Xəbər lenti

 Şrift:


                           Salman Mümtaz

“Onun bir yük maşını əsərlərini yandırdılar…”


Çoxları onun Azərbaycan ədəbiyyatı üçün etdiyi xidmətdən xəbərsizdir.  Əgər 37ci ildə Bağırovun və onun əlaltılarının qəzəbinə tus gəlməsəydi, onun minbir əzab-əziyyətlə folklorumuzdan, klassiklərimizdən toplayıb ərsəyə gətirdiyi nadir əlyazmaları nə yandırılacaqdı, nə də sonradan Elmlər Akademiyasında kök salmış şovinist ermənilər tərəfindən  İrəvana göndərilməyəcəkdi, Söhbət böyük alim-folklorşünas, fitri istedada və yaddaşa malik insan Salman Mümtazdan gedir.

 O, 1884-cü ildə Şəki torpağında dünyaya gəlib. İki yaşında olarkən anası Zəhra xanımla birlikdə Türkmənistana, Aşqabada köçür və Azərbaycanda Xalq Cümhuriyyəti qurulana qədər orada yaşayır. Uşaqlıqdan evin bütün dolanışıq yükü balaca Salmanın üzərinə düşür. Qardaşları ilə birlikdə dayılarına ticarət işlərində kömək etməyə başlayır.

 

İlk təhsilini mollaxanada alan Salman uşaqlıqdan çox zəkalı idi, qabiliyyəti, xüsusi istedadı ilə seçilirdi. Ərəb, fars, rus, urdu, özbək, qırğız dillərini öyrənmişdi.

Hələ gənc ikən «Molla Nəsrəddin» jurnalında «Xortdanbəy», «Sərçəqulubəy» və sair imzalarla müxtəlif şeirləri çap olunurdu. Klassiklərimiz haqqında yazdığı analitik məqalələri hələ o zaman diqqəti çəkirdi.

1918-ci ildə Ənvər və Nuru paşaların Azərbaycana gəlişinə şeir həsr edir. Bununla da Salman Mümtaz sonradan ona vurulacaq «panturkizm»in damğasının qurbanı olacaqdı. Baxmayaraq ki, sonradan, sovet dövründə Azərnəşrdə, Elmlər Akademiyasının tarix, dil və ədəbiyyat institutunun elmi işçisi vəzifələrində çalışırdı, amma bir neçə dil bildiyinə görə hələ ki ona toxunmurdular.

Bu, 1937-ci ilə qədər davam etdi. Və repressiyanın dəhşətli küləyi bir çox ziyalılarımız kimi, onun da başı üstündə əsməyə başlayır; onu «burjua-millətçi», «pantürkist» kimi əvvəlcə tutduğu vəzifədən uzaqlaşdırır və ev dustağı edirlər. İşdən çıxarılmağına baxmayaraq, Salman bəy nadir əlyazmaları, kitabları toplayıb araşdırmaqda davam edirdi. Və heç şübhəsiz ki, bu onun Azərbaycan ədəbiyyatında ən böyük xidmətlərindən biri idi. Buna bütün ömrünü sərf etmişdi görkəmli yazıçı. O, əldə etdiyi əlyazmaları «Kitabxaneyi-Mümtaziyyə» adlı kitabxanasında yerləşdirdi.

Əsl dəhşət hələ qabaqda idi. «Erməni barmağı» hər yerdə özünü göstərirdi. Faktlara əsasən deyə bilərik ki, o dövrdə Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Elə buna görə də təkcə 1937-ci ildə «xalq düşməni» adı ilə 29 min ziyalımız güllələndi. O cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları. Eləcə də Salman Mümtaz.

Onu 1937-ci il oktyabrın 8-də gecə saatlarında yaşadığı Buynakski, 25 (indiki Şeyx Şamil küçəsi) ünvanında siyasi dustaq kimi həbs edərək barəsində ölüm hökmü çıxardılar. Hökm 1941-ci il dekabrın 21-də həyata keçirildi.

Baxmayaraq ki, 1956-cı il noyabrın 16-da ölümündən sonra bəraət qazandı, haqqında olan ittihamnamə ləğv olundu, amma o və onun kimi dəyərli ziyalılarımıza vurulan mənəvi zərbənin yarası tarix durduqca heç vaxt sağalmayacaqdır.

İndi Respublika Milli Arxiv İdarəsi Salman Mümtazın adını daşıyır. Yazı ilə əlaqədar həmin idarənin direktoru Maarif Teymurla görüşdüm. Xüsusi qeyd edək ki, Maarif müəllim özü də Salman Mümtazın yolunu davam etdirir: Azərbaycanın görkəmli yazıçılarının, eləcə də repressiya qurbanlarının əlyazmalarını, arxivini toplayır, onu gələcək nəsillərə ötürməkdə çox mühüm işlər görür. Müsahibimlə onun iş otağında görüşdük.


-Maarif müəllim, repressiya dövrü ədəbiyyatımızın qaymaqlarından sayılan Salman Mümtazdan da yan keçmədi. Nəyə görə o dövrdə ziyalıları sıxışdırırdılar?

- XX yüzillikdə ədəbiyyatımızın tarixini yarpaq-yarpaq toplayıb bizə çatdıranlardan biri də məhz Salman Mümtaz olub. Bəli, o dövrün qlobal faciəsi olan repressiya ondan da yan keçmədi. 1937-ci il repressiyanın zirvəsi oldu. Quruluşlar dəyişdikcə məmurlar ədəbi sözü sıxışdırır, ziyalıları incidirdilər.

Sosializm quruluşunun mahiyyəti elə idi ki, birinci növbədə, zəkalı, yaradıcı insanları (buna «beyin axını» deyirlər) hədəfə alırdılar, onları başqa yerə getməyə qoymurdular. KQB onları izləyirdi. Salman Mümtaz 1920-25-ci ilə qədər 200-ə qədər klassikimizi təxminən 25-35 səhifə həcmində araşdırıb bizə təqdim etmişdi. 1919-cu ildə Cəfər Cabbarlı «Yaşıl yarpaqlar» adlı qurum yaratmışdı. Buraya Cabbarlıdan başqa, Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad da daxil idi. Bunların ardı ilə gedənləri birinci olaraq izləməyə başladılar. Sovet məmurları hələ birinci onillikdən Salman Mümtazı izləyirdilər. Onu bir qədər irəli buraxdılar, 37-ci ilə qədər. Onun istedadını, zəkasını, necə vətənpərvər olduğunu öyrəndilər. Həmçinin qədim Azərbaycanın söz yadigarlarını Salman Mümtazın necə topladığı da əlbəttə ki, onlara məlum idi.


-Bir sözlə, düşünən beyinləri məhv edirdilər...

Bəli. Bu, sovet hakimiyyətinin ən pis cəhəti idi. Düşünən beyinlər indi axıb gedir. O vaxt isə onları məhv edirdilər. Birinci növbədə, Almas İldırım, Maqsud Şeyxzadə, Əkrəm Cəfəri, az sonra isə Hüseyn Cavid, Salman Mümtazı hədəfə aldılar. Salman Mümtaz zəkaların zirvəsində dururdu. Sözsüz ki, onları aradan götürmək lazım idi. Götürdülər də.


-Salman Mümtazın topladığı əlyazmalarının taleyi necə oldu?

-Ürəkağrısı ilə deyə bilərəm ki, onun bir yük maşını həcmində əsərlərini yandırdılar. Bunu Məhəmməd Kəngərli də təsdiq etmişdi. Zülmlə topladığı arxivini məhv etdilər. Açıq etiraf edək ki, sonradan bizim içimizdə «sapı özümüzdən olan baltalar» yerdə qalanlarını da iz qalmasın deyə, oğurladılar, ya da məhv etdilər.


-Onların məqsədi nə idi?

Məqsəd guya quruluşa əl çalmaq, yaltaqlıq, yarınmaq və xalqı vətənpərvərlikdən uzaqlaşdırmaq idi. Cəfər Rəmzi 21 il iki ay məhbəsdə yatdı, amma əqidəsindən dönmədi; o taylı-bu taylı Azərbaycanımızın istedadları haqqında dissertasiya yazdı, şeirlər qoşdu, Bakının bağrından doğmuş bu insanları bir yerə, bir kitaba topladı. Və təbii ki, Cəfər Rəmzidən bəhrələnmiş Hüseyn Cavid, Salman Mümtaz həbsdən qorxmurdular. 1999-cu ildə YUNESKO-nun xətti ilə Ankarada, İstanbulda olanda milli kitabxana və arxivlərdə Salman Mümtazın adının hörmətlə çəkildiyini gördük. Onu da deyim ki, Türk dünyasında Salman Mümtazı və Almas İldırımı çox gözəl tanıyırlar. Elaziğ, Firakya universitetlərində Salman Mümtaz deyən kimi, dərhal «Aaa… o toplayıcı?» - deyə soruşurlar.

Salman Mümtaz türk dillərini də çox gözəl bilirdi. Türk dünyası onun üçün müqəddəs idi. Bunu da o vaxt KQB bilirdi. 1926-cı ildə Salman Mümtaz Birinci Türkoloci qurultayda hamını heyran qoyan gözəl mənbələrlə çıxış etdi. Hətta oraya müsafir sifəti ilə gəlmiş Əli bəy Hüseynzadə də Salman Mümtazın böyüklüyünə pərəstiş etdi. Salman Mümtaz belə bir şəxsiyyət olub.


-Salman Mümtazın sonradan yolunu davam etdirənlər oldu?

-Təbii ki oldu. Onun yolunun yolçusu olan 20 yaşlı azərbaycanlı gənc Almas İldırım «A dağlar» şeirini hələ1927-ci ildə «Həyat» dərgisində nəşr etdirmişdi. Burada onun Salman Mümtazdan qidalandığı hiss olunurdu.

-Maarif müəllim, bildiyimə görə, siz yazıçı Əziz Şərif ilə yaxın olmusunuz. O, Salman Mümtaz haqqında çox şeylər bilirdi…

-Elədir. Əziz Şərif bəzi faktları özü mənə danışmışdı. 1987-ci ildə son dəfə onunla görüşəndə bir neçə dəfə dedi ki, «ax, Salman Mümtaz, Salman Mümtaz…». Ardını demədi. Sonradan da açmadı söhbəti. Niyə elə dedi, bu günə qədər mənə qaranlıqdır. Amma həmişə deyərdi ki, «Salman Mümtaz böyük adamdır. Toplayıcı idi. Mən çox şeyi ondan öyrəndim. Bizim başımıza gələn fəlakətləri də Salman Mümtaz qabaqcadan demişdi…». Bunlanı Əziz Şərif söylədi mənə. Onu da deyim ki, M.F.Axundovun «Puşkinin ölümünə Şərq poeması»na avtoqrafı da Salman Mümtaz yazmışdı. Həmin yazını sonradan Əziz Şərif tapmışdı.


-Salman Mümtaz və Mircəfər Bağırovla bağlı bir xatirə bilirsiniz?

Mircəfər Bağırov «Puşkinin ölümünə Şərq poeması» tapılandan sonra Salman Mümtaza qarşı yaxşı münasibətdə idi. 35-ci ilə qədər sular duru idi. Salman Mümtaza toxunulmasın deyə, ona müraciət etmişdilər. Amma sonra elə olub ki, hadisələr qarışıb. Görünür, burda da kimlərinsə əli vardı. M.J.Bağırovun həmin müraciətlərə cavab verməyi məlum deyil.


-Salman Mümtazın ailəsi, övladları haqqında nə deyə bilərsiniz?

Onun iki övladı olub. Nuxun adlı bir nəvəsi var. Xoşbəxtəm ki, onun adını daşıyan bir müəssisənin rəhbəriyəm. Haqq-ədalət bərpa olundu. Bunu o vaxt, 1996-cı ildə Heydər Əliyev özü təklif etmişdi. Demişdi ki, Arxiv İdarəsinə onun adı verək. Allah ona rəhmət eləsin. 1996-cı il 17 sentyabrdan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Salman Mümtazın adını daşıyır.

Salman Mümtaz 162 saylı şəxsi fondda əbədiləşdi. Şair, ədəbiyyatşünas, publisist, klassik əsərlərin toplanmasında rolu olan bir şəxsiyyət nəhayət ki, qiymətini aldı.


-Salman Mümtazın 162 saylı şəxsi fondunda oxucuya az məlum olan nələr var?

Deməli, «Qantəmir tükün tökülməsi haqqında» məqaləsi, Şəkixanov haqqında xüsusi qeydləri, M.Ə.Sabirin ilk «Taziyanə»si, «Həqiqət» qəzetində «Təbib və ya xəstə» adlı yazısı, Azərbaycan Dövlət Nəşriyyatı ilə müqaviləsi, şeirləri, məktubları, qəbzləri bu gün onun şəxsi fondundadır. Onların bir hissəsi isə Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır.


-Hər halda, onun ruhu indi rahatdır…

Bəli. Biz hamımız bu dünyadan köçüb gedəcəyik. Amma Salman Mümtazın adı bu binanın adı ilə əbədi olaraq yaşayacaq. Onun adının buraya verilməsi şöhrət xatirinə deyil, adının nəsildən-nəslə keçməsi üçündür.

SÖHBƏTİ APARDI: SÜDABƏ SƏRVİ

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac