Xəbər lenti

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq teatr təşkilatına üzv olub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyində Azərbaycanı təmsil edən yeganə mədəniyyət müəssisəsi olacaq. “İran İslam Respublikasının “Dramatik İncəsənət Mərkəzi”nin Tehran şəhərində keçirdiyi teatr sənəti mövzusunda Birinci Regional elmi-nəzəri  konfransında İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri iştirak edirdilər. Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyi də məhz bu konfransda yaradıldı. Konfrans zamanı teatrın ümumi dil və mədəniyyətin əsas sahəsi kimi insani dəyərlərin inteqrasiyasında və mübadiləsində mühüm rol oynadığı bir daha vurğulandı. Həmçinin qeyd olundu ki, ölkələrarası mədəni əlaqələrin inkişafında teatr xadimlərinin bilik və bacarıqları əsasında qarşılıqlı əlaqələrin qurulması, kütləvi tamaşalar və teatr festivallarının təşkili, ölkələrarası məlumat mübadiləsinin aparılması, səhnə əsərlərinin, mədəniyyət və teatr sahəsində elmi kitabların və məqalələrin tərcüməsi üçün imkanlar yaradılması əsas istiqamətlərdəndir. Razılaşma əsasında təsis konfransında iştirak edən ölkələr burada qoyulan məqsədlərin müvafiq və effektiv şəkildə yerinə yetirməsini təklif etdilər. Bu məqsədlə niyyət protokolunun sənədləri ilkin variantda hazırlandı. Azərbaycan Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyinə üzv qəbul olundu və bundan sonra bu qurumda Azərbaycanı məhz bizim teatr təmsil edəcək”, - deyə konfransda iştirak edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrı həm də 2009-cu ildən etibarən Musiqili Teatrların Beynəlxalq Assosasiyasının üzvüdür. 

 Şrift:
SAMİNƏ HİDAYƏTQIZININ “MUĞAM QƏSRİ”
 
Bu il “Apostrof” nəşriyyatında yazıçı- jurnalist Saminə Hidayətqızının “Muğam qəsri” adlı ensiklopedik kitabı nəşr edilib. Qeyd edək ki, kitab müəllifin “Göy qurşağı” layihəsindən olan “Yüz türk qadını” kitabindan sonra ikinci nəşrdi. Kitabın təqdimatı oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.
 576 səhifəlik ağır, sanballı kitab həm içindəki məziyyəti, həm də zahiri baxımından nəfis tərtbatlı bir topludu. Kitaba 100 muğam bilicisi ilə müəllifin müsahibəsi daxil edilib. Amma təkcə bu deyil. Müəllif muğamın tarixinə tədqiqat baxımından yanaşaraq, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığını və onların həyat yolunu araşdırıb. Həm də təkcə Azərbaycan musiqi xadimlərinin deyil, xaricdə yaşayan və muğam sənətinə müəyyən töhfələr verən yaradıcı şəxslərin və sənətşünasların muğam haqqında düşüncələrini özünəməxsus şəkildə kitaba daxil edib.

Ardını oxu...

 Şrift:


    İran İslam Respublikasının Bəndərabbas Teatrının yaradıcısı və rəhbəri, İranda maraqlı tamaşaların müəllifi kimi tanınan rejissor Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqli Teatrında olub. Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, E. Poştkohini İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi müşaiyət edib. Qonaqları teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib.

Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqli Teatrının inzibati binası, tamaşa zalı, butafor, geyim, dekorasiya sexləri ilə tanış olduğunu, hazırda teatrda məşqləri gedən tamaşaların və ayrı-ayrı kollektivlərin - xor, balet, orkestrin məşq prosesində iştirak etdiyini, onda çox gözəl, xoş təəssüratların yarandığını söyləyib. “Sizin teatrın binası, burada yaradılmış şərait adama nağıllar aləmini xatırladır. Tam səmimi deyirəm, teatrınızda yaradıcılıqla məşğul olmaq üçün lazım olduğundan da artıq imkanlar var”, - deyə E. Poştkohi bildirib.

Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi yüksək səviyyəli qəbula görə teatr rəhbərliyinə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib. “Bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin çox böyük əhəmiyyəti var”, - deyə S. İ. İbrahimi qeyd edib.

Sonra qonaqlar “Min bir gecə” nağıllarının motivləri və dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşanı izləyiblər.


 Şrift:

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində bu gün öz işinə başlayan Beynəlxalq Teatr Konfransında ölkəmizi Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təmsil edir. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Ə. Lalayev konfransda “Azərbaycan teatrı və onun inkişaf yolları” movzusunda çıxış edib. Ə. Lalayev çıxışı zamanı cəmiyyətdə teatrların yeri və rolu barədə söhbət açarkən dünyada analoqu olmayan qaçqın teatrlarımızdan xüsusi olaraq danışıb. O, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən sonra köçkünlük şəraitində fəaliyyətini davam etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrının hazırki fəaliyyətindən, vəziyyətindən, onlara göstərilən dövlət qayğısından söz açıb. Ə. Lalayev müharibə zamanı bu sənət məbədlərinə ciddi ziyan dəydiyini, onların əmlaklarının, səhnə dekorasiyalarının, rekvizitlərinin, səhnə geyimlərinin döyüş bölgələrində - Azərbaycanın işğal olunmuş əzəli-əbədi, tarixi ərazilərində qaldığını, həmin teatrların binalarının azğın ermənilər tərəfindən vəhşicəsinə talan edilərək dağıdıldığını qeyd edib.

Qeyd edək ki, iki gün davam edəcək konfransda İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri iştirak edirlər. 

 Şrift:

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Marina Litvinenkonun 60 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Marina Litvinenkonu təbrik edib, milli teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktirsanı mükafatlandırıb.

Qeyd edək ki, Litvinenko Marina Nikolayevna 25 sentyabr 1956-cı ildə Estoniyanın Tallin şəhərində anadan olub. 1989-cu ildə A. Zeynallı adına Musiqi Məktəbini bitirib. 1987-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Azərbaycan Dövlət Musiqili Komediya Teatrına) artist-vokalist vəzifəsinə qəbul olunub və həmin vaxtdan burada çalışır. İşlədiyi müddət ərzində o, Rozaliya (“Filumena Marturano” - Fərəc Qarayev, Eduardo De Flippo), Qold (“Pominalnaya molitva” - Mixail Qluza, Qriqoriy Qriqori,  Şalom-Aleyxema), Qırmızı papaq, Ana (“Qırmızı papaq” - Emin Sabitoğlu, Yevgeni Şvarts), Düyməcik, Qaranquş (“Düyməcik” - Hans Kristian Andersen), Afət (“Bağdadda bir gün” - Emin Sabitoğlu), Stassi (“Silva” - İmre Kalman),  Liza (“Maritsa” - İmre Kalman), Valentina, Elqa (“Şən dul qadın” - Frans Leqar), Dovşan (“Bir dayan, canavar!” - Rəna Ağayeva, Arkadiy Xayt), Marietta (“Bayadera” - İmre Kalman), Yulişka, Zari (“İddialı qaraçı” - İmre Kalman), Jüli (“Ailə uikendi” - Jan Puaro), Duenya (“Çılğın qaskoniyalı” - Qara Qarayev), Siroyeşka (“Yağış göbələyinin macərası” - Rəşid Şəfəq, Vladimr Zimin), Asya, Telli (“Arşın mal alan” - Üzeyir Hacıbəyli), Jaklin (“Fransızsayağı qarnir” - Mark Kamoletti), Zerbinetta (“Skapenin kələkləri” - Jan Batist Molyer) və başqa rolları ifa edib.

 

 Şrift:

         Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət 14, 15, 16 oktyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Fransızsayağı qarnir” (M. Kamoletti), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında) və A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) tamaşalarından gedir. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azırbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Svetlana Bulax, Çingiz Əhmədov, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Marina Litvenonko, Emil Heydərov, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Zarina Qurbanova, Nahid İsgəndərzadə, Firuz Məmmədov, teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 14 oktyabr tarixində saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” əsəri böyüklər, 15 oktyabr tarixində saat 12.00-da R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin A. Sadıqovun səhnələşdirdiyi Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri 16 oktyabr tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq. 

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 Şrift:

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi Azərbaycan Dövlət Musiqli Teatrında olub. Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, doktor Seyid İbrahim İbrahimini teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə olunub. Əliqismət Lalayev ölkə Prezidenti cənab İlham Əliyevin,  Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan teatr sənətinin, musiqisinin, incəsənətinin, ümumilikdə, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması üçün çox mühüm və vacib işlər gördüyünü xüsusi vurğulayıb. Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı mötəbər qonağın diqqətinə çatdırılıb. Görüş zamanı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Bunlardan biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin qənaətbəxş olduğunu bildirərək, cari ilin sonunda İran İslam Respublikasında keşirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri ilə bağlı hazırlıqların yüksək səviyyədə davam etdiyini söyləyib. Həmçinin S.İ. İbrahimi qeyd edib ki, yaxın zamanlarda Təbriz Teatrının Azərbaycan Dövlət Musiqli Teatrında, Musiqili Teatrın isə Təbrizdə çıxışı arzuolunan tədbirlərdir. Sonda bu cür görüşlərin və qarşılıqlı əməkdaşlığın iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynadığı vurğulanıb və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub.    

 

 Şrift:

Azərbaycan DövlətMusiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, yeni hazılanacaq səhnə əsəri özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beşinci arvadı” iki hissəli komediyasıdır. Əsəri Azərbaycan dilinə tanınmış yazıçı Dilsuz Mustafayev tərcümə edib. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. “Tükdilli xalqların hər biri hesab edir ki, Molla Nəsrəddin onlara məxsusdur. Əslində isə Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik, kamillik simvoludur. Bu ədəbiyaşar obraz öz hazırcavablığı, hadisələrə yerində və operativ münasibəti, intəhasız, intellekual yumor hissi ilə bütün dövrlərin müasiridir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə yaşayır, ətrafda baş verənlərə reaksiya verir, çox mürdik münasibətini bildirir, öz heyrətamiz, sərrast yumoru ilə bizi valeh edir. Və... və ən əsası düşündürür, düşünməyə vadar edir. İlk baxışdan belə görünür ki, “Molla Nəsrəddinin beşinci arvadı” komediyasının çox sadə, adi süjet xətti var. Amma dərinliyinə varanda məlum olur ku, bu sadəliyin, adiliyin altında çox böyük mətləblər gizlənib. İstər teatrda, istərsə də kinoda indiyə qədər çoxlu Molla Nəsrəddinlər olub. Bizim tamaşamızın digərlərindən fərqi onda olacaq ki, biz hamının tanıdığı, bildiyi, amma heç kimin məhz o şəkildə,   o “qiyafə”də görmədiyi Molla Nəsrəddini təqdim edəcəyik”, - deyə quruluşçu-rejissor Əsgər Əsgərov söyləyib.

Qeyd edək ki, 2016-cı ilin sonuna qədər premyerasının keçirilməsi planlaşdırılan “Molla Nəsrəddinin beşinci arvadı” tamaşasının quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi tərtibatçısı gənc bəstəkar Fərid Fətullayev, rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, Almaz Ələsgərova, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov,   Mehriban Zalıyeva, Aydan Həsənova, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Pərviz Məmmədov, Çaban Cəfərov, Fərid Rzayev ifa edəcəklər.

 

 Şrift:





Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ yenidən musiqisevərləri bir araya toplayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb. Proqrama uyğun olaraq, iyulun 30-da Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərinin iştirakı ilə kamera konserti olub.

Azərbaycan Dövlət Filarmoniyasının solisti, bir çox beynəlxalq müsabiqələrin qalibi və musiqi festivallarının iştirakçısı, pianoçu Tofiq Şıxıyev, simfonik, kamera, vokal və piano üçün əsərlərin müəllifi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü, pianoçu Vurğun Vəkilov, Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, pianoçu Gülər Ağayeva, vokalçılar - Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadə və Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayevin iştirakı ilə keçirilən kamera konsertində F.Şopenin “Fantaziya”, S.Raxmaninovun “Etüd”, “Prelüd”, A.Skryabinin “Poema”, Niyazinin “Vətən nəğməsi”, M.Maqomayevin “Odlar Yurdu” və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Görkəmli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, Bakı Musiqi Akademiyasının professorları Fidan və Xuraman Qasımovaların ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edilib. Konserti Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Teymur Göyçayev idarə edib.

Hər iki konsert yerli və xarici musiqisevərlərin böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.

Qeyd edək ki, avqustun 5-dək festivalda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər

Mədəniyyət və Turizm Nazirliyi

 Şrift:

     Azərbaycan milli teatrının inkişafında xüsusi rolu olan Lənkəran Dövlət Dram teatrının səhnəsində daha bir uğurlu səhnə əsərini tamaşaçıların ixtiyarına verildi. İyunun 27-də teatrda Əli Vəlioğlunun “Əsrlərin harayı”adlı əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Səhnəyə qoyulan bir hissəli tarixi dramda Azərbaycanın ilk dövlətlərinin yaranmasından, bu dövlətlərə başçılıq edən hakimlərin siyasətindən, dövlətçilik işlərindən, xüsusilə də, onların bir-biri ilə olan mübarizələrindən bəhs edilir. Tamaşada Azərbaycanın dövlətçilik ənənələrinin çox qədimlərə gedib çıxması, bu ənənənin çox böyük bir tarixə söykənməsi nümayiş olunur. Tamaşa gənclərdə dövlətçilik tarixinin öyrənilməsi, dövlətin qorunması, yurd sevgisi kimi müqəddəs hissləri aşılayır. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bahram Osmanov, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rollarda aktyorlardan Təvəkkül Əliyev, Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri iştirak ediblər.

Persona.az





Sayğac