Xəbər lenti

 Şrift:
 
                    Ölməzlik ölümdən sonra yaşamaq bacarığıdır!
              (Dünyadan vaxtsız köçən dostumuz Rövşən Əmədovun xatirəsinə)
     ...Yenə  vaxtsız ölüm BAŞ rolda  öz peşəkarlığını göstərdi.  Yenə  qəfil AYRILIQ  qəm karvanına bələdçi  oldu...  İÇ dünyamızı  titrədib,  qulaqlarımızda  aramsızca səslənən  ağılar, səssiz göz yaşları, qəmli baxışlar üstümüzə  daha bir DOST itkisi ələdi...
      Həmişə  görüşəndə çöhrəsindən təbəssüm əskik olmayan,  dost gəlişinə sevinən Rövşənin ad gününə bircə gün qalmışdı. Fəqət qohum-qardaşına, dosta-tanışına  “Əlvida!” söyləməyə belə ƏCƏL ona macal vermədi!  O gün Rövşənin  beşiyinin yırğalandığı Masallıya da, məzarının qazıldığı Bilgəhə də yağış yağdı...
      Görəsən doğurdanmı, yağış yağanda “Göy ağlayır”, günəş çıxanda “gülür”?! Təbiətin RUHU ilə işim yoxdur, amma cəmiyyət həyatında və bu dünyada hərəmiz qismətimizə Tanrı tərəfindən yazılmış bir ömür payı yaşayırıq.  Kimi qısa, kimi uzun ömür sürür!    Amma  ömür  uzunluğu ilə yox, əhəmiyyəti ilə ölçülür, deyiblər.  Bir də  deyirlər ki, ÖMÜR YARIMÇIQ qalmır!..
     Nədənsə  bu payızın çişkin yağışı, xəzan çağı , səmada köç edən durna qatarı  rəssam dostumuz Ehtiramın çəkdiyi ötən  illərin payız  tablolarına bənzəmirdi...   Rövşənin üç mərasimində  məzarını qucaqlayan  qardaşının hıçqırıqları, bir cüt  boynubükük bənövşə kimi oğlanları Elnurla Elmarın  qəmli baxışları, qəbiristanlığın ölü sükutunu pozan “Yasin” surəsinin avazla oxunuşu, başsağlığına gələnlərin üz-gözlərində həkk olunmuş  əbədi ayrılığın  şəkilləri bu payız günü ruhumuza ağrı kimi hopdu...
     Yaşasaydı Rövşəni bu adamların çoxu ad günü münasibətilə təbrik edəcəkdilər! Təbrik üçün təmtaraqlı söz deməyi bacaranlar,  indi dərin hüzn içində Rövşənin əzizlərinə təsəlli üçün, təskinlikverici söz tapıb deməyə çətinlik çəkirlər sanki... Ad günü ərəfəsində Rövşənin dünyasını dəyişməsi  hamımızı  mat qoyub, sarsıtmışdı...  Yolboyu payız küləyinin “dilində”  də sanki  bu  kəlmələr səslənir:
 
Bu dünya bazarında
Ömürdən ucuz nə var?!
Nəfəs-Can  arasında
Bircə AN məsafə var...
 
  Görəsən niyə insan oğlu  ömrü yarı olmamaş, hələ canı suluykən,  çevrəsində  bir qoşun cəngavər dost-tanışı ola-ola  ölümün qarşısında aciz olur? Ölüm haqq olsa da, görəsən   doğma adamın itkisi niyə bu qədər ağrılı,  qeyri-təbii görünür?  
    Qələm dostumuz Damət Salmanoğlu demişkən, elə Rövşənin verdiyi sualların da çoxu cavabsız qaldı. Yəqin ki, hər gün  sahilində gəzib-dolaşdığı mavi dəniz də qəribsəyir onun üçün!..
       “İnsanın xarakteri  onun taleyini  müəyyənləşdirir”  Filosoflardan hansısa  bu kəlamı  elə bil  Rövşən üçün demişdi. Heç vaxt taleyindən və səhhətindən gileylənməzdi... Xarakterinə nabələd adama ilk anda elə gəlirdi ki,  o, yetmədiyinə daş atıb, yetənə sataşır...  El arasında beləsinə “məzələnir” də deyirlər. Amma  Rövşən  zarafatları ilə dost məclisində şux əhval-ruhiyyə yaradırdı. Bizə, bir neçə saatlıq da olsa, iş, ailə, məişət qayğılarını unutdururdu.
     Rövşən öz ailəsinə vurğun insan idi. Övladlarına ali təhsil  vermək , onların ev-eşik sahibi olmaları üçün  yorulmaq bilmədən min bir zəhmətə qatlaşırdı...
      Məncə,  VARLIQ   bu dünyada hər şeyə qadir  olmaq,  YOXLUQ  isə  hər şeyi itirmək  anlamına gəlmir.   Bütün dostlarımız kimi Rövşənin də yoxluğunda  XATİRƏLƏRİMİZ   xərcləndikcə tükənmyən, zənginləşən  sərmayə kimidir.
    Əgər xatirə keçmisin həqiqəti, ümid isə gələcəyin xəyalıdırsa... onda  ÜMİD edirəm ki,  Elnurla Elmirin  yaxşı əməlləri   atalarının,  xatirəsi bizə əziz olan dostumuz Rövşənin  yarımçıq  qalmış ömrünün davamı  olacaq!..                                                                                              
   Ruhuna ehtiramla,             
  Nurəddin Ədiloğlu,
 yazıçı-publisist.
                                                  24.10.2017.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac