Xəbər lenti

 Şrift:
                  

                      “Səhra tənhaların, aşiqlərin, sevənlərin məskənidir”
 
   Səhrada yaşayıb səhranın olmayan, dünyada yaşayıb dünyanın olmayan, kainatın ruhunda yaşayan Sevginin Əfsanəsi Min İllərin Nağılıdır, Bahar SƏMİN...

-Xoş gördük,Bahar xanım!
 
-Xoş gördük.
 
-Sizi redaksiyamızda görməkdən çox şadıq.
 
-Mənimçün də çox xoşdu, sizin saytla həmsöhbət olmaq.
 
- Mən sizi oxucularımıza təqdim etdim. Sizi bir də sizin öz təqdimatınızdan tanıyaq.
 
- Bahar Səmin - dağlar qoynunda doğulan balaca bir qızcığaz. Dağlar qoynunda doğulsa da, dağlardan uzaq olan, bəlkə də dünyaya yad olan, Səhranı özü üçün məskən seçən  bir aşiqdir. Şeirlərdə Məcnun deyəndə, adətən kişi obrazı  nəzərdə tutulur, amma Bahar Səmin – bu qızcığaz  Eşq  Səhrasının Məcnunu oldu, aşiqi oldu. O, dağlar qızı olmadı, o, səhranın qızı oldu. O, təpədən dırnağa qədər şair gəldi bu dünyaya. Bəlkə, heç valideynləri də hiss etmədi ki, onların yanında balaca, körpəcə bir şair böyüyür. Və zamanla böyüdü, hamı kimi, amma hamıdan biri olmadı. Düşüncələrilə, hərəkətlərilə fərqli idi.Bu dünyada fərqli insanlar əzaba düçar olur. O, əzabları ilə, sevinclərilə böyüdü. İllərlə qəlbi bir həsrətlə çırpındı. Öz düşüncələrinə uyğun insanlar əhatəsində olmasa da, öz düşüncələrinə uyğun bir düşüncə axtarışına çıxdı. Amma çox təəssüf ki, düşüncə axtarışında belə o, yenə də istədiyinə nail ola bilmədi, yenə “səhra”sına döndü, yenə tənha qaldı. “Səhra”da olduğu anlarda onun incə qəlbindən romantik hisslər, sözlər süzülməyə başladı. Bu sözlər “poeziya” adlı bir möcüzəyə çevrildi, şeiriyyət yarandı. Öz şeirlərində qəlbinin, ruhunun çırpıntılarını əks etdirməyi bacardı. Bu çırpıntılar içərisində qulağında eşitdiyi pıçıltılar ona həqiqəti söylədi.  Tanrı aşiqliyi məhz bu andan başladı. Səhranı çoxları boşluq hesab edir, ancaq səhra boşluq deyil. Səhra tənhaların, aşiqlərin, sevənlərin məskənidir. Təsadüfi deyil ki, ilk kitabının adını da “Səhrada payız”adlandırdı. Təbii ki səhrada payız olmur. Hər kəs anlayır ki, payız səhra üçün xarakterik fəsil deyil. Amma onun ömrünə sərt bir payız tufanı gəldi və tufan o səhranı alt-üst etdi. Bu tufandan sonra elə bir sükut, elə bir sakitlik yarandı ki, O, səhrada  Tanrı ilə danışmağa başladı və pıçıltı ilə danışdı. Bu səssizlik içində o yenidən özünü tapdı və yenidən ruhunun işığı ilə ilahi aləmdə - “poeziya” adlı möcüzələr dünyasında yaşamağa başladı. Bu gün də Səmin olaraq, Bahar Səmin olaraq, o möcüzənin içərisində yaşayır, yaradır, sevir və sevilir. Təsadüfi deyil ki, bu gün məndən müsahibə götürən xanım da, - Kəmalə Əliyeva, Kəmalə Müslümqızı, - necə istəsən yaza bilərsən, - mənimçün, sadəcə o ilahi aləmin  dostuna, sirdaşına, yaxınına, doğmasına çevrildi. Onun da ruhu kainatın ruhunda pərvaz edən ruhlardan biridir. Bu gün bizi bir araya gətirən,  yaxınlaşdıran o ilahi qüvvənin işığında, nurunda mən özümü həqiqətən də möcüzəli bir aləmdə hiss etdim. İlahi sözlər mənim içimdən, ruhumdan, qəlbimdən süzülüb axdı. Poeziyaya gəlincə poeziyamda daha çox Tanrı ilə söhbət var. İnsan bütövün zərrəsidir və zərrə həmişə bütövə doğru can atır. Yaradıcı olan bütövə biz zərrə olaraq qovuşmaq arzusu ilə yaşayırıq. Bu qovuşma arzusunun fövqündə isə möhtəşəm poeziya dayanır. Söz aləmi, sözün gücü, sözün işığı insanı ilahi məqama yaxınlaşdırır və insan həyatını, doğrudan da təmiz, saf, kamil yaşamağı bacarırsa, Tanrıya yüksələ bilir və Tanrı olmağa can atır.
  Şairlik, əslində məqamdır - aşiqlik məqamı! Mən şair doğuldum, eşq ilə gəldim, bu zalım dünyaya... İnsanların insanlığı itirdiyi yerdə şair olmaq o qədər asan deyilmiş... Bu gün də dünya mənim üçün nağıla bənzəyir. Uşaqlığımda oxuduğum nağıllar dünyasındayam hələ də. Divlərin qızları saçından asıb əsir saxladığı, amma qorxmaz igidlərin də az da olsa, hələ qaldığı nağıl dünyamda yaşayıram. Dünya insanla dolu olsa da, əsillər azmış. Hərdən  bu dünyadan ayrılmaq, uzaqlaşmaq keçir könlümdən – uzaqlara çox uzaqlara getmək, Tanrı Dağına qalxıb insanlığın bütün ağrı acısını hayqırmaq istəyirəm! Bir insan ömrü elə qısa ki, əbədiyyət şairi üçün!

Mən bəlkə də min ildir, təbəssümə həsrətəm,
Min ildir ki, başımda ağlayır, gülüşlərim,
Min ildir ki, bitmir yol, yol gəlirəm özümə
Yol gəlirəm sözümə...

Yol - çox ağır və məsuliyyətlidir! Sevda yolu,.. min ildir mənim yolum bitmir, bitməyəcək də... Əsrlərdir, bu yol keçir, aşiqlikdən və məni əbədiyyətə aparır. Mənim sevdam bəşər sevdası, yaşam sevdası deyil, o, zamana və məkana sığmır...

Xəbis ürəklərdən, yaşantılardan,
Hər kəsin qurduğu quru xəyaldan,
Nə olar, gəl, qaçıb yalan dünyadan
Gedək arzuların bitdiyi yerə.
 
Şairlər darıxır, şairlərin həsrəti də eşqi qədər böyük olur...
 
Sən heç bilirsənmi darıxmaq nədir?!
Qaranlıq içində tək və çarəsiz,
Arzuları yıxıb alovlanmaqdır.
Bir anlıq vüsalın astasında
Ömürlük həsrətə nigahlanmaqdır.

Şairlik-əbədi tənhalıqdır… Tənhalığında isə şair Tanrılaşır. İnsanların yalanları onu üzəndə isə Tanrıtək ağlayır…

Yovuşa bilmirəm mən bir kimsəyə,
İnsan yalanları incidir məni.
Yığıram dünyaca dərdi sinəyə,
Sevgim öz yolunda ləngidir məni.

Bəzən isə şair nadanlar içində tək qalan şair, bu məzar dünyadan öz ərşi-əlasına yüksəlmək istəyir. Hərdən isə onu bu dünyaya öyrədəsi kiməsə ehtiyac duyur. Sanki eşqin laylasında yatmaq istəyir. Ritorik sualı var şairin:

“Sual-cavab” şeirinə isə şairin həm monoloqu, həm dialoqu demək olar…
 
 
 Sən məni beləcə sevə bilərsən?!
 
Karvantək həsrətin hər gəlişinə,
Bir ömrün bir anla bir gedişinə,
Bu dəli ürəkli Səmin eşqinə
Səhrada aşiqtək gəzə bilərsən?!
Sən məni beləcə sevə bilərsən?!  –deyə soruşur.
Və bu sualına özü də cavab verir:
 
Sevən qəlbin bir arzusu, diləyi,
Boş səhrada tənhalığın gərəyi
Sən Baharın ürəyini ürəyi
Olmadınsa axı nəyə gərəksən?!
 
Bahar Səmin bu dünyada hər zaman bahar sevgisi arzuladı…
Payız kimi sevmə məni, istəmirəm,
Bahar kimi sevməyə də gücün çatmır,
Neyləməli?!

 -Tərcümeyi-halınız haqqında bir neçə kəlmə istərdik…

- Şəki şəhərində doğulmuşam. Bütün uşaqlar kimi məktəbə getmişəm. Dərslərimi əla oxumuşam. Uşaqlıqdan bir neçə sənət seçmək haqqında düşünsəm də, səkkizinci sinifdə qərar verdim ki, ədəbiyyatçı olacam. İ. Həsənoğlunun “Apardı könlümü...” qəzəlini gözəl, əruz vəznində təfiləyə uyğun necə əzbər söylədimsə, ədəbiyyat müəllimim alnımdan öpüb, “Sən ədəbiyyatçı olacaqsan!” - söylədi. Beləcə yolumu müəyyən etdim. 1992-ci ildə ilk test usulu ilə keçirilən qəbul imtahanında yüksək balla BDU-nun filologiya fakültəsinə daxil oldum. 1997-ci ildə oranı əla qiymətlərlə bitirib, azad təyinatla Şəki şəhər 14 nömrəli məktəbdə işə başladım. Hazırda isə Şəki şəhər 5 nömrəli tam orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyirəm.

-Şeir yazmağa nə vaxtdan başladınız?

-Orta məktəb illərindən yazırdım. Ən yaddaqalan şeirim “Son zəng” tədbirində söylədiyim “Məktəb” şeirim olub. Tələbəlik illərimdə də lirik və fəlsəfi şeirlər yazırdım.

- Hansı mətbu orqanlarda şeirləriniz çap olunub?

- İlk şeirim “Şəki” qəzetində çap olunmuşdu. Onda 1-ci kursda oxuyurdum. Sonralar “Səhər”, “Baba dağ”, “Elimiz,günümüz”, “Bütövlük”, Reqion-Şəki” qəzetlərində, Türkiyədə nəşr olunan tarix, kültür, sənət və ədəbiyyat dərgisi “Kumru” da şeirlərim və yazılarım çap olunub... 2004-cü ildən AYB-nin Şəki bölməsi ədəbi məclisinin üzvüyəm. 2006-cı ildə AYB-nin Şəki bölməsinin “Söz,söz, söz..almanaxında şeirlərim çap olunub. 2010 –cu ildə Türkiyədən Azərbaycana gələn araşdırmaçı-yazar Ahmet Kaytancının “Susmaram, Azərbaycanın göz yaşları” kitabında yazılarım çap olub.2016-cı ildə  “Bölgənin sözü”almanaxında da şeirlərim çap olunub. 
2013-cü ildə ilk kitabım “Səhrada payız” , 2016-cı ildə “Tanrı da ağlaya bilir”…kitablarım çap olunub. İnşallah , bu yaxınlarda “Dan yerinin şəfəqi” - 3-cü kitabım da çap olunacaq.
 
 -Çox gözəl, Bahar xanım. Belə bir sual yarandı indi. Səmin təqdimatından sonra Salehova soyadı sizdən küsmədi ki?

- Hesab edirəm ki, küsmədi. Mənim ata tərəfim ulu Nizaminin yurdu Gəncədəndir. Mən hər zaman ruhumda, duyğularımda dahi şairimizin ruhunu hiss edir, mənəvi babam kimi ondan güc alıram. Çətin günlərimdə, anlarımda mən Nizami sözünün işığına sığınıram. Soyadımdakı  Saleh adı bir peyğəmbərin adından gəlir və dürüst insanlar əməlisaleh adlandırılır. Soykökümdən gələn əsillik, mötəbərlik, möhtəşəmlik onun küsməsinə icazə verə bilməzdi. Düşünürəm ki, Səmin bir növ mənim soyadımın davamıdır. Onlar bir-birini çox gözəl tamamlayır.

- Poeziyanızı çox sevirəm.  Yəqin, siz də razılaşarsınız ki, biz qələm əhlinin qəlbinin sarı siminə toxunan, onun ürəyini ehtizaza gətirən məqamlar olur. Poeziya dünyanıza səyahət edəndə belə bir misranıza rast gəldim :

“Təqvimdə olmayan günün bir günü ”

Təqvimdə olmayan günün bir günü,
Açıb insanlığın yalan düynünü.
Götürüb dünyanın kədər yükünü,
Üsyankar ruhumun badına gedim.
 
Bahar Səmin olmaq üçün üsyankar ruhlu olmaq lazımdır və bu mənə çox tanış, eyni zamanda doğma olan mövzudur.  Sizcə bu masa arxasında əyləşib etdiyimiz söhbət təqvimdə varmıydı?

- Mənə elə gəlir ki, bu gün də təqvimdə olmayan günün bir günüdür. Bu gün planlaşdırılmayan, plandan kənarda yaşanan bir gündür. Mənə elə gəlir ki, insan həyatı planlı şəkildə olmamalıdır. Bu cür yaşam insan həyatına uyğun deyil.

- Yaradıcı insan həyatına uyğun deyil. Sıradan olan insanlar təbii ki, planlaşdırılmış həyat yaşamaq məcburiyyətindədirlər. Bahar Səmin kimi qələm əhli, hal əhli və poeziya dünyasının əsgərləri planlaşdırılmış, standart həyat yaşaya bilməzlər.

- Bəli. Bu gün də, təsadüfdən çox zəruri olan günlərdən biridir.  Çox sevinirəm ki, təqvimdə olmayan gün adlandırdığımız gündə biz sizinlə bu söhbəti edə bilirik.

- Bahar xanım, sizin çox sevdiyim misralarınız var və istəyirəm ki, müsahibə əsnasında onlardan bəzilərini oxucularımızın diqqətinə çatdırım. Mən də yazılarımda “ axın “ məsələsinə toxunduğum üçün diqqətimi dərhal çəkdi. Siz “Gedim” şeirinizdə deyirsiniz ki,
Deyirəm: qoşulum axına, gedim.
Təbii ki mənən yorğunluğunuzun təzahürü olaraq qələmə aldığınız misradı və məni də çox etkiləyən məqamdır.
“ Dünyanın ürəyi məndə döyünür. “ Bir misrada bu qədər fəlsəfi yükü daşımaq, bu qədər ağır söz yükünü çiyinlərinə almaq, -kişi yazarlar məndən inciməsin, - qadın yazarların misralarında döyünən ürəklər məni daha çox etkiləyir. 

-“Sevdalı yol “ şeirimdə yazmışam:
Ölümsüzə ölüm yox.

Əslində şairlər ölümsüz ruhlardır. Əgər bu gün hansısa şeirim o hisslər, o duyğular altında yazılıbsa o misralar insanın ruhən yorulduğu, insanlardan, ətrafdan bezdiyi anlar olur və belə anlarda yaranan şeirdir. Şair qəlbinin üsyanından, üsyankarlıqdan əmələ gələn şeirdir.
 
-Dünya öz işində, öz əməlində
Bir cam bizə verib, bir cam əlində
Biz atəş içində, özü sərində
Baxır bizə ağlıgerilər kimi.
 
Bəlkə də sualım ritorik səciyyə daşıyacaq, bizim camımızla dünyanın camı arasındakı fərq çoxmu böyükdür?
 
-Məncə, bəli. Bizim XIV əsrdə yaşamış çox görkəmli Azərbaycan şairi var, Marağalı Əhvədi. Onun “Cami-cəm” əsəri var. Həmin əsərdən çıxış edərək, bir qədər mifik xarakter daşıyan o əsərdə dünyanı idərə edən böyük bir şahın əlindəki o möhtəşəm camdan söhbət gedir. O, ilahi bir camdır. Bir tərəfdə adilik, digər tərəfdə ilahilik. Mənə elə gəlir ki, adiliyin içərisində doğulub boya-başa çatan bir insanın ilahi cama sahib olmaq istəyi burda yenə də insanın böyüklüyə, nəhayətsizliyə çatmaq arzusundan, istəyindən irəli gəlir. Dünya insanı olmaqla yanaşı, kainat insanı deyilən bir anlam da var. Mənə elə gəlir ki, adi insanlardan fərqli olaraq şairlər dünyanın ilahi camından şərab içən insanlardır. Burda söhbət ilahi şərabdan gedir. Bu dünyanın camı ilə ötəki dünyanın camı arasında fərq çox böyükdür.

-Yəni o camdan içənlər seçilmişlərdirmi?

-Əlbəttə. Məhz həmin camdan o insanlar içirlər ki, onlar ilahi eşqin daşıyıcılarıdır.

-Və o ilahi eşqə çatmaq üçün əzablı yollardan keçməyi bacarmaq lazımdır.
Bəzi  şairlərimizdə rast gəlirik. Misra da var, qafiyə də. Bənd də yerindədir. Belə baxanda hər şey var, eyn zamanda da heç nə yoxdur. Bu cür şairləri belə təsnif edirəm : Hər şeyi var, heç nəyi yoxdu. O əzablı yolu keçməyənlərdir ki, poeziyasında yanğı yoxdur.
 
-Hər şey hamı üçün, hər kəs üçün deyil,- ifadəsi burda yerinə düşür. Yəni şeiriyyət də anlayan, duyan insanlar üçündür. İnsan hisslərini duyan, duyğulara dəyər verənlər üçündür, poeziya. Və o insana insan demək olar ki, o, doğrudan da poeziyanın fövqündə dayanmağı bacarır. Şair təsadüfi demir ki,
 
“İnsan var ki insanların naxşıdır,
İnsan var ki dindirməsən yaxşıdır.”
Kobud  desək, “ Heyvan ondan yaxşıdır” . İnsan, böyük hərflərlə yazılmalı, insan dedikdə, məncə, hər şey  bütün ülviyyətin nöqtələndiyi məqama gəlib çatmalıdır.
 
-“Hərdən dəliləşir, dəli ürəyim” – deyir, Bahar Səmin. Və deyir ki, “Yenə yüzə çatıb bu payız yaşım”.
  Valideynləriniz sizi Bahar adlandırdı və “ Bahar qız “ obrazına zaman-zaman rastlamaq mümkündür, istər şeirlərinizdə, istərsə də hekayə və esselərinizdə. Bununla yanaşı payız həsrəti, payız öyküsünə də çox rast gəlirəm, yaradıcılığınızda. Bahar ləçəkləri qədər zərif bu qəşəng xanım payızdan nə çox yazır?
 
- Doğrudur, valideynlərim məni Bahar adlandırdılar, çünki mən baharda dünyaya gəldim, amma şeirlərimin birində də belə qeyd edirəm mən bunu :“ Mən bu yer üzünə aid deyiləm”. Və baharlı dünyada yaşayıb payıza aşiq olmaq bir paradoks yaradır. Şairlərin ən çox ilham aldığı fəsil yenə  də bahar fəslidir... Payız payızda qalsın.
 
-Bahar xanım, elə bu məqamda sizin, mənim də çox sevdiyim “Aid deyiləm” şeiriniz yadıma düşür.
 
Başım tufan edir, ürəyim fəryad,
Ağır yuxuluyam, məni sən oyat,
Sən ki taleyimi bilirsən, həyat,
Mən bu yer üzünə aid deyiləm.
 
 “ Kədər yağışı” şeirinizdə isə deyirsiniz:
 
Yağış da dünyadan silə bilməyir,
Yalanı, böhtanı, aldanışları.
Ağlayıb, sızlayıb enir torpağa,
Özüylə basdırır yanlışlıqları.
 
“ Doğma şəhərim “ adlı sərbəst  şeirinizdə də diqqətimi çəkən məqamlar var:
 
Köləliyin amansız qırışları kök salıb
İnsanların üzündə
Gənclər yaşlanıb böyümədən.
Bu şəhərdə xəstələrin sayı çoxdur
Sağlam adam axtarıram, nədən yoxdur?
Bu şəhərin dindarları qorxunc, cahil
Nə elmdən xəbəri var, nə kitabdan.
 
Bakı paytaxtdır, burada yaşayan qələm əhli istədiyini yazmaqda sərbəstdir. Amma siz, kiçik coğrafi məkanda yaşayan, üstəlik də zərif cinsin nümayəndəsi, gördüyünüz kəm-kəsir və eybəcərlikləri bir vətəndaş mövqeyindən çıxış edərək nəzmə gətirirsiniz. Buna görə də sizi alqışlayıram. Oxucunuzu itirməkdən qorxmursunuz sualını da sizə ünvanlamıram. Ali səviyyəli oxucusu olan yazarlar, kəmiyyətcə üstün olan adi oxucu kütləsini itirmək təhlükəsini yaşamırlar.
 
“ Kədər” şeirinizdən bir misra:
 
“Göydən yerə baxan bir cüt göz...”
 
Bahar Səmin, insanı Tanrılaşdıran, Tanrını insanlaşdıran şairədir, -düşünürəm. Etirazınız yoxdur?
 
 -Təbii ki yox. Ümumiyyətlə mən, Tanrının təkcə kişi üzünü deyil, həm də qadın üzünü görən varlığam. Və yenə də əvvəlki fikrimə qayıtmaq istəyirəm, çox xahiş edirəm, bunu mütləq qeyd edin,  “İnsan kimi yaşayanda, insan özü Tanrılaşır!” Mənim üçün Tanrı əlçatmaz, dərkolunan və eyni zamanda dərkolunmaz bir varlıqdır. İnsan da Tanrının bir zərrəsi olaraq, elə Nəsimi şeirində olduğu kimi həqiqətin, haqqın və Tanrının özüdür.
 
  -“Sadəcə sən də”,  “ Sən mənim uzaqda yaxınım olanım “ deyirsiniz. Bahar xanım, uzaqda olan yaxınlarınız çoxdur, yoxsa yaxında olan uzaqlarınız?
 
- Çox çətin sualdır bu, əslində. Mənə elə gəlir ki, uzaqda olan yaxınlarım çoxdur. Çünki, Tanrı qədər uzaqda və eyni zamanda yaxında olan varlıq elə Tanrının özü imiş.
 
 - “ Dəyişən dünya “şeirinizdə “ Atı eşşəyinə dəyişən dünya” yazırsınız.  Bu hamımızın yaralı yeridir.
 
- Həyatımızın reallığı, qaçılmaz həqiqətimizdir.

- Bahar Səmin sazda sındırılmış sim olsa da, Dönüb bir də onu sevən deyil. Tanrı sevgisilə yaşayan, onun dərgahına ulaşmaq üçün yolunu seçən, cığırını salan şairədir. Bir az öncə verdiyim sualın təzahürüdür ki, Bahar Səmin deyir : Tanrı da ağlaya bilir... Nə qədər məna yükü var bu cümlənizdə. Təbii ki əgər insan Tanrını sevib dərk edərək, onun məqamına ucala bilirsə, o, Tanrının, nəinki ağlamasını, hətta gülməsini, qəzəblənməsini belə görə bilər. Bahar xanım, yəqin ki gələcəkdə biz sizinlə bir daha görüşərik. O zaman toxunmadığımız mövzulardan, poeziyanızın digər məqamlarından danışarıq. Ən son şeirlərinizdən birini oxucularımıza təqdim etmənizi rica edirəm.
 
Olmadı
 
 Hamı ağıllı oldu,
 Sevməyə dəli qalmadı
 Mənim sevda dinimdə
 Bir kimsə Əli olmadı.
 
Geyib dəlilik donu,
Düşünmədim mən sonu
Şair etsəm də onu
Yazmağa təbi olmadı.
 
Seçsə də qaradan ağı,
Vurub qəlbə həsrət dağı
Eşqə düşməyə halı
Çəkməyə qəmi olmadı.
 
    - Mən sizin son yaradıcılıq işiniz olan “ Dan yerinin şəfəqi “ dramınızın ilk oxucularından biriyəm. Bizi izləyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, Cənubi Azərbaycandan, Qəzvindən olan şairə, alim, inqilabçı, reformator, ideyaları uğrunda sonuna qədər döyüşən, əqidəsi yolunda edam kürsüsünə gedən və şəhid olan türk qadını Tahirə Qürrətül-Eyn haqqında dram əsəri yazmısınız. Çox yaxın zamanlarda bu dram əsərinin səhnə həyatını yaşamasını arzu edirəm. Yəqin ki, bunun şahidi ola biləcəyik. Tahirə Qürrətül-Eynə olan sevginizdən xəbərdaram. Asi ruhlu, döyüşkən birinin Tahirəni sevməməsi müşkül məsələdir, o ki şairə ola. Bu dramın əsəriniz hansı səbəbdən yazıldı?  Yəni şeir, hekayə, roman yox, məhz dram yazdınız. Niyə?

- Çox maraqlı sualdır. Öncə təşəkkür edirəm, əsərimin ilk oxucusu olduğunuz üçün. Bu əsərin yazılmasının çox maraqlı tarixçəsi var. BDU -nun professoru Azər Cəfərovun təşəbbüsü və mənəvi dəstəyi ilə yazılıb bu əsər. Azər müəllim həm də əsərin elmi redaktorudur. On beş il öncə Əzizə Cəfərzadənin “ Zərrintac Tahirə “ romanını oxumuşdum. Şairə Tahirə  obrazı mənə çox yaxın olsa da, onun keçdiyi mübarizə dolu həyatı haqda o qədər də məlumatlı deyildim. Müxtəlif mənbələrdən apardığım araşdırmalar sonucunda bu əsəri yazmaq qərarına gəldim. Bu üsyankar, inqilabçı qadını tanıtmaq məqsədilə və nə vaxtsa səhnədə göstəriləcəyi ümidilə “ Dan yerinin şəfəqi “ ərsəyə gəldi. XIX əsrdə yaşayıb, inqilaba rəhbərlik edən qəhrəmanın ictimaiyyətə tanıdılmasına ehtiyac var. Ümumiyyətlə, bizim qadın şairələrimiz çox az tanınıb. Mentalitetdənmi, ya yazılmamış qanunlardandır ki, hər əsrdə onlarla yaradıcı qadınlarımız yetişsə də, onların üzə çıxması çox ləng baş verib. Tahirə kimi bir şəxsiyyət barədə yazmaq həm böyük cəsarət, həm də məsuliyyət tələb edir. Bu məsuliyyəti çiyinlərimdə hiss etdim, Tahirəyə olan o məhəbbətimdən, sevgimdən irəli gələrək bu əsərin yazılmasına nail oldum. Bu gün fəxr edirəm ki, sonucda belə bir gözəl əsər meydana gəlib. İnşallah ümid edirəm ki, həmin əsərin səhnə təcəssümünü də görərik. Həm oxucular, həm də tamaşaçılar bu qəhrəmanlıq salnaməsi olan xanımı tanıyarlar. Tahirə ilahi ruhun daşıyıcısı, insanları düzlüyə, doğruluğa, həqiqətə çağıran və əsrlərlə aparılan azadlıq mübarizəsinin önündə gedən, azad insan, azad cəmiyyət, azad qadın və sonucda azad dünya ideyasını irəli sürən möhtəşəm bir insandır. Onun həyat və fəaliyyətilə tanış olmaq bu gün çox aktualdır. Onun tanıdılması ədəbiyyatımızda, mədəniyyətimizdə, eləcə də ictimaiyyətimizdə çox böyük səs-küyə səbəb olacaq deyə düşünürəm.
 
-Düşünürəm ki, bu bir hadisə olacaq. Çünki, o çox kiçik bir dairədə tanınır. Bəzi qələm sahibləri və bu sahədə mütaliəsi olan zümrə istisna olmaqla, Tahirə mövzusu qaranlıq bir mövzu olaraq qalır, hələ ki. Kurikulumdan öncə yazılmış 10-cu sinif Azərbaycan tarixi dərsliyində onun haqqında üç cümlə verilmişdi. Biz onsuz da xalq olaraq inqilabçı ruhluyuq və bu üç cümlədən şagird bu qəhrəmanın böyüklüyünü və kimliyini necə dərk edə bilərdi ki?
 
-Arifə bir işarə də bəs edər.
 
-Sizdən son olaraq bir şeir rica edək.
 
 
                       Gizli
 
Gecənin sükutu, xəyalllarımla
Yenə söhbət edir, danışır gizli.
Sükutun içində nə dünyalar var,
Sevdalar gecənin içində gizli.
 
Gecə vüsal deyil, həsrətin özü,
Gecə gündüzlərin yuxulu gözü.
Ən gözəl sevdanın ən gözəl sözü
Saxlanır sükutun içində gizli.
 
Hər kəs yuxudaykən o sevda oyaq,
Qışqıran hər sevgi yalançı boyaq.
Böyük sevdalara yaradan dayaq
İşıqlar qaranlıq içində gizli.
 
Hər xəbis baxışdan uzağam, uzaq,
Sevdamla qəmlənir qurulan duzaq.
Hər aşiq baxışda eşqim olacaq
Duyan könüllərdə qalacam gizli.
 
Yuxuya çevrilib ani bitsə də,
Eşqin həsrətini özüm seçsəm də
Bir gün bu dünyadan köçüb getsəm də
O aşiq ruhunda qalacam gizli.
 
 Söhbətləşdi: Kəmalə Səlim Müslümqızı


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”

Sayğac