Xəbər lenti

 Şrift:
                                               
                                   HAQQ-ƏDALƏT SORAĞINDA

                     (Yazıçı  Qafar  Cəfərlinin  özü və əsərləri haqqında)
   2017-nın yubilyarlarındandır. 60 yaşı  tamam olub.  Bu mübarək yaşı isə əliboş yola salmayıb. Oxucular onu dedektiv  janrda  yazdığı kitablarından,  tamaşaçılar isə“İzi itməyən cinayətlər”, “Günəşim ol” seriallarından  yaxşı tanıyırlar.
 
     Bu  il 60 yaşını arxada qoyan dostum,   müharibə və polis veteranı, polkovnik-leytenant Qafar Cəfərlinin “Günahsız mələk”, “Əlvida həyat”, “Xeyirlə şərin qovuşduğu gün” povestlərini oxuyandan sonra bu qənaətə gəldim ki, dedektiv janrda yazılmış kitabların sosial yükü, mənəvi - tərbiyəvi əhəmiyyəti və maaarifçilik dəyəri heç də digər ədəbi-bədii əsərlərdən az deyil.
    Müəllifin 2014-cü ildə işıq üzü görmüş “Əməliyyatçı” kitabı kimi yuxarıda adları qeyd olunan povestlərinin də mövzusu demək olar ki, real həyatdan götürülmüşdür. Bu povestlərdə hər hansı cinayətin sadəcə xronikası sadalanmır, həm də oxucunu həyəcanda saxlayan süjet xətti ilə yanaşı, psixoloji məqamlarla zəngin olan maraqlı epizodlar bədii dildə, obrazlı şəkildə təsvir olunur. Qafarın ustalıqla sujet qurmağı, ictimai həyatın tipik hadisələrini canlandırmaq bacarığı ilk nöbədə onun oxucunu ram etmək, düşündürmək, şər qüvvələrlə mübarizə aparmaq istəyindən qaynaqlanır və qələmə aldığı əsərlərində buna nail olur. Müəllif şəxsi müşahidələrinin məsulu olan dedektiv əsərlərində mənfiliyin, tamahkarlığın törətdiyi eybəcərliklərindən qorunmaq üçün İslam dininin əxlaqi-mənəvi dəyərlərini önə çəkir. Baş qəhrəman Əli Zaminlinin istər zərəçəkənlərlə, istər cinayətdə şübhəli şəxslərlə dialoqlarında peşəsinə sonsuz məhəbbəti, zabit şərəfinə yüksək dəyəri müsəlman təəssübkeşliyi ilə paralellik təşkil edir.
Burada dünya şöhrətli dedektiv ustası Çingiz Abdullayevin müsahibələrinin birində tanınmış yazıçı Con Markdan gətirdiyi bir misalın “yalnış” olduğunu diqqətə çatdırmaq istəyirəm. Con Mark deyir ki, müsəlman olan yazıçı ümumiyyətlə dedektiv yaza bilməz. “Ona görə ki, onların dini (İslam- red.) irrosional dindi. Xristianların dini rasionaldı. Şəkil çəkib konkret göstərirlər ki, bax bu İsa peyğəmbərdi, bu isə iblisdir”. Çingiz Abdullayevin fikrincə: “Bizdə bu bu belə deyil. Bizdə Allah ürəyimizdədir. Biz ya inanırıq, ya inanmırıq. …Mən oxunmağımı təkcə dedektivlə əlaqələndirməzdim. Görünür, kitablarımda nəyəsə toxuna bilirəm, nəsə alınır. Dedektiv yazıçıları çoxdur. Görünür ki, mən oxucularıma nəsə verə bilirəm…”
Azərbaycan ədəbiyyatında yazıçı Cəmşid Əmirov dedektiv janrın əsasını qoydu, hüquq elmləri doktoru Çingiz Abdullayaev isə xarici dillərə tərcümə olunan saysız-hesabsız kitabları ilə sübut etdi ki, müsəlman yazıçı həm də siyasi dedektiv janrında xristian yazarlardan da gözəl əsərlər yazmağa qadirdir.
Təbii ki, dedektiv janrda yazmaq üçün hər hansı müəllifdə yazıçılıq istedadı ilə yanaşı, detektivlik qabiliyyətinin də olmasını əsas şərt kimi düşünənlər az deyil. Əlbəttə, bu fikri detektiv janrda yazılan bütün əsərlərə şamil etmək olmaz. Lakin bu bir həqiqətdir ki, təxəyyülün məhsulu olsa belə, həm ədəbiyyatda, həm də kinoda dedektiv janrda yaranan əsərlər hər zaman oxucuların, tamaşaçıların diqqətini cəlb edir… Şübhəsiz, bu janrın qısqanclıq doğuracaq qədər belə populyar olmasının əsas səbəblərindən biri də çağdaş dünyamızın ən çox kriminal proseslərlə gündəmə gəlməsidir.
Bəşər yaranandan bəri cəmiyyət həyatında bu və ya digər şəkildə ağlagəlməz cinayətlər baş verir. Müstəqillik epoxası - Azərbaycan cəmiyyətini zamanın sərt və saysız-hesabsız təzadlı sınaqları ilə üz-üzə qoydu; torpaq, yurd itkisiylə yanaşı milli şüurumuzda xərçəng xəstəliyi kimi şaxələnən bir çox qəbahətlər silsiləsi “bəxş etdi”.
Qafar Cəfərlinin oxuculara təqdim olunan yeni kitabında oğruların və canilərin qorxusundan çarpayı dustağı olan yeniyetmə Sevdanın iztirabları, Mərcan nənənin qatillərinin uzun müddət azadlıqda gəzməsi, “istəsəniz canini çoxdan tutardız. Bilmək olmaz, bəlkə də tutub buraxmısız! Beləsini az görməmişik... Mənim heç birinizə etibarım qalmayıb” deyə fəryad edən Maralın polisə inamsızlığı, “hər sahədə olduğu kimi polislərin içində də nankor, şərəfsiz olanı var. Ancaq belə ağır ittihamları hamısına şamil etmək də insafdan deyil” deyə bu inamsıslığı öz əməli ilə aradan qaldıran rəis müavini Əli Zaminlinin fədakarlığı, “uşaqlarım milyoner balası olduğundan müharibəyə getmədilər” desə də, əslində ailəsinə sosial yardım ala bilməyən Qarabağ müharibəsinin veteranı, ruhi xəstə Şərifin oyuncaq qumara ilə haqqsızlığa, süründürməçiliyə, laqeydliyə “qiyam” etməsi (“Günahsız mələk”), atası Ruslan Vüqarlının, anası Fatimə Xoşbəxtin bədbəxtliyinə və ailə faciəsi səbəb olan Rufatın narkomaniyaya qurşanması “mexanizmi” (“Əlvida həyat”), iş adamı Kamal Əlibəylinin oğlu Turalın cinayətkar dəstə tərəfindən oğurlanması, bu oğurluqda doğma qardaşının iştirakçı olması (“Xeyirlə şərin qovuşduğu gün”) və başqa epizodlar məhz müasir dövrümüzün reallığını dolğun əks etdirir.
Həyat həqiqəti müəllifin kitaba daxil etdiyi bütün povestlərinin başlıca xüsusiyyətidir. Detektiv əsərlər üçün ənənəvi olan ədalətin qanunsuzluqla toqquşması, cinayət əməlləri və onların üzə çıxması məsələsi Qafar Cəfərlinin hər üç povestində mükəmməl şəkildə qoyulub.
Yazıçının hər fəsilə və bölümlərə epiqiraf olaraq sevib-seçdiyi maraqlı aforizmlər, hikmətli sözlər əsərdə cərayan edən hadisələrin məzmun ilə səsləşir. Bu povestlərdə obrazlar qalereyası da rangarəngliyi ilə seçilir. Müəllif mənfi personajların dili ilə cinayətkar aləmin jarqonlarından yerli-yerində istifadə edir, onların davranışını, maddi nemətlər naminə özlərinin mənəviyyat “itkinliyinin” bəlasına mübtəla olduqlarını açıb-göstərir...
Qafar Cəfərlinin həm “Əməliyyatçı”, həm də yeni kitabında cərgələnmiş povestlərin mövzusu müxtəlif olsa da, humanist dəyərlərə sadiq olan peşəkar polis zabiti Əli Zaminli haqqında davamlı bir epopeyanı xatırladır. Oxucu şübhə etmir ki, Əli Zaminli obrazı elə müəllifin öz prototipidir. Baş qəhrəmanın şəxsi duyğuları, düşüncələri, ailə qayğıları, adamlara, ətraf mühitə, sevdiyi peşəyə münasibəti ilə tanış olan oxucu hüquq-mühafizə orqanlarında belə peşəkarların olduğuna şübhə etmir. Əli Zaminlinin ictimaiyyətlə əlaqəsi, hətta cinayətin açılmasında sadə adamlara arxalanması, rayon tədbirlərində narkomaniya ilə bağlı mühazirəsi, tələbələrlə görüşü, yerli hakimiyyət orqanları tərəfindən süründürməçiliyə məruz qalan müharibə veteranına kömək etməsi və s. müsbət keyfiyyətləri müəllifin yazı manerasında qanun keşiyinda dayanan peşəkar polislərin xalq arasında nüfuzunu artırmağa xidmət edən ştirixlərdi.
Bir neçə kəlmə də iyirmi ildən çox tanıdığım qələm dostum Qafar Cəfərli haqqında yazmaq istəyirim. Mətbuat səhifələrində hələ orta məktəb illərində publisistik və kiçik həcmli bədii yazıları ilə çıxış edən Qafar jurnalist olmaq arzusunda olub. ADU-nun filologiya fakültəsində qiyabi yolla təhsil ala-ala Lənkəran rayon radio verilişləri redaksiyasında bir müddət əməkdaşlıq edəndən sonra ordu sıralarına çağrılıb. Donetsk Vilayət Hərbi Prokurorluğunda köməkçi-əsgər kimi xidmət edərkən hüquqşünas olmaq arzusuna düşüb. Elə bu istəklədə ordudan tərxis olunandan sonra təhsilini ADU-nun hüquq fakültəsinin əyani şöbəsində davam etdirərək 1983-cü ildə hüquqşünas ixtisası alıb. Otuz ilə yaxın Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə: sıravi inspektordan tutmuş polis şöbəsində əməliyyat işi üzrə rəis müavini vəzifələrində çalışıb.
Dağlıq Qarabağ hadisələri başlananda Qafar bölgənin bütün rayonlarında xidməti ezamiyyətlərdə olmuş, həm polis, həm də vətəndaşlıq borcunu yerinə yetirdi. “Mübariz” keşikdə” qəzetində haqqında çoxlu sayda məqalələr və özümün yazıları dərc olunub. Polis polkovnik leytenantı rütbəsində təqaüdə çıxandan sonra “Cənub” televiziya şirkəti ilə əməkdaşlıq etməyə başlayan Qafarın son iki-üç ildə “Region” TV-nin sifarişi və dəstəyi ilə müəllifi olduğu povestləri əsasında “İzi itməyən cinayətlər” layihəsi üzrə dedektiv filmlər çəkilib. Bu günə kimi on altı povesti əsasında çəkilmiş seriallarda əsas rollardan birini- polis rəisini Qafar özü canlandırıb.  Tamaşaçısılar  onu  həm də  “Günəşim ol” serialında  peşəkar aktyorlar kimi  oynadığı Aslan rolundan çox yaxşı tanıyırlar.
Onu da qeyd edim ki, Qafar ziyalı ailəsində boya-başa çatıb. Uzun illər pedaqoji sahədə fəaliyyət göstərən atası İltifat Qafar oğlu da bədii yaradıcılıqla məşğul olmuş, 2007-ci ildə “İlahi, fürsət ver” şeirlər kitabı işıq üzü görmüşdür.
Xəfiyyə ədabiyyatına töhvələr verən qələm dostum Qafar Cəfərli həm də qayğıkeş ailə başçısıdır, hazırda təqaüddə olan ömür gün yoldaşı Gülmirə xanım  uzun illər pedaqoji sahədə çalışıb. Ailənin üç qızı və böyük oğlu ali təhsillidir. Qızı Afaq və oğlu Əlizamin Cəfərli ali məktəbi fərqlənmə diplomu ilə bitirmişlər. Hazırda Norveçdə Oslo Universitetinin magistraturasında təhsil alan Əlizamin 2005-ci ildə Yunanıstanda keçirilən məktəblilər arasında şahmat üzrə dünya çempionatının qalibi olmuşdur. Qafarın kiçik oğlu Rövşən isə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin  ikinci kurs tələbəsidir.
Qafarın həyat tərzinə bələd olan dost kimi bir məqama da toxunmağı vacib bilirəm. Təbiət aşiqi olan dedektiv yazarın bir xobbisi də arıçılıqdır. Uzun illərdir ki, həyətində bal arısı ailəsi saxlayır. Atası dünyasını dəyişəndən sonra arılara özü qulluq edir. Arı pətəyini “gözəl memarlıq əsəri” adlandıran Qafar altı il əvvəl arı ailələri olan yeşiklərin içində təmizlik işləri apararkən ilahi bir möcüzə ilə rastlaşıb. Çərçivələrinin birinin kənarında xalq arasında vərəmum adlanan qətranla və pətəkdə ərəb əlifbası ilə“Allah”,”Bismillahİ” “Allah” sözü yazılmışdı . Uşaqlıq çağlarından ərəb - fars dilində yazıb-oxumağı bilsə də Qafar həmin yazıların fotoşəklini çəkərək əvvəlcə din xadiminə göstərib. Sonra ANS, ATV, Lider, Cənub və sair televiziya kanallarıda bu ilahi möcüzə göstərildi və Qafar arılar barədə maraqı çıxışlar etdi. Qafar həmin çərçivəni indi də evində saxlayır.
Qafar həm də gözəl müsahibdir. Dedektiv əsərlərindən söz düşəndə deyir: “Polisdə işlədiyim müddətdə arada vaxt tapıb bədii yaradıcılıqla da məşğul olurdum. Gördüyüm, iştirakçısı olduğum və eşitdiyim hadisələrlə bağlı apardığım mütəmadi qeydlər sonra bir çox povestlərin mövzusuna çevrildi. Dedektiv yazılarıma və hal-hazırda “Cənub” televiziyası ilə əməkdaşlığıma görə ilk nöbədə hüquqşümas olmağıma və Daxİli İslər Nazirliyinin sistemində səmərəli xidmətimə borcluyam”.
   Onu da qeyd edim li, dünyanın sivil ölkələrdində, o cümlədən Rusiyada korrupsiyaya qurşanmış polislər, prokurorluq işçiləri haqda dəfələrlə əsərlər yazılıb, teleseriallar çəkilib. Rus yazıçısı Pavel Astaxov «Reyder» əsərində biznesmenlərdən tutmuş, hakimlər, qubernator, təhlükəsizlik xidməti, hətta prezident də daxil olmaqla bu problemləri daha qabarıq şəkildə qələmə alıb. Korrupsiyadan sonra bu gün Rusiya hakimiyyətini ən çox narahat edən reyderçilikdir. “Reyder” əsərində bu ədalətsizliyə qarşı qanunu əlində bayraq tutan vəkil mübarizə aparır. Sözsüz ki, bu da yazıçının əvvələr vəkil olmasından irəli gəlir.
Reyder - qəsb etmə mexanizmidir (ingiliscə raider – basqın edib ələ keçirmək deməkdir). Biznes aləmində hər hansı güc və səlahiyyət sahibi vətəndaşın, şirkət sahibinin, mülküyyətçinin iradəsini nəzərə almadan onun əmlakını nəzarət altına alır, faktiki olaraq oranı ələ keçirir. Hələ XX əsrin əvvəllərində ABŞ-da Rokfeller ailəsi bu üsuldan “uğurla” istifadə edib milyader olmuşdu.
Azərbaycanda reyderçilik əməllərini ifşa edən dedektiv əsərləri araya-ərsəyə gətirib, filmlər çəkmək çətin də olsa, ən azından bunu xəfiyyə ədəbiyyatında bədii təxəyyülün məhsulu kimi qələmə almaq olar. Bu,  mənim Qafara  və  dedektiv əsərlər yazan  yazıçı həmkarlarıma  həm bir oxucu istəyimdir.
  Sonda  qələm dostumu  səssiz –səmirsiz  yola saldığı  60 illik yubileyini  bir daha səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

   Nurəddin ƏDİLOĞLU,
   yazıçı-publisist
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac