Xəbər lenti

 Şrift:
         DÜNYA FATEHİ NADİR ŞAH  AZƏRBAYÇAN TÜRK SOYU OLAN ƏFŞAR TAYFASININ YETİRMƏSİDİR
 
                       Dünya fatehi haqqında tarixi poman
 
   Yazıçı Mehman Süleymanov Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyəti haqqında çox dəyərli bir əsər yazmışdır. Kitabda tarixi şəxsiyyətin uşaqlıq illəri, sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan qəhrəmanlıqlarla dolu çətin döyüş yolu, böyük bir imperiya yaratmaq uğrunda tarixə və heç bir insan ağlına sığmayan fatehliyi və nəhayət, bütün bu etdiklərinin müqabilində onun adına və şəxsiyyətinə layiq olmayan faciəli sonluqla bitən həyatı geniş və əhatəli, həm də maraqlı şəkildə təsvir edilmişdir.
Əsər girişdən, səkkiz fəsildən və nəticədən ibarətdir. Elə ilk sətirlərdən oxucunu öz ardınca aparan müəllif  Nadir şahın həyat və fəaliyyətini, o dövrü, tarixi şəraiti, dünyada gedən hərbi münaqişələrin arxasında baş verən siyasi oyunların bəşəriyyətə gətirdiyi acı nəticələri ustalıqla, sözləri mirvari dənələri tək sapa düzə-düzə bədii cəhətdən bitkin və dəyərli bir epopeya yaratmışdır. Kitabda böyük fatehin Vətənə, torpağa, milli-mənəvi dəyərlərə, türk xalqlarının birlik və bütövlük uğrunda apardıqları mübarizəyə münasibəti inandırıcı boyalarla verilmişdir. Nadir şahın İslama münasibətində özünəməxsusluq, dinə baxışlarında mütərəqqiçilik ideyaları da əsər boyu oxucunun diqqətinə çəkilir.
Ümumiyyətlə, Nadir şah o şəxsiyyətlərdəndir ki, onun həyatının hər bir anının öyrənilməsi maraqla qarşılanır. Bu istiqamətdə istər onun öz dövründə, istərsə də ondan sonrakı dövrlərdə bir sıra işlər görülmüşdür. Hələ XVIII əsrin ortalarından etibarən bir çox şərq və qərb mənbələrində Nadir şah haqqında qiymətli məlumatlar öz əksini tapmışdır. Yazıçı Mehman Süleymanov da məhz həmin məlumatların əks olunduğu mənbələri çox diqqətlə araşdırmış, türkçülüyümüzün, qəhrəman tarixi keçmişimizin öyrənilməsində müstəsna əhəmiyyəti olan bir ədəbi abidə yaratmışdır.
Yazıçı kitabda Nadir şah tarixinin öyrənilməsi üçün fundamental mənbələr sayılan və o dövrdə yaşamış Mirzə Mehdi Astrabadinin “Tarix-e Cahanqoşaye Naderi” və Məhəmməd Kazım Mərvinin “Aləm Ara-ye Naderi” əsərlərindən, həmçinin, qərb, sovet və Azərbaycan mənbələri və tarixi ədəbiyyatı ilə yanaşı, fars dilli tarixi ədəbiyyatdan və başqa mənbələrdən geniş istifadə etmişdir.
Biz bu yazıda oxucular üşün də maraqlı olacağını nəzərə alıb Mehman Süleymanovun “Nadir şah” əsərindən bəzi məqamları diqqətinizə şatdırmaq istəyirik.
 
                                                                       Əlizaman Baxış
                                                                           yazıçı-pedaqoq
 
 
 
 
 Allahü-Əkbər dağı ilə Məhəmmədabad yaylağı arasında doğulan Nadirqulu
   
   Mənbələrdə Nadir şahın sənətkar ailəsində doğulması göstərilir. Atası İmamqulu qoyunçuluqla bağlı təsərrüfatla məşğul olduğu üçün dəridən müxtəlif əşyalar tikməklə məşğul olurdu. Oğlunun dünyaya gəlməsi ərəfəsində İmamqulu yaylaqlarda olarkən bir yuxu görür. Ramazan ayının günlərinə təsadüf edən həmin yuxuda o görür ki, Günəş onun yaxasından doğur və bu günəşin işığından bütün aləm nura boyanır. Bu yuxunu bir neçə gün gizli saxlasa da, qardaşı Bektaşa danışır. Qardaşı da buna bənzər yuxu gördüyünü deyir. Eynilə bu cür yuxunu təkrar görən İmamqulu öz dövründə ulduzlardan az-çox başı çıxan bir mollaya əhvalatı danışır. Molla onun bir oğlu olacağını və həmin uşağın gələcəkdə uzun illər məmləkətə şahlıq edəcəyini deyir. Hadisələrin sonrakı inkişafı göstərir ki, mollanın yozumu doğru çıxır.
Beləliklə, Nadir 1688-ci il oktyabr ayının 22-də Xorasan vilayətinin şimalında yerləşən Dərgəz məntəqəsinin Dəstgird kəndində dünyaya göz açmışdır. Bu kənd Allahü-Əkbər dağı ilə Məhəmmədabad yaylaqları arasında yerləşir. Atası ona Nadirqulu adını qoyur. Adının sonundakı “qul” sözünün təmiz türk sözü olması onun türk boyuna mənsub olmasına bir sübutdur. İmamqulu qatı dindar olduğu üçün oğlunun adının mənasının Allahın nadir qulu anlamında düşünülməsinə imkan verir.
Tarixi ədəbiyyatlarda Nadirin Azərbaycan türklərinin Əfşar boyunun Qırxlı oymağına mənsubluğu göstərilir. O da qeyd edilir ki, bu və bu kimi başqa boyların nümayəndələri hələ Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan arealından qoparılaraq Xorasan vilayətinin şimalında yerləşdirilmişdir. Uzun illər İran ərazisində, farsların əhatəsində yaşamalarına baxmayaraq, əfşarlar və digər türk tayfaları öz dillərini bu günümüzə qədər qoruyub saxlaya bilmişlər.
Nadir kifayət qədər sağlam və cüssəli doğulmuşdu. Bir yaşına çatanda üç yaşında olan kimi görünürdü. İlk uşaqlıq oyunlarında artıq Nadir özünü sərkərdə və çah kimi aparırdı. “Aləm Ara-ye Naderi” əsərində Nadirin yeniyetmə və gənclik illərində mahir süvari və ovçu olmasından, gününün çoxunun at belində, ov ovlamaqla və güllə atmaqla məşğul olmasından danışılır. Bu əsərdə bu barədə maraqlı bir əhvalat vardır. Yay günlərindən birində Nadir çöl eşşəyi ovuna çıxır. İsti havada çöl eşşəyini o qədər qovur ki, atının bağrı çatlayır və ölür. Nadir, atının yəhərini, yüyənini belinə alıb geri dönür. Yolda rastlaşdığı bir adam ona “Nadir-i dövran” (zəmanənin Nadiri) deyə müraciət edir və onu Allahi unutmaqda qınayır. Bu şəxs Nadirə bir cam verir və ona bir neçə öyüd-nəsihəti diqqətinə çatdırır. Ona deyir: “Allahı yadından çıxarma, yoxsa ruzigar onu unudar. Həmişə mərd ol, namusu qoru, alimlərə, mühəndislərə, yazıçılara hörmət elə, onları nüfuzdan salma. Padşahlara, böyüklərə qarşı lütf göstər, yollandığın vilayətlərdə insanlara ziyan gətirmə. Dostun qədrini bil, məğrur və laqeyd olma. Varlıların da, yoxsulların da dadına çat, məzlumların haqqını zalımlarda qoyma, mərdüməzar olma və s.” Nadir qocanın dediklərini edəcəyinə söz verir və o an həmin şəxs yox olur. Nadir yoluna davam edir və uzaqdan görünən bir daxmaya tərəf gedir. Dincəlmək üçün daxmanın qapısını döyür, onu bir qarı qarşılayır. Qarı onu görən kimi “sahib-qəran-i dövran” deyə müraciət edir. Nadir bu cür müraciətə etiraz edəndə qarı deyir: “Elə indicə yuxuda Həzrət İlyası görürdüm. Mənə dedi ki, zəmanənin Nadirinin istiqbalına  gedirəm, bir azdan o sənin də qapını döyəcəkdir.”
Yorulmuş Nadir qarıdan çörək və su xahiş edir. Qarı isə olan-qalan bir keçisini kəsib ona yemək hazırlayır, oğlunun atına mindirib yola salır.
Haqqında belə rəvayətlərin və bəlkə də həqiqətlərin yaranması ona əsas verir ki, deyək, Nadir hələ yeniyetmə və gənc olarkən igidlikdə və qoçaqlıqda ad çıxarmış, ətrafda ağalıq edən nüfuz sahiblərinin diqqətini cəlb etmişdi. Bir hadisə onun şöhrətinin daha da artmasına səbəb oldu. “Aləm Ara-ye Nader-i”-nin müəllifi yazır: “Nadir qarıdan ayrılıb yaşadığı yerə çatanda 10-12 türkmən atlısının evlərə hücum etdiyini, kəndi qarət edib mal-dövlət və mal-qara topladığını görür. Nadir türkmənlərlə döyüşə girir və ilk cəhddə onlardan 4-nü öldürür, ikisini oxla vurub atdan salır, qalanları qaçıb canlarını qurtara bilirlər. Nadir türkmənlərdən saldırdığı mal-qaradan 500-ə qədər qoyun və 10-12 baş at ayırıb həmin qarıya göndərib.”
Başqa bir mənbədə 1704-cü ildə Nadirin yəmutlara əsir düşməsi ilə bağlı olan bir əhvalatından danışılır: “Bu vaxt Nadir artıq Əbivərd hakimi Babaəli bəyin yanında xidmət edirdi. Bir gün o, əmisi Baburun dəfnindən qayıdırdı. Bu vaxt yürüşə çıxmış 70 nəfərlik bir dəstə onu və yoldaşlarını istirahət vaxtı yatdıqları yerdə yaxalayır. Yatdığı yerdə Nadirin qollarını bağlayırlar, yanındakılardan biri isə qaçıb Babaəli bəyə xəbər verir. Babaəli bəy 500 nəfərlik bir dəstə ilə Nadiri xilas etməyə gedirsə də, onlara çata bilmir. Nadir isə yolda dəstənin istirahətə dayandığı vaxt əl-qolunu açaraq qaçır, hətta ona mane olmaq istəyən yəmut süvariləri ilə döyüşə girərək bir çoxunu məhv edir.”
Bu və ya digər hadisələr Nadirin bölgədə artıq tanınmış döyüşçü və qəhrəman kimi şöhrətini artırırdı. Ona görə də ətraf məntəqələrdə özbək və türkmən hücumlarından cana doymuş gənc döyüşçülər Nadirin başına toplaşırdılar. Hər kiçik döyüş, hər kiçik qələbə Nadirin istedadını nümayiş etdirməklə bərabər, həm də ona olan inamı artırır, dəstəsinə qoşulanların sayı gün-gündən çoxalırdı. Belə ki, gələcək Nadir şahın adlı-sanlı sərkərdələri yetişirdi. Dövrün hər bir hökmdarı öz yanında Nadir kimi bir döyüşçünün olmasını arzulayırdı. Lakin Nadir özü artıq başına topladığı dəstəsi ilə yaşadığı ərazidə söz-nüfuz sahibi olmuşdu və ətrafdakı hakimiyyət sahiblərinin onula hesablaşmaq zəruriyyəti yaranmışdı. Belə bir vaxtda əvvəllər yanında xidmət etdiyi Xorasan hakimi Məlik Mahmud üzərindəki qələbəsi ilə Nadirin igidliyinin sorağı daha uzaqlara gedib çatdı.
Beləliklə, o, Mərv, Əbivərd, Xorasan, Xəbuşan vilayətlərini və başqa kiçik məntəqələri öz nəzarəti altına aldı. Bu döyüşlərdə o, külli miqdarda qənimətlər ələ keçirdi ki, bu da onun ətrafına toplaşan döyüşçülərinin daha yaxşı təminatına səbəb oldu.
Nadirin gələcək həyatının davamı böyük Səfəvilər xanədanının son şahlarından olan II Təhmasiblə bağlıdır.
 
              
         
           Nadirin şahlığa gedən yolu Səfəvilər xanəgahından keçdi
 
     Nadir şahın gəncliyinin təsadüf etdiyi XVIII əsrin əvvəllərində böyük Səfəvilə dövləti dərin böhran içərisində idi. Əslində, bu böhran xeyli əvvəl başlamış və Nadir Əfşarın gəncliyi onun süqutu dönməz xarakter almışdı. Ulu əcdadlarından miras qalmış Səfəvi dövlətinin varlığının qorunması üçün ciddi addımlar atmayan Şah Səfinin, II Şah Abbasın, Şah Süleymanın erkən yaşlarında dünyalarını dəyişmələri də Səfəvi dövlətinin özülünə zərbə vurdu. Sonuncunun iki oğlu qalmışdı: Abbas Mirzə və Sultan Hüseyn. Ciddi xarakterli, hərbi işə meyilli, fiziki cəhətdən sağlam və güclü, şahlğa daha ləyaqətli namizəd olan Abbas Mirzə saray əyanlarının ürəyincə olmadığı üçün taxta ondan hər cəhətdən geri qalan Sultan Hüseyn çıxarıldı. Sultan Hüseyn sarayın kübar tərbiyəsinialmışdı, yumşaq xasiyyətli, dövlət idarəçiliyi üçün zəruri olan qətiyyətdən uzaq bir şəxs kimi formalaşmışdı. Onun bu qətiyyətsizliyinin nəticəsi idi ki, harınlaşmış saray əyanları bundan öz məqsədləri üçün istifadə edərək əvvəlki yüngül əyləncəli həyatlarını bərpa etmək üçün planlar qurmağa başladılar. Beləliklə, Şah Sultan Hüseynin başı öz hərəmxanasına, ziyafətlərə, eyş-işrətə elə qarışdı ki, ölkənin idarə olunması tam nəzarətsiz qaldı, hərc-mərclik baş alıb getdi. Belə şəraitdə kəskin iqtisadi böhran kriminal mühitin yaranmasına rəvac verdi. Bu hal isə rüşvətxorluğun çiçəklənməsinə yol açdı. Mühüm vəzifələrə təyinat zamanı xacələrin və saray əyanlarının rüşvət alması adi hal almışdı. Bu zaman vəzifələrdə təyinatda təcrübə, qabiliyyət, ləyaqət deyil, məhz kimin daha çox rüşvət verməsi əsas götürülürdü.
Şah Sultan Hüseynin müasirlərindən olan Yesai Həsən Cəlalian yazırdı ki,şah və onun vəzirləri bir il ərzində eyni şəhərə bir neçə hakim təyin edirdilər. Onların hə biri də əldə etdiyi vəzifə üçün xeyli rüşvət verir və sonra da yerlərdə xalqı soyub-talamaqla verdikləri pulu çıxarmağa çalışırdılar. Belə ki, rüşvətxorluq mühitinin genişlənməsi insanlar arasıda savada, təcrübəyə olan marağı öldürür, sağlam rəqabət imkanlarını aradan qaldırırdı. Çoxları anlayırdılar ki, məharətə malik olmağın, biliyi və ağlı ilə baçqalarından fərqlənməyin heç bir əhəmiyyəti yoxdur. Çünki kimin çox pulu var idisə, dövlət vəzifələrinə də onlar yiyələnəcəklər. Ən acınacaqlı hal o idi ki, rüşvətxorluq dövlət siyasəti səviyyəsinə qalxmışdı. Rüşvətxor əyanlar ona nail olmuşdular ki, cinayətkara cəza əvəzinə pul ödənişi etməsinin mümkünlüyü haqqında şah fərman da imzalamışdı. Bununla da qanunsuz əməllərin həyata keçirilməsi üçün insanlarda qorxu-hürkü yox ili. Onlar yaxşıca anlayırdılar ki, vəzifə sahiblərinə rüşvət verməklə öz canlarını qurtaracaqlar.
                                                                                                                                             Bu və ya digər amillər Səfəvilər dövlətini elə bir böhrana saldı ki, onun süqutu və ölkənin parçalanması qarşısıalınmaz bir prosesə çevrildi. Ölkənin ucqarlarında itaətsizlik və     mərkəzdənqaçma baş verdi. Ayrı-ayrı əyalətlərin rəhbərləri özlərini sərbəst hiss etdilər, müstəqil xanlıqlqar yaratmaq meylləri gücləndi.
Ölkə daxilindəki böhranlı vəziyyət xarici dövlətlərlə münasibətlərdə də acınacaqlı nəticələrin baş verməsinə səbəb oldu. Belə ki, Rusiya çarı Gürcüstanı və ermənilər yaçayan əraziləri Səfəvilər dövlətindən qoparıb Rusiyaya birləşdirmək niyyətinə düşdü. Digər qonşular da vəziyyətdən öz məqsədləri üçün istifadə etməyi qərarlaşdırdılar. Həm daxildə baş verən ixtişaşlar, həm də xaricdən edilən müdaxilələr nəticəsində baş verən müxtəlif çəkişmələr Səfəvilər xanədanınin tamamilə dağılmasına gətirib çıxardı. Yalnız Şah Sultan Hüseynin oğlanlarından biri baş verən qəzavü-qədərlərdən başını salamat saxlamışdı. O, Xorasana qaçaraq 1726-cı ildə Sari yaxınlığında Fətəli xan Qacarla birləşdi və onlar birlikdə Səfəvi dövlətinin bərpası uğrunda şahlığı zorla ələ keçirmiş Əşrəf şaha qarşı mübarizəyə başladılar. Məhz elə həmin vaxtlarda Təhmasib Mirzə ilə Nadirin əməkdaşlığı başladı və səfəvi qüvvələri ilə əfqanların qarşıdurması Nadirin sərkərdəliyi altında baş verdi.
Bu vaxtlar Nadir kifayət qədər şöhrətlənmişdi. Onun göstərdiyi şücaətlər dillərə düşmüşdü, əlinin altına güclü qoşun, yetərincə sərvət və hakimiyyət toplamışdı. Bu cəhətlər Şah Təhmasib Mirzənin diqqətindən yayınmadı və düşmənlərinin çoxluğu və həddən artıq güclü olması onu Nadirlə birləşməyə məcbur etdi. Bununla da Nadiri şahlığa doğru aparan yüksəlişin bünövrəsi qoyuldu.
Nadir Şah Təhmasibin təklifi ilə onunla birləşəndə ölkədə həddən artıq kəskin kriminal vəziyyət yaranmışdı. Yüksək sərkərdəlik bacarığı və fövqəladə istedadı, iti ağlı və uzaqgörənliyi, tükənməz gücü və enerjisi Nadirə imkan verdi ki, belə bir ağır şəraitdə bütün çətinliklərdən keçə bilsin.                                                              
       II Şah Təhmasibə xidmətdə olsa da, Nadirin müstəqil ordusu və etibarlı sərkərdələri, sədaqətli tərəfdaşları var idi. Bu isə Təhmasib və əyanlarını qorxuya salırdı. Nadir artıq Səfəvilər xanədanının daxili və xarici düşmənlərdən təmizlənməsində kifayət qədər iş görmüşdü. Osmanlılar və ruslar şimali və qərbi Azərbaycandan öz əvvəlki mövqelərinə çəkilməyə məcbur edilmiş, əfqanlar məğlub edilərək İsfahan və Xorasandan qovulmuşdular. Ona görə də Nadiri aradan götürmək üçün məqam gözlənilirdi. Nadir də bunu görür və vəziyyətdən çıxış üçün yollar düşünürdü. II Şah Təhmasibin ətrafındakı sərkərdələr və bəzi əyanlar da onun əyyaşlığından və qətiyyətsizliyindən narazı idilər. Bunu Nadir də yaxşı bilirdi. Odur ki, siyasət işlətməklə rəqiblərindən daha ağıllı və tədbirli olduğunu sübut etdi.
Nadir Tehranda olarkən ölkənin gələcəyi, Şah Təhmasiblə münasibətlərin hansı istiqamətdə davam etdirilməsi haqqında çox düşünməli oldu. Ya Nadir başladığı işdən əl çəkib ölkənin yad qüvvələr tərəfindən parçalanmasına imkan verməli idi, ya da daha qətiyyətli tədbirlərə əl atmalı idi. Şahın ona qarşı əks mövqe tutduğu bir şəraitdə Nadir Səfəvi sərhədlərinin bütünlüklə bərpasına nail ola bilməzdi. Şah Təhmasibin qarşısında geri çəkilməsi də onun məhvinə səbəb olardı. Belə bir şəraitdə Nadir düzgün çıxış yolunu tapmalı idi. Həmin vaxtlarda o istəsəydi, Təhmasibi aradan götürərdi. Amma Nadir yaxşı görürdü ki, xalq arasında Səfəvilər sülaləsi hakimiyyətinə meyl və rəğbət güclüdür. Buna görə də, o, Səfəvilərin qanuni varisi olan Təhmasiblə birləşdi və qanuni hakimiyyətin bərpası üçün döyüş meydanlarına atıldı. Ola bilsin ki, Şah Təhmasib kifayət qədər qətiyyətli keyfiyyətlərə malik olsaydı, Nadir heç sonradan da taxt-tac iddiasında olmazdı. Bu isə onun dövlətçiliyə nə qədər sədaqətli, Səfəvi xanədanına sadiq olduğunu göstərirdi. Təəssüf ki, Şah Təhmasibin qətiyyətsizliyi, səbatsızlığı və saray fitnələri Nadiri daha qətiyyətli addımlar atmağa məcbur etdi. Şah Təhmasib də Nadirin nə qədər güclü rəqib ola biləcəyindən əmin idi. Məhz ona görə də hər iki tərəfə barışıq belə şəraitdə çox vacib idi. Barışıq İsfahanda baş verdi. Səhəri gün Nadir şəhərin kənarındakı Çaharbağda Şah Təhmasib üçün şahanə bir məclis təşkil edir. Məclisin təşkil edilməsində Nadirin öz niyyəti var idi və əvvəldə düşündüyü plan üzrə hazırlıq görmüşdü. Nadir bu məclisdə Şah Təhmasibə və onun əyanlarına şərab və musiqi təşkil edir. Üç gün-üç gecə ərzində şah və onun əyanları özlərinə tam sərbəstlik verdilər və vəzifələrinə uyğun olmayan səviyyədə şərabxorluq və sərxoşluq etdilər. Onlar elə bir vəziyyətə çatdılar ki, hərəkətlərinə nəzarəti itirdilər. İran İraqının, Xorasanın qoşun başçıları, sərkərdələri, Nadirin qoşun sərkərdələri Şah Təhmasibin və əyanlarının sərxoş vəziyyətinin şahidi oldular. Hətta İsfahan əhalisinin nümayəndələri də məclisə dəvət olunmuşdular. Nadir göstərmək istəyirdi ki, istər hərbçilər, istərsə də İsfahan əhalisi Şah Təhmasibin özünü idarə edə bilməməsinin şahidi olsunlar. Nadir orada hamının qarşısında şahın zəif olmasından, ölkənin idarə edilməsi üçün taxtdan salınaraq yeni şahın təyin olunmasından söhbət açır. Yığışanların hamısı onunla razılaşır və Təhmasibi taxt-tacdan uzaqlaşdırırlar. Yerinə Nadirin  təklifi ilə onun 4 və ya 8 aylıq oğlu Abbas Mirzəni yeni şah, Nadiri isə nayibüssəltənə (yəni səltənət nayibi) elan edirlər. Abbas Mirzənin şah elan olunması əslində formal xarakter daşıyırdı. Real hakimiyyət isə ordu sərkərdələri tərəfindən müdafiə olunan Nadirin əlində idi. Bu, 1732-ci ilin sentyabrında baş verdi.
 
 
                    Nadir şahlıq ciqqəsini Muğanda başına qoydu
 
     Ölkə daxilində idarəçilik işlərinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər həyata keçəriləndən sonra Nadir, Şah Təhmasibin Osmanlı qüvvələri ilə imzaladığı müqaviləni ləğv etdi. O, sərkərdələrinə müraciətində bildirdi ki, Allahın fəziləti ilə yürüş edərək dövlətə müxalif olanları və onların halını pərişan edəcəkdir. O dedi: “Əgər sizin hansınız vətəninizə dönmək, istirahət etmək istəyirsinəzsə bunu bildirin. Bunun üçün sizə pul da veriləcək ki, arzularınıza çatasınız və eyni zamanda bizim uğurlarımız üçün dualar edəsiniz. Kimsə sıralarımıza qoşulmaq və bizimlə birgə xidmət etmək istəyirsə, onu var-dövlətlə,yüksək vəzifələrlə təmin edəcəyəm.”

 
                    Nadirin ordunun təşkilində apardığı islahatlar
 
         Qoşunların tələb olunan səviyyədə təchiz olunması üçün kifayət qədər böyük maliyyə vəsaitləri tələb olunurdu. Ona görə də aparılan döyüşlərdə ələ keçirilmiş qənimətlər ilk növbədə qoşunların ixtiyarına verildi. Bu hesaba çadır, qılınc, sipər və digər təchizat əşyaları alındı. Nadir qoşun başçılarına tapşırdı ki, döyüşlərdə kimin atı, yük heyvanı, silah və təchizatı, libası və sair əşyaları tələf olubsa artıqlaması ilə ödənilsin. 10 tümənlik atını itirmiş döyüşçüyə 20 tümənlik at və ya nəğd pul verildi. Bu sahədə Nadir con dərəcə səxavət göstərdi və ciddi nəzarət də etdi. Maliyyə pozuntuları aşkar olunanda cinayətkarlar ağır cəzalandırılırdı.
Bu sahədə Nadirin sərkərdəlik istedadının yeni-yeni cəhətləri də özünü göstərirdi. O iradəsinin dönməzliyini qoruyub saxlayaraq son döyüşdə (bu, Kərkükdə Osmanlılarla döyüşdə baş vermişdi) fədakarlıq göstərsə də, uğursuzluqla üzbəüz olmuş döyüşçülərini məzəmmət etmədi, onlara inamsözlıq göstərmədi, şücaətlərini və fədakarlıqlqrını şübhə altına almadı. Əksinə, uğursuzluğun ağır nəticələrini döyüşçüləri ilə paylaşdı, mübarizlik və əzmkarlıqlarını təşviq etdi, ağır döyüşçü həyatı üçün onlara öz minnətdarlığını çatdırdı. Bütün bu əməlləri Nadirə qoşun daxilində olan ehtiramı və inamı artırdı. Bunun nəticəsində vilayətlərdən çoxlu sayda könüllülər gəlib Nadir qoşunlarına qoşuldular.
Bunlarla bərabər, döyüşdən fərarilik edib qaçanlara qarşı da Nadirin sərt münasibəti var idi və onlara ən ağır cəzalar verilirdi.
Orduda qədərincə nizam-intizamın və döyüş ruhunun yaradılması Nadirin sonrakı cahanşümul qələbələrinin stimulu oldu.
İlk əvvəl Osmanlılarla olan haqq-hesabı çürütdü. 1933-cü ilin dekabrında Kərkükdə Topal Osmanın başçılığı ilə Osmanlı qoşunlarını darmadağın etdi. Ardınca Nadir üçün çox əhəmiyyətli və vacib olan Fars üsyanının yatırılması ona əl-qol açaraq daha geniş hərbi yürüşlər etməyə imkan yaratdı.

 
                                   Nadirin Qafqaz yürüşü
 
   Qərbdə və vaxtilə Səfəvi sərhədləri daxilində olan Qafqazda isə Nadir yalnız Osmanlı qüvvələri ilə deyil, həm də Rusiya qüvvələri ilə rastlaşmalı idi. Çünki Xəzərboyu ərazilər, o cümlədən, Dərbənd və Bakı kimi böyük şəhərlər hələ də Rusiyanın nəzarəti altında qalmaqda idi.
1734-cü il avqust ayının 10-da Nadir qoşunları Kür çayını keçdi. Bununla onun Qafqaz yürüşü başlandı. Onun birinci məqsədi Osmanlı ilə Rusiya nəzarəti altındakı  ərazilərin ortasında yerləşən Şamaxını və Qəbələni tutmaq idi. Bunu həyata keçirməklə Nadir Rusiyaya hiss etdirdi ki, onun üçün labüd təhlükə var və bu, çox yaxındadır. Nadirin növbəti qələbəsi Osmanlı nəzarətində olan Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Gəncənin azad edilməsi ilə oldu. 1735-ci ilin iyul, avqust, oktyabr aylarında bir-birinin ardınca Qars, İrəvan, Tiflis qalaları Osmanlı qüvvələrindən təmizləndi.
Nadir öz sərkərdəlik istedadı ilə Şərqin böyük imperiyasından olan Osmanlı dövlətinin qoşunlarını geri çəkilməyə məcbur etdi, iradəsi və əzmkarlığı ilə fatehlik tarixinin daha bir zirvəsini fəth etdi və Cənubi Qafqazın mütləq hakiminə çevrildi. O, xeyli müddətdən sonra Səfəvi dövlətinin sərhədlərini bərpa etdi, dövlətin Şah İsmayıl Səfəvi dövründə malik olduğu nüfuzu və qüdrətini özünə qaytardı və Nadiri bölgənin söz sahibi etdi.
 
 
                       Muğan qurultayı və Nadirin şah elan olunması
 
      Cənubi Qafqazı tamamilə nəzarət altına aldıqdan sonra Nadir bütün diqqəti hakimiyyət məsələləri üzərində cəmləşdirdi. O, nayibüssəltənə (səltənət nayibi) adlandırılsa da, əslində, real hakimiyyət onun əlində idi. Həqiqətdə dövlətə rəhbərlik etsə də, Nadir qanunindövlət rəhbəri deyildi və Dağıstan yürüşündən sonra o özünü qanuni dövlət rəhbəri elan etmək fikrinə düşdü. Bunun üçün ən münasib yer Muğan düzü seçildi. Muğan qurultayının keçirilməsi üşün Kür və Araz çayları qovşağında çox böyük təşkilatçılıq işləri aparıldı. Qurultaya şoxlu sayda adam dəvət olunduğu üçün təyin olunmuş məntəqədə 12 min çadır qurldu. Çadırlarda məscid, hamamlar, bazarlar və istirahət evləri nəzərdə tutulmuşdu.
Qurultay iştirakçılarına hədiyyə edilmək üçün 100 min dəst xələtin və 12 min ədəd zərlə, qiymətli daşlarla bəzədilmiş kəmərbəndlərin, saysız-hesabsız bahalı parçaların düşərgəyə gətirilməsi bu qurultayın nə qədər möhtəşəm və əhəmiyyətli bir toplantı olacağından xəbər verirdi.
1736-cı il fevralın 14-də Nadir və Muğan düzünə toplaşanlar Ramazan bayramını qeyd etdilər. Səhəri gün bütün iştirakçılar onlar üçün ayrılmış meydana toplaşdılar. Ərazi o qədər böyük idi ki, Nadirin müraciətini onlara 7 nəfər xüsusi ayrılmış şəxs çatdırırdı. Nadir müraciətində bildirirdi ki, o, Xorasana yollanıb Kelatda yaşamaq, qoşun başçılığından, hərbi yürüşlərdən əl çəkib ibadətlə məşğul olmaq fikrindədir. İndi şah Təhmasib Mirzədir. Təhmasib Mirzənin şahlığına tərəfdar olmayanlar Səfəvi xanədanından birini şahlığa gətirə bilərlər.
Nadirin müraciəti müzakirə edilmək üçün 4 gün vaxt verildi. İştirakçılar içərisində Nadirin şah olmasını istəyənlər və ona əks çıxanlar da var idi. Bu müddət ərzində Nadir gecələr çadırları gəzər və danışıqları dinləyərmiş. Onun şahlığını dəstəkləyənlər mükafatlandırılar, əks çıxanlar qətlə yetirilərdi. Beləliklə, tərəfdarlarının çoxluğuna nail olan Nadir Qurultay iştirakçılarının yekdil rəyini aldı. Ancaq onların qarşısında 3 şərt qoydu:
1-cisi, bundan sonra heç kəs Şah Təhmasibi və onun övladlarını varis hesab etməsin, beləsi çıxarsa, zindana salınsın.
2-cisi, sünni və şiə məzhəbləri insanlar arasında nifaq saldığına görə ləğv edilməli, əvəzində, ortaq mövqe tutan və İmam Cəfər Sadiq tərəfindən təsis edilmiş cəfəri məzhəbi qəbul edilməlidir.
3-cüsü, Nadirdən sonra ölkə taxt-tacına onun övladlarından biri və ya ən yaxın qohumlarından biri sahib olsun.
Bütün məsələlər həll edildikdən sonra Nadir vəsiqənamə tərtib etdirdi və 42 ən ad-sanlı qurultay nümayəndəsi öz möhürləri ilə bu vəsiqənaməni təsdiq etdi.
Nadirin şahlıq taxtına çıxması üçün ən münasib vaxt 1736-cı ilin 8 mart günü təyin olundu. Beləliklə, Nadir şahın fatehlik tarixinin başlanğıcı qoyuldu.

 
                           Nadir şahın Hindistan yürüşü
 
        Dünya hərb tarixində ən mükəmməl hərbi yürüşlərdən hesab olunan Hindistan yürüşü 1738-ci ilin mayında baş verdi. Nadir şahı bu yürüşdə çox ciddi təbii maneələr və bu manelərin imkanlarından istifadə etməyə hazır olan güclü düşmən gözləyirdi. 100 minlik qoşunu dar dağ keçidlərindən keçirmək və dağlıq ərazidə onlrarı azuqə ilə təmin etmək son dərəcə böyük canfəşanlıq və əzmkarlıq tələb edirdi. Nadir şahın böyüklüyü və istedadı da onda idi ki, reallıqdan uzaq olan hərbi məsələlərin həllinə uğyrla nail olurdu.
 
 
                          Fillərə qarşı həlledici döyüş
 
     Nadir şahın Hindistan səfərində sərkərdəlik qabiliyyətinin yeni səhifələri açıldı. Bu yolda o, onlarla çıxılmaz vəziyyətlərdən, çətin döyüşlərdən nəinki məharətlə çıxa bildi, hətta fitri istedadı, fiziki və mənəvi gücü, qələbəyə dərin inamı sayəsində hərb tarixində yadda qalan döyüşlər keçirərək tam qələbə qazana bildi. Belə maraqlı döyüşlərdən biri Dehli istiqamətində baş verən fillərə qarşı keçirilən döyşdür.
Hind padşahı Məhəmməd şah Nadir şahla həlledici döyüşdə fillərdən istifadə etməyi qərarlaşdırmışdı. Bu, Nadir şahı da çətin vəziyyətə sala bilərdi. Çünki elə fillərin görünüşü Nadir şah döyüşçülərinə sarsıdıcı mənəvi-psixoloji təsir göstərə bilərdi.
Mənbələrdə bu tarixi döyüş belə təsvir olunur: “Hind qoşunlarının sayı haqqında onu demək kifayətdir ki, saysız-hesabsız qoşun dəstələri ucsuz-bucaqsız geniş sahələrə səpələnmişdi. Qoşuna baxış keçirmək üçün Məhəmməd şah qoşunların ətrafını dövrə vurmaq istəsə də, bir gün ərzində buna nail ola blmədi. Belə olanda o dedi: “ Əgər qoşunumun hər bir döyüşçüsü bir ovuc torpağı Nadir şah qoşunlarının üzərinə atsa, həmin qoşun torpaq altında qalacaqdır.” Hind qoşunlarının əhatə etdiyi ərazi 50 hektarlıq bir ərazi idi. Qoşunlar 4 xətdə düzülmüşdü ki, birinci xətdə 2000 fil düzülmüşdü. Qalan xətlərdə külli miqdarda canlı qüvvə və döyüş sursatları yerləşdirilmişdi. Döyüş məhz fillərin irəli buraxılması ilə başlandı. Onların döyüşə atılması ilə Nadir şah da birinci xəttin arxasında yerləşən dəvələrin belinə bağlanmış təndirin içindəki odulara od vurmağı əmr etdi. Neftə batırılmış odunları dərhal od götürdü və belləri odlanan dəvələr  vahimə içində özlərini irəli atdılar. Onların çaşqın qaçışları fillərdə də bir vahimə və çaşqınlıq yaratdı. İrəliyə doğru hərəkət qeyri-mmümkün olanda fillər geri üz tutdular və onların yolu üzərində olan hind döyüşçülərini ayaq altına aldılar. Yaranan hərc-mərclik hind qüvvələrinə ağır tələfat verdi. Məhz bu hadisə də döyüşün taleyini həll etmiş oldu. Nadir şahın qoşunları gördükləri mənzərədən ruhlanaraq qələbəni əldə etmək üçün böyük əzmkarlıq göstərdilər və hind qoşunlarını darmadağın edərək Məhəmməd şahı sülh müqaviləsi bağlamağa məcbur etdilər.”

 
                          Nadir şahın Hindistan qənimətləri
 
            Müharibədə uduzduqdan və sülh müqaviləsi bağlandıqdan sonra da  Məhəmməd şahın düşərgəsi mühasirədə qaldı. Nadir şah Məhəmməd şahı düşərgəsinə dəvət etdi, onu çox böyük hörmətlə qarşıladı və onunla təmiz türk dilində söhbət etdi. Bu görüşdə Nadir şah özünəməxsus xarakterik cizgilərlə də yadda qaldı. Əvvəla, Məhəmməd şah onun əsiri idi, onunla hər cür rəftar edə bilərdi. Amma onu vəziyyəti düzgün qiymətləndirmədiyinə və buna görə də əbəs yerə qardaş qırğınına dais olduğu üçün bir qədər danladı. Bac-xərac alandan sonra hətta onu öz taxtına əyləşdirdi.
Sonra, müqavilə bağlamaq üçün qəbul etdiyi vəzir Nizamülmülkdən Məhəmməd şahın düşərgəsində meyvə və ərzağın çatışmadığını eşidən Nadir çah tez onlara meyvə və ərzaq göndərir.
Daha bir misal. Hind qoşunları düşərgəsi mühasirədə saxlanarkən Nadirin yanında xüsusi hörmət qazanmaq istəyən bir neçə yerli əyan ona bildirdilər ki, hind döyüşçülərinin çoxlu sayda atları vardır, onları toplayıb döyüşçülərinizə verə bilərsiniz. Nadir şah cavabında bildirdi ki, hind döyüçmüsünün çörəyi onun atından çıxır. Atını əldən vermiş döyüşçünün özü ilə bərabər, ailəsi də çətinliklə üzləşə bilər.
Mənbələrdə Nadir şahın Dehliyə daxil olması xüsusi vurğulanır. 1939-cu il MART AYININ 20-də  Nadir şah ağ attın belində şəhərə daxil oldu. Oğlu Nəsrulla Mirzə onun arxasınca, onun ardınca isə qoşun rəhbərləri böyük zövqlə bəzədilmiş atların üstündə hərəkət edirdilər. Novruz bayramı günü məscidlərdə Nadir şahın adına xütbələr oxundu. 3-4 gün çəkən təntənəli qəbuldan sonra iki şah arasında müqavilə bağlandı və Məhəmməd şah xəzinəsinin açarlarını Nadir şaha təqdim etdi. Nadir şah hind şahının xahişi əsasında xəzinənin bəzi qiymətli daşlarını qəbul etdi və Qurqan (türk soyu) sülaləsinə olan ehtiramı üzündən Hindistan tacı yenidən Məhəmməd şaha lütf edildi. Müqaviləyə əsasən müharibə xərci olaraq 150 kurur tümən müharibə xərci kimi Hindistan tərəfindən ödənildi. Pəşavər, Kabul, Qəzni, Əfqanıstan, hezarələr yaşayan əyalətlər və bir çox ərazilər Əfşarlar dövlətinin tərkibinə qatıldı. Nadir şah Məhəmməd şahın qızını da oğlu Nəsrulla Mirzəyə aldı.
Rəsmi tədbirlər başa çatdıqdan sonra Nadir şah Məhəmməd şahın xəzinəsi ilə tanış oldu və bildirdi ki, orada saxlanılan var dövlətin miqyaqsını və zənginliyini dil ilə təsvir etmək mümkün deyil. Onları necə aparmaq barədə bir neçə gün məşvərət keçirildi. Nadir şah göstəriş verdi ki, 30 min baş dəvə toplansın və bütün xəzinə bu dəvələrə yüklənsin. Hindistandan gətirilən qənimətlər belə sıralanır:
--4 min dəvə ləl-cəvahirat və qiymətli şah əşyaları.
--2 min dəvə qızıl-gümüş və qiymətli daşlara tutulmuş taxtlar və başqa əşyalar.
--2min dəvə qızıldan və qiymətli daşlardan düzəldilmiş süvari əşyaları.
--2min dəvə qızıldan və gümüşdən düzəldilmiş camlar, şamdanlar və başqa qablar.
--6 min dəvəyə isə əşrəfilər və kəsilmiş pullar.
--24 min qatıra ağ zər və gümüş əşyalar yükləndi.
Ümumiyyətlə, Hindistanda əldə edilən qənimət 13 min sandığa doldurularaq heyvanlara yükləndi.
Nadir şahın əldə etdiyi müharibə qənimıtləri içərisində bir neçə qiymətli əşya bardı ki, onlar indinin özündə də nadirliyi və qiyməti ilə heyrət doğurur:
--Təxti-tavus (Tavus təxti). Ayaqları və milləri qızıldandır, üzərində 10-12 karat almaz və yaqut işlənib. Taxtdan asılmış silahlar da tamamilə cəvahiratla bəzədilib. Taxtın dövrəsi boyu 108 ədəd yaqut düzülüb ki, hər biri 100 karatdan çox idi. Taxtın üzərində 30 və 60 karatlıq 160 ədəd zümrüd, elə o sayda da yaqutlar bərkidilmişdi. Söykənəcəyində qızıldan tovus şəkli çəkilmiş, quşun boynundan 50 karatlıq yaqut daş asılmışdı və sair.
--Təxti- Nadiri. Çox qiymətli yaqut və almazlarla bəzədilmiş bu təxt hazırda Türkiyədə Topqapı muzeyindədir.
-- Kuhi Nur (Nur dağı). Rəgi və böyüklüyü etbarı ilə misilsiz olan bu almaz indi də dün yanın ən böyük almazlarındandır. M.K.Mərvi yazır ki, Kuhi-Nurun qiymətini Allahdan başqa heç kimsə bilmir. Bu daş yüzlərlə hökmdarın xəzinələrini dolaşaraq, nəhayət, 1813-cü ildə yenidən Hindistana yetişdi. 1849-cu ildə ingilislər Hindistanı işğal edərək Kuhi-Nuru ələ keçirdilər və onu ingilis kraliçası Viktoriyaya göndərdilər.
-- Dəryayi-Nur. Yonulmamışdan əvvəl 780 karat, yonulandan sonra 182 karatdır. Zərgərlər bu almazın qiymətini belə deyiblər: dörd yaşında bir uşaq 2,5 misqallıq daşı var gücü ilə yuxarı hansı hündürlüyə qədər atsa, o hündürlüyə qədər olan qızıl topası bu qızılın qiymətidir. Bu almaz hazırda Tehranda, İran Milli Bankının muzeyində saxlanılır.
-- Orlof almazı. Yonulandan qabaq 300 karat, sonra 193 karat olub. Hazırda Rusiya muzeyindədir.
Nadir şahın Hindistan şahından və başqa əyanlardan əldə etdiyi qənimətlərin ümumi dəyəri 3 milyard 250 milyon rial qızıl pulla hesablanır.
Nadir şah bu zəngin və həddən artıq çox olan xəzinəni saxlamaq üçün Kelatda bina tikdirdi. 14-15 ton ağıriığında olan daşlardan tikilmiş bu binanı bir neçə iş icraçısı ilə 100 nəfər usta tikmişdi.Xəzinənin harada və necə gizlədilməsi yayılmasın deyə Nadir şah onları qətlə yetirdi. M.K.Mərvi yazır: “Nadir şahın xəzinəsini saxladığı bina Allahın yaratdığı bir bina idi. Onun tayı-bərabəri nə yerdə var idi, nə də dünyada.”
 
 
                             Nadir şahın dini görüşləri
 
          Nadir şahın xarakterinin maraqlı cəhətlərindən biri də onun dinə olan müsbət münasibəti idi. O bütün varlığı ilə Allahına, peyğəmbərinə tapınan bir şəxs olmaqla, təvəkkülə arxalanmırdı, xurafatla düşmən idi, bütün istəklərinə zəhmət və əzmkarlığı ilə nail olmağa çalışırdı. Vuran qolunun qüvvəsini yaradanın lütfü hesab edir, hər döyüşə atılmazdan əvvəl üzünü göylərə tutur və ən çətin anlarda Allahdan kömək diləyirdi.
Din və dövlət münasibətlərində Nadir şahın öz baxışları var idi. Səfəvilər hakimiyyətindən fərqli olaraq Əfşarlar dövləti dünyəvi dövlət idi, dini ideologiya üzərində qurulmamışdı, cəmiyyətin idarə edilməsində dini normalar heç bir rol oynamırdı. Dini vergilərdən mollaların necə istifadə etdiklərini öyrənəndə, onlar ona və dövlətə dua etməklə məşğul olduqlarını bildirirlər. Nadir şah deyir: “Sizin dualarınız xuda dərgahında heç də müstəcəb deyildir. Çünki siz varlandıqca məmləkət tənəzzül edib və sizin ixtiyar sahibinə çevrilməyiniz millətin və ölkənin fəlakətinə yol açmışdır. Məmləkət mənim döyüşçülərimin və bahadırlarımın qılıncının gücü ilə nicat tapdığından Allahın vuran əli də onlardır.” Beləliklə, dini vergilərin xəzinəyə keçirilməsini əmr edir.
Nadir şahın sünni və ya şiə məzhəb olması barədə dəqiq məlumat yoxdur. Amma məlum dur ki, o, hər iki məzhəbin mövcudluğuna pis münasibətdə idi. Hətta Osmanlılarla müqavilə bağlayarkən ortaq bir məzhəb – Cəfəri məzhəbinin qəbul edilməsi üçün çox cəhd etdi. Bunu onunla əsaslandırırdı ki, Allah birdirsə, Onun Peyğəmbəri Həzrəti Məhəmməddirsə, məzhəb nə üçün iki olmalıdır. Həm də Quranda bu barədə heç bir məlumat verlməyib. Nadir şah bu məsələdə günahkar kimi Şah İsmayıl Səfəvini görürdü.
Bütün bunlarla bərabər, Nadir şahın Peyğəmbər nəvələrinə olduqca dərin ehtiramı və məhəbbəti var idi. O, bütün döyüşlərdən qayıdarkən İmam Rza məqbərəsini mütləq ziyarət edərdi. Məqbərəni dəfələrlə yüksək səviyyədə təmir etdirmiş, cənub hissəsində yeni minarə tikdirmiş, bahalı hıdiyyələr bağışlamışdır.
Bağdada yürüşü zamanı Nəcəfdə olmuş, Həzrət Əlinin məqbərəsini ziyarət etmiş, onun təmiri üçün 50 min xalis əşrəfi ayırmışdı. Qübbəsini və eyvanını qızıla çəkdirmişdi.
Kərbəlada olarkən əvvəlcə imam Hüseynin məqbərəsini və digər şəhidlərin məzarlarını ziyarət etmişdir.Hindistanda düzəldilmiş 12 ədəd böyük və çox qiymətli qəndil (çilçıraq) imam Hüseyn məqbərəsinin günbəzinə bərkidildi. Günbəzin aşağısındakı aynanın kənarında qırmızı mina bərkidildi ki, alınan qırmızı rəng imam Hüseynin axıtdığı qırmızı qanı xatırlatsın.
Nadir şah müqəddəs kitabların məzmunu və mahiyyəti ilə də maraqlanırdı. Gəncliyində savadsız olsa da, sonradan təlim alaraq Quranı çox həvəslə oxuyardı. Hindistandan qayıdandan sonra Quranla bərabər İncilin və Talmutun da (Tovratın) tərcümə olunmasına sərəncam verdi.
Nadir şah sağlığında ikən axirət dünyası haqqında da düşünürdü. Ona görə də İmam Rza məqbərəsinin yanında özü üçün məqbərə tikdirdi və orada da topağa tapşırıldı.
 
 
                       Nadir sərkərdə, Nadir şah, Nadir fateh
 
       Beləliklə, mənbələrin və tarixi ədəbiyyatların araşdırılması bütün aydınlığı ilə sübut edir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simslarından biridir. O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkərdələrinin Asiyadakı uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyük fatehi kimi bir ad qazanmışdı.
Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmun gətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna çevrilmklə hərbi peşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi. Nadir şah üçün mümkünsüz olan bir hərbi tapşırıq yox idi. Hətta insan zəkasının təsəvvür edə bilməyəcəyi qərarları qəbul edərək onların icrasında çox böyük məharət, ustalıq və əzmkarlıq nümayiş etdirən Nadir şah müasirləri üçün əlçatmaz olan məqsədlərə çox asanlıqla çatırdı.Nadir şah bir imperiyanın şahı olsa da, dünya tarixində daha çox əzəmətli fateh və məğlubedilməz sərkərdə kimi tanınır.
Hər şeydən əvvəl Nadir şahda hələ uşaqlıq yaşlarından fitri hərbi istedad var idi. O, çox güclü fiziki keyfiyyətlərə malik idi. Boyu, qolunun gücü və yorulmazlığı onun döyüşçü kimi formalaşmasının ilkin şərtləri idi.Nadir şah aylarla düşərgə həyatı keçirə bilirdi. Qolunun gücü hesabına ən ağır vəziyyətlərdə özü döyüşə atılır, düşmənə dəhşətli anlar yaşatmaqla döyüşçülərini ruhlandırır, qələbə qazanırdı.
Nadirin bir şah kimi özünəməxsusluğu ilə də fərqlənir. Hər şeydən əvvəl onun öz ədalət meyarı var idi. Döyüşdə fərarilik edən, dövlət xəzinəsinə cüzi də olsa, ziyan vuran, dövlətə və dövlətçiliyə kəc baxan, vətənə xəyanət edən, satqınlıq edərək dövlət sirrini yayan hər bir kəs, öz oğlu olsa belə, qətlə yetirilirdi. Oğlu Rzaqulu Mirzədən azacıq şübhələnməklə (bəzi xəyanətkar əyanların təşəbbüsü ilə) onun gözlərini çıxartdırdı. Amma döyüşlərdə məğlub etdiyi şahları, xanları, qoşun böyüklərini aman diləyən kimi bağışlayardı. Lakin xəyanət hiss etsəydi, dərhal onu və camaatını amansızcasına cəzalandırırdı.  Məsələn, göstərdiyi etibara və qayğıya qarşı Tağı xan üzüdönüklük etdiyinə görə Nadir şah onu əsir edib gözləri qarşısında oğullarını qətlə yetirdi, arvadını satdırdı, qızını qoşunun ümumi istifadəsinə verdi, özünü axtaladı, bir ğözünü kor etdirdi. Döyüş zamanı öldürülən düşmən sərkərdələrinin cəsədlərinə xüsusi ehtiram göstərərdi.
Nadir şah hər bir əsgərinin qeydinə qalar, onların geyiminə, qidalanmasına, hərbi sursatla və nəqliyyatla təminatına, hətta məvaciblərinin vaxtlı-vaxtında verilməsinə şəxsən nəzarət edərdi. Sədaqət, əzmkarlıq və intizam nümayiş etdirən döyüşçü Nadir şah üçün ən əziz insan idi. Döyüşdə bəzən uduzanda da belə döyüşçülərini danlamazdı, onların daxili inamını artırmaq üçün son dərəcə yüksək qiymətləndirirdi.
Nadir şahın elmə, ədəbiyyata da xüsusi marağı var idi. Onun göstərişi ilə Mirzə Mehdi xan Astrabadi “Tarix-e cahanqoşa-ye Nader-i” və hind şairi Məhəmmədəli bəy Nadir şahı həyatı ilə bağlı “Şahnamə” dastanını yazdı.
Nadir şah yumor hissindən də uzaq deyildi. Hindistana yürüşü zamanı hind əyanlarından  Qəmərəddin xanın 850 arvadı olduğunu eşidir və bu, ona çox gülünc görünür. Dərhal əmr edir ki, ona 150 qadın da tapıb versinlər. Səbəbini soruşanda deyir: “Qoy Qəmərəddin xanın xanımlarının sayı 1000 nəfərə çatsın ki, onu minbaşı çağırmaq mümkün olsun.”
Nadir şahın qadın və hərəmxana məsələsinə münasibəti də onun mənəvi aləminin daha bir xarakterik cəhətidir. Qadınlara ənənəvi saray münasibətinin əksinə olaraq, hərəmxana əyləndirmələrindən uzaqlaşdı, ömrünün sonuna kimi nigahda olduğu qadınlarla yaşadı.
Bütün müsbət və mənfi keyfiyyətləri ilə bərabər Nadir şah dövrünün və mühitinin yetirməsi idi. O, ətrafında cərəyan edən hadisələrdən, baş verən çəkişmələrdən və fitnə-fəsadlardan lazımınca baş çıxara bilmədi. Bu da onun həyatının faciəli sonluqla başa çatmasına səbəb oldu.
Buna baxmayaraq, Nadir şah dünya hərb tarixinin əzəmətli fatehi olaraq qalmaqdadır. O, Səfəvi dövlətinin az qala yarıya qədər əldən getmiş ərazilərini geri qaytardı, Yaxın Şərqi öz imperiyasına qatmış Osmanlı dövlətinin hərb maşınının qarşısını saxladı, sürətlə güclənməkdə olan Rusiya dövlətini onunla hesablaşmağa məcbur etdi, Hindistanı, Əfqanıstanı və Türküstanı fəth etdi və özünün yeni imperiyasını yaratdı.
Nəhayət, bir nəticə olaraq , bir məqam vurğulanmalıdır. Özünün dediyi kimi, Nadir şah qılınc övladı idi. Qılınc onun həyatının mənası olduğu kimi, qurduğu dövlətin də əsası idi. Təsadüfi deyil ki, qılınc əlindən düşəndə Nadir şah dövlətini də itirdi, həyatını da.
 
Fevral-mart 2013-cü il


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac