Xəbər lenti

 Şrift:



Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Naxçıvanda tariximizin müxtəlif dönəmlərində ədəbi fikrin inkişafı örnək olmuşdur. Ümumazərbaycan ədəbiyyatı kontekstində XX əsrdə Naxçıvan ədəbi mühitinin inkişafı müstəqillik illərində fərqli aspektləri ilə dəyərləndirilmişdir. Ötən əsrin 60-cı illərindən etibarən istiqlal düşüncəsinin ədəbiyyata gəlişi, milli məfkurənin düşüncə hadisəsinə çevrilməsi Naxçıvan ədəbi mühitinin poeziya qanadında da fərqli təmayüllər, dəyərlər sistemi formalaşdırdı. Müstəqillik illərində Naxçıvan poeziyasında yeni nəslin timsalında modern və postmodern dəyərlər ədəbi hadisəyə çevrildi. Qafar Qərib, Elxan Yurdoğlu, Rahil Tahirli və başqalarının timsalında dünya və Azərbaycan poeziyasındakı postmodernist ənənələr Naxçıvan ədəbi mühitindəki yeni istiqaməti təkmilləşdirdi.

Düzdür, bu nəsləqədərki Naxçıvan poeziyasında modern düşüncənin ifadəsi olan şeir nümunələri yaranmışdı. Xanəli Kərimli, Asim Yadigar, Muxtar Qasımzadə, Vaqif Məmmədov, Hüseyn Bağıroğlu yaradıcılığında bu istiqamət bəzən zəif, bəzən güclü şəkildə duyulmaqda idi. Xüsusilə Hüseyn Bağıroğlu yaradıcılığında öz ifadəsini tapan, postmodernist ədəbiyyatda təməl prinsiplərdən olan az sözlə çox fikir ifadə etmək, ədəbiyyata yeni duyum və deyim tərzi gətirmək, ənənəyə fərqli yanaşmaq konsepsiyası postmodernist açılımdan xəbər verirdi.

Son dövrlər poeziyamızda bu mənada diqqəti cəlb edən imzalardan biri də gənc şair Rahil Tahirlidir. Şeirsevərlər onun kitabı, şeirləri ilə tanışdır. Rahilin yaradıcılığındakı özünəməxsusluğu şərtləndirən başlıca cəhət onun duyum tərzi, fərqli yanaşması, faktı, hadisəni, hətta özünü belə kənardan görüb dəyərləndirə bilmək məharəti, özünüdərk istiqamətindəki mühakimələrini düşüncə hadisəsinə çevirməsi, ictimailəşdirməsidir. Şairin son kitabındakı nümunələr onun haqqında nikbin danışmağa əsas verir. Şeirlərində bəzən gəncliyin verdiyi çılğınlıq, bəzən yaşından böyük müdriklik, az da olsa, pessimist ovqat müasir oxucunun düşüncə yükünə uyğunluğu ilə diqqəti cəlb edir. Rahil son kitabı “Ayrılaq, sevgi yaşasın” adlanır. Klassik poeziyamızdan üzü bəri sevginin böyüklüyü qovuşmamaqdadır, deyilib. Özünəməxsus poetik duyumu ilə Rahil isə deyir:

Yaşadıqlarımızda

Arzuladıqlarımızı

Tapa bilmirik.

Bunu səndə gördüm,

Sənə çatdığım an

Arxasınca qaçdığımın

Sən olmadığını anladım.

Məhz dilə agahlıqla poetik güc əldə etmək Rahilin şeirlərinin məntiqini ortaya qoyur.

Xoşbəxtlik məfhumu haqqında çoxlu şeirlər yazılıb, bənzətmələr olub. Bu isə Rahildir:

Xoşbəxtlik əlimdə sabun kimiymiş,

Mən bərk-bərk sıxanda, sürüşdü, çıxdı.

“Darıxa-darıxa darıxmamağa öyrənən”, “geriyə getdiyi üçün geriyə dönən”, “sənsizliyi” bir ömrə bərabər olan obrazları şairin yaşından böyük olan sevgilərinin bitməyəcək sonudur.

Orta əsrlərdə “haqqa” çatmaq, sovet dövründə “ateizm”, sonralar isə “yaradan kultunun dərki” kimi düşüncə hadisələri Tanrıya müraciət, tanrının dərki istiqamətində xeyli sayda poetik incilərin yaranmasına səbəb olmuşdur. Postmodernist epoxada bu istiqamət, görünən o ki, daha çoxdur. Salam Sarvan “Bir gün ürəyində bir niyyət tutub, Allahın özü də pirə gedəcək”, - deyir, Qulu Ağsəs “Kimsən, nəçisən, ay Allah, Heç səndən baş açammadıq, Özün qurduğun dünyada, Sənə bir iş tapammadıq”, - deyirsə, Rahil “Bir də məndən bax özünə, Necə görünürsən, Allah”, - deyir. Şeirin, şairliyin ilahi hikmət, Tanrı sözü sayıldığı müasir təfəkkürdə insanla Tanrı, şairlə Tanrı, şairlə insanlar arasındakı kövrək tellərin görünməz olduğu görülür.

Şairlərin Tanrını, özünü, ilahi ədaləti, ədalətli cəmiyyəti axtarışları çox olur. Bəzən də elə olur ki, “qaranlıq içində qara bürünən” haqqı tapmayan şair ”Özümü burda qoyub gedəcəyəm”, - deyir.

Şeirimizin qədim hadisəsi olan yumor XX əsr poeziyasında fərqli donda qarşımıza çıxır bəzən. Hətta “Zarafatyana şeirlər” silsiləsindən olan nümunələr tədqiqatçı axtarır. Vaxtilə şəhid şair Ülvi Bünyadzadə

Rus qızları oğurlayıb ağlımı,

Gözləmə, gözləmə, məni gözləmə

- yazırdı. Gəncliyin poeziyasının timsalında bu ənənə fərqli çalarlar qazandı, həyatın dibinə endi və oradan yüksəldi. Rahilinsə müşahidələri başqa rəngdədir:

Bu qızı küçəmi doğub,

Deyirlər küçə qızıdır.

Gündüzlər gözə görünməz,

Bəxtəvər gecə qızıdı.

+++

Tutub ananın qarğışı,

Böyüyüb qalıb küçədə.

+++

Küçə qızı bu küçəni,

Yol eləyib yoldan çıxıb

+++

O qızlıq edib, küçəsə

Analıq etməyib qıza.

“Göz vuran gözündən vurub” misrasındakı fikir yeni deyil, amma təkrar da deyil, hətta təkrarsızdı. Böyük Məmməd Araz yazırdı:

Görünür qoluna girən çox olub,

Qolundan tutansa heç olmayıbdır.

Ədəbiyyatda keçən zamanın dəyişmələrini şeirlərdə daha aydın görmək olur.

Həsrətini çəkdiyimizi sevirik, tərk edirik, sevdiyimizi zənn etdiyimizi qovuşana qədər sevirik. Qovuşanda isə sevə bilməməyin iztirabını yaşayırıq. Belə bir dünyanın, sevgisizlik, ünsiyyətsizlik əsrinin şairi olan Rahil Tahirli, fikrimizcə, söz qədər heç bir nəsnəni sevmir. Elə Rahilin böyüklüyü də burdadır. Sevgisi böyük şairə böyük sevgilərlə

 

Əli Həşim

Filologiya üzrə fəlsəfə doktoru

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Müsahibə

Köşə

Foto qalereya

Sağlamlıq

Sayğac