Xəbər lenti

 Şrift:


     Azərbaycan Dövlət Musiqili Teatrının 106-cı mövsümü artıq başa çatmaq üzrədir. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, yekunlaşmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar və zəngin olub. Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib, “Qafqazlı qardaşqızı” (R. Hacıyev),  “Baladadaşın toy hamamı” (Elçin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “999-cu gecə” (“Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşalarının premyerası olub. Habelə, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – “Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında tamaşalarla çıxış edib.

Ardını oxu...

 Şrift:


                     2.21.Lukino Viskonti. Zümrə mənafeyinin çöküşü

   Atası La Skala teatrına himayədarlıq göstərən zadəgan, anası  zəngin sənaye sahibkarının  nəslindən olub opera sənəti və atçılıqla maraqlanan, Parisdə Jan Renuarın assistenti (1930) kimi çalışan, II Dünya müharibəsində faşizmə qarşı müqavimət hərəkatında iştirak edən Lukino Viskontinin (1906-1976) yaradıcılığının ilkin mərhələsi neorealizm cərəyanına aiddir.
İtaliya kommunist partiyasının sifarişi ilə öz dillərində danışan Siciliya balıqçılarının həyatından sənədli film çəkməyə hazırlaşan Lukino Viskontinin, realist yazıçı Covanni Verqanın (1840-1922) “Malavogliyalar ailəsi” romanı əsasında, Teretssa adlı balıqçı qəsəbəsinin əhalisinin iştirakı ilə çəkdiyi “Yer sarsılır” filmi (ssenari müəllifləri Antonio Pyetranceli, Lukino Viskonti.1948) neorealizmin poetik nümunələrindən sayılır. Güzəran uğrunda mübarizə aparan balıqçıların Valastrolar ailəsinin timsalında tədarükçü qayıq sahibləri tərəfindən daim aldadılması ziddiyyətin tərəflərini bəyan edir.

Ardını oxu...

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrı Masallı rayonunda konsert proqramı ilə çıxış edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, konsert proqramı 15 İyun Qurtuluş Gününə həsr olunub. Dövlət Musiqili Teatrının artistləri bir-birindən maraqlı çıxışları, ifaları ilə bayram tədbirinə xüsusi rəng qatıblar. Azərbaycan Respublikasının Əməkdar artistləri Nərgiz Kərimova, Səidə Şərifəliyeva, gənc aktyor Əmrah Dadaşovun vətən, torpaq, müstəqillik haqqında söylədikləri poeziya nümunələri, oxuduqları mahnılar tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Tədbir iştirakçıları, Masallı rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Dövlət Musiqili Teatrı əməkdaşlarının 15 İyun Qurtuluş Gününə həsr olunan bayram konsertindəki çıxışlarından böyük zövq aldıqlarını, bu günlə bağlı təəssüratlarını uzun müddət unutmayacaqlarını bildiriblər.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşlarına bayram tədbirindəki maraqlı çıxış və proqrama görə təşəkkürünü bildirib.


 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrı Xaçmaz rayonunda maraqlı tamaşa ilə çıxış edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, V. Ulanovski və V. Orlovun uşaqlar üçün “Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub.

“Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müvafiq əmr imzalayıb. Əmrə əsasən il boyu azsaylı xalqların yaşadığı müxtəlif  bölgələrdə mədəni-kütləvi tədbirlərin keçirilməsi, tamaşaların nümayişi planlaşdırılır. Teatrımızın cari repertuarındakı V. Ulanovski və V. Orlovun “Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində “Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planının tərkib hissəsi olaraq nümayiş olunub. Bundan öncə isə Masallı rayonunda yenə də uşaqlar üçün  O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasını balacalara hədiyyə etmişdik”, -deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Svetlana Bulax, rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Rauf Babayev, Gülnarə Kərimbəyova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa ediblər.

 

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Rusiya Federasiyasının Yekatrinburq şəhərinə yola düşüb. Musiqili Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, səfər SSRİ Xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”nin Təşkilat Komitəsinin dəvəti ilə baş tutub. Belə ki, Ə. Lalayev bu nüfuzlu Beynəlxalq müsabiqədə münsiflər heyətinin üzvi kimi iştirak edəcək. Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu”, Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir. Münsiflər heyətində Fransa, Almaniya, Belarus, Rusiya kimi dövlətlərin dünya şöhrətli musiqili teatr sənətçiləri təmsil olunur. Məhşur sənət adamlarının üzv olduğu münsiflər heyətinin rəhbəri Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.

“Vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər. Müsabiqə 16-21 may tarixlərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq. 


 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Mədəniyyət Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasının təqdimatına hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. “Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqləri uğurla davam edir. “Company-E” komandasının üzvləri - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert  Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) imkan düşdükcə Bakının müxtəlif məkanlarına baş çəkir, heyranlıqlarını gizlədə bilmirlər.

Pol Qordon Emerson (produser): İlk təəssüratımı belə ifadə edə bilərəm: Azərbaycan möcüzələr ölkəsidir. Biz vaxt tapdıqca paytaxt Bakının gəzməli-görməli yerlərinə baş çəkirik. Əsl meqapolis – bu, elə Bakı deməkdir. Xüsusi ilə Bakının gecə görüntüsü ecazkardır. Mən son vaxtlar dünyanın heç bir yerində bu qədər təəccüblənməmişdim. Musiqili Teatr isə Bakının mərkəzində reallaşdırılmış fantastikadır. Biz teatrın binası ilə tanış olarkən teatrın direktoru Əliqismət Lalayev məlumat verdi ki, bina ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təmir olunduqdan sonra bu cür möhtəşəm olub. Tam səmimi deyirəm: mən Musiqili Teatrın binasına, burada yaradılmış şəraitə, yaradıcı mühitə sadəcə heyran oldum. Hətta Əliqismət Lalayevə qalıb burada işləmək istədiyimi bildirdim. O isə mənə “Layihəni təhvil verin, sonra bu haqda danışarıq”, - deyə gülüb cavab verdi.

Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor): Adamda artıq hava limanında Azərbaycan haqqında ilk fikir formalaşır: bura inkişaf etmiş bir ölkədir. Bakının isə səmimiyyətimə inanın, dünyada bənzəri yoxdu. Burda olmağımdan çox məmnunam. Bakının unikal cəhətlərindən biri də Musiqili Teatr kimi möhtəşəm bir sənət məbədinə sahib olmasıdır. Bizim kollektiv mədəni layihələrlə dünyanın bir çox ölkələrində çıxış edib. Tam məsuliyyəti ilə deyirəm: məhz sizin Musiqili Teatrın səhnəsi indiyə qədər ki, karyeramda ifa edəcəyim ən müasir, ən möhtəşəm səhnə olacaq.  

Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor): Bu mənim qəti qənaətimdir: Azərbaycan xalqının ən böyük özəlliklərindən biri onun qonaqpərvərliyidir. İnsanların mehribanlığı, istiqanlılığı adamı sadəcə məftun edir. Bakı isə başqa bir dünyadır. Dünyada Bakı kimi şəhərlər çox azdır. Burada tarixlə müasirlik vəhdətdədir. Qədim və müasir binalar sanki bir-birlərinin davamı, ardıcılıdır. Musiqili Teatr haqqında isə qısaca olaraq belə deyə bilərəm: elə bil biz cənnətdəyik. Belə bir məkanda işləmək insana xüsusi zövq verir. Teatrın kollektivi isə öz professionallığı ilə heyrət doğurur. Dünyanın bir çox ölkələrində olmuşam, bir çox kollektivlərlə işləmişəm. Sizin Musiqili Teatrın kollektivi iş prosesində özümü rahat, arxayın hiss etdiyim azsaylı kollektivlərdəndir. Sanki uzun illərdir ki, bir yerdə işləyirik.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. “Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı  “Brodvey” layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş sərbəstdir.

 

 Şrift:


  Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək. Musiqili Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. “Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyyətinin birgə məşqlərinə start verilib. Bu münasibətlə “Company-E” şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert  Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) Azərbaycana gəliblər. Dövlət Musiqili Teatrında qonaqları qarşılayan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışaraq layihənin həyata keçirilməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Sonra qonaqlar teatrın inzibati binası – səhnə, tamaşa və məşq zalları ilə tanış olublar. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri xanım Emi Pitersen Musiqili Teatrda “Brodvey ” komandası üçün yaradılmış yüksək şəraitə görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkürünü bildirib. 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. “Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı  “Brodvey” layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş azaddır.

 

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrı may ayı üçün repertuar planını açıqlayıb.  Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və başqa tamaşaları izləyə biləcəklər.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları - Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Səmayə Musayeva, Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Boris Qrafkin, Emma Məlikova, Əzizağa Əzizov, Svetlana Bulax, Şövqi Hüseynov, Nərgiz Kərimova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Emil Heydərov, Ülviyyə Əliyeva, Elçin İmanov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Nicat Həbibov, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Zarina Qurbanova, Fərid Rzayev, Rauf Babayev, Gülnarə Əzizova, Nigar Qarayeva, Firuz Məmmədov, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov, Aydan Həsənova və başqalarının ifalarını izləyə biləcəklər.

14-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Musiqili Teatrı və ABŞ-da fəaliyyət göstərən “Company-E” şirkətinin ortaq musiqi layihəsi kimi “Brodvey ” konsert-proqramı təqdim olunacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Premyeralar haqqında əlavə məlumat veriləcək.




 Şrift:

Özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Xanlar Muradovun 70 yaşı tamam olub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılıb. Xanlar Muradov 30 il - 1975-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar canlandırıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Dövlət Musiqili Teatrında O. Kazimi və R. Heydərin “Qızıl toy” iki hissəli musiqili komediyasının növbəti nümayişi Xanlar Muradovun 70 illiyinə həsr olunub. Vaxtı ilə Xanlar Muradov bu tamaşada Rəhim kişi obrazını canlandırıb.

Xanlar Yunis oğlu Muradov 1946-cı il aprel ayının 30-da Sumqayıt şəhərində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında ( o vaxtkı Musiqili Komediya Teatrı) aktyor işləyib. Sumqayıt teatrında Şeyda (“Toy”, Sabit Rəhman), Qurban (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Axund (“Solğun çiçəklər”, Cəfər Cabbarlı), Sırodovey (“Tribunal”, Aleksandr Makoyonok), Yaqub (“Həmyerlilər”, Altay Məmmədov), Silvester (“Skapenin kələkləri”, Jan Batist Molyer), Bədurətdin (“Bu meydan, bu şeytan”, Firudin Aşurov), Qələndərov (“Gülməyən adam”, Əfqan Əsgərov), Şair (“Paralelimin nəbzi”, Ramiz Heydər), Azərbaycan Dövlət Musiqili Teatrında isə Hilal (“Durna”, Süleyman Rüstəm, Səid Rüstəmov), Molla Musa (“Boşanaq, evlənərik”, Əliağa Kürçaylı, Vasif Adıgözəlov), Bəbirli (“Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Qulam (“Həyətim mənim, həyatım mənim”, Cahagir Məmmədov, Əşrəf Abbasov), Bilal (“Qız görüşə tələsir”, Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Rəhim kişi (“Qızıl toy”, Ramiz Heydər, Oqtay Kazimi), Vəli (“Məzəli əhvalat”, Ruhəngiz Qasımova), Xudayar bəy (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında Cənnət Səlimovanın liberettosu, bəstəkar Oqtay Kazimi), Mustafa (“Nəğməli könül”, Xalidə Hasilova, Emin Sabitoğlu), Cəbrayıl-Arıq (“Lənət şeytana”, Firudin Aşurov, Vasif Adıgözəlov), Qoçu Əsgər (“O olmasın, bu olsun”, Üzeyir Hacıbəyli), Əlimərdan (“Gözün aydın”, Məhərrəm Əlizadə, Fikrət Əmirov), Məhəmməd (“Lotoreya”, Vaqif Səmədoğlu, Aydın Əzimov), Murtuzov (“Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Milyonçu (“Səhnədə məhəbbət”, Əli Əmirli, Sərdar Fərəcov) rollarını ifa edib.

Xanlar Muradov 2005-ci il fevral ayının 5-də Bakıda vəfat edib.

 Şrift:


     Azərbaycan Dövlət Musiqili Teatrı Ramiz Mirişlinin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını yeni quruluşda təqdim edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. “Amerikalı kürəkən”in yeni quruluşunun diqqət çəkən məqamlarından biri də geniş tamaşaçı auditoriyasının sevgisini qazanan müğənni, Əməkdar artist Almaz Ələsgərlinin bu səhnə əsərində əsas qəhrəmanlardan birini – Tunzalə obrazını canlandırmasıdır.  Tunzalə qızı Reyhanı varlı-pullu bir adama ərə vermək istəyir. Reyhanın isə öz sevdiyi var. Bu, kasıb ingilis dili müəllimi Kamrandır. Gənclər Tunzalə xanımın var-dövlət hərisliyinin onların qovuşmasına əngəl olduğunu görüb kələk qururlar. Məhz bu kələk nəticəsində hadisələrin axarı tamamilə dəyişərək gözlənilməz situasiyalarla zəngin olan bir məcraya yön alır...

Qeyd edək ki, Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakültəsini bitirib. İlk dəfə tələbə ikən - 1985-ci ildə məhz Musiqili Teatrda səhnəyə çıxıb, Emin Sabitoğlu və Xalidə Hasilovanın “Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırıb. Sonra uzun müddət teatrdan uzaq düşən Almaz xanım əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatra qayıdıb və  hazırda Dövlət Musiqili Teatrının aktrisasıdır.

“Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaiqf Məstanov, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.  Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər. 


Sayğac