Xəbər lenti

 Şrift:


   1968-ci ildə utancaq, uzun boylu bir gənc ədəbiyyat səhnəsinə təsiredici bir şəkildə daxil olurdu: Patrik Modiano, "La Place de l'étoile" romanını nümayiş etdirmişdi. Bu roman demək olar ki, yarım əsr sonra, bir-birini izləyən, sıx-sıx bağlı və birlikdə, itmiş zamanın bir axtarışı kimi deyil, hər biri uzun bir şeirin yeni bir dördlüyü kimi oxunan bir Biblioqrafiyanın ilk künc daşıydı. Yaxud da təkrarlanan motivlər ətrafında dayanmadan yenidən başlayan bir variasiya: böyüdüyü müharibədən sonrakı Paris, uğursuz valideynlərin yanındakı bir uşaqlıq, tənha və qeyri-qanuni bir yetkinlik...

Patrik Modiano keçmişdən poetik vəsait olaraq istifadə etsə də, tez-tez yapışdırılan "nostalji" sifətindən xoşlanmır. Xəyalpərəst, ciddi, mükəmməl şəkildə orijinal, estetik axınlardan təsirlənməyən əsəri illərə meydan oxuyur. Bu da onun ayrı bir yerdə olmasını təmin edir. Özünü gizlədən, paylaşımlardan xoşlanmayan bir insan və başqalarından təsirlənməyən, etdiklərindən əmin bir yazıçıdır...

Patrik Modiano, 2014-cü il, 9 oktyabr cümə axşamı günü Nobel Ədəbiyyat Mükafatını aldı. 1978-ci ildə "Rue des Boutiques Obscures" adlı kitabıyla Goncourt Mükafatına lyiq görülmüşdü. Yeni romanı "Pour que tu ne te perdes pas dans le quartier" in yayımlanması münasibətiylə onunla görüşdük. Özündən söz açmaqdansa kitablarından söz açmağa üstünlük verdiyini bildirdi.

 

Bir dəfə detektiv roman yazmaq istədiyinizi dilə gətirmişdiniz. Bu yeni kitab, demək olar ki, bir detektiv kimidir...

Bəli, detektiv romanlar yaza bilmək nostalgiyası içindəydim; həmişə bunu arzu edirdim; yaxud da hər ay yeni bir kitab yayımlayan Corc Simenonunkular kimi seriallar qələmə almağı. Əslində detektiv romanların başlıca mövzuları mənim xəyalımda canlandırdıqlarımdan çox fərqli deyil: itkilər, şəxsiyyət problemləri, yaddaş itkisi, sirli bir keçmişə dönmə. Eyni şəkildə, bir adam, yaxud da hadisəylə bağlı bir-biriylə ziddiyyət təşkil edən ifadələr təqdim etməyim məni bu janra yaxınlaşdırır. Bu cür intriqalara olan marağın daha fərdi bir tərəfi də var. Keçmişə dönüb baxdığımda uşaqlığımın detektiv bir romana bənzədiyini görürəm. Bəzi anlarda son dərəcə sirli insanlar və hadisələrlə əhatələnmişdim. Uşaqlar yaşadıqları anla əlaqədar çox sual verməzlər, hər şey onlara təbii görünür. Amma daha sonra, zaman axmağa başlayanda insan keçmişə qayıdır və özündən soruşur: Dəqiq nə baş vermişdi?

 

Elə isə niyə heç detektiv yazmadınız?

Detektiv roman bir növ realizm, hətta natüralizm tələb edir, son dərəcə sərt və təsir etməyə yönəlik bir quruluşu vardır. Burada xəyalın axıcılığına yer yoxdur, realist, hətta didaktik olmaq lazımdır ki, tapmacanın parçaları bir-birinə uyğun gəlsin. Detektiv romanın sonunda bir açıqlama, bir həll var. Bu, mənim kimi, parçalanmış, naməlum, xəyali bir keçmişin rəsmini çəkmək istəyən birinə uyğun deyil. Onsuz da klassik mənada romanlar da yazmıram. Daha çox xəyali olanla bağlı, bir az qeyri-müəyyən şeylərdir yazdıqlarım.

 

Bu yeni romanı yazmanıza səbəb olan ilk düşüncəni xatırlayırsınızmı?

Bir gün, çox gənc ikən, 12-13 yaşlarındaykən yazdığım bir qeydi tapdım. Peter Çeney üslubunda quru roman ilə Qrand Meaulnes qarışığı bir şey yazmağı sınamaq istədiyimi qeyd etmişdim. Bu, bir neçə il əvvəl, uşaqlığımın problemli bir dövründə olmuşdu. O dövrdə Paris yaxınlığında, Seine-et-Oiseda, Alain-Fourniernin romanını xatırladan, yaxınlarında xaraba bir qala olan şəhərətrafı  bir çöldə yaşayırdıq. Valideynlərim yox idi, yanında qaldığım insanlar bir az qorxunc idilər, mühit qəribə idi. İyirmi beş il əvvəl “Remis de peine” adlı kitabımda bu zamanlardan bəhs etmişəm.

 

Buna baxmayaraq avtobioqrafiyadan uzaq durursunuz...

Mənim üçün uşaqlığıma narsistik şəkildə dalmaq kimi bir şey heç bir zaman əsas məsələ olmadı. Özümdən danışmaq və ya tanıtmaq üçün yazmıram. Həqiqətləri yenidən qurmaq üçün də yazmıram. İçimdə daxili analizə dair heç bir arzu yoxdur. Xeyr, yalnız uşaqlığımda bir atmosferdən, bir mühitdən, bəzən müxtəlif vəziyyətlərdən təsirləndim və kitab yazmaq üçün bunlardan faydalanıram. Digər tərəfdən tərcümeyi-hal müstəvisindən çıxaraq özümü xəyali, poetik olanda tapdım, uşaqlığımın bir neçə hadisəsini da bir matrix yaratmaq üçün istifadə etdim. Bunlar bəzən komik, əhəmiyyətsiz və şübhəsiz heç də sirli olmayan hadisələrdir,  özlüyündə. Məsələn; bunu xatırlayıram: 10 yaşına qədər əlimə keçən və gizlicə oxuduğum bir maqazin jurnalında sevgilisini öldürdüyü üçün ağır cəzayla mühakimə olunan tibb tələbəsi olan gənc bir qadının fotoşəklinə rast gəlmişdim. Bu üz yaddaşıma elə hopmuşdu ki, illər sonra Parisdə, Draqon Prospektində gedərkən onu tanıdım. Mənə niyə belə təsir etdiyini anlamağa cəhd etmirəm; mühüm olan məni bir xəyala atmağıdır.

Eyni formada, uşaqkən ailəm, onların anlaşılmaz münasibətləri, ətraflarındakı cansıxıcı tiplər, bilmədiyim, amma mənim nəslimdən hər kəs kimi, mənim üçün də son dərəcə konkret olan işğal haqqında soruşduqlarımdır... Bütün bunları açıqlamağa çalışmıram, yalnız poetik bir müstəviyə daşımağa çalışıram. Hadisələr özbaşlarına bir əhəmiyyət daşımır, amma, sanki xəyal aləmində yaxud xəyallardakı kimi əks olunmaları var. Yuxuda görüldükləri kimi, bəzən bir-birlərinə qatılıb-qarışdırılaraq üzərlərinə fosforlu bir işıq tutulur, metamorfozaya uğrayırlar. Bu cür yazaraq, öz - özümə avtobioqrafik bir baxış baxımından daha yaxın olduğum təəssüratını əldə edirəm.

 

Əsərləriniz arasında yalnız “Un pedigree” mi tam bir avtobioqrafik xüsusiyyət daşıyır?

Bəli, bu şəkildə baxa bilərik. Yenə də maraqlı bir şəkildə, bu kitabda çox yaxın adamlardan, yaxud hadisələrdən söz açmıram. Əslində bu romanı həyatda mənə yüklənən bəzi mənfi enerjini atmaq üçün yazdım: valideynlərimin, uşaqlıq və yetkinlik dövründə insanın ətrafında olan kəslər, seçmədiyiniz, amma orada olan və sizi məhdudlaşdıran və ya üstünüzdə yük olan kəslərdir. Həqiqətən bunlardan xilas olmaq istəyirdim, tanımadığınız bir cəsəddən xilas olmaq istəmək kimi. Bu romanı, haqqımda yazılan və səhvlərlə dolu bir kitabdan sonra qələmə almışdım. Yalnız özüm üçün bir sənədli olaraq, uşaqlığım və gəncliyim haqqında faktlara söykənən və ətraflı, bir növ bəyannamə hazırlamaq niyyətindəydim. On ilin sonunda, üzərində təkrar işləyərək nəşrə hazır hala gətirdim. Bunun nəticəsində ortaya bu köklü və qalın kitab, “Un pedigree” çıxdı; bir ara tam bu həqiqətə söykənən, avtobioqrafik xüsusiyyəti üzündən yayımladığıma peşman oldum. Sonra maraqlı bir şey oldu: Bu kitab sanki o biri kitablarım tərəfindən uduldu, onlardan ayrılmırdı, sanki digər kitablarımın skeleti idi.

 

Davamlı olaraq eyni motivlərə qayıdarkən bəzən təxəyyülünüzün quruduğu qorxusuna qapılmırsınızmı?

Ancaq sonradan, əvvəllər yazdığınız temaları, obrazları incələməyin fərqinə varırsınız. Bu, şüurdankənar bir şəkildə reallaşır, amma bir an gəlir ki, təkrarlanar və üst - üstə düşmələr üzündən artıq işlərin getməyəcəyindən qorxarsınız. Folkner, yazmağın təxəyyülü qurutduğunu söyləmişdi. Bunun qarşısını almaq mümkündür. Bu yeni romandakı hadisə fantaziyasından “Remise de peine”də də istifadə etmişdim və qeyri-iradi olaraq yeni bir dünyagörüşü tapmağımın lazım olduğunu bilirdim. Beləcə artıq "mən" yox idi, üçüncü tək şəxsdən bir povest meydana gəldi. Hadisələr də bu gündən, XXI əsrin əvvəllərindən hərəkətlə düşünüldü, yəni meydana gəlmələrindən yarım əsr sonra. Hər zaman eyni temalardan, uşaqlığımdan gələn bu "zımbırtılardan" yazacağımı düşünə bilərlər, amma mən bunu çevrilən baxış bucaqlarından yanaşaraq edirəm.

 

Təxminən əlli ildir yazırsınız, amma bütün bu illərin və fərqli estetik axınların içindən təsirlənmədən keçmiş kimisiniz. Nə deyə bilərsiniz?

1960-cı illərdə mənim nəslimdən yazmağa həvəslənən insanlar romanla, saf ədəbiyyatla heç maraqlanmırdılar. Mən yazmağa başlayanda daha çox ictimai elmlərə maraq var idi. Hesab edirəm ki, ustadlara, intellektual baxımdan xəbərdar edilməyə və istiqamətləndirilməyə ehtiyacları vardı; buna görə Barthesın, Foucaultnun yaxud da Althusserin şagirdləri oldular. Mənsə onsuz da bir romançının baxışına sahibdim, bu məni nəzəriyyələrdən uzaq saxladı. Bu ustadlar xarakter olaraq məni maraqlandırırdılar; münasibətlərindəki detallara, şəxsiyyətlərinə bağlanırdım, düşüncələrinə deyil. Bir gün təsadüfən Jak Lacan ilə qarşılaşdığımı, hərəkətlərini, səsini, danışığını müşahidə etdiyimi xatırlayıram. Bəlkə də səthi bir şeydir bu, qəbul edirəm...

 

Psixoanaliz sizi heç cəzb etmədimi?

Psixoanaliz bəzən bir detektiv romanı andırır. Gizli bir şey var, istəmədiyiniz və ya bilmədiyiniz; analitik prosesin sonunda çıxacaq şeyi kəşf etməyi gözləyərsiniz. İstintaqa çox yaxın bir şeydir bu. "Gizli xatirələr" kimi bəzi anlayışlardan çox təsirlənmişdim; çox acı bir xatirəni, birlikdə yaşanılmağı daha asan bir başqasıyla əvəz etməlisiniz. Amma burada hələ bir romançının dünyagörüşü var. Psixoanaliz mənim üçün müalicə anlayışıyla əlaqəli deyil. Onsuz da yazarlar psixoanalizə girsə də - çox yaxın olduğum Raymond Queneaudan başlayaraq - mənə elə gəlir ki, yazan birinin bir qədər şəffaflığa ehtiyacı olur. Tamamilə anlamamağa duyulan ehtiyac. Yarı yuxulu olmaq kimi; oyandığınızda o şüuru itirmə riski var.

 

Romanınızın baş qəhrəmanı Jean Daraqane yalnız Buffonun “l'Histoire naturelle” sini oxuyur. Siz dəmi beləsiniz?

Daraqane həyatı boyunca bu mövzularla -heyvanlarla, ağaçlarla daha çox maraqlanmadığına görə peşiman olur. Mən belə düşünmürəm. Oxuduqlarımda hər zaman mənə yad, tanımadığım kainatlara doğru getdim. Məsələn; çöllərdən yazan böyük rus, yaxud ingilis romançılarına doğru. Amma insan kifayət qədər müşahidə etmədiyindən, bəzən peşmanlıq hissi keçirir, ya da o az müşahidə etdiyi şeylərdən kifayət qədər yazmadığından. Gəncliyimdə bir internat məktəbdən digərinə gedərkən ətraf şəhərlərdə həyatın necə axdığını yaxından müşahidə etdim, artıq bu həyatlar yoxdur. Bundan yaza bilərdim, amma yazmadım. Bunun üçün daha klassik bir roman formasından istifadə etməliydim, məsələn; Mauriac tərzi. Amma insan bir sözlə, öz keçmişinin, uşaqlığının, gördüyü şeylərin və yaşadığı yerlərin məhkumudur.

 

Yazmaq xoşunuza gələn bir hadisədirmi?

Yazmaqda daha çox sevdiyim şey, yazmaqdan öncə düşünmə müddətidir. Yazmağın özü elə xoş deyil. Xəyalı kağız üzərində təcəssüm etdirmək, dolayısıyla o xəyaldan çıxmaq lazımdır. Bəzən başqalarının necə yazdığını soruşuram özümdən. Floberin XIX əsrdə yazdığı kimi yenidən və yenidən yazan, yenidən təməl qoyan, inşa edən, ilk layihəsini lap sonda, kitabın son versiyasında geriyə, hardasa bir şey qalmayacaq qədər sıxlaşdıran yazıçılar necə edir? Bu, mənə çox qorxunc görünür. Şəxsi olaraq, tək bir qələm hərəkətiylə çəkilən bir şəklə bənzəyən o ilk şablona düzəlişlər etməklə kifayətlənirəm. Bu düzəlişlər sayca çox olsa da yüngülləşir, mikro-cərrahiyyənin müdaxilələrinin ümumiləşməsi kimi. Bəli, mikro-cərrahlar kimi məsələnin özünə enmək gərəkdir, öz mətnini düzəltmək, silmək, yüngülləşdirmək üçün onun qarşısında kifayət qədər məsafəli olmaq gərəkdir. Bəzən hər şeyin dəyişməsi üçün bir səhifədə bir - iki sözü silmək kifayət edir. Amma bütün bunlar müəllifin mətbəxidir, başqaları üçün darıxdırıcı şeylərdir...

İlk kitablarımda hissələr, nəfəs alacaq yerlər yox idi. Daha sonra özümdən “niyə?” deyə soruşdum və anladım ki, yazmaq gəncliklə heç uyuşmur. Rimbaud kimi erkən oyanan poetik dühalar istisnadır, təbii. Gənckən yazmaq, zəbt etməyi bacarmadığınız bir gərginliyə məruz qalmaq deməkdir. Kürəklərində və çiyinlərində insanlıqdan kənar yükləri daşıya bilən hamballara baxın. Bunu bacarmaq üçün bədənlərinin necə bir duruşu olmağının lazım olduğunu bilirlər. Yazmaq da eynidir: Duruşu tapmaq lazımdır. Başlanğıcda bunu bilmirdim, gərgin idim; konsentrə olmaq (fokuslanmaq) o qədər asan deyil. Beyin və əl arasındakı sinir axınında, sanki itən nələrsə var. Sizi xəbərdar edən şeylər düşünürsünüz, amma yazmağa oturarkən, çox gec olur. O axış itir.

Başı kəsildiyi halda başsız qaçmağa davam edən ördəklər kimi olursunuz.

Ancaq illər ərzində bunu idarə etməyi, özümü sakitləşdirməyi, romanlarımı ventilyasiya etməyi öyrəndim. Yazmaq həqiqətən də asan deyil, amma daha yaxşı yazmağınızı təmin edəcək texnikalar var. Yenə də bəzən yazmaqda anaxronik bir şey olduğunu söyləyirəm özümə; yavaşlıq tələb edir, bu gün hər şey sürətlə axarkən, yazıçının ətrafındakı hər şey get-gedə sürətlənirkən, o, öz tempində davam edir.

 

Oxucularınızla necə bir əlaqəniz var?

Oxucularınızın olması həyəcanlandırıcıdır. Gözəl bir şeydir, ünsiyyət qura bildiyinizi hiss edirsiniz. Əslində hər kitabda bu qəribədir, bir az da xoşagəlməz olur: Bitirdikdə, kitabın körpüləri qurmaq, sizdən xilas olmaq istədiyi şiddətli bir an gəlir. İnsan özünün oxucusu ola bilmir. Bitən kitabınız bir obyekt halına gəlir, detallarını gördüyünüz, amma bütünlüklə görə bilmədiyiniz bir növ şəkilsiz maqma (Yerin dərin qatlarında yüksək temperatur və təzyiq şəraitində əmələ gələn mürəkkəb tərkibli gərgin od kütləsi Z.V.), kütlə olur. Və bunu ortaya çıxardacaq olan da oxucudur, eyni fotoqraflıqda olduğu kimi. Kitab artıq onu yazana deyil, oxuyanlara aid olur.

 

NATHALIE CROM

 Persona.az

Çevirən: Zəka Vilayətoğlu

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
22 Oktyabr 2015 “Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü...”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”
18 Oktyabr 2015 "Təbiəti qorumaq, insanlığı qorumaqdır"
12 Oktyabr 2015 "Bəstələyirəm, ifa edirəm, konsertlər verirəm, amma yenə də tamaşaçı bazar musiqilərnə daha alışqandır"
07 Oktyabr 2015 "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır"
06 Oktyabr 2015 "Adımı dəyişdirməyim ilk müqavimətçi hərəkətim idi"

Müsahibə

Köşə

Foto qalereya

Sağlamlıq

Sayğac