Xəbər lenti

 Şrift:

"Persona.az"ın oxucuları üçün də maraqlı olacağını düşünərək, tanınmış yazıçı Əlabbasın "Ədəbiyyat" qəzetində dərc olunmuş maraqlı müsahibəsini təqdim edirik!


   
  - Necə yazıçı oldunuz?

-Necə yazıçı oldum? Mən yazıçıyam ki? Dərd bölür, yük atır, fikir paylaşıram mən. Onda Hüqo kimdi? Çexov, Tolstoy, Cek London, Heminquey, Steynbek, Folkner, Aytmatov və digər bu kimi nəhənglərin rəsmi təyini nədi? Amma soruşulan mətləb bu deyilsə, qoy düzünü deyim: “Cəmilə”ni oxuyandan sonra ağzım əyildi. Təcili, onda on dörd-on beş yaşım vardı, indiki romanlardan heç nəyi ilə geri qalmayan bir “epopeya” düzüb-qoşub, səhərisi gün məktəbdə sinif qızlarını göz yaşına boğanda matım-qutum qurudu: ya o qızlar başlarını itirmişdilər, ya da mənim bilmədiyim bir hikmət vardı burda, yoxsa Söz də adam ağladardı? Hər şeyə o heyrət nədən oldu vəbeləcədə başladı...Qəribəsi o olub ki, o sentimental sinif yoldaşlarım kimi, sonralar ciddi və hazırlıqlı oxucularımı da hərdən doluxsunan görəndə Sözün hökm və qüdrətinə bir daha heyran qalmışam.

Amma bundan da qəribəsi o olub ki, o yazılara görə həm də özümə qan ağladıblar. Özü də illər uzunu!

- Sizin üçün yazmaq nədir? Niyə yazırsız?

-Həə, deməli, deyirsən, yazmaq nədi mənimçün? Ilk əvvəl birmənalı olaraq ibadət idi, özü də necə?! Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm, namaz qılmıram axı. Bu, təxminən on beş il çəkib. İndi də o günlərin xiffətini eləyirəm. Kaş o dəmlər bir də qayıdaydı...Vaxt gəldi o, özünüifadə və müdafiə vasitəsinə çevrildi və ömrümün on ilini də o apardı. Özümə, balalarıma gün ağlamaq əvəzinə, durub hələ də kiməsə nəsə sübut etmək istəyirdim. İndi, altmış yaş ərəfəsində isə ona boynumun borcu kimi baxıram. İşdi, şayəd günün birində görsəm artıq o, can əzabına, texniki vərdişə çevrilib, onda qələm əlimdə yox, qulağımın dalında olacaq.

- İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi varmı, yoxsa yazmaq içinizdəki ağrını boşaltmaqdır?

- Dedim axı. Dərddən xilasımdı yazı. Gizli niyə, lap aşkar deyim: kim məşhur olmaq istəmir ki? Lap sıravi adam olsun. İllah da gənclik illərində. İndi isə hər şey tərsinədi. İddialar da can atəşi tək sönür, təb kimi avazıyır və gec-tez zaman adamı tale ilə barışdırır. Bu xaotik söz bumunun içərisində səni beş-on nəfərin ciddiyə almağı da adama bəs eləyir. Yaşın elə bir vaxtı gəlib çatır ki, kimsədən seçilməməyə, böyük yazıçı ordusuna qarışıb gözə görünməməyə çalışırsan. Tək yazıçı ordusunamı? Deyərdim ki, yox, elə hamıya.

- Markes deyir külək olmasaydı dünyada çox şey dəyişərdi, amma ədəbiyyat olmasaydı heç nə. Sizcə ədəbiyyat olmasaydı dünyada nəsə dəyişərdi, yoxsa Markeslə şəriksiz?

- Yox. Ədəbiyyat və çox böyük anlamda, ümumiyyətlə, incəsənət və mədəniyyət olmasaydı, heç insanlıq da mövcud olmaz, bütün bəşəriyyət, bir az kobud deyilmiş də olsa, heyvanat aləmindən az fərqli bir həyat yaşamış olardı. Bəlkə, daş kitabələri, yazı həkk olunmuşdana dərilərinı, qayaüstü təsvirləri, müxtəlif oyma və naxışları da külək yaradıb? Özü də bəşər sivilizasiyasının ən erkən çağlarında? Şifahi xalq ədəbiyyatı da küləyin hesabına intişar tapıb? Kaş ustad sağ olsaydı, bir soruşan da olaydı, ədəbiyyat heç nəyi dəyişən deyilsə, niyə yazırdın, özü dəhamıdan çox, son nəfəsin ağzından çıxanacan?...Hərçənd heç inanmıram, onun Nobelçi həmkarı Sartrın müəyyən məqamlarda və müvafiq şəraitdə ədəbiyyatın, tarixin gedişatını dəyişmək iqtidarında olduğunu dediyindən xəbəri olmamış olsun...

- Yazmaq üçün nə lazımdır: müşahidə, mütaliə, yoxsa ancaq yazmaq.

- Sıralamada mən iradə və zəhməti müşahidə və mütaliədən xeyli əvvələ qoyardım. Bədii təxəyyül vəhəyat təcrübəsi də onlardan daha vacibdi mənimçün. Nadir istedadlar tanıyıram, səbri çatmır ki, oturub bircə cümlə yaza. Dəyərli və ciddi nəsr yazmaq dım-dım halvası deyil axı. Bu yerdətəmkin, dözüm və mübarizə əzmini belə, yazmağın düstur komponentləri sırasından çıxdaş eləyə bilməzsən. Bu minvalla müşahidə və mütaliə yazı prosesində olsa-olsa yalnız lap sonda qərar tuta bilər. Onlarla iş bitsəydi, bəxtəvərlik idi ki! Yer üzündə yazmayan tapılmazdı.

- Yazıçı vərdişiniz, ritualınız varmı ki, onun eləməmiş yaza bilmirsiz?

- Bizdə belə səmimiyyətlər normal qəbul olunmasa da, kimin nə düşünməsindən asılı olmayaraq ürək açıqlığı ilə deyim ki, artıq uzun illərin vərdişidi: ilk sevgimin ad-familiyasını səhifədə əsərin adından da əvvəl həkk eləyirəm ki, qoy O, yazı müddəti gözümün qabağında olsun. Özümü elə inandırmışam ki, elə olur da. Həm də mənim senzorumdu axı O. Başqa necə olmalıdı?... Pis-yaxşı mən öz yazıçı ömrümü ilham pərisi ilə belə yaşamışam və yaşamaqda da davam eləyirəm. Onun nə vaxtadək çəkəcəyi isə artıq Göydəki Kişinin işidi. Sadəcə mən özümdən asılı olanı elədim, kimsəni incitmədən, könül sındırmadan qırx il öz əhdimə sadiq qaldım, etibarımı itirmədim.Əgər bunun xarakterlə də az-çox bağlılığı varsa, lap yaxşı.

- Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi. Bəs sizcə, yazıçılıq məğlub olmaq deməkdirmi? Hər yeni əsərdən sonra hansı hissləri keçirirsiz?

- Ya çölü balaca, içi böyük kişi belə söz deməyib, ya o fikir bizə düz tərcümə olunmayıb, ya da qitələrarası insanların təfəkkür tərzində də zəmini-asiman fərqi var ki, Folkner yaşayan diyarda nə vaxtsa yazıçılıq məğlubiyyət hesab olunub. Amma bunlardan da ziyadə, bəzən böyüklərin də fikri naqolay söyləyə bilməsi çoxdan inandığım bir şeydi, artıq qirx ildi ehkamlara tapınmıram.Əgər Allah-taala özünün xəlqetmə qüdrətindən balaca bir pay da yazıçıya qismət eləyibsə və öz növbəsində o, yəni adına yazıçı deyilən kəs insanın özünü də olmasa, bədii obrazını yaratmaq kimi böyük bir şərəfə nail olmaq qədərində xoşbəxt bir missiya daşıyırsa,nə məğlubiyyət, məğlubiyyət nədi, qələbədi bu. Qaldı hansı hisslər keçirməyimə, o, vəsfəgəlməz bir andı. Onu yalnız xoşbəxtliklə müqayisə etmək olar. Əgər Folknerin dediyi məğlubiyyət budursa, kaşbelə “məğlubiyyətlər”mənə tez-tez nəsib olaydı.

- Mario Varqas Lyosa özünün Nobel nitqində deyir: “Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib. Sartr sözün iş olduğunu, roman, pyes, ya hekayənin müəyyən məqamlarda və müvafiq şəraitdə tarixin gedişatını dəyişmək iqtidarında olduğunu öyrədib. Kamyu və Oruell əxlaqı olmayan ədəbiyyatın insani olmadığını, Malro isə qəhrəmanlıq və eposun "Odissey" və "İliada"nın arqonavtların dövründəki kimi mümkün olduğunu öyrədib.” Sizin üçün belə ustadlar varmı və kimlərdir? Mümkündürsə Azərbaycan və dünya nəsrini ayrı-ayrılıqda sadalayardız. 

- Elə o Varqas Lyosanın özündən dünyaca məşhur bəzi müəllifləri yetmiş yaşda hələ də əldə qələm-kağız oxumağı kişi kimi boynuna aldığını öyrənmişəm. Bəli, bəli, yetmiş yaşda! Nə deməkdi bu? Hayıf ki, Peruya əlim çatmır, bu etirafa görə, halal olsun, deyərdim ona... Sualın o biri hissəsinə gəldikdə, anamdan xalq deyimləri və müdrikliyini,Çexov və Mopassandan sadəliyi, Tolstoydan üslub və oxunaqlı dili, Bunin və Sveyqdən zəriflik və fikrin nəzakətli ifadə tərzini, Cek London və Şoloxovdan təfsilatlı təsvir ustalığını, Heminquey və Steynbekdən poetik vüsət və dinamizmi, Moemdən süjetqurma məharətini, Şukşindən dialoq yazmaq qabiliyyətini, Balzak və Aytmatovdan obrazlılıq və xarakteryaratma bacarığını əxz eləmişəm. Adını kimsənin eşitmədiyi, sıradan biri də ola bilər öyrəndiyim kəs, hökm deyil o, ustad olmuş olsun. Əsas odu öyrənəsən. Məsəlçün, “Ağ ayran kol dibində, qara kişmiş bəy cibində” misalını bir məktəbli qızdan eşitmişəm və bu, olmazın ləzzət eləyib mənə. Sonra məlum oldu ki, qızcığaz da öz müəllimindən eşidib o deyimi. Təsəvvür etməzsiniz ki, “Qiyamçı”da Əyriqar oğlanlarının şirin yuxusuna çevrilən qaraşın Şəhrizin obrazını yaradarkən necə məqamında karıma gəlib o ifadə.

- Siz özünüzü hansı cəbhədə hesab edirsiz: Dostoyevskiçi, yoxsa Tolstoyçu?

- Aytmatovçu.

- Hansı bədii əsərdə yaşamaq istərdiniz?

- Adamı vahimə basan kimsəsiz, qupquru, susuz çöllərdə Zərifə ilə Boranlı Yedigeyin simasında birdən-birə açmış çiçək görmək qədərində təəccüblü və məhəbbət dolu bir səhnəyə şahidlik etmək xatirinə “Əsrə bərabər gün”ün o balaca, üçailəlik stansiyasında yaşamaq çəxsən məndən ötrü bu günün dördmilyonluq Bakısında ömür sürməkdən qat-qat maraqlı və unudulmaz olardı.

- Əsərlərinizi hansı “izm”ə aid edirsiz?

- İyirmidən çox “izm” saya bilərəm ki, bu gün nə ədəbiyyatda, nə boyakarlıqda, nə heykəltəraşlıqda, ümumən, mədəniyyət və incəsənətdə heç izi-tozu da qalmayıb, amma həm zərif və məlahətli, həm ibrətamiz və möhtəşəm, həm də bədii dəyəri və ideya-məzmun siqlətinə görə dünya ədəbiyyatının zinəti sayılan əsərlər bu gün də yaşayır və hələ bundan sonra da neçə-neçə əsr yaşayacaq. “Həyat eşqi”nin bir donqar vergülünü indiyədək mövcud olan və bundan sonra da olası bütün ədəbi axın, cərəyan və “izm”lərə dəyişmərəm.

- Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki, romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur; əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur da qazanıblar.

- O sözü mən demişəm ki, Azərbaycanda neftdən çox roman istehsal olunur. Bu da bir prosesdi, keçib gedəcək. O da vaxt, zaman istəyir. Qoy gənclər yazıb-yazıb durulsunlar, özlərini, sözlərini tapsınlar. Yaşlıların da iradı gözügötürməzlikdən yox, ona görədi ki, özünüüfadə üçün daha çevik və oynaq janrlar var, niyə dağa-daşa düşüb özlərini yorurlar? Onu da deyim ki, hamılıqla üstünə getdiyimiz roman yazmağın, ümumən elmi, bədii, dini və publisistik yaradıcılıqla məşğul olmağın adamı min cür zərərli vərdiş, xəstəlik və bəlalardan qorumağı da var. Bu gün Azərbaycanda içi publisistlər qarışıq, şair və nasirlərdən ibarət mobil bir ordu, ən azı eşalon,ədəbi yaradıcılıqla məşğul olursa, yenə yaşasın qələm! Gəlin ona minnətdar olaq.

- İndi hamı kiçik həcmli romanlar yazır. Nə düşünürsüz dövrün tələbidirmi, yoxsa hələ də “Hərb və sülh”, “Sakit Don”, lap elə Murakaminin romanları qalınlığında romanlar yazılmalıdır?

- Epopeya və trilogiyalar dövrü, məncə, çoxdan keçib, qızıl vaxt defisiti deyilən bir şey yaranıb. Bəlkə də, zaman gəldi roman yazanları barmaqla göstərəsi oldular. Elə bütün dünyada. Keçəl qızın, bacısının qulac-qulac saçlarıyla fəxr etməyi kimi çıxmasın, bu mənada Azərbaycan ədəbiyyatında da ruhu salavatla anılası say-seçmə kişilər, hekayə ustaları az olmayıb: M.Cəlil, Ə.Haqverdiyev, S.Sani, S.Hüseyn və başqaları...

- Sizcə yazıçının köşə yazarlığı, tərcüməçilik kimi kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək edir?

- Əksini düşünürəm. Ailə-məişət çətinlikləri olmasa, nasiri köşə yaradıcılığı bircə gün də cazibəsində saxlaya bilməz. Bu, çox ağır bir sənətdir. Elə bilirsən, “uşaqların çatısı” elə-belə, öz-özünə yaranmış ifadədi?

21.03.2016.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Sayğac