Xəbər lenti

 Şrift:
               
                               RƏSSAMIN PORTRET CİZGİLƏRİ

          İstedadlı fırça ustası  Ehtiram haqqında  çoxdan yazmaq istədiyim  bu  yazını  Böyük Oktyabr Sosialist İnqilabının  100 illiyi günündə - 7 noyabrda tamamlayacağımı heç düşünmürdüm,  bilmirəm bu, təsadüfdür, ya yox?
     Amma  istər böyük olsun, istər kiçik, heç bir İNQİLABIN  söz ilə portretini çəkməyə çalışdığım rəssam dostumuz Ehtirama da, mənə də  dəxli yoxdur... Hərçənd ki,  mən zamanın gedişini, məkanın durumunu  “idarə” edən müqəddəs 7 rəqəmini çox sevirəm, Ehtiramınsa  çəkdiyi rəsmlərin ölkəmizin hüdudlarından uzaqlarda sərgilənməsi əyalət rəssamı üçün elə inqilab kimi bir şeydir!..
    Tanrının lütfü ilə  Ehtirama (Məmmədov Ehtiram  Arif oğluna –N.Ə. ) bəxş olunan  yaradıcı  RUH və İSTEDAD  həm də bir insan  ömrünün, bəxtinin naxşıdır. Əlahəzrət  Zamanın və Yaradanın yaratdıqlarının  şəklini ağ kətan parçaya köçürmək  istəyi Ehtiramın qəlbində  uşaq yaşlarında yuva salıb.   Öncəqala  kənd  məktəbinin ikinci sinifində oxuyarkən  onun rəsm çəkmək həvəsinə  Mətləb müəllim qol-qanad verib.
     Və bu həvəs  beşinci sinifdə Ehtiramı Masallı şəhər  pionerlər evində  fəaliyyət  göstərən rəssamlıq dərnəyinə  aparıb.  Dərnəkdə  təhsil aldığı müddətdə  çəkdiyi rəsmlər Ehtirama respublika uşaq sərgilərində  uğurlar qazandırıb. O vaxtlar  ilk əl işləri “Azərbaycan pioneri” qazetində, “Göyərcin” jurnalında dərc olunanda,  respublika televiziyasının  “İşıqfor" və  “Bacarıqlı əllər” verlislərində  göstəriləndə, məktəb yoldaşları,   valideynləri və muəllimləri  onu təbrik edərdilər...
       Əlbəttə, rəssamlıq dərnəyində ilk muəllimi Yusif Şəmiyev öz şagirdinin uğurlarına hamıdan çox sevinib, gələcəyinə böyük ümid bəsləyirdi. Ukraynada məktəblilərin Beynəlxalq sərgisində nümayiş olunan rəsmlərinə görə fəxri fərmanla  yanaşı, Ehtirama fırça dəsti, boyalar və rəngli mənzərə fotoları hədiyyə edildi. Bu uğuru onu hədsiz dərəcədə sevindirir və rəssamlıq sənətinin incəliklərini öyrənməyə ruhlandırırdı. Ehtiramın rəssamlıq dərnəyində son illər muəllimi Fərahim Zeynalov olub. (Fərahim Zeynalov hazırda Respublikanın əməkdar rəssamı, ADPU - nun “Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasının müdiriridir.- N.Ə.) Ehtiram  dediyinə görə Fərahim müəllmdən rəssamlıq sənəti ilə bağlı çox şey öyrənib.
   HAŞİYƏ:  Sənətşünasların fikrincə, əsas əlamətləri obrazlılq, emosionallıq olan rəssamlıq  ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
     ...1980-1984 -ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində professional rəssamlıq təhsili alan Ehtiramın rəsm əsərlərindən biri SSRI-nin 60-illik yubileyində (1982-ci ildə ) 2-ci mukafata layiq gorulüb. 1983-cü ildə Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günlərində keramika üzərində kompozisiya işi  xarici ölkədə ona ilk uğur gətirib. Deyir: “Mənə 1800 pybl pul mukafati da verdilər.O zaman həmişə valideynindən pul alan tələbə üçün bu böyük məbləğ idi. Fəxrlə evə 1500 rubl gətirdim...”
     Rayonda rəsm emalatxanasında işlədiyi dövrdə ən çox əmək qəhrəmanlarının  portretlərini çəkən Ehtiramın  qrafika işləri “Çağıriş”, “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərin  mədeniyyət səhifələrində  dərc olunurdu. Etiraf edir ki, bu zəhmətin qarşılığında heç ona cüzi qonarar da vermirdilər.  O isə  yorulmaq bilmədən böyük həvəslə işləyirdi. Masallıda rəssamliq emalatxanası ləğv olunandan sonra  Ehtiram bir müddət rayon təhsil işçiləri  evində rəssamlıq dərnəyinə rəhbərlik edir.   
    1979-cu ildən fəaliyyət göstərən Masallı  rayon  İncəsənət  Məktəbində 2006-ci ildə Rəssamlıq şöbəsi yaradıldı. Burada  əsasən rəsm, rənkgarlıq, kompozisiya dərsləri keçirilir. Şagirdlər daha çox natrümort, portret və mənzərə janırında kompozisiyalar yaradırlar.  Ehtiram  öz şagirdlərinə  rəssamlığın sirlərini, xüsusilə, insan fiqurunu daha da dərindən öyrətmək üçün  əlava olaraq plastik anatomiya, heykəltaraşlıq, təsviri incəsənət tarixindən  də dərslər  keçir.   Bu illər ərzində onun şagirdləri Bakıda, Oğuzda, Naxçıvanda, Şirvanda, Gəncədə,  Şəkidə, Lənkəranda keçirilən  sərgilərdə  uğurlar qazanıb, mükafatlara layiq görülüblər.
      Xaraktercə  rəssam Ehtiram və müəllim Ehtiram,  vətəndaş Ehtiramdan  heç fərqlənmir. Tanınmış  rəssam Rakif Ismayılovun  təbirincə desək,  “Ehtiram,  nəinki peşəkar rəssamdı, həm də çox gözəl insandır.Onun rəng koloririti də özü kimi mülayimdir”.  Bəli, Ehtiramın xarici görünüşündəki  təmkin, sərbəstlik hər şeydən əvvəl onun daxili harmoniyasından irəli gəlir.  
   
      Ehtiram  deyir ki, rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı və ən gözəl yoludur.
   Yəqin ki, Yardımlı şəhərində böyük həcmdə qızılı  alkoponla hazırlanmış “Əsgər anası” kompozisiyasını görənlərin çoxu  onun müəllifinin Ehtiram Məmmədov olduğunu bilmir. Monumental  geniş divar rəsmində  əsgər oğlu qucağında keçinmiş ana  təsvir olunub. Yeganə oğlunu itirmiş  ana  dərd içində səssiz-səmirsiz  oturub, baxışları ilə, bu dünyada  ədalətsiz müharibə törədənləri qınayır.  
    2011-ci ildə  respublika və beynəlxalq sərgilərində qazandığı uğurlarına görə  Azərbaycan  Rəssamlar İttifaqına uzv seçilməsi Ehtiramın yaradıcılığı üçün böyük impuls verdi və   onun  əsərlərinin coğrafiyası getdikcə genişləndi.  2013-cü ildə Türkiyənin  İzmir  şəhərində oğlu  Turalın da  əl islərinin nümayiş olunduğu   sərgiyə  gedə bilməsə də, bu il Almaniyanın Leverkuzen şəhərində  keçirilən  “Portret Ustalarının Yarışında  Ehtiramın əsərləri  bir dəfə  3-cü, iki dəfə  2-ci,  iki  dəfə 1-ci   mükafata  layiq görüldü.   O,  dəfələrlə Misir, Slovakiya,  Rusiya, Fransa  kimi ölkələrdə keçirilən  peşəkar rəssamların Beynəlxalq simpoziumuna dəvətlər alıb.
      Peşəkarlıq baxımından əsərdən-əsərə püxtələşən Ehtiram yaratdığı  saysız-hesabsız tablolalar  vasitəsilə rəssamlığın  təbiətlə cəmiyyət, cəmiyyətlə  mənəviyyat arasında körpü salan sənət olduğunu təsdiqləyir. Rəssam üçün, diqqətini cəlb edən  ən  xırda bir detal da  böyük estetik məna daşıyır.
      …Bəzən rəssamın hər bir  əsərini onun öz iç dünyasına açılan pəncərəyə  bənzədirlər.  Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin təbirincə desək, hər dəfə rəssam rənglərin  təsiredici gücünü artırmaq üçün ona iç dünyasınından gələn  işıq qatır, onu hamıya ruha qıda verə biləcək mənəvi qaynağa çevirir. 
      Ehtiram da iç dünyasından gələn  sevgi   fonunda öz  fırçası ilə  doğma yurdumuzun  insanı heyrətləndirən təbiət gözəlliklərini- füsünkar  İstisu mənzərəlrini,  Viləşçay lövhələrini,  Yanardağın yamyaşıl yamaclarını,  zümrüd meşələrini, Şır-şır bulaqlarını, kənd mənzərələrini gözlərimiz önündə canlandırır. Obrazlaşan  bu əsərlərində, sanki donmuş  zamanın   özü də hərəkətdədir. Bir an adam duyğular aləminə varır, düşüncələrə dalır.
   Bir fırça ustası kimi  Ehtiram Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, "incəsənətin səlahiyyətli səfiri" adlandırılan,  dövrümüzün məşhur azərbaycanlı rəssamı Tahir Salahovu  sevir. Deyir ki, “Bakı – neftçi əməyinin romantikasıdır” söyləyən  Tahir Salahov  Azərbaycan rəssamlıq sənətinə əvəzsiz töhfələr verib, onun  yaratdığı monumental  əsərlər  təkcə incəsənət nümayəndələrinin deyil, sadə insanların da diqqətini cəlb edir..
   Ehtiramən portretlər  qalereyasında xalq qəhrəmanı Koroğlunun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı  Həzi Aslanovun,  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  obrazları xüsusi yer tutur.  Vaxtilə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş  “Aşıq Atabala”  portretində  sənətkarla  sazın və  doğma təbiətin  obrazı bir vəhdətdə təqdim  olunur.
    Ehtiramın  elə  rəsmləri var ki, sanki dil açıb adamla danışir. Qarışıq  texnikadan istifadə etdiyi “Qəm dünyası” rəsmi  öz süjet xətti, emosional təsir gücü, fəlsəfi məzmunu ilə çox düşündürücü əsərdir.  Sanki  qəmi sifətində iç dünyasının   xəritəsi kimi  cızılan  kişi   ömrün acı xatirələrini ciyərlərinə sümürdüyü  siqaretin  tüstüsündə  boğmaq  istəyir, fəqət dərdini danışa bilməyən bu insanın qeyri-məchul  nöqtəyə dikilmiş  gözlərində  güzgülənən KƏDƏRİN ağırlığı  tam çılpaqlığı ilə görünür.
     Ehtiramın, tamaşaçıları dərin düşünməyə sövq edən mənalı mövzu seçimi çoxdur.   Fırça ustasının internetdə paylaşdığı   yağlı boya ilə dağ döşündə təsvir etiyi çox gözəl göl mənzərəsinə  heyran olan  Öztürk soyadlı  virtual tamaşaçı rəssamdan onun  əlini öpməyə belə izn istəyir: “Yeşil başlı ördek olsam, dalsam şu göle, avcı olup beni avlarmısın?.. Varsam senin kapına elin öpmeye hörmetlik verirmisin?”
     Bir çox qrafika , quaş,  akvarel  və sadə karandaşla işlədiyi rəsm əsərlərində  Ehtiram qara rəngin üstün çalarlarlarından  məharətlə istifadə edərək,  tamaşaçıda  bu rəngin  zülmət, hüzn, ölüm, ağrı-acı  rəmzi olmadığı barədə  çox AYDIN  təsəvvür və  yddaqalan  xoş təəssürat yaradır. 
    Onun “Şəhid anası”,  “Tənha ev”,    “Öncəqala yolu” , “Qəbələ payızı” “İstanbul sahilində”, “Masallı lövhələri” silsiləsindən olan tabloları da gerçəkçiliyə səmimi  yaradıcılıq münasibətindən və realist baxışlarından  qaynaqlanır.
   Ehtiram  yaradıcılığında  portret  janrına da üstünlük verir. Rəssam, Türkiyə dövlətinin qurucusu və ilk prezident İ  Mustafa Atatürkü, dünyaşöhrətli rəssam  Toğrul Nərimanbəyovu,  gürcü rəssamı  Zurab Seretelini, rus rəssamı İlya Qlazunovu, xalqımızn  ölməz sənətkarları Səməndər  Rzayevi,  Həsən Məmmədovu , görkəmli alim  Lütfi Zadəni,  müasirlərimizdən xalq artisti Alim Qasımovu,  yazici –dramaturq Firuz  Mustafanı,  şairlərdən Ayaz Arabaçını,  Damət Salmanoğlunu , Nuranə Nuru,   bəstəçi-müğənni, yazıçı Zəka Vilayətoğlunu və başqalarını  portretlər qalereyasında obrazlaşdırmağa ustalıqla nail olmuşdur.  
     Ehtiramın portretlər qalereyasından  söz düşmüşkən,  maraqlı bir əhvalat   xatırladım:
     Deyir, Pablo Pikasso Parisdə Gerturuda Stayn adlı   Amerika yazıçısının portretini işləyirmiş. O  dönəmdə gənc  rəssamın  maddi durumu  o qədər də ürəkaçan  deyilmiş. Əlinə pul düşən kimi portreti tamamlamadan  vətəni İspaniyaya gedir…  Bir müddətdən sonra Parisdəki emalatxanasına dönən Pikasso  həmin portreti tamamlayır. Lakin  amerikalı yazıçı rəssamın işindən narazı qalır. Pikasso  onun məyus olduğunu görüb deyir ki,  narahat olmayın, vaxt gələcək siz  bu portretə oxşayacaqsınız!
      Doğrudan da, sənətşünasların  yazdığına görə,  7-8 ildən sonra  Gertruda Stayn Pikassonun çəkdiyi portretinə  oxşayır. Və illər keçdikcə bu oxşarlıq daha da artır.
        Ehtiramın  fırçasından  yenicə çıxan  öz portretimi  görəndə,  ilk anda onu bəyənib-bəyənməməyim barədə qəti fikir deyə bilmirdim. Sonra   düşündüm ki, gec-tez mən də  Ehtiramın  həm zahirən,  həm də mənən bu portretdə obrazlaşdırdığı   yazıçıya  oxşayacam!..
     Sonda bir önəmli və həlli vacib  olan məsələni bildirim ki,  əsərlərinin uğur qazandığı  bir çox sərgilərə dəvət alsa da,  Azərbaycanı təmsil edən bir rəssam kimi  Ehtiramın həmin sərgilərdə  iştirakına  əlaqədar təşkilatlar tərəfindən dəstək verilməməsi  təəssüf hissi doğurur.
    Belə sərgilərdən bir də  hal-hazırda (1-12 noyabr  2017-ci ildə)  İstanbulda  Türkiyənin 20-dən çox tanınmış  rəssamının qatıldığı   "Nəfəs" adlı satış sərgisidir. Onu da  qeyd edim ki, Ehtiram Azərbaycandan bu sərgiyə dəvət alan yeganə rəssamdır. Əminəm ki,  özü iştirak etməsə də, 4 əsərinin  nümayiş etdirildiyi  satış sərgisi rəssam  Ehtiram Arif oğluna  daha bir uğur qazandıracaq!..
    Və sonda arzum, istəyim budur ki,   fırça ustasının  yaxın gələcəkdə Bakıda  fərdi sərgisi açılsın, eyni zamanda  seçilmiş sənət əsərlərindən ibarət kitab- albomu  nəfis  şəkildə işıq üzü görsün! 
   Ehtiramın sənətinə ehtiramla,

        Nurəddin ƏDİLOĞLU,
            yazıçı-publisist.
                                               7 noyabr 2017-ci il.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac