Xəbər lenti

 Şrift:
  
 
                                                          NAŞİR

           “Kitablar - zaman dalğalarında üzən düşüncə gəmiləridir, hansı ki, dəyərləri nəsildən nəsilə ötürür” (F. Bekon)

     Bakıda  - Xalq yazıçısı  Mirzə İbrahimovun adını daşıyan  küçədə  özünə    ünvan  tapan  “OL” nəşriyyatı  təkcə  kitab çapı ilə məşğul olan poliqrafiya və istehsalat müəssisəsi deyil, həm də  bu zəngin mənəvi  dəyərləri  nəsildən - nəsilə ötürən  yaradıcılıq  təşkilatı kimi  tanınır. Nəşriyyatın  direktoru  Qeys Əbilov milli poliqrafçıların cərgəsində yer alan peşəkar mütəxəssis kimi  öz  uğurları  ilə seçilib, tanınır.
   O, 1982-ci ildə  Lvov şəhərində  İvan Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunu  bitirib  poliqrafiya maşınları üzrə  mühəndis-mexanik  ixtisasına yiyələnib. Elə  həmin  il  Bakıdakı 26-lar mətbəəsində  əmək fəaliyyətinə başlayan  Qeys  sonra 3№-li  kitab  mətbəəsində  çalışıb.  Sevdiyi  sahədə təcrübəsi artıqca  və  bacarıqlı mühəndis kimi  tanındıqca, ən böyük arzularından biri  də mətbəələri müasir standartlara  cavab  verən  poliqrafiya avadanlıqları  ilə təhciz  etmək  olub. Bu məqsədlə   1988-ci ildə  Q. Əbilov poliqrafiya avadanlıqlarını  quraşdırmq  və təmiri ilə məşğul olan “Tilda”  koperativi  yaradır.
    İki il sonra “Kontakt” kiçik müəssisəsi təsis edir və paralel  olaraq  Milli Sülh Komitəsinin nəzdində  fəaliyyət göstərən “Səda”  nəşriyyətında  kommersiya  direktoru  vəsifəsində  çalışıb.  Şimali Qafqazda,   Ukraynada   və  Rusiyanın bütün regionlarında  rus dilində nəşr olunan yüzminlərlə kitab  ticarətinin  reallaşdırılmasına təşkilatçılıq edib...
    1994-cü ildə  fəaliyyətə başlayan və uzun illər  nəşriyyat sahəsində  böyük uğurlar qazanan “Əbilov, Zeynalov və oğulları”  istehsal – ticarət  kompaniyasının həmtəsisçisi  olub.  Eyni zamanda  o vaxtlar  Respublika   Xarici İşlər və Mədəniyyət  nazirliklərinin mətbəələrini icarəyə götürüblər.
    Haşiyə:  Qeysin  həmin dövrlə bağlı xatirələrindən bir neçəsi  diqqətimi çox çəkdi. Demək, Birinci Çeçen-Rus müharibəsi zamanı  Çeçenistanın ilk prezidenti, Aviasiya general-mayoru Cövhər  Dudayevin emissarları  çeçen savaşçılarının mübarizə əzmini artırmaq məqsədi ilə Bakıda təşviqat-təbliğat vastəsi kimi broşürlər, bukletlər, kitabçalar nəşr etdirirlər.  Qeysgilin hazırladığı çap məsulları  çeçen xalqının istiqlal mücadiləsinə rəhbərlik edən  C. Dudayevin  xoşuna gəlir və  Çeçenstan Respublikası adından təltif etmək üçün mətbəə rəhbərlərinin adlarını, soyadlarını dəqiqləşdirmək üçün emissarlarına göstəriş verir.  Lakin  Azərbaycan  Xarici İşlər Nazirliyi  mətbəəsində çap olunan məlum nəşrləri dərhal  dayandırmaq üçün icarə barədə müqaviləni pozur.   Sən demə, Rusiya Xarici İşlər Nazirliyi Bakıda nəşr olunan  çap məhsullarına görə  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə etirazını bildiribmiş.  (Bu barədə məlumatı Qeys  Rusiyanın aparıcı  qəzetlərindən olan “Komersant”da  oxuyub –N.Ə.)
     Çox keçmir ki,   Qafqazın tarixinə yeni bir "səhifə" yazan və  ölkəsinin azadlığı üğrunda  “Şəhidliyi rütbə və şərəf olaraq qəbul edən”  Cövhər Dudayevin olduğu yeri ruslar  raketlə vurur və çeçen xalqının bir çox  qəhrəman oğulları kimiı  o da şəhid olur.
    Ardan illər ötür,   Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayevanın qələmə aldığı «Million birinci» kitabı  “Əbilov, Zeynalov və oğulları”  nəşriyyatında işıq üzü görür.  “Həyat yoldaşım  yalnız XX  əsrin deyil, bütün zamanların ən büyük azadlıq savaşçılarından biriydi’’ deyən  Alla xanımın kitabında təkcə çeçen liderin mücadiləsindən deyil,  Azərbaycanda,  eləcə də  keçmiş SSRİ məkanında yetərincə işıqlandırılmayan bir çox faktları açıqlalır.
        Qeyd edim ki, həm Bakıda, həm  də İstanbulda  keçirilən imza günündə  oxucular  Alla xanıma “Milyon birinci” kitabını imzalatdırmaq üçün uzun növbələrə durmalı olublar.
      Belə bir deyim var ki, oxucusu olmayan, yaxud vaxtında öz oxucusuna çatdırılmayan kitab dəyərini itirmiş pul kimidir...
      Qeysin fikrincə,  kitablar insan taleyini dəyişən, mənəviyyatı zənginləşdirən,  cəmiyyətin  düzgün formalaşmasında  önəmli yer tutan əvəzsiz  xəzinədir.
     Ömür  yolu   nəfis və oxunaqlı  kitaba bənzəyən  Qeys  Əbilov  bir naşir, peşəkar poliqrafçı  kimi  həm milli, həm xarici ədəbiyyat,  həm də  hərbi vətənpərvərlik  nümunələrinin   çapına üstünlük   verir.
     Naşirlik  etdiyi  sanballı  kitablar  yüksək poliqrafik  tərtibatına və ən yaxşı   nəşriyyat işi kimi Azərbayacan və  Beynəlxalq  kitab sərgilərində  uğurlar qazanıb.
        XX əsrin ən böyük faciəsi olan Xocalı hadisəsinə həsr edilən və 3 dildə nəşr olunan “Xocalı soyqırımı: milyon imza – bir tələb” kitabı “ Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatına layiq görülüb..
           2006-cı il may ayında  Rəssamlar İttifaqının V.Səmədova  adına Sərgi salonunda Kitab Klubunun təşkil etdiyi  II Respublika Kitab Satış-Sərgisində 22 nəşriyyat və poliqrafiya müəssisəsi arasında   “Ən yaxşı nəşriyyat işi nominasiyası üzrə birinci mükafatı”  Sara xanım Aşurbəylinin ikidilli «Şirvanşahlar dövləti»  və  Bakının tarixi kitabına görə  «Əbilov, Zeynalov və oğulları» nəşriyyatı  qazanmışdır. (Kitabın bədii tərtibatçısı məşhur tərtibatçı-rəssam Azər Ələkbərovdur).
      Yeri gəlmişkən qeyd edim ki,  Sara xanım Aşurbəylinin Moskvada  yaşayan oğlu  məhz  anasının kitablarının «Əbilov, Zeynalov və oğulları» nəşriyyatında çap olunmasının təşəbbüsçüsü olub. 
     Bu gün də Rusiyada, Almaniyada, Türkiyədə yaşayan  həmyerlilərimizin bir çoxu   kitblarını  Qeys Əbilovun 2013 –cü ildə  təsis  etdiyi “OL” nəşriyyət-poliqrafiya kitab  ticarəti müəssisəsində  nəşr etdirirlər.
     Hər yeni nəşr olunan kitabı doğma balası kimi sevən, əzizləyən və  insanların yaddaşında xoş əməllərlə yaşamağı  ömrnünün mənası  hesab edən Qeys Əbilovun uzun illərdir ki, yerli nəşriyyat və poliqrafiya sahəsində mütəxəssislərin yetişməsində xüsusi əməyi vardır. 2013-cü ildə  işıq üzü görən, professor İsmayıl Vəliyevlə birgə  hazırladığı “Nəşriyyat işi” dərs vəsaiti kitabının  həmmüəllifidir.  
    ...Qeysin doğulub boya-başa çatdığı  Şərəfə  Masallı rayonunun ziyalı kəndlərindən biridir.  O,  öz dövrünün tanınmış din xadimi  Molla Qənbər axundun qardaşı nəvəsi,  Mollanəsrəddinçi  şair, görkəmli bəhri-təvid ustası Zahid Zeynallının ana tərəfdən qohumudur. Qeys  tələbkar oxucu kimi klassikləri,  qədim tarixi  araşdırmaları,  böyük türkçülük ideologiyasına dair kitabları  mütaliə etməyi sevir.  Bir naşir kimi  isə onu  son dövrlərdə nəşr edilən kitabların tirajının hədsiz dərəcədə kiçik olması narahat edir. Azərbaycan yazıçı-şairlərinin, alimlərinin, ictimai xadimlərinin, maarifçi- mütəfəkkirlərinin kitablarının yüksək tirajla çap edildiyi və yayıldığı  dövrü nostalji hisslərlə xatırlayır.
       Sadəliyi ilə diqqəti cəlb edən Qeyslə   həmsöhbət olanlar həm də  onun səmimi, həssas, dostcanlı və qayğkeş  insan  kimi tanıyırlar.
        Azərbaycan mentalitetinə  -  türk    törəsinə   görə  ailədə  kişinin başçı olmasını  düzgün, qanunauyğun hesab edən Qeys  Əbilovun  2 oğul  övladı, 4  nəvəsi var.  Deyir  ki,  onlar həyatımda  qazandığım ən böyük kapital, var-dövlətimdir.   Bütün sevimli babalar kimi mən də yorğunluğumu  bir-birindən şirin və əziz nəvələrimin yanında unuduram. 
   Həyat  yoldaşı  Saniyə xanımla   40  il əvvəl  Ukrayna Poliqrafiya İnstitutunda tələbə  olarkən tanış olublar. Saniyə xanım  ixtisasca  iqdisadçı –poliqrafçıdır.  Hal-hazırda “OL” nəşriyyatının  baş  müasibidir. Oğlanları  Elvir  BDU-da, Rüstəm  Neft və Sənaye Universitetində ali ixtisas təhsili alıblar.
          Elvir  də  atası və anasıyla çiyin-çiyinə çalışır. Hələlik nəşrə hazırlanan kitabların dizaynı və tərtibatı ilə məşğul olur. Kitabları sanballı, gözəgəlimli və səmərəli etməkdə  bilik və bacarığını  əsirgəmir..
         Sonda  Qeys  Əbilovun simasında  “OL” nəşriyyət-poliqrafiya kitab  ticarəti müəssisəsinin əməkdaşlarına  öz işlərində uğurlar arzulayırıq.

Nurəddin Ədiloğlu,
 yazıçı-publisist
                                                                                                          17 avqust 2017-ci il.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac