Xəbər lenti

 Şrift:


                                              Alice MUNRO


     2013 –cü ildə Nobel Ədəbiyyat Mükafatını alan Kanadalı yazıçı Alice Munro, yaşlı olduğu üçün bəzi maneələrlə üzləşdiyinə görə İsveçdəki mərasimlərdə iştirak edə bilməyib. Əvəzindəİsveç Televiziyasının xarici müxbiri Stefan Asber yazıçılıq taleyindən bəhs etdiyi bir müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 

 

Oxumağa çox kiçik yaşlarımda maraq göstərdim. Bir nəfər mənə Hans Xristian Andersenin, “Kiçik dəniz qızı” adlı hekayəsini oxumuşdu və bilmirəm xatırlayırsınızmı, çox qəmli bir hekayədir. Kiçik su pərisi bir şahzadəyə aşiq olur, amma bir su pərisi olduğu üçün onunla evlənə bilmirdi. O qədər qəmli bir hekayədir ki, sizə detallarını anlada bilməyəcəyəm. Hekayəni oxuyub bitirdikdən sonra çölə çıxdım və kərpicdən tikilmiş evimizin ətrafında gəzişməyə başladım. Gəzişərkən hekayəyə özümdən xoşbəxt bir sonluq uydurdum və yazdım, çünki kiçik Dəniz qızının belə bir xoşbəxt sonluğa haqqı olduğunu düşünürdüm.

Hekayənin, mənim uydurduğum başqa bir hekayəyə çevrildiyi və dünyanın hər tərəfindəki insanlara çata bilməyəcəyi ağılımdan çıxmışdı, amma əlimdən gələnin ən yaxşısını etdiyimi düşünürdüm. Bundan sonra kiçik su pərisi şahzadə ilə evlənəcək və ömrünün sonuna qədər xoşbəxt yaşayacaqdı və buna tamamilə haqqı vardı. Çünki Şahzadə razılığını almaq, onu yumşaltmaq üçün çox qorxunc şeylər etmişdi. Ayaqlarını dəyişdirməli idi. Normal insanların sahib olduğu ayaqlara sahib olmalı və yeriməli idi, ancaq atdığı hər addımda qorxunc ağrılar çəkirdi! Şahzadəyə qovuşmaq üçün bu cür çətinliklərə sinə gərmişdi. Buna görə dənizdə ölməkdən daha çoxuna haqqı çatdığını düşündüm. Dünya insanlarının bu yeni hekayədən xəbərdar olmayacağını çox da dərd etmirdim, çünki hekayəni düşündüyüm an onsuz da çoxdan yayımlandığını hiss etmişdim. Bax, belə. Bu, yazmağımın bir başlanğıcı oldu...

 

Hekayəni anlatmağı və yazmağı necə öyrəndiyinizdən də danışa bilərsinizmi?

 

Özümdən hər zaman hekayələr uydururdum. Məktəb yolum olduqca uzun idi və hekayələrimi, adətən bu yolu gedərkən uydururdum. Böyüdükcə hekayələr daha çox özümlə bağlı olmağa başladı, məsələn; özümü hekayədəki qadın qəhrəmanın yerinə qoyurdum. Bu hekayələrin dünyaya çıxmayacağı çox da vecimə deyildi. Digər insanların bu hekayələri bilmələri və ya oxumalarının çox da qayğı olduğunu da düşünmürəm. Daha çox hekayənin özüylə əlaqədar bir vəziyyət idi. Hekayə, mənim baxış bucağımdan çox vaxt olduqca qənaətbəxş olurdu; kiçik Dənizqızının cəsarəti, çox ağıllı olması, sehrli gücü və buna bənzər qabiliyyətləri sayəsində daha yaxşı bir dünya yarada biləcəyi kimi.

 

Hekayənin bir qadının baxış bucağından anlatımı önəmliydimi?

 

Bunun önəmli olacağını heç düşünmədim. Amma özümü bir qadından fərqli bir şey kimi də düşünmədim. Kiçik qızlarla və qadınlarla bağlı bir çox yaxşı hekayə vardı. Ümumiyyətlə yetkin yaşa çatdıqda kişilərin ehtiyaclarının vs. ödənməsinin daha mühüm olduğunu görərik, ancaq gənc bir qızkən qadın olmaq məndə hər hansı bir aşağılıq kompleksi yaratmadı. Bəlkə bunun səbəbi, Ontarionun, ən çox qadınların kitab oxuduğu və hekayələrin çoxunu qadınların yazdığı bir bölgəsində yaşamağımdır. Kişilər, ümumiyyətlə çöldə mühüm işlərlə maraqlanardılar və hekayə dinləmək üçün içəriyə girməzdilər. Ona görə özümü evdə hiss edərdim.

 

Bu ətraf sizə necə ilham verdi?

Hər hansı bir ilhama ehtiyacım olduğunu düşünmürəm. Hekayələrin dünyada çox önəmli olduğunu düşünürdüm və belə hekayələr uydurmaq və bu işə davam etmək istəyirdim. Bunun digər insanlarla bir əlaqəsi yox idi. Kimsəyə anlatmağa da ehtiyac yox idi. Bu hekayələrdən birinin daha böyük bir dinləyici kütləsinə çatmasının maraqlı olacağı çox-çox sonra ağlıma gəldi.

 

Bir hekayə yazarkən sizin üçün önəmli olan nədir?

Əlbəttə, o ilk günlərdə, önəmli olan xoşbəxt sonluq idi. Bədbəxt sonluqlara, ən azından qadın personajlar üçün, icazə vermirdim. Daha sonra, “Uğultulu təpələr” kimi kitablar oxumağa başladım və çox - çox pis sonluğu olduğunu gördüm. Buna görə fikirlərimi tamamilə dəyişdirərək, faciəli elementlərdən istifadə etməyə başladım və bu, çox xoşuma gəldi.

 

Kiçik bir Kanada qəsəbəsində həyatınızın maraqlı yönü nədir?

Yalnız orada olmalısan. Məncə hər həyat, hər ətraf maraqlı, cazibədar ola bilər. Əgər bir şəhərdə yaşasaydım, daha cəsur davranacağımı və daha mədəni sayılan insanlarla yarışa biləcəyimi düşünmürəm. Buna can atamağa da ehtiyac olmadı. Bu hekayələr haqda kimsəyə deməsəm də, tanıdığım hekayə yazan yeganə insan idim və ən azından bir müddət dünyada bunu edə bilən adamın təkcə mən olduğunu düşündüm.

 

Yazı yazarkən həmişə bu qədər özünüzə inanırdınızmı?

Uzun zaman ərzində özümə inanırdım, ancaq böyüyüb yazı yazan digər insanlarla tanış olunca inamımı itirdim. Bu işin gözlədiyimdən daha çətin olduğunu fərq etdim. Ancaq heç imtina etmədim.

 

Bir hekayə yazmağa başlarkən, planlar qurursunuzmu?

Bəli, amma çox zaman planım dəyişir. Bir planla başlayır və onun üzərində çalışıram. Daha sonra, hekayəni yazmağa başlayanda hekayənin başqa bir istiqamətə getdiyini və başqa şeylərin olduğunu görürəm. Ancaq, ən azından hekayənin nə ilə əlaqədar olacağıyla bağlı dəqiq bir fikirlə başlamalıyım.

 

Yazmağa başlarkən, hekayə sizin nə qədər enerjinizi alır?

Ah, olduqca çox. Amma bilirsiniz, uşaqlarımın günorta yeməklərini həmişə hazırladım. Evdar qadın idim, ona görə boş qaldığım zamanlarda yazmağı öyrəndim. Zaman - zaman cəsarətim azalırdı, çünki yazdığım hekayələrin yaxşı olmadığını görürdüm, öyrənəcəyim çox - çox şeylər vardı və yazmaq, gözlədiyimdən daha çətin bir iş idi. Amma yenə də heç bir zaman imtina etmədim. Heç dayanmadım, dayandığımı heç düşünmürəm.

 

Bir hekayə haqqında danışmaq istərkən, bunun ən çətin tərəfi nədir?

Hesab edirəm ki, hekayənin üzərindən keçdiyin və nə qədər pis olduğunu anladığın tərəfidir. Bilirsiniz, ilk hissə, həyəcanlı, ikinci hissə, olduqca yaxşıdır; ancaq bir səhər hekayəni əlinə alıb "bu nə axmaqlıqdır" deyə düşündüyün  an, hekayənin üzərində həqiqətən düşünmək lazım olan an olur. Bu, həmişə mənə edilməsi lazım olan ən doğru şey kimi görünür. Hekayə pisdirsə, bu mənim günahımdır, hekayənin günahı deyil.

 

Yaxşı, razı qalmadığınız vəziyyəti necə dəyişirsiniz?

Çox çalışaraq. Amma həmişə daha yaxşı bir şəkildə izah etməyin yolunu axtarıram. Şans vermədiyin xarakterlər olur və onlar haqqında bir az da düşünməlisən və ya onlarla başqa şeylər etməyin lazımdır. Əvvəllər daha bəzəkli bir yazı stilim var idi, amma bunun böyük bir qisimini yazıdan çıxarmağı öyrəndim. Yəni, hekayə haqqında daha çox düşünürsən və hekayənin mövzusuyla əlaqədar, başlanğıcda anladığını sandığın, amma öyrənməyin lazım olan daha çox şey olduğunu görürsən.

 

Neçə hekayəni zibilliyə atdınız?

Gənckən yazdıqlarımın hamısını atdım. Əslində bir fikrim yoxdur, ancaq bunu bu yaxın zamanlarda çox tez-tez etmədim. Ümumiyyətlə onları yaşatmaq üçün nə etmək lazım olduğunu bilirəm. Ancaq hər zaman hansısa bir yerdə bir səhvin fərqinə vara bilirəm və bəzən bunu unutmaq lazımdır.

 

Hansısa bir hekayəni cırıb atdığınıza heç peşiman oldunuzmu?

Düşünmürəm. Çünki o vaxta qədər çoxdan acısını çəkmiş və başlanğıcdan bəri o hekayənin işə yaramayacağını anlamış oluram. Amma dediyim kimi, bu, çox tez-tez olmur.

 

Yaşlanmaq yaradıcılığınıza necə təsir etdi?

Ah, çox təxmin edilə bilən bir şəkildə. Gənc və gözəl şahzadələr haqqında yazaraq başlayırsan. Daha sonra isə evdar qadınlar və uşaq, sonra isə yaşlı qadınlar haqqında... Bu vəziyyəti dəyişdirmək üçün bir şey etmək lazım deyil, özü beləcə davam edir. Görünüşün dəyişir.

 

Ev işləri ilə yaradıcılıq işini paralel aparan bir evdar qadın olaraq, digər qadın yazarlar üçün önəmli olduğunuzu düşünürsünüzmü?

Əslində bunu bilmirəm. Ümid edirəm ki, olmuşam. Hesab edirəm ki, gənckən digər qadın yazarlarla görüşdüm və bu, məni çox cəsarətləndirdi. Amma mən digərləri üçün önəmli oldummu, bunu bilmirəm. Qadınların, ailə üzvlərinin hamısı çöldəykən boş - boş oturmaq əvəzinə faydalı bir iş görmək zərurəti, artıq daha çox qəbul olunur. Yəni yazmağı, bir kişinin ciddi qəbul etdiyi qədər ciddi qəbul edə bilir.

 

Hekayələrinizi oxuyan insanlar, xüsusilə qadınlar üzərində necə bir təsiriniz olduğunu düşünürsünüz?

Hekayələrimin insanları duyğulandırmağını istəyirəm; qadın, kişi və ya uşaq olmaları məni çox maraqlandırmır. Hekayələrimin həyat haqqında olmasını, amma insanların "necə də doğrudur" demkələri əvəzinə, yazıdan faydalanmaqlarını istəyirəm. Bu, hekayənin yaxşı bir sonluğu olmasını tələb etmir, amma hekayənin oxucunu duyğulandırmağını və oxucunun hekayəni bitirdikdən sonra özünü başqa biri kimi hiss etməyini istəyirəm.

 

Sizcə siz kimsiniz? Bu ifadə sizin üçün hansı anlamı daşıyır?

Kənddə yaşadım, ümumiyyətlə Şotlandiyalı-İrlandiyalıların arasında böyüdüm. Şansını daha çox zorlamamaq və ağıllı olduğunu düşünməmək məşhur bir yanaşmadır. Bu populyar bir imicdir; "Ah, sən çox ağıllı olduğunu düşünürsən”. İnsanlara görə, yazı yazmaq kimi bir işlə məşğulsansa, ağıllı olduğunu düşünürdün. Hərçənd mən də bir az qəribə biriydim.

 

Erkən yaşlardan bir feministmi idiniz?

"Feminizm" sözünün nə olduğunu bilmirdim, ancaq əlbəttə bir feminist idim, çünki Kanadanın, kişilərin qadınlardan daha asanlıqla yazdıqları bir bölgəsində böyüdüm. Böyük və görkəmli yazıçılar, ümumiyyətlə kişilərdir. Amma bir qadının hekayə yazmağı, bir kişinin hekayə yazmağından yəqin ki, daha böyük bir nailiyyət hesab olunurdu. Çünki yazıçılıq bir kişi peşəsi deyildi. Yəni vəziyyət mənim gəncliyimdə belə idi, indi əlbəttə belə deyil.

 

Universitet təhsilinizi tamamlasaydınız bu, yazınızı dəyişdirərdimi?

Dəyişdirərdi. Yazıçı olmaq məsələsində daha diqqətli və daha qorxaq olmağıma səbəb ola bilərdi. Çünki insanların nələr etdikləri ilə bağlı daha çox məlumat sahibi olmaq, təbii olaraq məni daha çox qorxudurdu. Bəlkə də bu işi görə bilməyəcəyimi düşünürdüm. Amma həqiqətən, bunun olacağını sanmıram. Bəlkə bir müddət belə olardı, amma sonra ehtimal ki, yenə yazmağı çox istərdim və yenə də davam edər və bunu sınaqdan keçirərdim.

 

Yazıçılıq sizə bəxş edilən bir qabiliyyətdirmi?

Ətrafımdakı insanların belə düşündüklərini zənn etmirəm, amma mən bunu bir qabiliyyət hesab etmədim. Yalnız çox çalışırsan, bacara biləcəyim bir şey olduğunu düşündüm. Kiçik Dəniz qızından sonra deyə biləcəyim budur ki, qətiyyən asan bir qabiliyyət deyil.

 

Heç tərəddüd edib, kifayət qədər yaxşı olmadığınızı düşündünüzmü?

Hər zaman, hər zaman! Yazıb bitirdiklərimdən daha çoxunu zibilliyə atdım və bu, iyirmi yaşlarında olduğum illər boyunca davam etdi. Xəyallarımda olduğu kimi yaxşı yazmağı öyrənirdim. Ona görə, yazmaq asan bir şey deyil.

 

Ananız sizin üçün nə ifadə edirdi?

Ah, anamla əlaqədar duyğularım bir az kompleklisdir. Anam çox xəstə idi, Parkinson xəstəsi və çox böyük köməyə ehtiyacı vardı. Danışmaqda çox çətinlik çəkirdi, insanlar onun nə dediyini anlamırdılar. O yenə də çox canayaxın və ictimai həyatın bir parçası olmağı istəyirdi, amma bu, onun nitq problemlərinə görə mümkün deyildi. Ona görə ondan bir az utanırdım. Onu çox sevirdim, amma bir mənada onunla tanınmaq istəmirdim. Ayağa qalxıb, məndən insanlara deməyimi istədiyi şeyləri demək istəmirdim. Bu, bir ərgənin, qüsurlu bir insana  və ya valideyinlərinə qarşı duyduğu hisslər qədər çətin idi. O an, insan bu kimi şeylərin heç olmamış olmasına ümid edir.

 

Ananız sizə hər hansı bir şəkildə ilham verdimi?

Hesab edirəm ki, verdi, amma fərq edə və ya anlaya biləcəyiniz şəkildə deyil. Hekayə yazmadığım bir anı xatırlamıram. Yəni, yazmadığım zamanlarda belə söylədim. Yalnız anama deyil, hər kəsə. Ancaq anamın də atamın da hekayələrimi oxumuş olmağı... Hesab edirəm ki, anam yazıçı olmaq üçün daha münasib bir insan idi. Yazıçılığın təqdir olunacaq bir şey olduğunu düşünürdü. Ətrafımdakı insanlar mənim bir yazıçı olmaq istədiyimi bilmirdilər, çünki bir çoxuna bu axmaqlıq görünəcəkdi və mən bu vəziyyətdən xəbərdar olmalarına icazə verməmişdim. Çünki tanıdığım insanların çoxu oxumurdu, həyatı olduqca praktik yaşayırdılar və mənim həyatla bağlı bütün fikirlərim bu tanıdığım insanlardan uzaq olmalı idi.

 

Bir qadının baxış bucağından gerçək bir hekayə anlatmaq çətin oldumu?

Xeyr, heç olmadı. Çünki mən də eyni şəkildə düşünürdüm və bir qadın olaraq bu, məni heç narahat etmədi. Bu mənim böyüməyimlə əlaqədar xüsusi bir vəziyyət idi. Oxuyan kimlərsə vardısa, bunlar qadınlar olardı, əgər bəziləri təhsil alırsa, - ümumiyyətlə qadınlar alırdılar, - bir orta məktəb müəllimi və ya ona bənzər bir peşə ... Yəni qapalı olmağın əksinə, oxumaq və yazmaq dünyası, qadınlar üçün, kişilərə olduğundan daha açıq idi. Kişilər ümumiyyətlə əkinçilik və ya digər işlərlə məşğul olurdular.

 

Yəni zəhmətkeş bir ailədəmi böyümüsünüz?

Bəli.

 

Hekayələriniz də buradamı başlayır?

Bəli. Zəhmətkeş bir ailə olduğumuzun fərqində deyildim. Yalnız harada olduğuma və nə haqqında yazdığıma baxırdım.

 

Hər zaman müəyyən vaxtlarda yazmağı, bir cədvələ görə hərəkət etməyi, uşaqlara baxmağı və axşam yeməyini hazırlamağı sevirdinizmi?

Yaza biləcəyimi hər zaman yazdım və ilk həyat yoldaşım mənə çox yardım edirdi. Yazmaq onun üçün təqdirəşayan idi. Daha sonra tanış olacağım kişilərin çoxundan fərli olaraq, yazmağı, bir qadının edə bilməyəcəyi bir iş hesab etmirdi. Həmişə məşğul olmağımı istədiyi bir şey idi və bu barədə heç qərarsız olmadı. Əvvəllər çox əyləncəli idi, çünki bura köçmüşdük və bir kitab mağazası açmağa qərarlıydıq. Hər kəs dəli olduğumuzu və aclıqdan öləcəyimizi düşünürdü, ancaq belə olmadı. Çox çalışdıq.

 

Kitab mağazası, ikiniz üçün nə qədər əhəmiyyətli idi?

Dolanışıq yerimiz idi. Sahib olduğumuz hər şey idi. Başqa bir gəlir yerimiz yox idi. Açıldığı ilk gün, 175 dollar qazandıq. Daha çox olduğunu düşünə bilərsiniz. Eləydi də, çünki yenidən bu məbləği qazanmaq uzun zamanımızı aldı. Masanın arxasında oturur, insanların axtardıqları kitabları tapmalarına kömək edir və bir kitab mağazasında görüləcək işləri görürdüm. Ümumiyyətlə tək olurdum. İnsanlar gəlirdi və çox kitablar haqqında danışırdılar. Bura, insanların gəlib nəsə aldıqları yerdən daha çox, bir araya gəldikləri bir yer idi. Xüsusilə də gecələr. Tək oturarkən, hər gecə bəzisi gəlir və mənimlə söhbət edirdi. Çox gözəl və çox əyləncəli idi. Bu ana qədər həmişə evdar qadın olmuşdum. Həmişə evdəydim. Eyni zamanda bir yazıçıydım, amma kitab mağazası, bu dünyaya girə bilmək üçün möhtəşəm bir fürsət idi. Çox pul qazandığımızı düşünmürəm. Yəqin ki, insanların kitab almalarını təmin etmək əvəzinə, onlarla bir az çox söhbət etdim. Amma həyatımın ən gözəl zamanlarıydı. Kitab mağazasına gələn bir alıcı, "Kitabların mənə evi xatırladır. - Bəli, elə bil Amsterdamın şimalında yaşayıram. Çox təşəkkür edirəm, sağlıqla qalın"demişdi. Bunu bir düşünün. Kiminsə gəlib belə şeylər deməyi çox xoşuma gəlir. Yalnız imza almaq üçün yanına gəldikləri deyil, niyə imza almaq istədiklərini söylədikləri zaman.

 

Gənc qadınların da sizin kitablarınızdan ilham alaraq yazmağa başlamalarını istəyirsiniz?

Kitabı zövqlə oxuduqları müddətdə nə hiss etdiklərini çox düşünmürəm. İnsanların ilhamdan çox, böyük zövq almalarını, öz həyatları ilə bağlı bir şey tapmalarını istəyirəm. Amma əsl önəmli olan bu deyil. Hesab edirəm ki, mən çox siyasi bir insan deyiləm.

 

Mədəni birimisiniz?

Ehtimalla. Bunun nə anlama gəldiyindən çox əmin deyiləm, ancaq mənə elə gəlir ki, beləyəm.

 

Çox sadə baxış bucaqlarınız varmış kimi səslənir.

 

Eləmi? Bəli.

Hardasa, hər şeyin sadə bir şəkildə açıqlanmasını istədiyinizi oxumuşdum.

Bəli. Amma bunu şüurlu olaraq istədiyimi düşünmürəm, bu mənim yazı üslubumdur. Sadə bir şəkildə və təbii yazıram. Daha sadə yazmağımın lazım olduğunu düşünmədən.

 

Yazmadığınız vaxtlar oldumu?

Bəli. Bir il əvvəl yazmağı buraxdım, amma bu bir qərar idi. Yazmağı istəmək, amma yaza bilməmək deyildi. Dünyanın digər insanları kimi davranmaq istədiyim üçün verilmiş bir qərar idi. Çünki yazarkən, digər insanların edə bilmədikləri bir şey edirsən və bu, haqqında danışa biləcəyin bir şey deyil. Bir gizli dünyada yolunu tapmağa çalışırsan və sonra da normal dünyada bir şey edirsən. Mən bundan bir az sıxılmağa başlamışdım, çünki həqiqətən bütün həyatım belə keçdi. Daha akademik yazıçıların olduğu bir nəşriyyata keçərkən, bir az təlaş etdim, çünki onlar kimi yaza bilməyəcəyimi bilirdim, məndə o qabiliyyət yox idi.

 

Hesab edirəm, bu da hekayə söyləməyin başqa bir yoludur, deyilmi?

Bəli və bunun üzərində, necə deyim, heç şüurlu bir şəkildə çalışmadım. Əlbəttə məlumatlıydım, amma bir fikrə qapanıb qalmaqdansa, məni rahatlaşdıran və xoşbəxt edən bir formada çalışdım.

 

Nobel Mükafatını ala biləcəyinizi düşünürdünüzmü?

Ah, xeyr, xeyr! Mən bir qadınam. Nobel Mükafatını alan qadınlar olduğunu bilirəm. Bu şərəfi sevirəm, ancaq heç belə düşünmədim, çünki yazıçıların çoxu öz işlərini, xüsusilə bu işləri tamamladıqdan sonra kiçik hesab edirlər. Ətrafda, dostlarına, yəqin ki, Nobel Mükafatını alacağını söyləyib gəzməzlər. Bu kiminləsə söhbət etmək yolu deyil!

 

Heç o günlərə qayıdıb, kitablarınızdan hər hansı birini oxuyursunuzmu?

Xeyr! Xeyr! Bu məni qorxudur! Çünki bəlkə bir az burasını, bir az orasını dəyişdirmək kimi qorxunc bir istəyim yaranacağından ehtiyat edirəm. Bunu rəfdən çıxarıb baxdığım kitabların bəzilərində etdim. Amma daha sonra bu dəyişikliklərin əhəmiyyətli olmadığını fərq etdim. Çünki əsl kitabda heç nə dəyişmirdi.

 

Stokholmdakı insanlara demək istədiyiniz bir şey varmı?

Ah, bu böyük şərəf üçün çox təşəkkür edirəm. Dünyadakı heç bir şey məni bunun qədər xoşbəxt edə bilməzdi. Təşəkkür edirəm!


Tərcümə: Zəka Vilayətoğlu


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

08 Oktyabr 2017 Haruki Murakami: "Musiqi və bədii əsərdə ən əsas şey ritmdir"
04 Oktyabr 2017 "Özümü musiqisiz təsəvvür edə bilmirəm, amma yazmasam da, bəlkə..."
23 Sentyabr 2017 "Elə bilirəm ki, sazı nəvəmin barmaqları ilə çalıram"
12 Sentyabr 2017 "Ürəyimdə sevgidən başqa heç nəyə yer olmayıb"
14 May 2017 Amin Sükut: "“Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm"
20 Aprel 2017 Malik Atilay: "Ən gözəl fikirlər elə ayıq başla gəlir"
13 Aprel 2017 Azər Əsgərzadə: "Cansız əşyalardan belə təsirlənirəm".
01 Aprel 2017 Vasif Ayan: "Yaşar Nuri dedi ki "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışır"
24 Mart 2017 Rəşad Nağı Mustafa : "Endorfin kitabı isə oxucular üçün zövq sintez edir"
22 Mart 2017 Elvin Paşa: "Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar"
21 Fevral 2017 Nigar Arif: "Düşünürəm ki, şeir bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər
31 Yanvar 2017 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
16 Dekabr 2016 "... bu yolun sonunda; - “Ölüm”- yazılıb ... ... sən, biraz, qarşıdan sağa dönərsən ..."
10 Oktyabr 2016 "Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi şəhərlərdə yoğruluruq..."
28 İyun 2016 "Tənqidçi yazardan daha mükəmməl olmalıdır..."
21 May 2016 “Onun bir yük maşını əsərlərini yandırdılar…” _ MÜSAHİBƏ
19 Aprel 2016 "Güclü xanımlardan, yalnız zəif ruhlu kişilər ehtiyat edirlər"
12 Aprel 2016 Prostatit - kişi ölümlərinin 75% səbəbi!
03 Aprel 2016 "Mən Allaha sitayişi qələm-kağızla eyləmişəm"
02 Aprel 2016 "...Heç çəkinmədən ərəb dilində də yazaram"
08 Mart 2016 “Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir”
20 Yanvar 2016 “Xoşbəxtəm ki, səhvimdə də, düzümdə də özüm oldum”.
12 Dekabr 2015 “Biz xilas olduq, amma əslində psixoloji olaraq ölüyük”
02 Dekabr 2015 "Çöl də içəri kimidir"
25 Noyabr 2015 Milan Kundera: "Yazıçıların deyil, romanların cinsiyyəti olmalıdır".
23 Noyabr 2015 "AYB üzvü olmağa pis baxanların bir çoxu bir vaxt elə bu təşkilatın üzvü olanlardır"
20 Noyabr 2015 ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.
19 Noyabr 2015 Patrik Modiano: “Dəqiq nə baş vermişdi?”
08 Noyabr 2015 “Yazmasaydım, həyatımı əylənərək keçirərdim”
18 Oktyabr 2015 “Pulu Türk evinə bağışlayacağam”

Sayğac