Xəbər lenti

 Şrift:

                          
                      Var ol, Ədalət, hər zaman var ol! 

     Aşıq Ədaləti son mənzilə yola saldılar. 70 ilə yaxın bir dövr ərzində sazı özünə bu qədər bağlayan , sazı başı üzərinə hər mənada ucalda - ucalda özü də ucalan ikinci bir sənətkar olmadı. Ədalət böyüklüyünü duymaq üçün saz böyüklüyünü duymaq kifayətdir. Çünki qara saz qara Ədalətin sinəsində özünün nə olduğunu dünyaya fəxrlə anlatdı.

    1982-ci ilin avqust ayının son günləri idi. Atamla bərabər Gədəbəy şəhərindən kəndə qayıdırdıq. Yeni dərs ili üçün məktəb ləvazimatı, geyim almağa gəlmişdik. Kəndə gedəsi avtobusu gözləmədik, çünki təsərrüfat işlərimiz çox idi, vaxt itirə bilməzdik. Qonşu Kiçik Qaramurad kəndinə gedən taksilərdən birinə əyləşdik.

Sürücü atamı tanıdığından dərhal maşının maqnitofonunu işə saldı, gözəl bir saz melodiyası salonu doldurdu, maşının açıq pəncərələrindən dağ havasına qarışaraq ətrafa yayıldı. Şirin-şirin səslənən “Yurd yeri” havası üstə ağır ləngərli bir səs oxuyurdu:

 

     Övlad ruhum, qələm dilim , saz köküm,

     Hər üçünə səcdə qılım, diz çöküm,

     Dərdim olsa həm dərmandır, həm həkim,

     Bir övladım, bir qələmim, bir sazım. 

 

Atam sürücüdən soruşdu ki, a bala, saz çalan Ədalətdir, şeir Zəlimxan Yaqubundur,  bəs oxuyan kimdir? Sürücü dedi ki, müəllim, kasseti dünən Qazaxdan almışam, oxuyan da Ədalətdir. Bizim evimizdə Ədalətin “Baş müxəmməs” və “Yanıq Kərəmi” havaları yazılmış qrammafon valı var idi. Demək olar ki , hər gün qulaq asırdım. Üstəlik səs gücləndiricisinə qoşüb , qonşuları da feyziyab edirdim. Bir də Azərbaycan televiziyası və radiosu ilə vaxtaşırı verilən saz havalarında da aşıq Ədalətin ifalarını dinləyirdim. Amma oxumağı... İlk dəfə idi, Ədalətin səsini eşidirdim. Amma elə o anda , 16 yaşım olmasına baxmayaraq, düşündüm ki, Ədalətin səsi elə belə də olmalıdır. O zaman Ədalətin yaşı 40-dan bir az artıq idi. Amma o səsin yaşı 100-dən, 1000-dən çox idi.  O səsə əsrlərdən gələn sədalarla yanaşı, bir az da sağlıqlarını görüb səslərini eşitdiyimiz Aşıq Əmrahın, Aşıq Mikayıl Azaflının, Aşıq Talıb Ələsgəroğlunun, Aşıq Şəmşirin səsləri qarışmışdı. Saz hər xalında, hər gülündə dil açırdı, bəmində fəryad edirdi, zilində üsyana qalxırdı. Saz bütün vücudu  ilə cansız taxtadan canlı varlığa dönmüşdü. O zaman gənc olsam da həmin ifaları dinləyəndən sonra Ədalət mənim gözümdə Qorqudlaşdı, Ələsgərləşdi, Qaracaoğlan oldu, Veysəl oldu, Cambul oldu, Məhtimqulu oldu. 

   Bir musiqi sevən insan kimi aşıq Ədalətin ifaçılığı haqda deyim ki, Ədalət dünyaya istedadlı musiqiçi kimi gəlmişdi. Mənə onun Moskvada konsertlərdə bədahətən professional şəkildə sazda hind melodiyaları, Kalinka ifa etdiyini danışmışdılar. Bu adam sazın Paqaninisi idi.  İstənilən melodiyanı saza köçürə bilən  insan kimi Ədalət həmin melodiyanin orijinallığını saxlamaqla bərabər, onu milli süzgəcdən kecirirdi. Qaldı ki saz havalarına, Şərqdə elə bir aşıq yoxdur ki, Ədalət bulağından su içməsin, Ədalətin vurduğu güllərdən, xallardan istifadə etməsin. “Yanıq Kərəmi”də, “Naxçıvanı”da, “Baş müxəmməs”də, “Divani”də, istər yeni muğam mənşəli girişlər, istər zildə təkrarlar, istərsə də havanın əsas akkordları tamamilə fərqli səslənirdi. Ədalətə qədər saz havaları  şeir tapıb bu hava üstə oxumaq üçün idisə, Ədalətdən sonra saz havaları özləri oxudular, dil açdılar. “Yanıq Kərəmi” “Yandı, yandı, yandı Kərəm “ deyə fəryad etdi, “Dilqəmi” Yəhya bəyin dərdini  bir az da ağayana, sınmayaraq gileyləndi, “Ruhani” (Urfani) ocaq ətrafına topladığı sufiləri Nəsimi ilə bərabər ağır-ağır dingildətdi. Ən maraqlısı bu oldu ki, Ədalətin ifası 70 ildə sabit oldu, zamanın fövqündə oldu, ustadın ilk qalxdığı zirvəyə özündən başqa heç kim qalxa bilmədi.  Bu zirvə sazın Everesti idi. İkinci zirvə olmayacaq, əminliklə deyirəm, texnika cəhətdən, ifaçılıq ustalığı cəhətdən kimsə də yaxınlaşa biləcək, amma o, Ədalət ürəkli olmayacaq.

    Nələr etsələr də Aşıq Ədalət üçün, yenə az idi. Onun adına müsabiqələr keçirilməli idi, mükafatlar verilməli idi, Ədalət yaradıcılığı haqda musiqişünaslar dissertasiyalar yazmalı idilər. Ədalət bugünkü Azərbaycan musiqi aləmindən çox-çox yüksəkdə idi. Onun yeri Q.Qarayev, F.Əmirov, Niyazi cərgəsində idi. Məni ən çox yandıran Ədaləti bugünkü şou-biznesə endirənlər oldu. Amma bu onun dəyərinə xələl gətirmədi, küləklər  qayadan heç nə qoparmadı. 

 Mən əminəm ki, Dədə Ədalətin yaradıcılığı elmi işlərdə öyrəniləcək, kafedralarda dinlənilib araşdırılacaq. Avropada Paqanini skripkası uğrunda müsabiqə olduğu kimi, Azərbaycanda, Qazaxda da Ədalərin sazı uğrunda müsabiqələr olacaq. Münsif isə Dədə Ədalətin musiqi ruhu olacaq!   Amma ... Ədalət olmayacaq. Var ol Ədalət, hər zaman var ol!

                      
 Ülvi Hüseyn,
RF, Krasnodar şəhəri, 27.09.2017. 


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac