Xəbər lenti

 Şrift:
        Araşdırma:                               
                                    Şahın almazını oğurlayan erməni
 
              Almaz daşları qədimdə gücün, igidliyin, məğlubedilməzliyin rəmzi sayılırdı. Şərqdə şahlar, qərbdə monarxlar öz taclarını, qüdrətli sərkərdələr dəbilqələrini almazla bəzəyərdilər.  Amma almazların da öz sahibləri kimi qəribə və maraqlı taleyi var.                                                                                      
         Sərkərdənin sarayı - atının yəhəridir” deyən Nadir şah Əfşarın hərbi bacarığına və misilsiz sərkərdəlik maharətinə heyrət edən qərb tarixçiləri onu Napoleon Bonopart, Böyük Fridrix, Hanniballa, şərq tarixçiləri isə Makedoniyalı İsgəndər, Əmir Teymurla müqayisə edirlər. Türk soylu əfşarlar sülaləsinin banisi olan bu tarixi şəxsiyyət on bir illlik (1736-1747) hakimiyyəti dövründə Azərbaycan, Türküstan və Hindistan şahı olaraq  tanınıb.  
      Nadir şah tatktiki siyası gedişləri, dönməz iradəsi və danışıqlar yolu ilə Rusiyadan, eyni zamanda Osmanlı   İmperiyasından Səfəvilər dövlətinə   məxsus olan bütün torpaqları geri almışdır. Nadir şah Əfşarın adı tarixə                                                                                             ədalətli seçki yolu ilə (Muğan qurultayında)  hakimiyyətə gələn və Xəzər dənizində ilk donanma yaradan türk dövlət xadimi  kimi düşüb.
       Muğanda tacqoyma mərasimindən sonra Nadir şah Azərbaycanda neft istehsalına nəzarət etmək üçün əfşarları Abşeronun (bəlkə Əfşaran sözü də burdan meydana gəlib?! –N.Ə.) Keşlə, Zabrat, Sabunçu yaşayış məntəqələrinə köçürmüşdü. Məhz Nadir şah Şirvan, Qarabağ, Çuxur-Səd (indiki İrəvan) və Təbriz bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında inzibati bölgü yaratmışdı.
      Nadir şah Əfşarın təklif etdiyi din islahatı Osmanlılarla məzhəb ayrılığı ucbatından baş verən münaqişə və müharibələrə son qoymaq arzusundan qaynaqlanırdı. Abbaasqulu ağa Baxıxanov təəssüflə yazırdı: “Lakin bu məsələ dəfələrlə Osmanlı  dərbarına  (padşah sarayına- N.Ə) təqdim edilsə də qəbul olunmadı...”
       “Başın tacı ağıldı” fikri Nadir şaha məxsus olsa da o da bütün hökmüdarlar kimi səhfdən sığortalanmamışdı.  Elə buna görə də  qardaşı oğlu başda olmaqla vəzzifə verdiyi öz   yaxın ətrafı ətrafı tərəfindən qətlə yetrildi.
       ...1739 - cu ilin fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də  Şahcahanabadı (Dehlini)  tutan Nadir şah Böyük Moğol dövlətindən pulla altı milyon, qiymətli daş-qaşla 500 milyon rupilik xərac alır. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi yüzlərlə dəvələrə, filllərə yüklənib Kelata (Nadir şahın xəzinəsə) aparılır və  burada mühafizə olunur.
     Əvvəllər qayda belə idi ki, hərbi qənimət kimi, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü. Nadir bu dəfə həmin qaydanı pozur və daş-qaşları özünə götürür. Bu da döyüşçülər, xüsusilə qızılbaş əmirləri arasında narazılıq doğurur. Gətirilən ləl-cavahiratların içində dünya almazlarının padşahı sayılan "Kuhi-nur" (“Nur dağı”) adlanan ən böyük bir almaz da vardı. Ən iri brilyantlardan biri “Dəryayi- nur” (“Dəniz nuru”), digəri  “Taci-mah” (Göy brilyant) adlanırdı.    
     
                                                Nadir şah

   Bundan başqa Nadir şaha hədiyyə edilmiş “Təxti-Tavus” adlanan çox qiymətli və nəfis bir taxt vardı ki, bəzəyində  təqribən bir milyonluq cavahirat işlənmişdi. Üzərində 10-12 karat almaz və yaqut işlənən taxtın ayaqları və milləri qızıldan, dövrəsi boyu düzülən 108 ədəd yaqutun hər biri 100 karatdan çox idi.
    ...Aradan illər ötəcəkdi. Bu ləl-cəvahiratlar və çox nadir əşyalar Avropanın bütün hökmüdarlarının xəzinələrini bəzəyəcəkdi. Bu gün Rusiyanın Almaz Fondunda, Moskva Kremlinin Silah Palatasında, eləcə də digər ölkələrin muzeylərində Nadir şahın xəzinəsinə aid olan belə ləl-cəvahiratların və nadir ə.yaların sayı az deyil. Məsələn, çox qiymətli yaqut və almazlarla bəzədilmiş “Təxti –Nadiri”   hazırda Türkiyədə Topqapı muzeyindədir.
     Yonulmamışdan əvvəl 500 karat olan “Kuhi-Nur” almazı Nadir şahın  ölmündən sonra dəfələrlə əldən-ələ keçərək yenidən Hindistana - Pəncab hakimi Rancit Sinqin ixtiyarına verilir. 1849-cu ildə ingilıislər Pəncabı tutdular. Və  almazı  ingilis kraliçası Viktoriyaya hədiyyə kimi  göndərdilər. Kraliçanın tacını bəzəyən  və böyüklüyü 106 karat olan həmin almaz hazırda London qəsrindəki kral xəzinəsində – Kral Muzeyində  saxlanılır.   
       Yonulmamışdan əvvəl böyüklüyü 787,5 karat olan açıq çəhrayı rəngli  “Dəryayi-Nur” almazı isə hazırda 182 karatdır və Tehranda İran Milli Bankının muzeyində saxlanılır.
       Nadir şahın xəzinəsində saxlanan Hindistan qənimətləri içərisində öz qiyməti ilə seçilən “Göy brilyant” (“Mahi-tac”) isə sonradan “Orlof” və ya “Orlov” adı ilə məşhur olub. Bu almazın Rusiyaya gətirilməsi ilə bağlı  çox müxtəlif  fikirlər var.
     Babur imperiyasının hökmüdarı Sultan Şah Cahana (sevimlii arvadı Banu Bəyim - Mümtaz Mahal öləndən sonra möhtəşəm Tac-Mahalı türbsəsini tikdirən moğol şahı - N.Ə) məxsus olan bu almazı güya öz dinini dəyişib buddist məbədindən xidmət edən gənc fransız əsgəri oğurlayıb. Amsterdamda  erməni mənşəli Qriqori Safras adlı tacirə  də almazı ondan alıb  qraf Orlova satıb!
       Hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar  Nadir şaha həsr etdiyi tarixi oçerkində yazır ki, Qriboyedovu Tehranda öldürəndə, həmin göy brilyantı səfirin ölümünə təzminat kimi Rusiyaya veriblər. Bu daş da rus kraliçasına hədiyyə olunub. İlkin çəkisi 400 karat, yonulduqdan sonra 193 karat olan almaz indi Moskvada Kremlin Almaz Fondunda saxlanır.
     Əslində Türkmənçay müqaviləsinin əsas müəlliflərindən biri olan, rus yazıçısı A.S. Qriboyedovun qanını “yumaq” üçün Peterburqa göndərilən səkkizbucaqlı formaya malik 88, 7 karat, su kimi şəffaf “Şah almaz”in da Nadir şahın xəzinəsinə aid olduğu söylənilir. “Şah almaz"ın üzərinə kustar emalatxanalarda 3 hökmüdar adının necə həkk edilməsi müasir mütəxəssislər üçün hələ də müəmma olaraq qalır. 1591-ci ildə Qərbi Hindistanda Əhmədnaqar hökmdarı Nizam, 1641-ci ildə Moğol hökmdarı Cahan şah, 1824-cü ildə Qacarlar sülaləsinin iknici  hökmdarı, Xaqan təxəllüsü ilə şeirlər yazan Fətəli şah öz "Şah almaz"ın üstünə adlarını həkk etdiriblər.
      Tarix elmləri doktoru, pofessor Mehman Süleymanov “Nadir şah”                                     kitabında yazır ki, Göy almazı Lazar adlı bir erməni Nadir şahın xəzinəsindən oğurlayaraq Rusiyaya qaçırmışdır.
       Ən maraqlısı da budur ki, Nadir şah qətlə yetirilən ildə - 1747-ci ildə dörd  azyaşlı oğlanları ilə Culfadan keçib Rusiyada məskunlaşan erməni Lazar Nazaroviç Lazaryan Moskva və Sankt Peterburqda mülk sahibi olmuş,  özü və varisləri erməni kilsələri tikmiş, erməni məktəbi açmış, 1827-ci ildə bu məktəbin bazasında Şərq Dilləri Lazarev İnstitutunu yaratmış (indi Ermənistanın Rusiyadakı səfirliyi bu binada yerləşir - N. Ə.) mətbəələr açmışdılar. Görünür ki, Lazar şahın xəzinəsindən qraf Orlova satdığı almazdan başqa da xeyli qiymətli ləl-cavahiratlar oğurlamışdır.
    Şübhəsiz ki, Lazar erməni xisləti və hiyləgərliyi ilə sağlığında Nadirin etimadını qazanmışdır. Mənbələrdə Nadir şah çox tolerant hökmüdar olub, o,  bütün xristian təəbələrinə dözümlü yanaşıb, onların etiqadına hörmət edib. Hindistan yürüşündən sonra Məhşəd sarayında Quranla bərabər Tövratı və İncili də tərcümə etdirmişdir.
      Bəs Lazar almazı Nadir şahın xəzinəsindən necə çıxarmışdı? “Lazar baldırını yarıb kəsib almazı ayaq ətinin arasında yerləşdirdi. Bu vəziyyətdə ölkədən çıxıb Rusiyaya qaçdı. Sankt-Peterburqda Lazar əməliyyat yolu ilə almazı baldırından çıxardı və satış məqsədilə Rusiya sarayına təklif etdi” (Mehman Süleymanov “Nadir şah” səh. 703)  
    Onu da qeyd edim ki, bu fakt  rus və erməni mənbələrində də var. Bir versiyaya görə  Lazerev adlı erməni Nadir şahın saray zərgəri  olub.  Və ondan 1773-cü ildə  almazı qraf Orlov alıb, İkinci Yekaterinaya  bağışlayıb.
      İkinci versiyaya görə, Nadir şahın xəzinəsindən oğurlanmış almazı   erməni taciri alaraq 1767-ci ildə Amsterdam bankında yerləşdirib.  Beləliklə, qiymətli daş “Amsterdam almazı” adlandırılb. Sonra almaz Lazar Lazereva satılıb və “Lazarev almazı” adlandırılb.  Almazı  Lazardan  400 min rubla alan Qraf Orlov onu Rusiya çariçasına – Yekaterinaya ad günündə hədiyyə edib. (Mənbə: “Briliant Orlov”proza.ru  22 маy 2009 –cu il.)
    Rus mənbələrində Lazar Nazaroviç Lazerevin hələ Birinci Pyotr dövründə  Səfəvi Dövlətinə tərcüməçi olaraq göndərildiyi və 1768 – ci ildə İkinci Yekaterina tərəfindən Ön Asiyada xristianlığı yaydığına görə Müqəddəs Roma İmperiyasının baronu tituli ilə təltif  olunduğu bildirilir.
     Bir çox erməni müəlliflərin  yazdığı  kitablarda Lazarın – Ağazarın uşaq yaşlarında İsfahanda təhsil aldığı, Səfəvi şahına yaxın olduğu və 19 yaşında Yeni Culfaya hakim  təyin olunduğu göstərilir. 
    “Pravda interesnee leqend” (“Həqiqət əfsanədən maraqlıdır” (Moskva -1975) kitabında Aşot Baziyans qraf Orlovun sayəsində Lazara yüksək məbləğdə ömürlük  pensiya   verildiyindən bəhs olunur. “Lazerevlərin arxivi” (Moskva -1982) oçerklər kitabınında da müəllif bu barədə yazır. A. Baziyansa görə Lazerevlər ailəsinin Rusiyanın mədəni, iqtisadi və siyasi həyatında müstəsna  xidmətləri olub.
     Lazar haqqında yazılan faktlardan belə qənatə gəlmək olar ki,  o, Ağazar (Ağanəzər də ola bilər!) adı ilə Nadir şahın əvvəl ürəyinə, sonra da  xəzinəsinə yol tapmış və ordan oğurladığı almazı bud nahiyyəsində Rusiyaya keçirib  qraf Orlova satmışdır.

  Nurəddin ƏDİLOĞLU,
  • yazıçı-publisist.
  • 13.06.2016.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac