Xəbər lenti

 Şrift:
 
"... bu yolun sonunda; - “Ölüm”-  yazılıb ...
... sən, biraz, qarşıdan sağa dönərsən ..."

                           Zamiq Hacıyev

«Persona.az» saytı gənc yazar Nikbin Qasımlının ARAN ARB tv-nin əməkdaşı Zamiq Hacıyevlə müsahibəsini təqdim edir...

***

Öncədən fikir qeydi:

- Onunla, təxminən, 5-6 ildir ki, iş yoldaşıyıq. Vaxt olub ki, birlikdə bir otaqda çalışmışıq. Televiziya sahəsi belədir, axı. Bir departamentin tv işçisi olmuşuq. O, başqalarından fərqlənir. İstedadına, yaradıcılığına görə başqa əməkdaşlarımızdan seçilir. Yumoristik üslubu özünə xasdı. Şəxsən mənim üçün onun yeri xüsusidir.  Və s. və s. 

N.Q: Zamiq, salam. Əvvəlcə, onu deyim ki, əslində tet-a-tet tipli müsahibələrdə «siz» müraciətlərinə xüsusi önəm verilir. Amma, mən, neçə illərin tanışı kimi, iş yoldaşı kimi istəyirəm ki, «siz» müraciətini aradan götürüm. Səhv anlama, çünki bunu ərkyanə deyirəm.  (gülürük) 

Z.H: Yox, «siz» ə ehtiyac yoxdur, elə «sən» deyə müraciət eləsən yetərlidi. Bax, görürsən? Mən də sənə «sən» deyə müraciət eləyirəm. Bu, həm aramızda olan yaş fərqinin çox olmamasından, həm də biri-birimizi yaxından tanımağımızdan  irəli gəlir. Teymur əmi demişkən; - «Qəti qorxusu yoxdur». (gülür)

N.Q: Yəqin ki, mənim, müsahibədən  əvvəl səninlə bağlı yazılmış fikirlərimi oxudun. Nəsə, fikirlərimdə yanlışlıq varmı?    

Z.H:  Oxudum. Oxudum. Doğurdanmı  bu sənin ürəyinin şiddətli çırpıntısından yaranan səmimi sözlərdi. Heç inanmağım gəlmir. İnanımmı? Sən deyirsənsə inanıram, üstəlik  ümid eləyirəm ki, həqiqətən, sən mənim haqda belə bir müsbət fikirdəsən. İnan ki, bu barədə indi xəbər tuturam. (gülürük) 

N.Q: Belə. Sən demiş; - «Axirətsayağı» sual-cavablara  başlayaqmı? Başlayaqsa, onda biraz özünü tanıt. Tanışlara yox, ha, «Tanımayan»lara. Bu ifadəni xüsusilə dırnaq içərisində qeyd eləyirəm. (müsahibim özünü saxlaya bilməyib gülür)  

Z.H: Heç olmazsa, imkan verərdin, biraz fikirləşərdim. Elə isə başlayaq. (gülür)
intervyü-sinxron: (gülürük)

N.Q:  ... onda buyur ...

Z.H: Bir halda tanımayanlara dedinsə özümün qısa da olsa tərcümeyi- halımı şərh edim. Lap bu işə qəbul zamanı CV doldurmağa bənzədi. (gülür) Mən, Zamiq Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində doğulmuşam. 2004-cü ildə tam orta məktəbi bitirib, elə həmin ili Azərbaycan Texniki Universitetinə daxil olmuşam. 2008-ci ildə ali təhsili bitirib hərbi xidmətə yola düşmüşəm. Hərbi xidməti başa vurub qayıtdıqdan sonra bir çox sahələrdə çalışmışam. Xülasə, hal-hazırda ARAN ARB-də veriliş aparıcısıyam. Məncə, məni tanımaq üçün bu qədər kifayətdir. Kifayət deyilsə qələmi yenidən götürüm. (gülür)

N.Q: Zamiq, ilk sualı belə vermək istəyirəm. Düzdü, bu sual həmişə müsahibələrin ilkin standart qaydalarına uyğun şəkildə nizamlanıb. Bu, əsasən jurnalistikanın « Kim və nəçi» adlı dərsliyinə aid bir nümunədir. Belə deyim: - Televiziyamızda tv işçisi kimi çalışmaq sənə nə qazandırdı?

Z.H: Əslində, mən, İncəsənət Universitetinə daxil olmaq istəyirdim. Elə arzum aparıcı olmaq idi. Ancaq nədəndirsə istiqamətimi dəyişdim. Və ya dəyişdilər. Ancaq arzularımı deyişə bilmədilər. Çox şükür ki, bu arzu ürəyimdə arzu olaraq qalmadı. Yolum televiziya sahəsindən düşdü. Bu sahədə yavaş-yavaş irəliləməyə başladım. Əvvəlcə koordinator, sonra müxbir və nəhayət aparıcı oldum. Deyəsən, biraz mövzudan kənarlaşdım axı. (gülür) Həyatda itirmədən qazanmaq nadir hallarda olur. Əgər, sözün həqiqi mənasında, qazandınsa itirdiklərin üçün heyfzlənmirsən. Yox, əgər, qazana bilmədinsə, itirdiklərində səni yandıracaq. Gözəl dostlar, hər insanın öz dilində danişmağı, tamaşaçı ilə ünsiyyət qurmağı, az da olsa tanınmağı və gözəl ailə qazandırdı, mənə bu televiziya.

N.Q:  Zamiq, televiziya sahəsi elədir ki, burada iki cürə işçi tipajı var. Birincisi; - düşünən beyin. İkincisi; - fəhlə kütləsi. Bilirsən də bəzən tv sahəsində yaradıcı və istedadlı insanların özünü zamanında isbatlamağı müşkülə çevrilir. Həqiqətən, tezlik surəti ilə uçan zaman kəsiyi belə insanların sadəcə vaxtını oğurlayır. Yəni, məcazi mənada...

Z.H: Təəssüf ki, belədi. (sözümü kəsir) İstedad okeanda üzən buz parçasını xatrladır. Nə qədər gəmilər onun üzərindən o tərəf – bu tərəfə keçsə də o, özünə yer tapıb suyun səthinə çıxacaq. Bəzən bu özünü tez, bəzən də gec biruzə verir. Bir qədər də şanslı insan doğulmalısan. Ola bilsin yetərincə istedadın var, ya sənin şansın yoxdur, ya da səndən yaxşı mənada istifadə etmək istəmirlər. Hər kəs zirvəni fəth etmək arzusundadır. Təəssüf  ki, zirvəni təpə kimi görənlər də az deyil. Bir sözlə, dəyirman öz işini görər, çax-çaxları baş ağrıdar.  
 
N.Q: Amma. Belə deyim də: - Sən, bir tv işçisi kimi televiziyamızda özünü necə hiss eləyirsən. Yəni, belə deyim: - Nə dəyişməlidi? Nələr istalaha getməlidi? Nə çatır, nə çatışmır? Qısacası, nə baş verib və yaxud nə baş verir?

Z:H: Anladım. Nə demək istədiyini başa düşdüm. Hər işin əvvəli çətin olur. Əlbəttə ki, işə uyğunlaşanadək. Daha sonra münasibətlər isinir və tədricən hər şey qaydasına düşür. Sən özünü dəyişməyi bacarmasan kənardakını buna məcbur edə bilməzsən. Yeni verilişə yeni dekorun hazırlanması bu verilişin baxımlı olacağından xəbər vermir. Mənim fikrimcə, aparıcı mövzunu, mövzu auditoriyanı və  eyni zamanda ekran qarşısında olan tamaşaçını riqqətə gətirməlidir. Belə olduğu halda qismən də olsa problemin bir tərəfini həll etmiş olarıq.

N.Q:  Bu məsələdə kiminsə və ya kimlərinsə müəyyən qədər günahı və yaxud da səhvi varmı?  Əlbəttə ki, şəxslərdən asılı olmayaraq.

Z.H: Səhv insana məxsusdur, amma, baxır  o səhvi necə edirsən. Elə səhvlər var ki, düzəlir. Elə səhvlər var ki, bir ömür boyu sən onun acısını çəkirsən. Səhv məndə də var, səndə də var, onda da, bir sözlə, bu işdə səhv bütün şəxs əvəzliklərinin payına düşür.  O ki iş gəlib çatır məsuliyyətə  mən də yoxam, sən də yoxsan, o da yoxdur. Bu yerdə deyiblər e; «Mən vurmadım, sən yıxılmadın». (gülür)

N.Q: Ümumiyyətlə, belə desək, televizyada tv işçisinə hansı səviyyədə, nə cürə şərait yaradılmalıdır? İdeyaların sandıqlarda naftalinlərin qurbanı olmaması üçün sənin bir tv işçisi kimi təkliflərin nələrdən ibarət olardı?  

Z.H: «Bir Qalanın Sirri» filmində Hadıyla Bıdının dialoqu yadıma düşdü. Gözümə gün düşür – gəl yerimizi dəyişək. Qələmim yazmır – gəl qələmimizi dəyişək. İndi belədir da. Məsələn; -  «Mənə şərait yaratmırlar, yaratsalar heç bilirsən nələr edərdim?!» - , deyənlərin çoxu;  - «Ver yeyim - ört yatım, gözlə canım çıxmasın» prinsipi ilə yaşayanlardı. Bu yerdə ali təhsil illərimi xatırladım. İmtahandan kəsiləndə evə zəng edib, pul istəyirdik. Onda valideynlərim mənə sual verirdilər; - «Niyə, oxuyub cavab verməmisən ki?», «Səni imtahandan kəsiblər?». Mən də deyərdim ki; - «Guya, oxuyana qiymət yazırlar ki?». Ancaq, əslində, belə deyildi, oxuyanın, cavab verənin hər zaman qiyməti varıydı. Bütün sahələr belədir, əgər, sən işinin öhdəsindən gəlməyi bacarırsansa, ağıllı ideyalar irəli sürürsənsə, onda sən kölgədə qalmayacaqsan. Bir kibrit çöpü ilə bir meşəni yandırıb məhv etmək də olar, bir ailənin şamını yandırıb onları zülmətdən işığa da çıxartmaq olar. O baxır sənin atdığın addıma. Hər halda anladın nə demək istədiyimi. Təxminən belə. 

N.Q: Belə görürəm ki, fikirilərini qısa cümlələrlə tam təfsilatı ilə ifadə eləməyə çalışırsan. Elə isə çox uzağa getmədən indiki işinlə bağlı danışaq. İndi televiziyada nə işlə məşğul olursan? İstərdim ki, elə birinci «Başayaq»dan başlayaq. Amma, sənə and verirəm, «Başayaq» haqda başayaq danışma. (gülürük)

Z.H: Bir halda «Başayaq»dan danışırıqsa, onda  gəl əyri oturub – düz danışaq. Əks halda hər şey başayaq olacaq. Ya da ayaq baş. (gülür) Hal-hazırda ARAN ARB tv-də yayımlanan «Bu Səhər» verilişinin aparıcısıyam. Eyni zamanda da «Başayaq»da həvəskar aktyor kimi baş rolu canlandırıram.

N.Q: Səncə, təxmini 7 ilə yaxın bir müddətdə, yəni bu müddət ərzində, belə deyim, indiyədək özünün ictimai imicini qorumağa çalışan köhnə Eltv-nin və yeni ARAN ARB tv-nin proqram cədvəlində «Başayaq» adlı yumoristik verilişə ehtiyac var idimi?

Z.H: Nəinki ARAN ARB-də, mən, hətta deyərdim ki, paytaxt tele-kanallarında da «Başayaq» tipində yumoristik verilişlərə ehtiyac var. Niyə? İlk əvvəl onu deyim ki, bu, bir ilkdir. Bunu ARAN ARB tv kollektivi olaraq, həyata keçirtdik. Təbii ki, rəhbərliyin dəstəyi ilə.  Təbii ki, nöqsanlarımız da danılmazdır. İstehsalat olan yerdə bu qaçılmazdır. Əsas odur ki, bunu ilk olaraq biz etdik və bacardıq.

N.Q: ... bacardıq? ...

Z.H: ... kifayət qədər hə! ...

N.Q: Üzr istəyirəm, ironik mənada sual vermədim, Zamiq.

Z.H: Yox, əstağfrullah. Başa düşdüm. Ən azı nəzərə almaq lazımdır ki, həvəskarlıq oturuluşanda peşəkarlığa çevrilir. İndi bizim yolumuz həvəskarlıqdan  sırf peşəkarlığa istiqamət alıb.

N.Q: Bəlkə, biz, artıq, tv-imizin şəxsi hədəflərindən uzaqlaşıb, biraz da reytinq cədvəlində yüksək yerləri tutmağı planlaşdırmaq istəyirik?  Əgər, belədirsə, onda «Başayaq» bunu bacara bilirmi?

Z.H: Niyə də olmasın. «Başayaq» adlı layihəmiz efirə getdiyi vaxtdan təvəzökarlıqdan uzaq olsa da deməliyəm: - İstər sosial şəbəkələrdə dostlarım, istərsə də tanıdığım və ya tanımadığım insanlar mənə yaxınlaşıb verilişlə bağlı xoş sözlərini deyəndə çox sevinirəm. Sevinirəm ki, əziyyətimiz hədər yerə getməyib. Baxırlar, bəyənirlər. Sevirlər. Düzü, bəzən sapı özümüzdən olan baltalar da var. Özləri bir şey deyil əslində. Başqalarının uğuruna sevinməyi bacarmırlar. Elə insanlara əhəmiyyət vermirik. Karvan məsəli. (gülür). ( Bu arada, müsahibim:  «it hürər, karvan keçər» məsələni nəzərdə tutur).
 
N.Q: Mən, «Başayaq»ın ilkin bölümlərinə baxmışam. Bilirəm, əməkdaşlarımızın sayəsində bu yumoristik səhnələr meydana gəlir. Ancaq, nə yalan deyim, «Başayaq»da bayağı gülüş çoxluq təşkil eləyir. Burada o qədər də peşəkar səviyyəli yumor hiss olunmur. Bəlkə bu peşəkarlığa yad kollektivin əsl aktyorluqdan xəbərsizliyindən irəli gəlir? Çünki orada bircə sənsən ki, aktyorluğun incə sənəti ilə bağlı kifayət qədər təcrübəyə maliksən. İstərdim ki, biraz bu barədə danışasan.

Z.H: Necə ki, sən bu sualı şəxsimə ətraflı ünvanlamısan. Elə isə mən də buna ətraflı cavab verim. Əlbəttə ki, kəsib-doğramamaq şərti ilə. (gülür) Əslində heç birimiz peşəkar deyilik. İncəsənət sahəsini bitirməmişik. Kino və ya teatr sahəsi üzrə təcrübəmiz yoxdur. Bitirməsək belə bizim üstünlüyümüz ondadır ki, «Başayaq»da iştirak edən aktyor-aktrisa kollektivi elə ARAN ARB tv-nin bir qrup heyətidir. Öz tv-imizin əməkdaşlarıdır. Ssenari müəllifi də elə özümüzük.  Yeri gəlmişkən, deyim, əvvəlcə «Başayaq»ın yaradıcı heyəti adından İqbal müəllimə  təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Bu şəraiti bizim üçün yaratdığına görə. Çünki İqbal müəllimin razılığı sayəsində  «Başayaq» ərsəyə gəldi. (Bu arada müsahibim ARAN ARB tv-nin baş direktoru İqbal Məmmədəliyevi nəzərdə tutur) 

N.Q: Düzdür, reallaşan hər bir ideyanın arxasında ya maddi, ya da mənəvi dəstək dayanır. Bu mütləqdir. Bu arada indi yadıma düşdü. Eynəyimi «Başayaq»da çəkməkdə nə niyyət güdürdün? (gülürük)

Z.H: Hə, yadıma düşdü. Murdarlıq elədin də. Vermədin ki, «Başayaq»da çəkək. (gülür) Vaxtında eynəyi versəydin indi eynəyin çoxdan «Başayaq»da məşhurlaşmışdı.

N.Q:  ... başayaqsayağı? ...

Z.H: ...hə! ...

(gülürük)
(bu arada, müsahibim sözümü kəsir, bayaqkı fikrini tamamlamaq istəyir) ...

Z.H: Nikbin, bilirsən, döyüş kənardan asan görsənir. Amma, döyüş olduqca çətin məsələdir. Biz komanda şəklində çalışıb, uğura addımlamaq niyyətindəyik. Biz «Başayaq»a kənardan peşəkar olan heç kimi dəvət etmədik. İstədik, özümüz olaq, özümüz birgə çalışaq. Yalnız və yalnız özümüz. Sanki bu universitetdə bakalavr dərəcəsi idi. İnanıram ki, biz, magistraturanı da, doktoranturanı da bitirəcəyik. Təbii ki, bu dediklərim özündə məcazi anlayış daşıyır.

N.Q: Belə. Zamiq, səni suallarımla çox yormadım ki?  Başımız tv müzakirəsinə qarışdı, nə vaxt müsahibə yekunlaşdı xəbərimiz olmadı. (gülürük) Son da nə demək istərdin? Buyur ...

Z.H:  Yox, əksinə sualların az oldu. (gülür) Yarpaq ağacdan küsür, payız bəhanədi. Elə mənim də ürəyim doludu. Danışdım, rahatladım. Nikbin, sənə öz dərin minnətdarlığımı bildirirəm ki, əməkdaşlarının işinə qiymət verib, bu müsahibəni aldın. Sən işinin peşəkarısan. Sənə də işlərində uğurlar.

Sonluq qeyd:
Zamiq müsahibə bitər-bitməz yenidən «Başayaq»ın növbəti çəkilişinə yollanır. O, həmin vaxt özünü işinə o qədər qapamışdı ki, müsahibədən sonra adicə sağollaşmaq belə yadına düşmədi. 

- son -


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac