Xəbər lenti

 Şrift:
                                                                                                         
                                           
                                                                AzərNUR
              Özü - özü ilə döyüşən millət, aqibətin xeyir olsun!

                                “...Milləti gördükcə belə hərcü mərc,
                                    Könlüm olur dopdolu qan qatbaqat”.   (M.Ə.Sabir).

          İndi “Bakubus” adlanan marşrut abtobuslarında işğal altında olan yurd yerlərimizin siyahısı göstərilən lövhədə sürücülərin də adı və soyadı yazılır.  Dünən  işə gəldiyim marşrut avtobusunun sürücüsünün adı Babək idi,  bu günsə Spartak!  Sabah, o biri gün  Allah bilir,  ya Koroğlu olacaq, ya da  Nəbi?!
     Amma  heç fərq etmir!  Hər gün işə gələndə, ya da işdən gedəndə  avtobusda mübahisələrə,dava-dalaşa şahid olursan! Düzü, bu gün Spartak adı mənə  “Saptak” filmindəki qladiatorların döyüşünü xatırlatdı. Bir AN mənə elə gəldi ki,  bir avtobus sərnişinin hamısı qladiatordur. Tarixdən məlumdur ki, qədim Romada qladiatorların əksəriyyəti qullar, əsirlər və cinayətkarlar olub...  Biz ki, nə quluq, nə əsir, ucdantutma cinayətkar da deyilik!
    Hə, deməli, sürücü  Spartak səsgücləndirici vasitəsi ilə elan etsə də,  ənənəvi olaraq sərnişinlər var gücləri ilə müqavimət göstərib arxaya sıxlaşmaq istəmədilər. Ön qapıdan minənlər həm arxaya sıxlaşmayanların,  həm də Spartakın üstünə çığırdılar. 25-30 dəqiqəlik yolboyu düşündüm ki, biz təkcə  marşurutda  deyil, hər yerdə  qladiatorluq edib, var gücümüzlə özümüz-özümüzlə döyüşürük.  Bəs bir-birimizi didmək üçün bu kin-küdurət, harda, nə zaman dolub içimizə?..
    Doğrudan da çox qəribədir, marşurutda gedəndə  bir-birimizin ayağını tapdayanda dözmürük,  haray-həşir salıb etirazımızı bildiririk,  amma  bir millət kimi  hüquqlarımız  tapdananda dözürük, etiraz edə bilmirik... İstər,  bu gözəlim məmləkətimizdə olsun, istər beynəlxalq aləmdə bir millət kimi, xalq kimi  haqqımız-hüququmuz azmı tapdalanır?
     Bir-birimizə  bəzən 5-10 manatı  pulu qıymırıq, yaxud banka kredit borcunu ödəyə bilməyənlərə cinayət işi açıb, əmlakını müsadirə edirik, amma dövlət büdcəsindən milyonlar talayan, vəzifəsindən sui-istifadə edən, öz gəlirlərini vergidən gizlədən  məmur-sahibkarların  firıldaqlarına  göz yumuruq, bunu az qala normal sayırıq.  
    Görəsən niyə öz zamanəsinin zalım xanlarına, paşalarına qarşı mübarizə aparan, kasıbların haqqını müdafiə edən Koroğluya xalq qəhrəmanı deyib, heykəlini qoyuruq,  amma bu gün söz qılıncıyla nahaqqı kəsmək istəyən, haqqı deyənləri düşmən sayırıq?
   ...140 il əvvəl “Bakı qlavasının başı yoxdur!” yazan  Həsən bəy  Zərdabini  hər il yad edirik, adına təsis olunan mükafatı ilin yaxşı jurnalistlərinə təqdim edirik. Amma bu gün nəinki Bakı “qlavası”ndan, hər hansı kiçik  məmurdan yazan  jurnalisti ələ almağı, tələyə və  sıxma-boğmaya salmağı  “peşəkarcasına” bacarırıq.
       Yaxşı, necə olur,  Mirzə Ələkbər Sabir öz dövrünün,  ədəbiyyatçünas alimlərin təbirincə desək, “kafir möminlər”ini, “cahil üləmalar”ını, “mundirli nadanlar”nı, “alimi-biəməllər”ni, “lakey ərbablar”nı, “nökər millət vəkilləri”ni, “manqurt ziyalılar”nı, “məlun məmurlar”ını,  “qlasnılar”ını, “dərzi çar nazirləri”ni, “alverçi şah və sultanlar”nı tənqid edib,  onların tipik ədəbi obrazlarını yaratdığına görə, onu millətpərvər, xalqsevər şair adlandırıb, adı ilə fəxr edirik. Amma bu gün onun yolunu davam etdirən satirik şairlərin sorağı gah qazamatdan, gah da qürbətdən gəlir?! Axı, Sabirin tənqid etiyi zümrənin bir çoxu indinin özündə də  mövcuddur...
   Bəs görəsən niyə KİV-lərdə keçmişimizə divan tutub, dahiləri – görkəmli sərkədələri, dövlət xadimlərini, şair və yazıçıları, müstəqilliyimiz naminə fədakarlıq göstərənləri topa tuturuq, amma əldə edilən müstəqilliyi gözdən salıb, öz əmməlləri ilə sövet dövrü çinovniklərinə rəhmət oxutduran səlahiyyət sahiblərini mədh edirik?
  Hətta sosial şəbəkələrdə bir-biri ilə döyüşür, bir-birimizi təhqir edirik. Bir-birimizin xətrinə  dəyməkdən sanki zövq alırıq.  Ən nəhayət, qərinələr boyu  torpaqlarımızı  dördbir yandan gəmirən  düşmənlərin  işğalına  getdikcə  vərdişkar oluruq, amma doğma qohum – qardaşın xoruzu  çəpərimizdən tullanıb həyətimizə keçəndə ona  müharibə elan edirik.  Bu mənada M.Ə Sabir  120 il öncə təkcə öz zamanəsini deyil, həm də bizim  -XXI yüzilliyn bugünkü faciəsini nəzmə çəkmişdi:
                                               Qardaşa bax, qardaşını öldürür,
                                               Vəhşi olub əhli-cahan sərbəsər...

     Bəli biz  illərdir ki, MƏĞLUB millət olaraq  içimizdə erməni kimi düşmənə nifrət  bəslyir və  onlardan  intiqam almaq hissi ilə yaşayırıq. Fəqət  bütün enerjimizi, biliyimizi özümüzlə savaşa sərf edib gücdən –heydən düşürük!
       Qəzan mübarək, özü-özüylə döyüşən millətim, aqibətin xeyir olsun!

                                                                                                       01.11.2017.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac