Xəbər lenti

 Şrift:


     Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-cı il – Yeni İl Bayramı şənliklərinə çiddi şəkildə hazırlaşır. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bayram şənlikləri ilə bağlı hazırlıq prosesi artıq yekunlaşmaq üzrədir. Dövlət Musiqili Teatrında “Yeni İl” şənlikllərinin 24 dekabr 2015-ci il tarixində başlanması və 10 yanvar 2016-cı il tarixinə qədər davam etməsi planlaşdırılır. Teatrın direktor müavini Hüseyn Hüseynov deyib ki, Musiqili Teatr bu il tam fərqli, bir çox yeniliklərlə zəngin olan əsl bayram şousu hazırlayıb. “Öncə hər kəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-cı il – Yeni İl Bayramı münasibətilə təbrik etmək istəyirəm. Teatrımız bu möhtəşəm bayramlara və bayram tədbirlərinə ciddi şəkildə hazırlaşıb. Bildiyiniz kimi Yeni İl Bayramının xüsusi özəllikləri var. Onlardan biri də yolkaların, evlərin, binaların bəzədilməsidir. Bir neçə həftədən sonra 2016-cı ilin gəlişini qeyd edəcəyik. Biz artıq hazırlıq işlərini yekunlaşdırmışıq. Binamızın fasadı Yeni İl Bayramı münasibətilə tam bəzənib. Yeri gəlmişkən, teatrımızın təşkil etdiyi “Yeni İl” şənlikllərində balaca tamaşaçılarımızı bir sıra maraqlı məqamlar, sürprizlər, müxtəlif nağıl qəhrəmanları ilə əyləncələr gözləyir. Şaxtababa və Qarqız onlar üçün gözəl hədiyyələr hazırlayıb. Hamını Azərbaycan Dövlət Musiqili Teatrında Yeni İli birlikdə qarşılamağa dəvət edirəm”, - deyə Hüseyn Hüseynov bildirib.

Qeyd edək ki, bayram şousu ilə yanaşı, Dövlət Musiqili Teatrında nağıl-tamaşa da hazırlanır. Məşqləri gərgin şəkildə davam edən nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Mehman Fərəcova məxsusdur.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.

 Şrift:


    Azərbaycan Dövlət Musiqili Teatrında məşqləri davam edən Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” komediyasında baş rolu tələbə-aktyor canlandıracaq. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Baladadaş obrazının ifaçısı Əmrah Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsinin 4-cü kurs tələbəsidir. Universitetdə və Tədris Teatrındakı tamaşalarda istedadı və fəallığı ilə fərqlənən Ə. Dadaşovu bu rola teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev dəvət edib. “Əmrah Dadaşovu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənim rejissor kursumun hazırladığı “Leyli və Məcnun” tamaşasında gördüm. Əmrah orda Məcnun obrazında oynayırdı. İlk baxışdan öz oyunu, istedadı ilə diqqətimi çəkdi və nəticədə Musiqili Teatra dəvət etdim. Təsadüf elə gətirdi ki, “Baladadaşın toy hamamı” tamaşasına hazırlaşan Xalq artisti Cənnət xanım Səlimova da onu bəyəndi və Baladadaş obrazını ona həvalə etdi. Ümid edirəm ki, o bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcək”, - deyə Əliqismət Lalayev bildirib.

Əmrah Dadaşov ilk dəfə böyük səhnədə baş obrazı canlandırmaq fürsətini özü üçün böyük bir şans kimi dəyərləndirib. “Xalq yazıçısı Elçin kimi böyük bir dramaturqun əsərində baş rolda, Xalq artisti Cənnət xanım Səlimova kimi bənzərsiz bir rejissorla işləmək sözün həqiqi mənasında əsl xoşbəxtlik və özümü təsdiq etmək üçün az-az ələ düşən bir şansdır. Bu mənim böyük səhnədə debütum olacaq. Mənə bu şəraiti yaratmış hər kəsə təşəkkürümü bildirirəm. Və söz verirəm ki, bütün istedadımla çalışıb teatr rəhbərliyinin etimadını doğruldacağam”, -  deyə Əmrah Dadaşov söyləyib.


 Şrift:
04.12. 2015. R. Hacıyev                      “Qafqazlı qardaşqızı”                        19:00
                                                                    (rus dilində) 
05.12. 2015. E. Sabitoğlu, Y. Şvarts     “Qırmızı papaq”                              12:00
 
05.12. 2015. Ə. Səmədli                       “Toya bir gün qalmış”                      19:00
 
06.12. 2015. R. Şəfəq, V. Zimin           “Yağış göbələyinin macərası”          12:00
                                                                                 (rus dilində)
06.12. 2015. F. Sücəddinov, T. Vəliyeva  “Mən dəyərəm min cavana”        19:00
 
10.12. 2015. Ə. Haqverdiyev                    “Kimdir müqəssir?”                     17:00
 
11.12. 2015. O. Kazımi, R. Heydər          “Qızıl toy”                                    19:00
 
13.12. 2015.   H.K. Andersen                 “Düyməcik”                                   12:00
                                                                                    (rus dilində)
13.12. 2015. Ü. Hacıbəyli                  “O olmasın, bu olsun”                        16:00
 
18.12. 2015. J.B. Molyer                           “Skapenin kələkləri”                    19:00
                                                                            (rus dilində)
19.12. 2015. R. Mirişli, M. Haqverdiyev  “Qısqanc ürəklər”                         19:00
 
20.12.2015.R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov  “Talelər qovuşanda”        19:00
 
24 dekabr 2015-ci il tarixindən 6 yanvar 2016-cı il tarixinədək  Yeni İl şənlikləri. Seanslar hər gün saat 10:30, 12:30, 14:30 və 16:30-da keçiriləcəkdir.



 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyası açılışa hazırlaşır. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, studiyanın açılış mərasiminin 2015-ci ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi məqsədilə yaradılan Yaradıcılıq Studiyasının açılış mərasimində gənc rejissor Tamilla Aslanovanın hazırladığı konsert-tamaşa təqdim olunacaq. “Yaradıcılıq Studiyasında hazırladığım konsert-tamaşa “Uğur” adlanır. Burada iki gəncin həyat youndan – sevgisindən, bu sevgi uğrundakı fədakarlığından, evlənməsindən, xoşbəxt bir ailəyə sahib olmasından bəhs edilir. Daha çox avtobioqrafik janrda muzkl formasında hazırladığımız bu səhnə nümunəsi bir çox yeniliklərlə zəngindir. Bu mənim bir rejissor kimi ilk sərbəst işimdir. Çalışıram ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə - gənclərə göstərdiyi etimadı doğruldum. İnanıram ki, hazırladığımız səhnələşdirdiyimiz konsert-tamaşa maraqla qarşılanacaq”, - deyə gənc rejissor Tamilla Aslanova bildirib.

Qeyd edək ki, Yaradıcılıq Studiyasının rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar. 

 Şrift:

Azərbaycan Dövlət MusiqiliTeatrında 23 noyabr tarixində Əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçiriləcək. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tanınmış musiqiçinin 60 illik yubileyinə həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Dövlət MusiqiliTeatrının təşkilatçılığı ilə baş tutacaq. Yubiley tədbirinin quruluşçu-rejissoru Azərbaycan Dövlət MusiqiliTeatrının gənc rejissoru Anar Sadıqovdur. “Həsənağa müəllimin yubileyi ilə bağlı çox maraqlı bir xatirə tədbiri keçirməyi planlaşdırırıq. Bu münasibətlə Musiqili Teatrın foyesində Həsənağa Qurbanovun çəkdiyi rəsmlərdən və onun həyatının müxtəlif dövrlərini özündə əks elətdirən fotolarından ibarət sərgi təşkil olunacaq. Eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunan “Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının “Mən sənətkar qızıyam” kitablarının təqdimatı olacaq. Tədbir zamanı Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarxın nümayişi də nəzərdə tutulur. Xalq artistləri Zaur Rzayevin, Aygün Bayramovanın, Samir Cəfərovun, Əməkdar artistlər Ruhəngiz Musəvinin, İlqar Muradovun, Nuriyyə Hüseynovanın, “Dan ulduzu” instrumental ansamblının üzvləri Vüsalə Əsgərovanın, Rövşən Əzizin, Şəhla Həmidovanın və başqalarının ifaları yubiley mərasiminə xüsusi rəng qatacaq. Tədbirdə bir sıra mötəbər qonaqların, rəsmi şəxslərin iştirakı gözlənilir”, - deyə quruluşçu-rejissor A. Sadıqov bildirib.

Qeyd edək ki, 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət MusiqiliTeatrında aparıcı drijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. 2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub. H. Qurbanov 2007-ci il 6 noyabr tarixində vəfat edib.  

 Şrift:
        Azərbaycan Dövlət Musiqili Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” adlı iki hissəli komediyası 25-ci dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşa iki ildən çoxdur Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 6 may 2013-cü ildə keçirilib. “Kimdir müqəssir?”in 25-ci nümayişi isə 20 noyabr tarixində saat 19.00-da baş tutacaq. Azərbaycanın böyük klassiklərindən biri olan Əbdürrəhim bəy Haqverdiyev bu unikal əsərində insanın yarandığı andan bəri keçdiyi keşməkeşli təkamül yolunu incə bir yumorla qələmə alıb...
“Kimdir müqəssir?” tamaşası 2014-cü ildə 10-19 sentyabr tarixlərində keçirilən I Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib və Fəxri diplomla təltif olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova, Qalina Semyonova, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərindəki musiqilər Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” Ritm Qrupunun ifasında səsləndirilir. Tamaşada rolları Əməkdar artistlər Çingiz Əhmədov, Fəridə Məlikova, aktyorlar Hüseyn Əlili,  Elməddin Dadaşov və Gültac Əlili ifa edirlər.
 
 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında  bu həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bunlar 20, 21, 22 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Ər və arvad” (Ü. Hacıbəyli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Düyməcik” (H.K. Andersen) və “O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 21 noyabr saat 12.00-da O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri Azərbaycan dilində, 22 noyabr saat 12.00-da isə H.K. Andersenin “Düyməcik” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Svetlana Bulax, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Boris Qrafkin, Əzizağa Əzizov, Novruz Qartal, Əkbər Əlizadə,  aktyorlar Emil Heydərov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Yuliya Heydərova, Şaban Cəfərov, Mehriban Zalıyeva, Möylə Mirzəliyev, Marina Litvinenko, Fərid Rzayev, Gülcahan Salamova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Nadejda Povelitsına, Ağaxan Şərifov, Gülnarə Əzizova, Elxan İsmayılov, Elçin İmanov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni üzlərində təbəssüm, xoş ovqatla başa vurmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

 

 Şrift:
      Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası yeni quruluşda 50-ci dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 50-ci nümayişi 21 noyabr tarixində saat 19.00-da baş tutacaq. Ümumiyyətlə, Azərbaycan Dövlət Musiqili Teatrının əsası məhz   “Ər və arvad” tamaşası ilə qoyulub. Bu əlamətdar hadisə ötən əsrdə - 1910-cu il 24 may tarixində baş verib. Həmin vaxt bu ölməz səhnə əsərinin quruluşçu-rejissoru Hüseyn Ərəblinski olub. Elə həmin il ikinci dəfə səhnələşdirilən tamaşa Hüseynqulu Sarabskinin quruluşunda 7 oktyabr tarixində tamaşaçılara təqdim olunub. 1939-cu il 8 mart tarixində rejissor Həsən Əliyevin quruluşunda yenidən bu möhtəşəm əsər nümayiş edilib. Şəmsi Bədəlbəylinin quruluş verdiyi “Ər və arvad”ın premyerası isə 1941-ci il  15 sentyabr tarixində keçirilib. Bu əbədiyaşar əsər iki dəfə isə (1997, 2010) rejissor Yusif Əkbərov tərəfindən səhnələşdirilib. Y. Əkbərovun ikinci – hazırki quruluşunda premyerası 16 oktyabr 2010- cu il tarixində keçirilən tamaşa dahi Üzeyir Hacıbəylinin 125 və Azərbaycan Dövlət Musiqili Teatrının 100 illik yubileylərinə həsr olunub.
Qeyd dək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova,  Ağaxan Şərifov, Elxan İsmayılov və Fərid Rzayev ifa edirlər.



 
 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 13, 14, 15 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Emma Məlikova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Səmayə Musayeva, Ələkbər Əliyev, aktyorlar Elçin İmanov, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülcahan Salamova, Elxan İsmayılov, Marina Litvinenko, Ruslan Mürsəlov,  Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Ağaxan Şərifov, Yuliya Heydərova, Nadir Xasıyev, Gülnarə Əzizova, Elməddin Dadaşov, Nadejda Povelitsına, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 13 noyabr saat 19.00-da R. Hacıyevin  “Qafqazlı qardaşqızı” əsəri, 15 noyabr saat 12.00-da isə R. Şəfəq və V. Ziminin “Yağış göbələyinin macərası” iki hissəli musiqili nağıl-tamaşası rus dilində təqdim olunacaq. Həmçinin 14 noyabr saat 12.00-da E. Sabitoğlu və Y. Şvartsın “Qırmızı papaq” tamaşası da uşaqlar üçün nümayiş ediləcək. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla başa vurmaq istəyində olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

                                                                                            

 Şrift:

   Azərbaycan Dövlət Musiqili Teatrında R. Şəfəq və V. Ziminin “Yağış göbələyinin macərası” adlı iki hissəli musiqili nağıl-tamaşası 50-ci dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, balaca tamaşaçılar üçün nəzərdə tutalan tamaşa uzun müddətdir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Teatrın rus bölməsi tərəfindən hazırlanan bu maraqlı səhnə əsərinin premyerası 17 may 2008-ci ildə keçirilib. Tamaşanın 50-ci nümayişi isə 15 noyabr tarixində saat 12.00-da baş tutacaq. Xeyirlə Şərin mübarizəsindən bəhs edən  “Yağış göbələyinin macərası”nı nəinki kişik yaşlı tamaşaçılar, hətta böyüklər də həmişə maraqla izləyiblər. Tamaşa doğruluğu, dürüstlüyü, qəhrəmanlığı və ən əsası ana təbiətə sevgini, təbiəti qorumağın vacibliyini təbliğ edir. Təbiəti məhv etmək istəyən şər qüvvələr yağışı oğurlayır və beləliklə, xeyirlə şərin mübarizəsi başlayır...
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti, “Tərəqqi” medallı Boris Qrafkin, quruluşçu-rəssamı Validə Ümman, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Emin Həsənov, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Rauf Babayev, Marina Litvinenko, Əliməmməd Novruzov, Nadejda Povelitsına, Yuliya Heydərova, Gülnarə Əzizova və başqaları ifa edirlər.
 

Sayğac