsi çətinliklə keçinə bilirdi və o, kitab almağı özünə rəva bilmirdi. Belə olanda atam küçə köşklərində oxumağa başlayıbmış. Yaxınlaşır, bir kitab götürür və köşkün sahibi onu qovana qədər kitabı oxuyurdu. Sonra növbəti köşkə gedir, həmin kitabı qaldığı yerdən açır və oxumağa davam edirdi. Mən bu xatirələri yüksək qiymətləndirirəm — onun israrla kitab arxasınca getməyini.
  • Babam təqaüdə çıxanda kitab cildləməklə məşğul olmağa başladı. Qədim, gözəl illüstrasiyası olan Höte və Dumanın əsərlərini evin hər yerində görmək olardı. Bunlar mənim ilk gördüyüm kitablar idi. 1938-ci ildə babam vəfat edəndə sifarişçilərin çoxu gəlib kitablarını götürmədi və bu kitabları böyük bir qutuya yığıb valideynlərimin zirzəmisinə yerləşdirdik. Zaman-zaman məni oraya ya kömür, ya da çaxır dalınca göndərərdilər. Mən də elə bunu gözləyərdim.
  • Bəli, mən də şeir yazırdım. Nə vaxtsa demişəm ki, poeziya yeniyetmələrin üzündəki səpkilərə bənzəyir. Bu mərhələni keçməmək mümkünsüzdü. 15-16 yaşlarda poeziya masturbasiyadı. Yaxşı şairin pis şairdən fərqi ondadı ki, yaxşı şair ilk vaxtlarda yazdığı şeirləri yandırır, pis şairsə onları nəşr etdirir.
  • Özümə bir neçə ay öncə iki min dollara şeypur aldım. Yəqin ki, bilirsiniz: şeypurda çala bilmək üçün mütəmadi olaraq məşq etmək lazımdır, mənsə çoxdan, lap çoxdandı ki, məşğul olmurdum. Beləliklə, mən indi şeypurda yaxşı ifa etmirəm, on iki yaşımda isə möhtəşəm ifa edirdim. Ancaq indi şeypuru ifa etmək üçün almamışam. Almışam ki, bir zamanlar necə olduğumun şahidi olsun.
  • Necə bir qəhrəman xəyal etməyindən asılı olmayaraq o, sənin zehninin və təcrübənin məhsulu olacaq.
  • Əsl qəhrəman — hər zaman səhvən qəhrəman olur. Əslində o, bütün ətrafdakı normal insanlar kimi dürüst və qorxaq olmaq arzusundadı.
  • Ola bilsin ki, sizin üçün maraqlı olar, mən nə vaxtsa Yan Fleminqin (Ceyms Bond kitablarının müəllifi) tipik süjetinin struktur təhlilini nəşr etdirmişəm. Detektiv ədəbiyyatı məni ona görə cəlb edir ki, burda fəlsəfənin mərkəzi sualı verilir — bütün bunları kim etdi?
  • “Gülün adı” əsərini yazmağa başlayanda həqiqətən bilməzdim ki, Aristotelin itirilmiş “Poetika” cildində nələr vardı (Araşdırmalar nəticəsində bəlli olub ki, günümüzə yalnız iki kitabdan birincisi -faciəyə həsr olunmuşu gəlib çıxıb).  Kitab isə özlüyündə bütünlükdə komediyaya həsr olunmuşdu. Mən ancaq kitabın yazılış dövründə bunu anlamağa başladım.
  • Hər dəfə yeni kitab yazmağa başlayanda özümü iki illik həbsdə hesab edirəm, çünki kitab uşağa bənzəyir. Əvvəlcə sən ona həyat verməlisən, sonra qayğısına qalmalısan və bütün bunlardan sonra o, nəhayət yeriməyə və danışmağa başlayır.
  • Yaxşı kitab həmişə müəllifindən daha ağıllıdı. Əsər tez-tez elə hadisələrdən bəhs edir ki, heç müəllif onları təxmin belə etmir.
  • Mədəni insanın ilk öhdəliyi hər zaman ensiklopediya yazmağa hazır olmaqdı.
  • Televiziyanı sevirəm və hesab edirəm ki, dünyada elə bir ciddi insan olmasın ki, televizora baxmağı sevməsin. Ola bilsin, yeganə insanam ki, bunu etiraf edə bilirəm.
  • Sosial şəbəkələrdən istifadə sayı məni çox az narahat edir. Onların gördükləri bütün iş kabuslarla söhbət etməkdən ibarətdi.
  • Bilmirəm düzgünlük nə deməkdi. Ancaq bilirəm ki, bunda haqlıyam.
  • Ola bilsin, mən fikirləşdiyim qədər də ağıllı deyiləm. Bəlkə elə insanların fikirləşdikləri qədər də ağıllı deyiləm.
  • Guya insanların yüngül ədəbiyyat oxumağa meyl etmələri əslində nəşriyyatlar tərəfindən yayılmış mifdi.
  • İnsanlar sadə hadisələrdən tez yorulurlar.
  • Hadisələr arasında paralellər tapmaq çox asandı. Mənə 50 dollar verin və sizə elə bir esse yazım ki, orda indiki gün və dünya ilə paralel neandertallar yaşayır.
  • Orta əsrləri heç vaxt qaranlıq dövr hesab etməmişəm. Bu, münbit torpaq idi, hansı ki Renessans burda yaranıb.
  • Bütün dünya mədəniyyəti bir şeyi istəyir — sonsuzluğu əlçatan etmək.
  • Mən tam əminəm ki, istənilən oxunmuş kitab insanı digərini oxumağa vadar edir.
  • Kitab yazmaq istəyirsənsə, bunun üçün heç bir qayda-qanun və düzgün iş rejimi yoxdu. Bəzən mən bir səhifəni 13 dəfə yazıram, əgər bu kömək etmirsə, onda səsli oxuyuram və nəyin düzgün olmadığını başa düşməyə çalışıram.
  • Kitab yazmaq heç də həmişə sözləri kağıza köçürmək demək deyil. Səhər yeməyi yeyəndə də, gəzəndə də beyninizdə bütün bir fəsli yaza bilərsiniz.
  • Yalan danışmaq bacarığı insanı heyvanlardan fərqləndirən azsaylı cəhətlərdən biridi.
  • İnsanın qadir olduğu imkanların həddi həddən artıq darıxdırıcı və məyus edicidi — ölüm.
  • Başqasının ağılsızlığı heç vaxt sənin ağılsızlığını azaltmaz.../sim-sim.az/
 Şrift:


Andre Morua


Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandı. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz.

Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdı, - onlar deyirlər. - Qətiyyən şübhə yoxdu ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin – böyük klassik mədəniyyətlər erasının - sonudur və biz yeni eranın kandarında dayanmışıq... Onun keçmişlə heç bir ortaq nöqtəsi olmayacaq; əvvəllər yenilənmiş ruh tarixlə şərtləndirilmiş cismə keçib; artıq təzə ruh təzə vücudu canlandıracaq”.

Təzə vücudda təzə ruh? Belə şey qətiyyən olmayacaq. Mən heç bir təzə vücuda inanmıram. Məgər bizim ürəyimiz, böyrəyimiz, arteriyalarımız, sinirlərimiz ibtidai insanlardakılarla eyni deyil.

O ki qaldı ruha... Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil.

Onları buna görə dəyər adlandırırıq. Çünki onlarsız nə cəmiyyətin sonrakı inkişafı mümkün deyil, nə də xoşbəxt həyat.

Başlanğıc üçün bu dünya qədər qədim olan bir neçə həqiqəti sizin yadınıza salacam. O həqiqətləri ki, nə texniki tərəqqi, nə də nihilist fəlsəfə onları ləğv etməyə qadir deyil.

Birincisi, təkcə özün üçün yaşamaq olmaz. Yalnız özü haqqında düşünən insan özünü bədbəxt hiss eləməkdən ötrü hər zaman minlərlə səbəb tapacaq. O, heç vaxt eləmək istədiyi və eləməli olduğu şeyləri reallaşdırmayıb. Öz fikrincə layiq olduğu şeylərin heç birini almayıb. Nadir hallarda sevilmək istədiyi qədər sevilib. O, daima öz keçmişində eşələnərək yalnız peşmanlıq, bir də vicdan əzabı hiss eləyəcək. Yeri gəlmişkən, bunların hər ikisi mənasızdı.

“Bizim səhvlərimiz unudulmağa məhkumdu, onlar başqa heç nəyə layiq deyil”.

Onsuz da keçmişin üstündən xətt çəkmək qeyri-mümkündü, yaxşısı budu, nəticəsi ilə fəxr edə biləcəyiniz bir indi qurun. İnsanın öz-özü ilə mübarizə aparması- ən böyük pislikdi.

Başqaları üçün – öz ölkəsi üçün, bir qadın üçün, yaradıcılıq üçün, aclar və səfillər üçün - yaşayan hər kəs öz kədərini və xırda məişət qayğılarını sanki sehrli çubuğun köməyi ilə unudur.

“Əsl zahiri dünya - əsl daxili dünyamızdı”.

İkinci qayda: hərəkət eləmək lazımdı. Dünyanın absurd olduğundan şikayətlənmək yerinə taleyin bizi atdığı balaca guşəni dəyişməyə çalışaq. Kainatı dəyişmək bizim imkanlarımız xaricindədi, heç buna can atmırıq da. Bizim hədəflərimiz daha yaxın və daha asandı: öz işinlə məşğul olmaq – onu doğru seçmək, dərindən öyrənmək və o işdə ustalığa nail olmaq.

Hər kəsin öz fəaliyyət sahəsi var: mən kitab yazıram, xarrat mənim üçün kitab şkafı düzəldir, nəzarətçi küçə hərəkətini tənzimləyir, mühəndis sxemlər çəkir, mer kommunanı idarə eləyir. Əgər insan hər hansı peşəyə mükəmməl şəkildə yiyələnibsə, işi ona xoşbəxtlik gətirir. İnsanlar hətta asudə vaxtlarında da əliboş oturmurlar – onlar, ilk baxışda faydasız görünən işlərlə - oyun oynamaqla, idmanla- məşğul olurlar. Reqbiçi hətta rəqibi onu palçığın içinə yıxanda da xoşbəxt olur. O ki qaldı faydalı işlərə, biz onların nəticələrinə sevinirik: mer şəhərdə nizam-intizamın qorunmasına nəzarət eləyir, keşiş yanına gələn möminlərə tövsiyələr verir - və hər ikisi öz zəhmətinin bəhrəsindən zövq alır.

Buna da bax: Brodsky-yə görə hər adamın uymalı olduğu qaydalar

Üçüncü qayda: insan iradəsinin gücünə inanmalıdı. Gələcəyin əvvəldən axıra və bütünlüklə yazıldığı fikri doğru deyil. Dahi insan tarixin gedişatını dəyişməyə qadirdi. İstəməyə cəsarəti çatan insan öz gələcəyini dəyişə bilər. Təbii ki, bizim heç birimiz qüdrətli deyilik; insan azadlığının sərhədləri var. O, imkanlarının və arzularının sərhədində yaşayır. Mənim müharibəyə mane olmaq qüdrətim yoxdu, ancaq şifahi və yazılı çağırışlarım milyonlarla başqa insanların çağırışlarına qoşulub müharibə təhlükəsini azalda bilər. Həmvətənlərimə “sizi təhqir eləyiblər və şərəfiniz öz həyatınız, ölkənizin həyatı bahasına qisas almağı tələb eləyir” cümləsini hər fürsətdə, səbəbli və səbəbsiz təkrarlamamaq mənim özümdən asılıdı. Mənim savaşda qalib gəlməyə gücüm çatmaz, ancaq igid əsgər olmaq və borcumu yerinə yetirmək öz əlimdədi.

Və bir halda ki “bizim imkanlarımız bacardıqlarımızdan asılıdı”, onların məhdudluğu haqqında düşünmədən həmişə formada olmaq lazımdı. İnsan özünə güzəşt eləyəndə tənbəlləşir, qorxaq olur: amma iradəsinin gücü ilə özünü vicdanla işləməyə və qəhrəmanlıqlar eləməyə zorlayır. Bəlkə də iradə gözəl məziyyətlərin şahıdı.

Dördüncü qayda da son dərəcə vacibdi: Sədaqətli olmaq lazımdı. Başqalarına və özünə verdiyin sözə, götürdüyün öhdəliklərə sadiq olmaq, heç vaxt heç kimi yarı yolda qoymayan insanlardan olmaq lazımdı. Sədaqət – ağır məziyyətdi. İnsanı yoldan çıxara biləcək minlərlə tamah var. İndi deyəcəksiniz ki “Necə? Deməli, əgər mən işvəkar, yalançı və səfeh qadınla evlənmişəmsə, ondan ayrıla bilmərəm? Əgər seçdiyim peşə məni məyus eləyibsə, onu dəyişə bilmərəm? Əgər mənim üzv olduğum təşkilat bütünlüklə alçaq, acgöz riyakarlardan ibarətdisə, ləyaqətli insanların qurduğu başqa bir təşkilata keçə bilmərəm?”

eyr. Sədaqət kor-koranə olmamalıdı. Ancaq unutmayın ki, adətən, sədaqətsizliyin altında uğursuz seçimlərdən daha çox adi vasvasılıq yatır. Alen yazır: “İnsan heç nə eləmədən oturanda istənilən seçim pisdi, ancaq istəyəndə hər bir seçim uğurlu ola bilər. İnsan ixtisasını həmişə kor-koranə seçir – axı, onu yalnız seçim eləyəndən sonra öyrənmək mümkündü. Sevgi də belədi”.

Bununla belə həmişə (ya da, demək olar ki, həmişə) qadını tərbiyə eləmək, seçdiyin sahədə məhsuldar işləmək və təşkilatın ruhunu dəyişmək mümkündü. Sədaqət öz zəminini özü yaradır.

Bəlkə bu həyat qaydaları sizə həddindən artıq sərt və həddindən artıq ümumi təsir bağışlayacaq. Mən bunu çox gözəl başa düşürəm, amma başqa nəsə tövsiyə eləyə bilmərəm. Mən sizdən həyatınızı sərt qaydalara əsasən yaşamağınızı tələb eləmirəm. Özünüzdə yumor hissini inkişaf etdirin. Öz- elə mənim də- sözlərinizə və əməllərinizə gülməyi bacarın. Əgər zəifliklərinizin öhdəsindən gələ bilmirsinizsə, onlarla barışın, amma nəyin sizə güc verdiyini də yaddan çıxartmayın.

Vətəndaşları təkcə əyləncə və mənsəb haqqında düşünən istənilən cəmiyyət, ədalətsizliyə və zorakılığa şərait yaradan istənilən cəmiyyət, insanların bir-birinə cüzi də olsa, güvənmədiyi istənilən cəmiyyət, üzvləri məqsədsiz yaşayan istənilən cəmiyyət – məhvə məhkumdu.

Nə qədər ki Roma qəhrəmanlar şəhəri idi, çiçəklənirdi. Elə ki onu yaradan dəyərləri unutdu, məhv oldu.

Texniki tərəqqi fəaliyyət növlərini dəyişir, ancaq fəaliyyətin əhəmiyyəti və ona olan tələbat dəyişməz qalır./manera.az
 Şrift:


                              ABDÜLKADİR ÖZKAN


 

SƏNİ SEVMƏK

 

Bir xəyaldı səni sevmək…

Bir xəyalın rüzgarı!

Səni sevmək – bir talandı…

Gözlərin atəş qarası…

Sevmək səni – bir gözəl cümlədi

Bir könül yarası!

Səni sevmək – xatirələrdə

Gizlənmiş bir nəfəsdi.

Ardını oxu...

 Şrift:
 Fatma TÜRKDOĞAN
 
                                                 MİNNƏT DUYĞUSU

                                                            (hekayə)
 
     Bütün gecə incə-incə yağan qar səhərə yaxın şiddətini əməlli-başlı artırıb dəliyə dönmüşdü. Dizimizə qədər batdığımız qar içində yavaş-yavaş irəliləyirdik. Çiynimizdəki tabut qurğuşun kimi ağırlaşmışdı. Artıq qışın qamçı rüzgạrına məruz qalmış üzümüzü, əllərimizi hiss etmirdik. Sovrulan qarlara görə ayağımızı haraya atdığımızı bilmədən camiyə doğru yeriyirdik. Əmanətimizi Musalla daşına yerləşdirdik. Özümü anladığımdan əlini buraxmadığım Çavuş dayımı həyat yolunun son dayanacağında tək buraxa bilməzdim. Baş tərəfində çömbəldim. Kəskin ayaza rəğmən uzun-uzadı “dərd-hal” etdik... Gələnlər isti yerə çəkilmişdilər. Sevəni çox idi. Allah adamı, kasıbların dostuydu. Neçə insanı evləndirmiş, neçə insana iş, aş vermişdi. Bu qədər soyuğa rəğmən cami sevənləriylə dolub-daşırdı. Günorta namazında cərgələnib tabutun başına toplandıq.

Ardını oxu...

Sayğac