Xəbər lenti

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 6, 7, 8 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Qızıl toy” (O. Kazımi, R. Heydər), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) tamaşalarından gedir. Qeyd edək ki, 7 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Yubiley tədbiri çərçivəsində Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunacaq. Musiqili Teatr bu həftə də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 8 noyabr saat 12.00-da O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Əzizağa Əzizov, Emma Məlikova, Novruz Qartal, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə,  Svetlana Bulax, aktyorlar Elməddin Dadaşov, Yuliya Heydərova, Şaban Cəfərov, Ülviyyə Əliyeva, Möylə Mirzəliyev, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Elxan İsmayılov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq istəyən hər kəsi bu baxımlı, maraqlı tamaşaları izləməyə dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

 

 Şrift:
Azərbaycan Dövlət Musiqili Teatrında O. Kazımi və R. Heydərin “Qızıl toy” iki hissəli musiqili komediyası yeni quruluşda 20-ci dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 20-ci nümayişi 6 noyabr tarixində saat 19.00-da baş tutacaq. “Qızıl toy” əsəri ilk dəfə Dövlət Musiqili Teatrında (o vaxtki Musiqili Komediya Teatrında) 1980-ci ildə Rafiq Atakişiyevin quruluşunda tamaşaçılara təqdim olunub. İkinci dəfə bu maraqlı əsər 1996-cı ildə rejissor Yusif Əkbərov tərəfindən səhnələşdirilib. Hazırki – üçüncü quruluşun premyerası isə 27 sentyabr 2014-cü il tarixində keçirilib. Tamaşanın əvvəlki quruluşlarında Nəsibə xanım Zeynalova, Siyavuş Aslan kimi böyük sənətkarlar rol alıblar. Bu maraqlı səhnə əsərində valideynə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır.
Qeyd edək ki, hər zamankı kimi indi də tamaşaçıların böyük maraqla izlədiyi “Qızıl toy” komediyasının quruluşçu-rejissoru Yusif Əkbərov, qurulişçi-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, drijoru Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimov, rejissor assistentləri Tamilla Aslanova və Anar Sadıqovdur. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Yuliya Heydərova, Elməddin Dadaşov, Gülnarə Əzizova və Elnur Zeynalov ifa edirlər. 


 Şrift:


      Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 yaşı tamam olur. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən 7 noyabr tarixində saat 19.00-da Dövlət Musiqili Teatrında A. Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. Yubilyar A. Bəşirqızı günümüzün reallıqlarını əks etdirən, gülməli olduğu qədər də kədər doğuran “Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır.

“60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş sənətkar üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır. Bu tədbir öncəsi çox həyəcanlıyam. Hesab edirəm ki, yubiley tədbirimdə xalqıma hesabat verəcəyəm. Mənim iştirakımla “Toya bir gün qalmış” tamaşası nümayiş olunacaq. Mənə elə gəlir ki, həmin gün ilk dəfə səhnəyə çıxacağam. Bütün sənət dostlarımı, sadiq, əziz tamaşaçılarımı 7 noyabr tarixində Musiqili Teatra dəvət edirəm”, - deyə Afaq Bəşirqızı bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edirlər. Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, Xalq artisti Ənvər Sadıqov ifa edir. O, eyni zamanda tamaşanın musiqi rəhbəridir.

Yubiley gecəsində iştirak etmək istəyənlər biletləri şəhərin bütün kassalarından əldə edə bilərlər.

 

 

 Şrift:
     Azərbaycan Dövlət Musiqili Teatrında Yaradıcılıq Studiyası bu mövsümdə yenidən fəaliyyətə başlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərov olan studiyanın ilk məşğələsi keçirilib. Məşğələdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iştirak ediblər. Öncə Ə. Əsgərov Yaradıcılıq Studiyası, onun məramı, gələcək fəaliyyəti, hədəfləri və planları haqqında məlumat verib. O bildirib ki, studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş bir sıra teatrların gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər də təmsil olunurlar. N. İsmayılzadə və Ə. Lalayev yeni təşkil olunan Yaradıcılıq Studiyasının gənc üzvlərinə xeyir-dua verərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara hər zaman dəstək olacaqlarını bildiriblər. “Biz bu yaxınlarda teatrımızda “Gənclər nə istəyir?” mövzusundakı toplantı keçirdik. Teatrımızın gənc əməkdaşları bir sıra təklif və təşəbbüslərlə çıxış etdilər. Biz də onların arzu və təkliflərini nəzərədən keçirdik və məhz gənclərin daha effektli yaradıcı fəaliyyətlə məşğul olmasını təmin etmək üçün Yaradıcılıq Studiyasının təşkil olunmasına qərar verdik. İnanırıq ki, bu addımımız milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsində, gənclərdə musiqili teatra marağın daha da güclənməsində, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsində mühüm rol oynayacaq. Əsas amacımız xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı ilə seçilən istedadlı gənclərə dəstək olmaqdır”, - deyə Əliqismət Lalayev çıxışı zamanı bildirib. Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasına istedadlı gənclərin qəbulu davam edir.
 
 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 30, 31 oktyabr və 1 noyabr tarixlərində saat 12.00, 14.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Mən dəyərəm min cavana” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə,  aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm balaca, həm də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 30 oktyabr saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri rus dilində, 31 oktyabr saat 12.00, 14.00 və 1 noyabr 12.00-da O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər”  tamaşası isə uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonunu səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

 

 Şrift:

Ordu mayoru ailəsində doğulub (1951) rəssamlığa, fotoqrafiyaya, ədəbiyyata meyl göstərən, "Mədəni inqilab"ın siyasi çaxnaşmaları dövründə orta məktəbi bitirdikdən sonra ekran sənəti üzrə ali təhsil almaq istəsə də, əmisinin Çan Kayşinin hərbi ştabında çalışdığına görə kəndə kommunada işləməyə göndərilməklə, tekstil fabrikasında çalışmaqla 18 yaşından həvəskar kinokamera almaq naminə donorluqla pul yığan, 1978-ci ildə açılan Pekin Kino Akademiyasının "Operatorluq" fakültəsinə daxil olmasına icazə verilən Çjan İmou dünya kinosunun parlaq simalarından sayılır.

Ardını oxu...

 Şrift:


     Azərbaycan Respublikasının Əməkdar artisi, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanova bu gün Şəhər qəbirstanlığında dəfn olunub. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, dəfndən öncə mərhumənin evində cənazə namazı qılınıb. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərək Gülnar Salmanovanın sənəti, yaratdığı bənzərsiz obrazlar, Azərbaycan mədəniyyətindəki xidmətləri haqqında danışıb. Dəfn mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, Dövlət Musiqili Teatrının rəhbərliyi və bütün kollektivi, Gülnar Salmanovanın yaxınları və sənətini sevən sadiq tamaşaçıları iştirak edib. Habelə dəfn mərasimində Azərbaycan Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı və başqa sənət ocaqlarının rəhbər şəxsləri və aktrisanın sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Gülnar Salmanova 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun “Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1981-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Aparıcı səhnə ustası olub. Güclü və soprano səsə malik idi. Əsasən “Subretka” ampluasında çıxış edirdi. Aktrisanın "50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beş manatlıq gəlin”də Naznaz, “Özümüz bilərik”də Ceyran, “Subaylarınızdan görəsiniz”də Çarliston, “Bankir adaxlı”da Maral, “Məhəbbət oyunu”nda Ceyran, “Aldın payını, çağır dayını” tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Gülnar Salmanova 2001-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısı idi.

 Şrift:

  Fransız incəsənət həvəskarları qarşısında öz yaradıcılığını dəfələrlə nümayiş etdirən gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin növbəti fərdi sərgisi oktyabrın 23-də Luvr Muzeyinin Karusel qalereyasında təşkil olunub. Qalereyanın direktoru xanım Miryam Anone-Kastane fərdi sərgisinin açılışı münasibətilə Məryəm Ələkbərlini təbrik edib, onun əsərlərinin yenə də tamaşaçılarda böyük maraq yaradacağına əminliyini bildirib. O, Məryəmin öz hisslərini, gördüyü və duyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirdiyini vurğulayıb, gənc rəssama yaradıcılığında uğurlar arzulayıb.
 Sərgi zamanı qeyd olunub ki, Məryəm Ələkbərlinin yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir. O, öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir. Fransada təhsil alan Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib.

   Xatırladırıq ki, istedadlı gənc rəssam Məryəmin əsərləri doğma vətəni Azərbaycanda və onun hüdudlarından kənarda – Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə, Litvada və dəfələrlə Fransada nümayiş etdirilib və müəllifə böyük uğur qazandırıb.
 Şrift:


   Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində gənc musiqiçi istedadları öz ətrafında birləşdirən “T.Prime” musiqiçilər birliyinin konserti və ilk diskinin təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Leyla Qasımova görkəmli pianoçu və musiqi pedaqoqu, professor Stanislav Tixonovun öz yetirmələri ilə Azərbaycan Mədəniyyət Mərkəzində konsert verməsindən məmnun olduğunu bildirib. S. Tixonovun şagirdləri arasında istedadlı azərbaycanlı pianoçu Müşfiq Quliyevin də olduğunu qeyd edən L.Qasımova rəhbərlik etdiyi mərkəzin əsas hədəflərindən birinin gənclərin iştirak etdiyi layihələrə dəstək göstərməkdən ibarət olduğunu deyib.

Qeyd edilib ki, konsertdə həmçinin Azərbaycanın Avstriyadakı keçmiş səfiri Fuad İsmayılovun xatirəsinə həsr olunmuş videoklip nümayiş olunacaq. Azərbaycan ilə Avstriya arasında dostluq əlaqələrinin inkişafına çalışan peşəkar diplomat Fuad İsmayılovun çoxsaylı ideyalarından biri də Vyanada Azərbaycan mədəniyyətini layiqlə təbliğ edəcək mərkəzin yaradılması idi. Bu gün həmin Azərbaycan Mədəniyyət Mərkəzi təkcə Azərbaycan mədəniyyətini tanıtmaqla kifayətlənmir, müxtəlif ölkələrdən olan yaradıcı insanların görüşdüyü, dialoq qurduğu və birgə layihələri həyata keçirdiyi multikultural bir məkana çevrilib.

Stanislav Tixonov bu konsert üçün yaradılan şəraitə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib və rəhbərlik etdiyi “T.Prime” təşkilatı haqqında məlumat verib. O, qeyd edib ki, gənc musiqiçiləri üzə çıxarmaq və onları dəstəkləmək üçün yaradılmış təşkilat qeyri-kommersiya xarakteri daşıyır.Hazırda 11 gənc pianoçunu öz ətrafında birləşdirən “T.Prime” artıq onların ifasında yazılmış “XX əsrin piano musiqisi” adlı ilk diskini təqdim edir.

Konsertdən əvvəl Azərbaycanın Avstriyadakı keçmiş səfiri Fuad İsmayılovun xatirəsinə çəkilmiş videoklip təqdim olunub. Gənc rejissor İsmayıl Zeynalovun çəkdiyi klipdə pianoçu Müşfiq Quliyev bəstəkar Qara Qarayevin “İnsan məskən salır” bədii filmi üçün bəstələdiyi əsəri ifa edib.

Sonra konsertdə Azərbaycan, İran, ABŞ, Almaniya, İsveç, Belarus və digər ölkələrdən S. Tixonovun tələbələri konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Qara Qarayev, Adil Bəbirov, Mauris Ravel, Corc Kramb, Oyqen Suxon, Sergey Prokofyev, Aleksandr Skryabin, Rodion Şedrin və digər bəstəkarların fortepiano üçün əsərləri səsləndirilib.

http://azertag.az/

 Şrift:


   Oktyabrın 29-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində F.M.Dostoyevskinin “Karamazov qardaşları” əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası olacaq.

Teatrdan AZƏRTAC-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi İranə Tağızadədir.

Tamaşada baş rolları Əməkdar artistlər Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, aktyorlar Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, İlqar Həsənov ifa edəcəklər.

Tamaşanın baletmeysteri Əməkdar Artisti Aleksandr Nikuşina, quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.

Qeyd edək ki, insanı xeyirxahlığa, dürüstlüyə, namuslu olmağa və həyatsevərliyə səsləyən “Karamazov qardaşları” görkəmli yazıçının ən böyük və ən məşhur əsərindəndir.

Əsərdə ədib avam, geridə qalmış Karamazovlar ailəsinin simasında insan qəlbindəki xeyir və şərin əbədi mübarizəsini, Allah və yaxud iblis arasındaki seçimi əks etdirib.


Sayğac