Xəbər lenti

 Şrift:
 

 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
 
        Dünyanın bir qütbünün digər bir qütbü üzərində hegomonluğu bəşəriyyəti fəlakətə, üçüncu CAHAN savaşına sürükləyir... Insan sevinci-nəşəsiylə, əzab və iztirabları ilə hardasa dünya ilə eyniləşir... Məncə, cəmiyyət həyatının tərəqqisi də, tənəzzülü də əxlaqla bağlıdır...” söyləyən yazıçı – jurnalıst Nurəddin Ədiloğlundan çoxdan müsahibə almaq fikrim vardı. Onunla iş yerində, AYB-dəki tədbirlərdə, təbiət qoynunda dəfələrlə görüşmüşük. Müxtəlif mövzulardan danışsaq da yaradıcılığı barədə ad günü ərəfəsində ilk dəfə söhbət açdıq. 
 
    Z.V: Mən sizi öncə imzanızdan tanımışam. Amma Nurəddin Ədiloğlu kimi yox, Nurəddin Muğanlı kimi. Necə oldu ki, Muğanlını Ədiloğluyla əvəzləmək qərarına gəldiniz?
 
   N.Ə: (gülümsünür)  Əvvala, gəl bir-birimizə sən deyə müraciət edək, “siz” “sən”dən, “mən”dən  çox  uzaqdı... Əslində “Ədiloğlu”  “Muğanlı”dan  daha öncə  “dünyaya gəlib”.  Publisistik yazılarım, “Tok Qafar” adlı ilk hekayəm ötən əsrin 70- 80-ci illərində  Masallının “Çağırış” qəzetində bu imzayla çıxıb,  eyni zamanda radionun “Bulaq”  verilişində  bölgəmizin  ağsaqqal və ağbirçəklərin yaddaşından  qələmə aldığım xalq  yaradıcılığı nümunələri  dinləyicilərə  Ədiloğlu  imzasıyla təqdim  olunurdu. Muğanlı isə rəsmi soyadımdır. Bu soyadı götürməyimin  maraqlı tarixçəsi var. Həkim, alim, şair, bəstəkar Mirkazım bəy Aslanlı -  Sarəng barədə səninlə  çox söhbətimiz olub. Bax, o, 12 aprel 1961-cı ildə (yəni mənim 3 yaşımda) Yuri Qaqarin kosmosa uçan gün nəzmlə “Masallının İstisuyu haqqında fantaziya”  yazıb. Öncəgörmə qabiliyyəti  olan insan kimi  deyib ki,  “İstusu”  Gülüstan adlı kurort şəhərciyinə dönəcək, bir muğanlı oğlan bir gün məzarım üstünə gələcək və dost kimi məni yad eləyəcək!.. Bu misraları oxuyanda tələbəydim. Sağlığında kitabı işıq üzü görməyən  Sarəngin yaddaşlardan və arxivindən topladığım şeir və qəzəllərini “Elə baxma, lalə” kitabında nəşr etdirdim,  rayonda 80 iilik yubleyini keçirdim. Sarəngin 100 illiyinə həsr olunmuş  “Məni tərk etmə” filmində  Muğanlı soyadını necə rəsmiləşdirdiyimdən bəhs etmişəm. Axı o zaman soyad dəyişdirmək, “ov”dan, “yev”dən imtina etmək  müşkül məsələ idi. Bir halda ki, söz imzadan düşdü,  onu da deyim, təbiətcə utancaq oduğumdan ilk mətbu yazım  1975-ci ilin mayında - orta məktəbin yuxarı sinfində oxuduğum vaxt, Qorxmaz adlı kiçik qardaşımın imzasıyla rayon qəzetində dərc olunub. İndi bəzən Azərnur təxəllüsünə də “sığınıram”. Bu, ən çox sevdiyim ədəbi qəhrəmanımın adıdır.
 
      Z.V: Bu günəcən çoxsaylı hekayələr, publisistik yazılar, povest və romanlar yazmısan. Bunların hansı sənin yaradıcılığında mühüm yer tutur?
 
      N.Ə:  Hekayələrimdən “Sel”, publisistik yazılarımdan “Mənim Bağdagül nənəm”, povestlərimdən “Adəm və Həvva”, romanlarımdan  “Azərnur” (“Qanlı ocaq”). Amma yaxşı bilirsən ki, qələm əhlinin bütün yazılarının arxasında zəhməti, əziyyəti, yaradıcılıq əzmi dayanır. “Ədəbiyyat” qəzetində dərc olunan “Sel”  haqqında, şair Hikmət Məlikzadə yazmışdı ki, “Sel” Nurəddin Ədiloğlunun yaradıcılıq dünyasını arxası ilə aparan LOKOMOTİVDİR.  Bu üsyankar “maşın”ın  dispetçeri  vicdandır.”  Yaxud, “Mənim Bağdagül nənəm”  ədəbi saytlarda və “Kredo” qəzetində oxuyanlar etiraf edirlər ki, yazı onları həm uşaqlıq  çağlarına aparıb, həm də öz nənələrini xatırlayıblar. “Adəm və Həvva”  kino-povesti  müasir çağımızdan, cənnət Qarabağdan didərgin düşmüş  gənc  ər-arvadın taleyindən bəhs edir. “Azərnur”da isə insanın özündənkənar baş verən hadisələrin onun mənəvi dünyası  ilə ruhi və məntiqi  bağlılığını  magik realizm üslübu ilə təsvir etməyə çalışmışam. Fəlsəfə elmlər doktoru, professor Rahid  Uluselin təbirincə desəm, romanda bir obanın taleyində  Planet  əxlaqının  yetişməsinə baxılır.
 
     Z.V: Birdən-birə belə irihəcimli roman yazmaq üçün yəqin çox mənbələrə müraciət etmisən, səhv etmirəmsə, bu əsərin məzmunu ilə Xəlil Rza Ulutürk də tanış  imiş...
 
  N.Ə.  Həyatımda ilk dəfə 14 yaşımda qonşu kənddən iki, kəndimizdən bir nəfərin ov tüfəngi ilə qətlə yetirilməsi məni çox sarsıtdı. “İnsan ovçuları” adlı uzun  bir əhvalat yazmağa başladım, 10-cu sinifi bitirəndə isə 3 məktəb yoldaşımın qəfil ölümü  ruhumu silkələdi, onlardan biri qız idi və özünü yandıraraq intihar etmişdi. 96 səhifəlik şagird dəftərində “Yandırılmış ürəklər” kino-povestini yazdım. Leninqradda hərbi xidmət zamanı, biz əsgərlər kazarmada olmayanda əşyalarımıza “baxış” keçirən alay komandiri əmr edir ki, kimin nə artıq kağız-kuğuzu var, yandırılsin. Beləcə “İnsan ovçuları” daha bir azğın “ovçunun” hədəfinə tuş gəldi. Təzədən bərpa etməyə çalışsam da, bir şey alınmadı. “Yandırılmış ürəklər”in əlyazmasını “Dağlarda döyüş” bədii filminin ssenari müəllifi rəhmətlik Əhmədağa Muğanlı oxuyub dedi: “Qəm-kədər motivi çoxdur, yəqin sən, ya hind yazıçılarının, ya da filmlərinin təsiri altındasan”. Sonra Əfqanstandan  tabutu gətirilmiş, az sonra  sağ qayıdan əsgərin taleyindən bəhs edən “Yaralı qu quşları”  yazım da yarımçıq qaldı. Nəhayət, qürbətdə-Riqa şəhərində ilk variantını “Məslək” adlandırdığım “Azərnuru” yazdım. Geri dönəndə birbaşa AYB-nin (o vaxt Azərbaycan Yazıçılar İttifaqı adlanırdı) sədri yazıçı Anarın qəbulunda oldum, o, bir abzas oxuyandan sonra rəhmətlik Yusif Səmədoğluna zəng etdi. O vaxt “Azərbaycan” jurnalının nəsr şöbəsinin müdiri Mövlüd Süleymanlı, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri Vaqif Yusifli əsəri oxudular. Mövlud müəllim obrazların adını dəyişməyi məsləhət bildi. Azadlıq mücahidi Xəlil Rza Ulutürkü isə evində ziyarət etdim, əməliyyat olunmuşdu, əsərin məzmununu danışdım. Dedi: “Oğul, beynumin gücü qalmayıb, özün iki vərəqlik ön söz yaz gətir imaza edim”. Yazmadım. (Çox sonralar eşitdim ki, gənc müəllliflərin çoxu ilk kitablarına yazdığı ön sözü aparıb görkəmli şair və yazıçılara imzaladırmış) Onu da deyim ki, romandakı Ulutürk obrazı elə Xəlil bəyin prototipidir.      
    Əsərdə Zərdüşt fəlsəfəsinə, “xeyir fikir, xeyir söz, xeyir əməl” triadasına müraciət etməyim isə 80- illərdə  unutqanlığımızın  müsibətlərə yol açmasından irəli gəlirdi. Zərdüştün bəzi mənbələrdə Muğanda doğulduğu yazılsa da, onu Avropada “şərqin doğduğu, amma qərbin oğulluğa götürdüyü” böyük zəka sahibi adlandırırlar.  Riqada bir kilsə kitabxanasında fransız dilində 18 - ci əsrdə  nəşr olunmuş “Alimlər məcmuəsi” jurnalında onun haqqında geniş məqaləyə rast gəldim.
   23 il əvvəl 3000 tirajla nəşr olunan kitabın bir hissəsinin satışını o vaxtkı “Azərkitab” təşkil etdi. Kinorejissor Rövşən Almuradlı ilə tanış olanda  dedi ki, sponsor olsa,  “Azərnur”un motivləri əsasında sanballı film çəkə bilərəm. Müəllifin öz kitabı barədə fikir deməsi gülünc şeydir. AYB-də “Qara sarmaşıq” romanımın təqdimat mərasimində çağdaş Azərbaycan ədəbi tənqidinin cəfakeşi Vaqif Yusifli “Azərnur”un stilistikasından söz salanda, bir oxucu təklif etdi ki, əsər latın qrafikasıı ilə nəşr olunsa yaxşı olar!  Mən də öz vəsaitimlə  “Azərnur”u  yenidən 500 tiraja nəşr etdirdim.
 
        Z.V: Bədii yaradıcılığına ədəbi-tənqidin münasibəti necədir?
 
     N.Ə.  Bilirsən Zəka, bu gün bəşəriyyəti idarə edən sistemin  özü  maddi maraqlar üzərində qurulub. Çox təəssüf  ki,  təmannalı  münasibətlər ədəbiyyata, incəsənətə də sirayət edib.  Xalq şairi Sabir Rüstəmxanlı  Mətbuat və  İnformasiya naziri olanda “Azərnur”u oxudu və mənim yazıçılar birliyinə üzv olmağa zəmanət verdi, üstəlik  kitabımın satış üçün“Azərkitab”a  verilmısinə kömək etdi.  Elm və ədəbiyyat xadimləri, bir çox ədəbiyyatşünas alimlər,  professorlar, o cümlədən Rahid Ulusel, Nizaməddin Şəmsizadə, İsmayıl Vəliyev, Fərahim Sadıqov, Zeydulla Ağayev, Vaqif Yusifli, Aqşin Babayev, tarixçi – alim Əjdər Fərzəli, qocaman pedaqoq, nasir Əhməd Səmədli, şair-publisistlərdən Əli Mahmud, Hikmət Məlikzadə, Əli Nəcəfxanlı, Elsevər Məsim,  yazıçı Qorxmaz Abdulla və başqaları yaradıcılığım haqqında məqalələr yazıblar.
    Üzünü görmədiyim, tanımadığım alimlərdən də kitablarım haqqında yazanlar olub. Məsələn, Filologiya elmləri doktoru Səlidə  Şərifova “Çağdaş Azərbaycan  postmodern romanı”  kitabında yazır:  “2008-ci ildə Bakıda Nurəddin Ədiloğlunun döyüş meydanlarının «qaynar nöqtə»lərindəki əməliyyatlarından, keçən əsrin coşqun 90-ci illərinin Bakıda baş verən siyasi proseslərindən bəhs edən «Qara sarmaşıq» (2008) romanı nəşr edilmişdir. Müəllif dağıdılmış siyasi prosesin xronologiyasına əsaslanır. Maraqlıdır ki, N. Ədiloğlu siyasi intriqalardan əziyyət çəkən və mübarizə aparan xalq obrazını yaratmağa nail olur. (“Çağdaş Azərbaycan postmodern romanı” Bakı, «Elm və təhsil»,2015, səh  33)   Mən  2011-ci ildə  bu yazının rus variantını Moskvada nəşr olunan jurnalının elektron saytında təsadüfən oxudum və bir –iki dəfə   minnətdarlığımı bildirmək üçün  Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna  getdim. Dedilər; Salidə xanım Moskvaya gedib. Arxivimdə Məmmədağa Sulatanov, Qəmərşah Cavadov, Vaqif Yusifli, Əsgər Zahidov kimi tanınmış alim və professorlardan aldığım məktular durur. Rayonda yaşayanda çap olunmamış kitablarımın əlyazmasını 30-40 adam oxuyub məktubla fikir bildirərdilər. İndi  adam inana bilmir  ki, ədəbiyyata belə maraqlı  bir dövr olub. Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır. İndiki  PUL zamanəsində  yalnız   şit və bayağı reklamla “məhşurlaşmaq” mümkündür...  Sovet dönəmində  mən dəfələrlə təmannasız olaraq televiziyaya və  radioya dəvət olunmuşam.  Qəzetlərdə dərc olunan, “Bulaq”da  gedən yazılarıma görə qonorar  almışam. Amma indi bir də görürsən ki, zəng edirlər ki, sizi canlı yayına dəvət edirik,  ikmanınız olsa,  verilişə sponsor qismində  pul yardımı edin!  Belə olanda təbii ki, verilişə dəvət olunanın pulu nəzərə alınacaq, yazdığı yox! Ona görə bu gün ədəbiyyata biznesdən gələnlər daha çox tanınır, nəinki ömrü boyu özünü ədəbiyyata həsr edənlər.
 
Z. V: Görkəmli tənqidçi Vaqif Yusifli “Qara sarmaşıq” romanın haqqında yazdığı “Sözün müharibə rəngi” məqaləsində qeyd edir ki, Nurəddin Ədiloğlu ədəbiyyata publisistikanın qanadlarında gəlib. Bildiyimə görə, publisistiküslubun xüsusiyyətlərindən biri də  müxtəlif emosiyaların əks etdirilməsidir. Şəxsi peşəkarlıq olmadan bu sahədə uğur mümkün deyil....
 
  N.Ə. Bəli, publisistika termini uzun müddət sosial ədəbiyyat mənasında işlənib. “İctimai” anlam daşıyan publisistika sonralar həyatı doğru-düzgün əks etdirən jurnalistika janrı adlandırıldı. Mən 42 ildir ki, bu missiyanı yerinə yetirirəm. Emosiyaların əks etdirilməsini dedin, 1992-ci ildə Daxili İşlər naziri İsgəndər Həmidovun başçılığı ilə cənub bölgəsində aparılan “subtropik əməliyyatı” barədə “Millət” qəzetində yazdığım “Davam edir 37”, 1993-də Ə. Hümmətovun özbaşınalığından bəhs edən “Arxadan vurduğu zərbəyə görə mükafat umanlar” məqalələrimə görə təqiblərə də məruz qaldım, hətta o vaxt yazıma görə “Millət” qəzetinin redaksiyasına şəxsən İsgəndər Həmidovun hücum çəkməsi barədə  qəzetin növbəti sayında yazı da dərc olundu... İsti aşıma soyuq su calayan  kəskin publisistik yazılarım  çox olub. Mən  o yazıları qələmə alanda düşünmürdüm  bir vaxt gələcək  jurnalistlərə,  tutalım,  fəxri adlar və ya pulsuz mənzil veriləcək...
    1995-ci ildən fəaliyyəti dayanana kimi baş redaktoru olduğum ”Masallı” qəzetinin  layiq görüldüyü “Regionda ən mübariz qəzet” diplomunu və mükafatını 1998-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsinin sədri Əflatun Amaşov şəxsən özü ilk dəfə mənə təqdim edib. KİV-də dərc olunan yazlarıma görə pul mükafatları, diplomlar və fəxri fərmanlarla təltif olunmuşam. Yazıçı kimi də bir il (2012-də) prezident mükafatı almışam.  Amma çox istərdim ki, 42 illik jurnalistlik  faliyyətimə görə mənim də adım bu il Milli Mətbuat günü mənzil alacaq  həmkarlarımın siyahısında olsun.
 
   Z.V: Bir yazıçı kimi kriminal aləmin məşhurlarının həyatından kitab və  bir çox yazıların da müəllifisən. Hansı maraqdan səndə bu sahəyə müraciət etmək zərurəti yarandı?
 
      N.Ə:  Əvvala onu deyim ki, heç vaxt “qanuni oğrular” barədə  nə kitab,  nə də məqalə yazmaq fikrində olmuşam. Rövşən haqqında “Məni ədalətlə mühakimə edin”  adlı ilk yazım 1996-cı ildə “Avrasiya” qəzetində dərc olunub, onda mən həmin qəzetin cənub bölgəsi üzrə təmsilçisi idim. Aradan 20 il keçəndən sonra onun haqqında “Uzaq səfərə çıxıram...” essem saytlarda yayımlandı. Yəni bir saytın verdiyi yazımı  bir-neçə sayt verdi, Hətta  o yazını 47 mindən  çox adam oxudu.  “Masallı Mamed” kitabımda “Cənub şikəstəsi” adlandırdığım ikinci kitab Rövşən Lənkaranski haqqında yazımla başlanır. Mən onunla şəxsən iki dəfə Masallı Mamedin 40 və il mərasimlərində görüşmüşəm. Hətta il mərasimində Mamed haqqında yazdığım kitabı əlində  tutmuşdu. Amma demədim ki, o kitabı 21 yaşı olanda onun haqqında ilk dəfə mən yazmışam. Mamed də, Rövşən də qısa ömür yaşasalar da cəsarətləri ilə dillərdə əzbər olan ad qazandılar. Onu da deyim ki, Mamedlə Masallıda, vaxtilə Cəfər Cabbarlının adını daşıyan küçədə yaşamışıq. Kim inanardı ki, qorxmazlığı, təəssübkeşliyi, qeyrəti, dürüstlüyü gənclik yaşından onu həbsxanaya gətirib çıxaracaq.  O  həmişə “Mənim bir adım var, onu da mənə atam İsgəndər verib!” deyə “qanuni oğru” adından dəfələrlə imtina etmişdi. Amma görünür, bu da onun taleyinə yazılmışdı. Və ən qəribəsi  də budur ki, Mamedin ana babası  Abdulbaqi kişi  də dürüstlüyünə  görə  vaxtilə  həbs olunmuşdu.
   Bir dəfə Rfiq Tağıyla küçədə rastlaşdım. Mənə dedi ki, sən  həbsxanada olmusan? “Yox” dedim... Dedi: Mamedin zindan həyatını elə yazmısan ki, elə bildim həbsxanada olmusan. Mamed üçün həbsxana dünyanın ən böyük qiraətxanası idi. Mənim 2-3 kitabımı oxumuşdu. Həbsxana hücrəsində fikir verdim ki, Bjezinskinin “Böyük şahmat taxtası” kitabını oxuyur.  Şəxsən Dostoyevskini, Tolstoyu oxumağı o, mənə tövsiyyə etmişdi. Hətta “Bakı açıq şəhərdi” romanımı  tənqid də etmişdi. Orta təhsili olsa da, onu  mənsub olduğu aləmdə  “Akademik” çağırırdılar.
 
 Z.V: Bu günki ədəbiyyatımızın durumu sizi qane edirmi?
 
   N.Ə: İspan yazıçısı Anna Mariya Matutenin  “Biz ona görə  yazmağa başladıq ki, narazıydıq...” fikrinin, görünür, bizim yaşadığımız cəmiyyətə dəxli yoxmuş.  “Ədəbiyyat” qəztinin apardığı sorğuda təqribən belə sual verilmişdi. “Azərbaycan ədəbiyyatını dünya üçün maraqlı səviyyəyə qaldırmaqdan ötrü qarşımıza hansı hədəfləri qoymalıyıq?” Cavabımı “bir az sərt” adlandırıb, qəzetdə dərc etmədilər. Əgər bir qələm sahibinə Allah verən istedadın 95 faizini məişət qayğısı gəmirirsə o, nə etməlidir?
    Biz həmişə fəxrlə deyirik ki, XII əsrdə Azərbaycan ədəbiyyatı bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Gəlin görək,  bu çağımız üçün  belə fikri deyə bilərikmi? Əlbəttə, yox! Qısası, indiki çağda ədəbiyyatın dünyada təbliğinə dövlət dəstəyi fondu olmalıdır. Şəxsən mən istərdim, müharibə mövzusunda yazdığım “Qara sarmaşıq”, “Azərnur” romanlarım, “Adəm və Həvva” povestim əcnəbi dillərdən birinə tərcümə olunsun. Amma indiki zamanda yazıçıya əsərini nəşr etdirmək, təbliğ etmək, üstəlik xarici dilə çevitdirmək maliyyə vəsaiti ilə başa gəlir. Tutalım, ömrünü kirayədə keçirən, gecə-gündüz məişət qayğıları ilə yaşayan qələm sahibi dünya səviyyəsinə çıxarılacaq əsərini necə əcnəbi dilə tərcümə etdirsin?
    Mən  inanmıram ki, tutalım, Latviyada  hansısa yazıçı  maddi durumuna görə  dövlət məmurundan asılı vəziyyətə düşsün. Və məcburiyyət qarşısında qələmin istiqamətini dəyişsin!  Fikrimcə, ədabiyyatın siyasətlə  ortaq  heç  nəyi   ola  da  bilməz.  İstər şərq olsun, istər qərb, hegomonçuluq, mənəm-mənəmlik   ədəbiyyatın da səviyyəsini  aşağı  salmağa  xidmət  edir. Nəticədə kiməsə xoş gəlmək üçün yazılan və  təmtəraqlı  təqdimat  mərasimləri  keçirilən  kitablar  ədəbiyyatdan   daha  çox   reklam  plakatına  bənzəyir.  Dünya şöhrətli Çingiz Aytmatov  deyirdi ki,  “Ta qədimdən  bu günə  kimi  insanı fərdi  keyfiyyətlərdən  məhrum  etmək imperiya, imperialistlər və hegomonçuluq iddasında olanların  məqsədi olmuşdur”   Dolanışıq naminə indiki zamanda doğma balasını özgəyə satan anayla və  ya  böyrəyinin birinə müştəri axtaran adamla, əlyazmasını qoltuğuna vurub, hərraca çıxaran müəllif   suç ortağı olsa da,  eyni iztirabı yaşayırlar…
 
 Z.V: Ədəbi janrlardan hansında yazmaq sənə maraqlı və rahatdır?
 
 N.Ə: İnan ki,  ədəbiyyatın  bütün  janrlarında yazmışam, fantastik qarabasmadan tutmuş  pritçaya qədər... “Şəhidlər anası” adlı dram əsərim  1994-cü ildən bəri dəfələrlə xalq teatrının səhnəsində qoyulub. Ana rolunu ilk dəfə Lənkəran Dram teatrının aktirisası, xalq artisti Böyükxanım Əliyeva oynayıb.
Gülməli də olsa bir ara istədim ki, özüm “Ləvəngi” janrı yaradam. Bir halda ki, ədəbi mətn mənəvi qidadı, niyə də olmasın?  Məsələn, 3 - 4 janrı  bir yerə qatıb-qarışdırıb, yeni janr yaratmaq olar. Bədii yazılarımda nənəmin deyimlərindən çox bəhrələnmişəm...101 yaşında dünyasını dəyişdi. Ailədə, qohum-əqrəba arasında sülhün dayağı idi, nənəm. Yazı-pozu bilməsə də öz “əxalaq kodeksi” vardı. Rəhmətlik, canlı Akademiya idi... Bişirdiyi xörəklər kimi, ocaqdibi söhbətləri də dadlı-ləzzətli idi. İndi qələm “işləməyəndə” deyirəm ki: "Kədər didir qəlbimi, nənəm yun didən kimi..."   
    Janrından, həcmindən asılı olmayaraq bütün yazılarımda zorakılığa, mənəvi terrorra,  haqqsızlığa etiraz edirəm: Sarəngdən yazdığım kitabda da, dünyadan vaxtsız köçən professor Zeydulla Ağayev, xalq artisti İlham Əsgərov haqqında yazdığım  esselərimdə də...
    İnsan öz ömür binasının memarıdır, deyirlər. Şəxsiyyət kimi biz özümüz-özümüzü yaradırıq.  Və nə yazıq ki, bir-birini  istər cismən, istər mənən məhv edən də insanlardır. Əsəbi, gərgin yaşadığımız müasir dövrü qınayırıq, Yer kürəsinin aqibəti, irqindən-dinindən aslı olmayaraq, hamını narahat etməlidir.  Bəşər müharibə qorxusu,  terror təlaşı  keçirir. Bir ailənin dərdi bir  elin,  bir elin faciəsi bir xalqın, bir xalqın faciəsi dünyanın faciəsinə çevrilir. Dostoyevski deyirdi ki, xalqın içindəki  çirkabı  xalqa şamil etmək olmaz! Bir də yekunda onu deyim ki, yazıçı   yaşadığı cəmiyyətin reallığını  olduğu kimi yazmırsa, mühitin ruhunu təhrif edirsə, o, artıq ədəbiyyat yox, tok-şou yaradır.
 
      Z.V. Sirr deyilsə,   hansı əsər üzərində işləyirsən?
 
    N.Ə. Çoxdandı iki roman başlamışam, biri “Qaçaq Mozu”dur. 55 illiyimin qeyd olunduğu məclisdə xalq şairi Sabir Rüstəmxanlı mənə ötən əsrdə cənub zonasda xalq arasında nüfuz qazanmış qaçaqların həyatından roman yazmağı tövsiyyə etdi.  Qaçaq Mozu sənin rəhmətlik dostun xalq artisti İlham Əsgərovun kəndi Xoşçobanlıdan olub. İkincisi,  şərti adını “Qatil roman” qoyduğum əsərdi. Adından  məlumdur ki, roman yazıçının qatili olur... Filosof dostum Rahid Ulusel  demişkən,   söz də gərək qaranquş yuvaya  oturduğu kimi ürəyə gələ... Allah möhlət, məişət qayğıları  da imkan versə, yarımçıq yazıları tamamlaram. Bir arzum da, 60 illik yubileyimə son iki ildə yazdığım hekayələri toplayıb kitab nəşr etdirməkdir.
 
  Z.V:Müsahibəyə görə sağ ol, səni ad günün münasibətilə qələm dostlarımız və oxucular adından təbrik edirəm!
 
 N.Ə: Sağ ol, sənə də, məni təbrik edən və etmyən bütün dostlara və oxuculara  öz minnətdarlığımı bildirirəm!
 
     Söhbətləşdi:  Zəka Vilayətoğlu


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac