Xəbər lenti

 Şrift:
  
 
                                                          NAŞİR

           “Kitablar - zaman dalğalarında üzən düşüncə gəmiləridir, hansı ki, dəyərləri nəsildən nəsilə ötürür” (F. Bekon)

     Bakıda  - Xalq yazıçısı  Mirzə İbrahimovun adını daşıyan  küçədə  özünə    ünvan  tapan  “OL” nəşriyyatı  təkcə  kitab çapı ilə məşğul olan poliqrafiya və istehsalat müəssisəsi deyil, həm də  bu zəngin mənəvi  dəyərləri  nəsildən - nəsilə ötürən  yaradıcılıq  təşkilatı kimi  tanınır. Nəşriyyatın  direktoru  Qeys Əbilov milli poliqrafçıların cərgəsində yer alan peşəkar mütəxəssis kimi  öz  uğurları  ilə seçilib, tanınır.
   O, 1982-ci ildə  Lvov şəhərində  İvan Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunu  bitirib  poliqrafiya maşınları üzrə  mühəndis-mexanik  ixtisasına yiyələnib.

Ardını oxu...

 Şrift:

   
                                          Aygün HASANOĞLU


     İllərlə "müharibə olacaq, vətənim üçün döyüşəcəyəm" deyə həyatımızın ən gözəl günlərini tədbirlərə, əsərlərə və bu düşüncəyə qurban verdik... verdim! Yaşıdlarım sevib-seviləndə, mən işdən çıxanda kilometrlə yolu piyada gedirdim, - döyüşə hazırlaşıram, deyə... Yaşıdların gözəl paltarlar geyinib, toylara paltarlar axtaranda, qadın bərbərlərində vaxt keçirəndə, mən qələmimi götürüb əsirlərlə bağlı arxivdə eşələndim ki, xalqda döyüş ruhunun ölməməsi üçün ermənilərin etdiklərini ortaya çıxarım... Bəzən saçımı vaxtında kəsdirmək üçün pulum olmadı, çünki pulumu kağızlara, kitablara verdim.

Ardını oxu...

 Şrift:

                    
                                 Əliağa Kürçaylının lirik poemaları

                    Hamı şeir yaza bilər, amma poema qələmə almağı hər şair bacarmır.

 

 Bir çoxumuza yaxşı məlumdur ki, XII əsrdə yaşayıb-yaratmış Əfzələddin Xaqaninin (1126-1199) yarı xatirə, yarı səfərnamə səciyyəsi daşıyan, şairin Şirvanşahlar sarayında gördüyü zülm və ədalətsizliklərə qarşı dərin etirazını bildirdiyi, müasirlərindən, qohumlarından, dostlarından, uşaqlıq və təhsil illərindən söhbət açdığı, nəcib insani sifətləri təbliğ etdiyi və böyük Nizami Gəncəvinin (1141-1209) “Xəmsə” toplusuna daxil olan “Sirlər xəzinəsi”nə (1174-1175) bənzədilən “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk poemadır.

Ardını oxu...

 Şrift:

                         

       BİZ HƏDSİZ İNSANLIĞIMIZIN FACİƏSİNİ YAŞAYIRIQ 

     Demək olar, 10  ilə yaxındı ki, səhər gəzintisinə çıxdığım təqribən 50 hektarlıq (!) Əhmədli yaylasında böyüklü-kişikli, cins və nacins it-pişik  gəzdirən çox adama rast gəlmişəm. İngilis iş adamının itini 600 avroya gəzdirən və  qazandığı ÇÖRƏK PULUNA xatir itlə ingiliscə danışan azərbaycanlı kişiylə   tula gəzdirən rus qadının obrazını  “Mavi prezidentin iti” hekayəmdə qələmə almlşam. Amma bu yaylada rastlaşdığım, fəqət yaza bilmədiyim  ağrılı-acılı mövzular çoxdur.  Bir dəfə  qəfildən iti üstümə hürə-hürə hucum çəkən ortayaşlı rus qadına dedim ki, görürsüz ki,  bu çığırda adamlar idman edir, itinizi  aparb başqa  yerdə gəzdirin!  Əsəbləşib dedi ki, siz gedin  başqa yerdə gəzin!

      Rus, ingilis, erməni... Hə, hə, hətta erməni də burda  it gəzdirir.  İki –üç il bundan öncə publisistik məqalələrimin birində  Unibankın Xətai filialının qarşısında   bahalı   maşınları olan 3 erməni avtoLEDİdən bəhs etmişəm. Yəni onların Bakıda yaşadıqları rahat mənzilləri, idarə etdiklıri  xarici maşınları almaq üçün mənim kimi  quruca maaşa qulluq edən Azərbaycan ziyalısının gərək orta hesabla 200-250  il ömrü ola...

         Əlqərəz,  uzun müddətdi  yaylada  bir qoca erməni qarı yalan olmasın, özü boyda NACİNS (cinsi bilinməyən) yekə  İT gəzdirir. Özü də  xaltasız-zadsız, sağlamlığının qeydinə qalan onlarca adamın keçib-getdiyi çığırlarda... O qədər saymazyana gəzir ki, elə bil YAYLA dədə-babasından ona miras qalıb!.. Açığı, üzbəüz gələndə, o yekə İTƏ görə mən yolumu dəyişməli oluram. Bəzən bizimkilərdən kimsə yüksək humanistlik göstərib  o qarıya rus dilində  “Salam” verib,“Sabahın xeyir” də deyir.   Bu  zaman gəzə-gəzə düşünürəm ki, görəsən,  İrəvanın qədim Təpəbaşı  məhəlləsində türk- müsəlman qarısı belə sərbəst it-pişik  gəzdirə bilərdimi? Və o türk- müsəlman qarıya  ermənilər salam verərdilərmi? Əsla yox! Heç axtarsan İrəvanda azad-asudə gəzən bir türk qocaya – qarıya da rast gəlməzsən. Olsa-olsa əsirlikdə olar!

           Burada -bizdə isə bu 10 il ərzində cəmi bir dəfə mənim kimi, yepyekə İTindən çəkinib yolun dəyişən bir nəfər erməni qarının dalısıycan gileyləndi ki, zalımın qızı,  səhər tezdən elə bil  əziz-girami "dədə"sini  gəzməyə çıxarıb! Ən qəribəsi də,  hər səhər o qarının bizim gözümün önündə yaylanın ən hündür yerində üzü erməni kilsəsi istiqamətinə dayanıb dualar etməsidir... O, dua edəndə YEKƏ iti də quyruq bulaya-bulaya onun başına dolanır.

          Bəlkə Ermənistanda aclıq çəkən  qohum-əqrabası üçün Allahdan kömək istəyir?   Nə bilim, amma hər dəfə yaylada qamətini ŞAX  tutub, qalibanə addımlayan bu qarını görəndə  atalarımızın “Arxalı köpək QURD basar” məsəlini xatırlayıram. Və bu məsəldə öz aciyiyinə bəhanə  donu geyindirən Qurdun halına acıyıram...

     Son olaraq, düşünürəm ki,  Sabir, (“Beynəlmiləl” şeiri) Cəfər Cabbarlı (“1905-ci ildə” pyesi ), Mirzə Cəlil (“Kamança” faciəsi), Nəriman Nərimanov (“Bahadur və Sona” romanı) və  XX əsrin əvvəllərindən üzü bəri yazıb-yaran  bütün qələm sahibləri  BİZİM içimizdə düşmənə qarşı kin-küdurət yox,  yalnız  İNSANLIQ komleksi yradıblar. Fəqət İnsanlıq kompleksi ilə qazandığımız  ÜSTÜNLÜKLƏR bizə  böyük itkilərlə - vətən, yurd, torpaq  itkisi ilə başa gəlib!

          Əli bəy Hüseyinzadənin pişiklə müqayisə etdiyi  “erməni xisləti” barədə  dediyinə isə zamanında əhəmiyyət verilmədi: “Pişik öz pisliyini sitr etdiyi kimi, bunlar da (erməni millətçiləri –N.Ə) öz qüsurlarını, öz qəbahətlərini, öz vəhşətlərini söz tufanı içində gizləyib, bizim isə ən kiçik qəbahətimizi birəni dəvə edərcəsinə mübaliğələndirirlər”

           Axı. Şəhriyar da  öz  şeirində deyirdi ki:

                               Azər qoşunu Qeysəri, Rumu əsir etmiş,

                               Kəsra sözüdür, bir  belə tarix nağıl olmaz...

        Bəs nağıl olmayan o Tarix  nə vaxt  təkrar olunacaq???

       Bəlkə, nənəm demişkən, bir müddətə İNSANLIQ KOMLEKSİMİZİ səliqə ilə qatlayıb Alı bəyin sandığına qoyaq?! Lazım olanda  yenə  o komleksi “çıxararıq”  meydana...

                                                                                         Nurəddin ƏDİLOĞLU.

 Şrift:



 Şəhərlər böyüdü,şəhərlər böyüdükcə paralel olaraq insanların sayı da artmağa başladı.Dahilərdən biri "Adamların sayı artdıqca, insanların sayının azaldığını görürəm"- deyə nigaran bildirmişdi.Bu nigaranlıq məni bəşəriyyətin sonsuzluğa doğru yollanan yorğun ayaqlarından sallaşan dərdləri görməyə sövq edir.Bu dərdlərin ən böyüyü isə bəşəriyyəti öz girdabında boğmağa hazırlaşan tənhalıq girdabıdır.
-Niyə bu qədər qələbəlik içində tək qalmışıq?
-Kimlər ya nələr buna zəmin hazırladı?
-Biz hara gedirik?
-Bütün bunların bir həll yolu varmı?
            Dünyaya kitab pəncərəsindən baxanlar tənhalığın ədəbiyyatda tsiklik inkişafını müşahidə edə bilərlər.Bu tənhalıq İsgəndər Zülqerneynin əbədiyyət kəhrizini axtarmağa getməsindən,postmodernistin bohem həyatına qədər uzanır.Hissə-hissə,zərr-zərrə ədəbiyyata çökən tənhalıq iztirabı son əsrlərdə öz pik nöqtəsinə çatdı.Bu əsrlərin tənhalığı Məcnunun çöllərdəki tənhalığı deyildi.Bu fiziki tənhalıq deyildir.
            Əvvəllər yalnız ədəbiyyatda mövzu olan bu məsələ indi cəmiyyət adlı gəmini batırmağa başlayıb."Zəmanəmizin qəhrəmanı"nı mütaliə edən orada bir insanın özünə yer tapa bilməməsini 50 il öncə oxuyarkən bəlkə də təccüblənərdi.Lakin indi bu qəhramanlar o qədər çoxalıblar ki,kütləvi şəkildə boşanmalar və intiharlar şəklində qarşımızda nəhəng bir tablo yarada bilirlər.
            "Martin İden"in fəlakəti onun yazıçılığı deyildi.Onun daxilində dərinləşməyə başlayan bir girdab idi.Bu girdab onu son yolçuluğuna apardı.Gəmiyə minəndə elə ürəyindən keçdi ki,o sadə qızı özü ilə aparsın,amma apara bilmədi.Cünki o girdab onun əlindən cəsarətini-yaşamaq cəsarətini almışdı.Həyat rəngini itirmişdi onun üçün.
            T.Drayzerin "Dahi"si Yucin cəmiyyətin zibiliyindən zirvəsinə və ya əksinə yuvarlanarkən o tənhalıq girdabının əlində can verərkən onu həyata yenidən nə qaytardı.Bu barədə sonra...
            Tənhalıq sindromunu kimlər yaratdı və bunu insanlara kimlər yoluxdurdu? 50 il öncə "ürəyim sıxılır""Həyat niyə bu qədər bezdiricidir?!" cümləsini quran əgər bir nəfər idisə, indi bu cümlənin cəmiyyətdə nə qədər sahibi tapılar.Xüsusilə gənclər arasında bu geniş şəkildə yayılıb.Bütün bunların məntiqi bir izahı vardır.
            Bütün bunların izahı bizi modernizmin diktə etdiyi qloballıq siyasətinin bir parçasıdır."Bəs əgər qoloballaşma vahid bir mədəniyyəti təbliği edirsə, bunun nəyi pisdir ki?"- deyə mənə etiraz edənlər də tapılacaq.Bəli, bütün hikmət cəmi bir kəlmə olan o qloballaşma sözünün içindədir.Biz bilirik bəşəriyyət mövcud olandan bəri dünyada aparılan müharibələr tökülən qanlar iqtisadiyyat və qüdrət toqquşması ucbatından olub(Təbii ki,söhbət işğalçı müharibələrdən gedir)Qloballaşma elə mədəniyyət formasını diktə edir ki,onun daşıyıcısı olan insana hər şeyi satmaq asan olsun.Məlum məsələdir ki,şərqdə yeyilən bir qida qərbdə yeyilə bilməz.Lakin 50 il sonra bütün bir vahid mədəniyyətə sahib bütün dünya yalnız bir qida sektoru və ya digər iqtisadi güclər tərəfindən idarə olunacaqsa niyə insanlar tədricən vahid bir mədəniyyətə tabe edilməsin?! Burada bir sual meydana çıxır:Axı bütün dünya vahid bir əldən idarə olunacaqsa bu günü-gündən artan insan kütləsini idarə etməyə necə bacaracaqlar? Və ən ümdəsi indi bütün insanlığı sıxan bu tənhalıq sindromunun bununla nə əlaqəsi var?
Texnologiya inkişaf edir.Texnologiya inkişaf etdikcə insanlara fərdiləşmə diktə olunur.Hər kəs özəldir,xüsusidir kimi alt şüura xitab olunan reklam çarxları bütün günü televizorda modernizmin bizə pıçıldadığı sözlərdir."Sən ən gözəlinə layiqsən" Sənin üçün yaratdıq "və s.Sən.Bu insanı eqoizmə və mənmərkəzçiliyə götürən ən böyük yalanlardan biridir.Cəmiyyətə ilk addımın atan insan onu böyük uğurların gözlədiyini və özünün xüsusi olduğuna inamla gəlir.Lakin bütün bu umduqlarının yerinə onu cəmiyyətdə reallıqlar-umduqlarının heç yarısı belə qarşılamır. İqtisadiyyatın psixoloji əsaslarının olması məsələsini yalnız bununla sübut edə bilərəm ki,Fukuyama iqtisadiyyat üzrə Nobel mükafati alanda bəlkə də insanlar onun bir psixoloq olduğunu və iqtisadiyyatın psixoloji əsasları barədə elmi əsərinə görə bu mükafatı aldığını bilmirdi.İqtisadiyyatın insanların psixologiyası ilə birbaşa əlaqəsini quraraq bu gün dünya bazarında illərlə rəqabətə tab gətirən şirkətlər var.Bütün bunlar isə cəmiyyəti daxildən yoxsullaşdıraraq bir çox tənha insanların yaranmasına gətirib çıxardı.Artıq özünün xüsusi olması barədə nağıllarla böyüyən insanın real dostları az, paylaşdığı informasiya azdır.O özünə qapanıb.Onun ən yaxşı dostu son texnologiya və o texnologiyanın gətirdiyi qeyri-real həyatdır. (Bu anda atalar və oğulların mübarizəsi başlasa belə bu mübarizədə körpü üzərində qarşılaşan iki keçi kimi hər iki tərəf bəri başdan uduzub) Bəziləri  real həyatın ilk silləsindən yerə yıxılaraq intihar edər,digərləri yarımadam olaraq davam edərlər.Onlar çoxdu.Tənha bir şəkildə evlənərlər, ailələri olar ,amma onların  daxilində bir sakitlikləri olmaz.Ailə daxilində Don Kixotla Sança Panso kimi olarlar.Fiziki bir yaxınlıqla az qala dünyanı dolaşsalar, belə hərə öz xəyalının hərə öz "dəyirmanın" arxasınca düşər.Cəmiyyəti bu girdabdan necə xilas etmək olar sualının yalnız bir cavabı var:Qohumluq və dostluq.İslam dinində insana əmr olaraq bir qanun gəlib:sileyi-rəhm.Açması qohumluq əlaqəsidir.Qohumlarla əlaqə niyə bu qədər vacib olsun ki? İnsan nəyə görə belə etməlidir ki? Çünki insanı içindəki o dəhşətli girdabdan yalnız o üzünə qapı bağladığı insanlar xilas edə bilər.Paylaşmaq bölüşmək xilas edər. Mənim qələbəliyim insanlarla doludur deyən dahi o insanları yaxınları ilə əvəzləsəydi yeniyetmə tənhalığından qurtulmuş olardı.Qayıdım Drayzerin "Dahi"si Yucinə. Bohem həyatın sərxoş etdiyi Yucin əllərini körpə qızına uzadan zaman anlayır ki,artıq həyat onun üçün dəyişib. Artiq o başqası üçün yaşamalıdır, mübarizə aparmalıdır.Yaşamağa artıq bir səbəbi vardır.Bəli yaşamağa səbəb ,ölməyə səbəb olmalıdır.Səbəbsiz insan məhvə məhkumdur.Emil Zolyanın Suvarinin ("Germinal")belə səbəbi var idi o mədən quyuların partladanda....

Amma Kamyunun "Yad"-nın əlində heç bir əsas yox idi.O öldürəcək qədər tüfeyli,yaşayacaq  qədər həvəssiz idi... 
 Şrift:



Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Naxçıvanda tariximizin müxtəlif dönəmlərində ədəbi fikrin inkişafı örnək olmuşdur. Ümumazərbaycan ədəbiyyatı kontekstində XX əsrdə Naxçıvan ədəbi mühitinin inkişafı müstəqillik illərində fərqli aspektləri ilə dəyərləndirilmişdir. Ötən əsrin 60-cı illərindən etibarən istiqlal düşüncəsinin ədəbiyyata gəlişi, milli məfkurənin düşüncə hadisəsinə çevrilməsi Naxçıvan ədəbi mühitinin poeziya qanadında da fərqli təmayüllər, dəyərlər sistemi formalaşdırdı. Müstəqillik illərində Naxçıvan poeziyasında yeni nəslin timsalında modern və postmodern dəyərlər ədəbi hadisəyə çevrildi. Qafar Qərib, Elxan Yurdoğlu, Rahil Tahirli və başqalarının timsalında dünya və Azərbaycan poeziyasındakı postmodernist ənənələr Naxçıvan ədəbi mühitindəki yeni istiqaməti təkmilləşdirdi.

Düzdür, bu nəsləqədərki Naxçıvan poeziyasında modern düşüncənin ifadəsi olan şeir nümunələri yaranmışdı. Xanəli Kərimli, Asim Yadigar, Muxtar Qasımzadə, Vaqif Məmmədov, Hüseyn Bağıroğlu yaradıcılığında bu istiqamət bəzən zəif, bəzən güclü şəkildə duyulmaqda idi. Xüsusilə Hüseyn Bağıroğlu yaradıcılığında öz ifadəsini tapan, postmodernist ədəbiyyatda təməl prinsiplərdən olan az sözlə çox fikir ifadə etmək, ədəbiyyata yeni duyum və deyim tərzi gətirmək, ənənəyə fərqli yanaşmaq konsepsiyası postmodernist açılımdan xəbər verirdi.

Son dövrlər poeziyamızda bu mənada diqqəti cəlb edən imzalardan biri də gənc şair Rahil Tahirlidir. Şeirsevərlər onun kitabı, şeirləri ilə tanışdır. Rahilin yaradıcılığındakı özünəməxsusluğu şərtləndirən başlıca cəhət onun duyum tərzi, fərqli yanaşması, faktı, hadisəni, hətta özünü belə kənardan görüb dəyərləndirə bilmək məharəti, özünüdərk istiqamətindəki mühakimələrini düşüncə hadisəsinə çevirməsi, ictimailəşdirməsidir. Şairin son kitabındakı nümunələr onun haqqında nikbin danışmağa əsas verir. Şeirlərində bəzən gəncliyin verdiyi çılğınlıq, bəzən yaşından böyük müdriklik, az da olsa, pessimist ovqat müasir oxucunun düşüncə yükünə uyğunluğu ilə diqqəti cəlb edir. Rahil son kitabı “Ayrılaq, sevgi yaşasın” adlanır. Klassik poeziyamızdan üzü bəri sevginin böyüklüyü qovuşmamaqdadır, deyilib. Özünəməxsus poetik duyumu ilə Rahil isə deyir:

Yaşadıqlarımızda

Arzuladıqlarımızı

Tapa bilmirik.

Bunu səndə gördüm,

Sənə çatdığım an

Arxasınca qaçdığımın

Sən olmadığını anladım.

Məhz dilə agahlıqla poetik güc əldə etmək Rahilin şeirlərinin məntiqini ortaya qoyur.

Xoşbəxtlik məfhumu haqqında çoxlu şeirlər yazılıb, bənzətmələr olub. Bu isə Rahildir:

Xoşbəxtlik əlimdə sabun kimiymiş,

Mən bərk-bərk sıxanda, sürüşdü, çıxdı.

“Darıxa-darıxa darıxmamağa öyrənən”, “geriyə getdiyi üçün geriyə dönən”, “sənsizliyi” bir ömrə bərabər olan obrazları şairin yaşından böyük olan sevgilərinin bitməyəcək sonudur.

Orta əsrlərdə “haqqa” çatmaq, sovet dövründə “ateizm”, sonralar isə “yaradan kultunun dərki” kimi düşüncə hadisələri Tanrıya müraciət, tanrının dərki istiqamətində xeyli sayda poetik incilərin yaranmasına səbəb olmuşdur. Postmodernist epoxada bu istiqamət, görünən o ki, daha çoxdur. Salam Sarvan “Bir gün ürəyində bir niyyət tutub, Allahın özü də pirə gedəcək”, - deyir, Qulu Ağsəs “Kimsən, nəçisən, ay Allah, Heç səndən baş açammadıq, Özün qurduğun dünyada, Sənə bir iş tapammadıq”, - deyirsə, Rahil “Bir də məndən bax özünə, Necə görünürsən, Allah”, - deyir. Şeirin, şairliyin ilahi hikmət, Tanrı sözü sayıldığı müasir təfəkkürdə insanla Tanrı, şairlə Tanrı, şairlə insanlar arasındakı kövrək tellərin görünməz olduğu görülür.

Şairlərin Tanrını, özünü, ilahi ədaləti, ədalətli cəmiyyəti axtarışları çox olur. Bəzən də elə olur ki, “qaranlıq içində qara bürünən” haqqı tapmayan şair ”Özümü burda qoyub gedəcəyəm”, - deyir.

Şeirimizin qədim hadisəsi olan yumor XX əsr poeziyasında fərqli donda qarşımıza çıxır bəzən. Hətta “Zarafatyana şeirlər” silsiləsindən olan nümunələr tədqiqatçı axtarır. Vaxtilə şəhid şair Ülvi Bünyadzadə

Rus qızları oğurlayıb ağlımı,

Gözləmə, gözləmə, məni gözləmə

- yazırdı. Gəncliyin poeziyasının timsalında bu ənənə fərqli çalarlar qazandı, həyatın dibinə endi və oradan yüksəldi. Rahilinsə müşahidələri başqa rəngdədir:

Bu qızı küçəmi doğub,

Deyirlər küçə qızıdır.

Gündüzlər gözə görünməz,

Bəxtəvər gecə qızıdı.

+++

Tutub ananın qarğışı,

Böyüyüb qalıb küçədə.

+++

Küçə qızı bu küçəni,

Yol eləyib yoldan çıxıb

+++

O qızlıq edib, küçəsə

Analıq etməyib qıza.

“Göz vuran gözündən vurub” misrasındakı fikir yeni deyil, amma təkrar da deyil, hətta təkrarsızdı. Böyük Məmməd Araz yazırdı:

Görünür qoluna girən çox olub,

Qolundan tutansa heç olmayıbdır.

Ədəbiyyatda keçən zamanın dəyişmələrini şeirlərdə daha aydın görmək olur.

Həsrətini çəkdiyimizi sevirik, tərk edirik, sevdiyimizi zənn etdiyimizi qovuşana qədər sevirik. Qovuşanda isə sevə bilməməyin iztirabını yaşayırıq. Belə bir dünyanın, sevgisizlik, ünsiyyətsizlik əsrinin şairi olan Rahil Tahirli, fikrimizcə, söz qədər heç bir nəsnəni sevmir. Elə Rahilin böyüklüyü də burdadır. Sevgisi böyük şairə böyük sevgilərlə

 

Əli Həşim

Filologiya üzrə fəlsəfə doktoru

 Şrift:


Bir gün parkda  əlimdə Dostoyevskinin İdiotu ilə gəzirdim. Havanın küləkli olması və azcada yorğun olmam məni fontanla üz- üzə olan skamyada oturmağa məcbur etdi.

Xətrə dəyməyi heç sevmədiyim üçün yenədə bədənimin əmrinə tabe oldum. Skamyada əyləşdim..

Elə təzə əlimi atıb İdiotun səhifələrini aralayırdım ki arxadan 1 gəncin belə bir sözünü eşitdim.

-Bu oğlan ona görə dərsə girmir ki sonra deməsinlər ki, müəllim onu otuzdurub dərs keçib...
Arxaya çevrildim.dəqiq saya bilmədiyim üçün təxmini 4-5 gənc olardı.Amma bu ifadəni kim işlətdi bilmədim.

Kitabı bağladım.Çünki beynim düşünmək üçün israr edirdi. Yenədə xətrə dəymədim.Düşündüm.

Nəyə görə universitetdə oxuyan gənclərin çoxu ali təhsil almağı heç sayır? Yaxşı razıyam hər kəsin öz fikri var. O zaman bu qədər pul xərcləyib oxumamaq nəyə lazımdı?
Yadıma bir şey düşdü.

Mən 2-ci kursda oxuyanda Fəlsəfə müəllimi belə bir sual verdi

-Nəyə görə Yəhudilər inkişaf etmiş millətlər içərisindədilər? Cavab gəlmədi.. 
-Ona görəki Yəhudi ailələri elə  uşağı uşaq ikən öz öhdəsinə buraxıb fikrinə hörmət edirlər.

Davam etdi..

-O zaman Bakıda bir dərzi var idi.Demək olar ki hər kəs paltar kostyum tikəndə bu dərzinin yanına gələrdi.Bu dərzinin əhvalatı nelə olmuşdu. Bu dərsi yəhudi imiş. Atası bir gün onu yanına çağırıb ondan nə olmaq istəyirsən deyə soruşmuşdu.Oda cavabında dərzi olmaq istədiyini bildirmişdi.Atasıda bununla razılaşmış və oğlunu dərzi yanında şagirdliyə qoymuşdu. Zaman keçdi il dolan həmən o oğlan Bakının ən tanınmış dərzilərindən oldu.

Çoxlarımız hər şeyi qismətin öhdəsinə buraxırıq. Amma qismət niyyətdən doğar. Hədəfsiz insan zamanın kəndirini öz əlləri ilə öz boynuna keçirər.

İnsan oğlunun hər yaşında bir mərhələsi bir vəzifəsi var.Və burda bir vəzifə yerinə yetməzsə digərləri heç olmaz..
Və beləliklə

Zaman azalar...

Həyat adamı sıxar..

Adam özünü sıxar...

Sıxılan şey ən sonda məhv olar...

 Şrift:

     

  85 il öncə, 31 may 1932-ci ildə Masallıda “Yeni həyat” qəzetinin nəşrə başlaması rayonun ictimai-siyasi həyatında ən mühüm hadisə sayılırdı. Ötən əsrin  keşməkeşli otuzuncu illərindən bu günümüzə körpü olan qəzetin Masallının inkişafında, mədəni həyatında  rolu danılmazdır.

     Rayon firqə və icraiyyə komitələrinin  orqanı kimi  nəşrə başlayan i “Yeni həyat” qəzeti Masallıda mətbəə olmadığından Lənkəranda – “Qızıl Talış” qəzetinin mətbəəsində 600 - 800 tirajla çap edilirdi.  İlk sayı ağ kətan parçanın üzərində nəşr olunan qəzetin redaktorluğunu 1930-1933-cü illərdə Masallı rayon firqə komitəsinin birinci katibi vəzifəsində çalışan İlya Mişiyev (Bakı şəhəri) öz öhtəsinə götürmüşdü. Milliyyətcə yəhudi olan İlya Mişiyev Azərbaycan dilini mükəmməl bilirdi. Qeyd edim ki, 1930-1932-ci illərdə rayon icraiyyə komitəsinə Müseyib Kərimov (Musakücə kəndi) sədrlik edib.

     Öz nəşrinə başlaması münasibətilə  Masallı  rayon firqə komitəsinin təbrikini   və  kolxozçulara  müraciətini ilk sayında dərc edən  “Yeni  həyat”ın bu gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının  arxivində  saralıb-solmuş ilk nüsxələri qorunub saxlanılır. ADU-nun jurnalistika fakültəsini bitirdiyim il (1984)  “Yeni həyat”ın nəşrinə və  50  illik fəaliyyətindən bəhs edən diplom işimə qəzetin ilk sayının şəklini də əlavə etmişdim.  Müdafiə komissiyasının üzvləri  Azərbaycan Jurnalistlər  İttifaqı İdarə Heyətinin katibi (sonralar ittifaqın sədri) Hacı Hacıyev,  “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev başda olmaqla  müəllimlərimizdən Qulu Xəlilov, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Famil Mehdi, Seyfulla Əliyev (elmi rəhbərim), Tofiq Rüstəmov, Əliş Nəbili, Nəsir Əhmədli  ilk tədqiqat işimi təqdir elədilər.  Və mənə  1935-ci ildə “Yeni həyat”a  ilk rəsmi təsdiq olunmuş redaktor Məmmədağa Sultanovla (Bakı şəhəri) görüşməyi  tövsiyyə etdilər.

 Filologiya elmlər namizədi,  əməkdar mədəniyyət işçisi  Məmmədağa Sultanovun xatirələri diplom işimi çox zənginləşdirdi. 26 il Respublika Əlyazmalar Fondunun (İndi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) direktoru vəzifəsində çalışan Məmmədağa müəllim 1947-ci ildə masallılı Mircavad bəy Talışxanovun qızı Badisabah xanımla ailə həyatı qurmuşdu. (Peterburqda hüquqşünaslıq təhsili almış Mircavad bəy Mirabdulla bəy oğlu (1876-1937) otuz yeddinci ilin qurbanlarından biridir-N.Ə)

  “Yeni həyat”da çox vaxt M.Soltan imzazı ilə çıxış edən Məmmədağa Sultanov elmi təşkilatı işlərlə yanaşı, Azərbaycan, Yaxın və Orta Şərq klassiklərinin qiymətli əsərlərini fars dilindən ana dilimizə tərcümə etmişdir.

    Qeyd edim ki,   otuzuncu  illərədə qəzetin  cəmi  iki şöbəsi var idi. Və  bu şöbələr yalnız ictimai əsaslarla fəaliyyət göstərirdi. Bunlardan biri kütləvi işlər şöbəsi idi. Şöbənin yazıları adətən, “Firqə quruluşu” rubrikası altında dərc olunurdu.

   Qəzetin digər şöbəsi də “Mədəni-maarif” adlanırdı. Bu şöbə materialları, əsasən, “Savadsızlığın ləğvi uğrunda” rubrikası altında dərc edirdi. Hər il əhalinin savad  kurslarına cəlb edilməsi haqqında  rayon maarif şöbəsi   məlumat cədvəli   tərtib edirdi.“Yeni həyat” öz növbəsində  həmin cədvəli qərc edərək artımı izləyir,  rayon əhalisinə – fəhlə və kəndlilərə  rəqəmlərin dili ilə  bu sahədə  aparılan  işləri  təbliğ  edirdi.

   “Tədrisin yüksək dəyəri uğrunda” (10 oktyabr 1932-ci il), “Savadsızlıqla mübarizə cəbhəsinə qoşulmalı” (15 oktyabr 1932-ci il), “Kolxozçu qadınların savadsızlığına fikir verməli” (16 mart 1933-cü il) və s. məqalələrdə qəzet rayon müəllimlərini savadsızlıqla mübarizəyə səsləyirdi.

    1933-cü ildə Masallıda MTS-in siyasi şöbəsi yaradılandan sonra burada “Kolxoz bayrağı” qəzeti nəşrə başladı. Həmin ilin iyununda  ÜİK (b) P MK-nın  göstərişinə əsasən  siyasi şöbə qəzetlərinə redaktor ştatı ayrıldı. “Kolxoz bayrağı” qəzetinə  redaktorluğa sonralar “Yeni həyat” qəzetinin məsul katibi və redaktoru olan, qəzetin fəal kəndli müxbiri Oruc Əliyev (Digah kəndi) göndərildi. 1934-cü ildən etibarən “Yeni həyat” Lənkəranda deyil, Masallıda çap olunmağa başlayır.

   Rayonun Köhnə Alvadı kəndindən olan Səfər Hüseynov 6 aylıq mətbəə işçisi kursunu bitirəndən sonra qəzetin ilk çapçısi və mürəttibi işləyib. Qəzetin ilk çapçılarından Tağı Cəfərov (Masallı),  Sahib Nəcəfov (Ərkivan), İbrahim Gözəlov (Masallı) həftədə bir dəfə 600-800 tirajla nəşr edilən qəzetin materiallarını əllə yığır, sonra “amerikanka” adlanan  maşında çap edirdilər.

    Otuzuncu illərdə haqqı yazan, əyri əməl sahiblərini tənqid atəşinə tutan müxbirlər təqib olunduğundan yazılar çox vaxt gizli imzalarla dərc edilirdi. “Biçinçi”, “Hərif”, “Tək səbir”, “Hərdəmxəyal”, “Qızıl Avarlı”, “Gəzən” və s. imzaların müəllifi olan  fəhlə-kəndli müxbirləri öz yazılarında övladlarını məktəbə buraxmayan valideynləri, kolxoz ambardarları ilə əlaqəyə girib taxılı satan  şura  (sovet) sədrlərini ciddi tənqid atəşinə tuturdular.

  1934-cü ilin oktyabrında Azərbaycan fəhlə-kəndli müxbirlərinin III qurultayı  keçirilir. Həmin qurultayın  nümayəndələrindən biri də ərkivanlı Nemət Nemətov idi. “Yeni həyat” qəzetinin səhifələrində “Xəzərli”, “Günəşli”, “N. Nəzir” və “N.Nəzirzadə” imzaları ilə çıxış edən Nemət Nemətov 1935-1936-ci illərdə  Ərkivanda 200-400 tirajla çap olunan “Bolşevik yolu” çoxtirajlı qəzetinin redaktoru, sonra uzun müddət “Yeni həyat”ın məsul katibi və redaktoru işləmişdir.   

   1936-cı ildə “Yeni həyat” qəzetinin səhifələrində qadın müxbirlərin imzası görünməyə başladı. Onlardan biri də qızılavarlı Yaqut Rəmətova idi. 20 avqust 1936-cı il nömrəsində o, Qızılavarda məktəb binasının təmirində çalışan gənclərdən  söhbət açırdı.

   Masallıda və Lənkəranda bir çox rəhbər vəzifələrdə çalışmış Cəbrayıl Məmmədov (Boradigah) 1938 - ci ildə bir müddət “Yeni həyat” qəzetinin müvəqqəti məsul redaktoru olmuşdur( Tanınmış şair Rafiq Məmmədin atası-N.Ə)

      30-cu illərin SSRİ məkanında qapı-qapı əsib-dolaşan acı repressiya küləkləri Masallıdan da yan keçməyib. Rayonun onlaraca tanınmış elm adamlarını, Nəcəfdə təhsl almış nüfuzlu və hörmətli din xadimlərini, zədagan nəslindən olan imkan sahiblərini Sibirə sürgün edib,  bir çoxunu məhkəməsiz güllələyiblər.

     İkinci Cahan Müharibəsi ərəfəsində, 1939- cu ildə  Masallıda əhalinin sayı  60 min nəfərə çatmışdı. Faşist Almaniyası ilə müharibəyə gedən 10914 nəfər Masallının vətənpərvər oğullarının 5 mindən çox həlak olub, 1573 nəfəri itkin düşüb. Aclıq-səfalət  dolu müharibə illərində Masallı arxa cəbhələrdə 17 mindən çox  dinc sakinini itirdi.

     Müharibə illərində “Yeni həyat” arxa cəbhədəkilərin ən çətin sınaqlar dövründə təsəllisi, usanmayan dostu, faşizmin süqutundan soraq verən müjdəçisi oldu. Bu zaman vətənpərvərlik duyğularının aşılanmasında qəzetə  rayon radio qovşağı var qüvvəsi ilə  kömək göstərirdi.

    Müharibənin ilk günü  keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Masallıda da ümumrayon mitinqi keçirildi. Mitinqdə rayon icraiyyə komitəsinin sədri, ordenli Qurbanqulu Ağababayev, rayon partiya komitəsinin katibi Kamran Həsənov, hərbi komissar, baş leytenant Məmmədov və başqaları çıxış etdilər. Mitinqin materialları  rayon qəzetinin  26 iyun 26-cı nömrəsində  dərc olundu. Növbəti sayında diqqəti cəlb edən “Kolxozçu qadınlar, traktoru  öyrənin, cəbhəyə gedən traktorçuları əvəz edin!” başlığı altında  geniş məqələ dərc olundu. “Yeni həyat” rayonda keçirilən mitinqin iştirakçılarından biri, Türkoba kənd sakini Qəmər Ağayevanın çıxışından  belə misal gətirirdi: “Qoy traktorçu, kombaynçı ərlərimiz, oğlanlarımız və qardaşlarımız müqəddəs və toxunulmaz vətənimizin müdafiəsinə getsinlər... Alçaq düşmənin zərbəsinə  ikiqat zərbə ilə cavab versinlər. Biz bu gündən... polad atlara minərək onları əvəz edəcəyik. Mən bu şərəfli iş uğrunda bütün traktorçu qadınları  mübarizəyə çağırıram” (“Yeni həyat”, 5 iyul 1941-ci il).

  Sonra qəzet həmin mitinqdə traktorçu qadınlardan Səkinə Abbasova, Badisəba Rzayeva, Xeyri Ağaməmmədova və başqalarının çıxış edərək yekdilliklə qətnamə qəbul etdiklərindən bəhs edir. Bu və digər nömrələrdə dərc olunan “Ananın cavabı”, “Çağrışçılar hərbi biliyə yiyələnirlər” sərlövhəli məqlələrdə cəbhələrdə  vuruşanların qələbə çalması üçün  rayon camaatının  əzmlə çalışdığı təsvir  olunur.

       Müharibə dövrü materialları qəzetdə bir qayda olaraq “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”, “Cəbhəyə məktub”, “Cəbhədən məktub” rubrikaları altında dərc olunurdu.

       40 - cı illərin əvvələrindən “Yeni həyat”ın redaktoru vəzifəsində çalışan  Zülfüqar Fərəcov (Ağdam) həm də gözəl publisistik məqalələr müəllifi kimi tanınmışdır. Onun “Yeni həyat”da Abbasoğlu imzası ilə  dərc etdiyi “Düşmən məhv ediləcək”, “Biz  qalib gələcəyik”, “Ananın məktubu”, “Gənclərin ürək sözü” və başqa məqalələrində masallıların  ön və arxa cəbhələrdə şücayəti bədii boyalarla, təsirli dillə qələmə alınmışdır.

    Ölkədə  kağız ehtiyatının azlığı ilə əlaqədar bir çox rayon qəzetləri kimi, “Yeni həyat”in da  nəşri müvəqqəti  olaraq 1942-ci ilin  martından dayandırıldı.  Qısa fasilədən sonra qəzet 1943-cü ilin oktyabrında yenidən oxucularla görüşdü. 29 fevral 1944-cü il 5-ci nömrəsində qəzet Korsun-Şevçenko ərazisində  mühasirəyə alınmış  faşistlərin darmadağın edilməsi haqqında xəbərlə yanaşı, həmin hadisənin  rayonda doğurduğu əhval-ruhiyyədən də söhbət açırdı.

   Ali Baş Komandanlığın  müharibə illərində tank istehsalı üçün 447 min manat pul, 276  min 670 manatlıq istiqraz  vərəqi  toplayıb vermış  Masallı camaatına təşəkkür məktubu “Yeni həyat”ın 17 fevral 1945-ci il nömrəsində çap olunmuşdur.  Müharibədən sonrakı illərdə  və 50 –ci illərin əvvəllərində qəzetdə dərc olunan  materiallardan  məlum olur ki, rayonda kənd təsarrüfatı sürətlə inkişaf edir,  elektrik xətləri çəkilir, sənaye ocaqları yaranır, tikinti və abadlıq işləri uğurla aparılırdı. 

   Ş. Səfərli, Y. Əlizadə, A. Mikayılov və başqa müxbirlərin yazılarında günün vacib məsələləri işıqlandırılırdı.  Yeri gəlmişkən,  rayon partiya komitəsinin tövsiyyəsi ilə  rayon prokurorluğu fəhlə-kəndli müxbirlərin qəzetdə dərc olunan tənqidi yazılarına diqqətlə  yanaşırdı.

   “Yeni həyat” qəzetinin məsul katibi Münəvvər Əhmədova, çapçı qızlardan Cəvahir Axundova, rayonun fəal qadınlarından həkim Məsməxanım Hacıyeva, Nəziyə Əfəndiyeva, Səkinə Ələkbərli, RPK-nın qadınlarla iş aparan şöbəsinin müdiri Fatma Baxşiyeva və başqaları redaksiyanın keçirdiyi tədbirlərdə iştirak edirdilər. Bu illərdə qəzetdə “Dalğa” satirik güşəsi təşkil olundu. Əyintilər, geridə qalmış təsərrüfatlar satirik yazılarda tənqid olunurdu. Bəzən belə məzmunda yazılar “Kirpi guşəsi” rubrikası altında dərc olunurdi. Məmməd Kazım, Şulduz Tarıverdiyev, Beytulla Əliyev, Novruz Abdullayev (Novruz Xoşbəxt), Adəm İzzətoğlu, Əyyub Xankişiyev, Xudakərim Fərzəliyev (Xudakərim Məftun), Əsgər Zahidov  və başqaları tez-tez qəzetin səhifələrində maraqlı məqalə və şeirlər ilə çıxış edirdilər.

    50-ci illərin sonunda redaksiyada yazıçı Salam Qədirzadənin və şair Bəxriyar Vahabzadənin oxucularla görüşü keçirildi.  Belə görüşlərin Masallıda ədəbi mühitin formalaşmasında müsbət  rolu vardı.

   1962-ci ilin may ayında  “Yeni həyat”ın nəşri dayandırıldı. 1965-ci ilin ortalarına kimi Lənkəranda çap olunan “Leninçi” rayonlararası (indiki dildə desək, regional) qəzeti kimi fəaliyyət göstərmişdir. Azərbaycan KP MK-nın 6 aprel 1965-ci il bürosu bütün rayonlarda 1 iyul tarixdən yerli qəzetlərin nəşrə başlaması haqqında qərar qəbul etdi.  Masallı rayonunda da “Çağırış” adlı qəzet həmin ilin avqustun 18-dən nəşrə başladı. İctimai-siyasi orqan kimi fəaliyyət göstərən “Çağırış” öz sələfi “Yeni həyat”ın ənənələrini uğurla davam etdirirdi.

    60 –cı illərin ortalarında  Xırmandalı kənd orta məktəbinin tarix müəllimi Əsgər Zahidov rəzetdə “Abidələrimizi öyrənək” məqaləsində Masallının zəngin  maddi-mədəniyyət abidələrinin olduğunu bildirərək, həmin mədəniyyət nümunələrinin topıanması, rayon mərkəzində tarix diyarşünaslıq muzeyinin yaradılması təşəbbüsünü irəli sürdü.  “Çağırış” qəzeti “Abidələrimizi öyrənək” rübrikası altında  geniş müzakirə keçirdi. 6 aya yaxın davam edən müzakirələrə qəzet  “Abidələrimizi öyrənmək və qorumaq vacib məsələdir” sərlövhəli məqalə ilə yekun vurdu. Məqalə müəllifi o vaxt Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspirantı Əjdər Ağayev Əsgər müəllimin təşəbbüsünü bəyənərək yazırdı: “Hər bir rayon mərkəzində  tarix, ölkəşünaslıq muzeyi yaratmaqla  qədim insan ürəyinin döyüntülərini eşitməkdə, elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmini öyrənmək sayəsində xeyli faydalı iş görmək olar”.

    1968-ci ildə ən yaxşı tərtibatına görə qəzet Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm”, 1970-ci ildə Ostrovski adına Ümumittifaq mükafata, 1982-ci ildə 50 illik yubileyi münasibəti ilə Respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşdür.

  İstedadlı şair Vaqif Hüseynovun redaktorluğu ilə nəşr olunduğu illərdə qəzet xeyli populyarlıq qazanmışdı. Həftədə 3 dəfə  nəşr edilən və ən yüksək tirajı 14 mindən artıq  olan “Çağırış” rayonun ərazisində mövcud olan tarixi abidələrdən, “El-obanın söz boğçası” rubrikası altında ağız ədəbiyyatının toplanmasından tutmuş, elm, maarif, musiqi tarixi, tənqidi və satirik yazılaradək mənəvi tərbiyə  mövzularını əhatə  edirdi.

   70-ci illərdə  redaksiyanın nəzdində fəaliiyyət  göstərən “Gənc qələmlər”  onlarca istedadlı qələm sahiblərini, ştatdankənar müxbirləri öz ətrafında birləşdirmişdi.   Qəzetin İctimai əsaslarla fəaliyyət göstərən “Ədəbiyyat və incəsənət” şöbəsinə  bu gün çağdaş Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı, tanınmış  tənqidçi, "Əməkdar mədəniyyət işçisi”, Beynəlxalq Rəsul Rza və Məmməd Araz ədəbi mükafatı laureatı, filologiya elmlər doktoru Vaqif Yusifli rəhbərlik edirdi.

    “Çağırış”ın öz əməkdaşlarından savayı Mirəziz Seyidzadə, Əhməd Səmədli, Həsən Sani (Əhədov), Əvəz Nəbioğlu, Ramazan Əliyev (sonralar qəzetin redaktor müavini və redaktor əvəzi), Novruz Novruzov, Aydın Əliquliyev (sonralar qəzetin redaktor müavini)  Heybət Əhədov, Rəsul Rzayev (sonradan qəzetin məsul katibi) Zahir Əmənov, Zahirə Əliyeva, Aslan Həsənli, Musrza Mirzəyev, Rahid Ulisel, Arif Fərzəli, Muxtar Gənciyev, Xankişi Xankişiyev, Rafiq Məmməd, Beytulla Əliyev, Aşıq Atabala, Xanəli Ağayev, Tofiq İlham, Nurməmməd Ağa, Qəni Abdullayev (Qəni Bəxtəvər), Yavər Əliyev, Zahid Qasımov, Əlizaman Nəcəfov, Ədalət İsayev, Tahir Hüseynli, Nəhmət Adığözəlov, Zəbulla Məmmədov, Tofiq Əzizov, Camal Abdinov, Şakir Həsənov, Əlhüseyn Şükürov (hazırda “Yeni həyat”ın redaktoru), Asif Abbaszadə, Məhbubə Şahbazova, Zərifə Həsənova, Cabir Nəsirov, İsa Hüseynov, Cavad Cabbarov və onlarca başqa imzalar 70-80 ci illlərdə qəzetin oxucularına yaxşı tanış idi.

    Vaqif Hüseynovdan sonra qəzetə uzun müddət İbrahim İbrahimov redaktorluq etmişdir. 1994-cü ildə qəzetin nəşri dayandırıldı. Onun əvəzinə bir müddət “Yeni qəzet” fəalliyət göstərdi. Qəzetin ilk  baş redaktoru vəzifəsində çalışmış Rahid Ulusel hazırda Azərbaycanın tanınmış filosofu, kulturoloqu, fəlsəfə elmləri doktoru,  professordur. Lakin “ Yeni qəzet” rayon İcra hakimiyyətinin təşəbbüsü ilə  yaransa da özünün titul səhifəsində Masallıda mətbuat tarixinin 1932-ci ildən başladığını əks etdirmirdi.

    1992-ci ilin oktyabrindan  nəşr olunan “Masallı” müstəqil qəzeti 1995-ci ildən başlayaraq  rayonun mətbuat tarixini  başlığında əks etdirdi. O vaxt rayonda fəaliyyət göstərən Demokratik Qüvvələr Birliyinin (daha sonra Masallı ZiyalılarCəmiyyəti) təmsilçisi kimi çıxış edən “Masallı” qəzeti  kəskin radikal mövqeyi ilə seçilirdi. Qəzetin ilk redaktoru Zahir Əmənov   1993-cü ildə “Masallı xəbərləri” qəzetini təsis edəndən sonra bu qəzetə  gəyəçöllü şair Məmmədhüseyn Şükürlü (1993-1994), sonra isə Nurəddin Ədiloğlu (1995-2000)  rəhbərlik etdi.  “Yaşayaq, yaşadaq, qoruyaq yurdu”  devizi  ilə nəşr olunan “Masallı” qəzeti 1998-ci ildə Milli Mətbuat günü  “RUH”  Jurnalistləri Müdafiə Komitəsinin “Ən mübariz əyalət qəzeti” adına layiq görüldü.  Bir neçə il sonra   “Masallı xəbərləri” qəzeti də həmin diplomla təltif  olundu.

    90-cı illərdə Masallıda “Qala”, “Masallı xəbərləri”, “Azadlıq yolu”, “Bizim yol”  qəzetləri və “Ditdili” satirik məcmuəsi, 2000-ci ilin əvvələrində “Fidan” və  “Masallı ziyası” qəzetləri ,  daha sonralar  “Göy qurşağı”  əbədi jurnalı nəşr olundu.  Bu gün maliyyə çətinliyi ucabatından onların əksəriyyətinin nəşri dayandırılıb. 1993-cü ildən “Masallı xəbərləri” adı ilə nəşr olunan  qəzet  isə 2003-cü ildən bu günə  kimi   “Cənub xəbərləri” müstəqil  regional qəzeti kimi öz fəaliyyətini davam etdirir. Bir çox media mükafatları ilə təltif olunan  qəzetin (baş redaktoru  Zahir Əmənovdur)  redaksiyası  Masallıda yerləşir.   

     Çox sevindirici haldır ki, 2003-ci ildən başlayaraq Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə “Yeni həyat” qəzetinin  nəşri bərpa olundu. 

   Milli Mətbuatın 135 illik yubleyi münasibəti ilə qəzetin o vaxtkı baş redaktoru Əyyub Mehdiyev “Tərəqqi” medalı ilə təltif edildi.  Bu gün rayonun ictimai-siyası həyatının güzgüsü olan 85 yaşlı qəzet  ilk növbədə, oxuculara  əsasən, Masallıdakı  rəsmi yenilikləri təqdim edir. Sözsüz ki, qəzet müasir dövrdəki fəaliyyətini bununla məhdudlaşdırmır. Digər mətbu orqanlar kimi, “Yeni həyat” da mədəniyyət, səhiyyə, təhsil, idman və rayon həyatının digər sahələrinin işıqlandırılmasında özünəməxsus rol  oynayır. Lakin 30-cu, 40-cı, 50-ci illərdə nəşr olunan “Yeni həyat”la, 60-cı, 70-ci, 80-ci, 90-cı illərdə oxuculara təqdim olunan “Çağırış”la müqayisədə bu gün qəzetin səhifələrində tənqidi yazılara çox nadir hallarda  yer verilir.

    Yeri gəlmişkən qeyd edim ki, bu gün “Yeni həyat” qəzeti Bakı şəhərində yerləşən poliqrafiya müəssisələrində çap olunur. 15-20 dəqiqəlik yerli radio verilişləri redaksiyası isə  öz faliyyətini  20  ildən çoxdur dayandırıb. Bu gün bölgələrdəki sosial və mədəni inkişafdan söhbət gedəndə bu qənaətə gəlmək olar ki, gündən-günə gözəlləşən Masallıda nəinki yerli radio verişlərini bərpa etmək, hətta yerli televiziya verilişləri redaksiyası yaratmaq belə mümkündür. Rayonda  çox  səriştəli  operatorlar, video-mühəndislər, rejissorlar və aparıcılıq qabiliyyəti olan gənc aktyorlar var. Masallıda çəkilən “Rabitə dünyası”(1999),  “Masallı XX əsrdə” (2000) “Seyid Sadıq aləmi”(2002), sənədli filmlərinin yaradıcı heyəti də məhz yerli ssenarist,  qurulişçu rejissor və operatorlardan  ibarət idi.

     Fikrimcə, bu gün 1994-cü ildən üzü bəri yerli müəlliflərin dram əsərlərini  uğurla səhnələşdirən Masallı Xalq Teatrının da yaradıcı heyəti də bu sahədə böyük töhfələr verə  bilər. 

      Sonda Bakı şəhərində yaşayan bütün Masallı ziyalıları adından “Yeni həyat”ı araya-ərsəyə gətirən  jurnalistləri  qəzetin 85 illik yubileyi münasibətilə təbrik edir, onlara  yeni yaradıcılıq uğurları diləyirik.                      

 Şrift:

 


Bu  yazı  Niçenin  nə  tərifi,  nə  də  tənqidi  deyil. Bu  yazı  qısaca  Niçenin  üstinsan (übermenş) fəlsəfi  terminin  onun  dahiyanə  kəşfi, yoxsa  öz  travmalarına  fəlsəfi  maska  geydirərək gizlətmək cəhdi  idi  sualının  bir  növ  cavabıdır.

Dindar  atanın  allahsız  oğlu

Niçenin atası  protestant keşişi  idi. 5 yaşı  olanda  atası  ölür. Sonra  qardaşı  da  ölür. Və  Niçe  "qadınlar  bazarı"na  düşür. Nənəsi, dul  anası,  bacısı  və  subay  xalaları  ilə  yaşamalı  olur. Sonrakı  illərdə  bu  qadınlarla  keçirdiyi  həyat  düşüncələrinə  təsir edəcəkdir.

Atasız  böyüyən Niçe  "ata  axtarışında" olur. Bir  çox  filosof  və  yazıçılardan  təsirlənir. Xüsusilə  Stoiklərdən  və  Heraklitdən, Şopenhauer  və  Darvindən. Adətən  atasız  böyüyən  uşaqlarda  atalıq  sevgisini  kompensasiya  edəcək  biri  lazım  olur. Kiməsə  sığınmaq  və  ideallaşdırmaq  istəyirsən. Çünki  psixoloji  cəhətdən  yanaşsaq, atamız  Tanrının yer  üzərindəki  prototipidir. Yaxud  kölgəsi. Tanrı  da  deyir, mənəm  haqlı,  mənim  sözüm qanundur, atamız da  elə  deyir. Atası  ölüb və  Niçe  yeni  "ATA"  yaratmalıdır. Prototip  ölübsə, birbaşa  Tanrıya  yönəlməliydi  filosof. Amma  bunu  etmir. 

Tanrının  qatili

Artıq  gənc  Niçe  18-20 yaşlarında  tanrıya qarşı  inancını  itirir. Buna  dindar  atasının vaxtsız  ölümü, oxuduğu  kitablar  və  mifologiyalar  səbəb  olur. 1865-ci  ildə  20  yaşı  olarkən bacısı  Elizabetə  yazdığı  məktubunda  "rahat  yaşamaq  üçün inanmalı, həqiqəti  tapmaq  üçün sorğulamalısan"  deyirdi. İlk  dəfə  isə  "Şən  Elm" adlı  kitabında Tanrının  ölümünü bir dəlinin  dilindən elan edir: Gott  ist  tot (Tanrı  öldü -alm.)

Niçenin  yerində  başqası  olsaydı  belə  etməzdi. Nəinki  Tanrıya  qarşı  inamı  itdi, hətta  onu  öldürdü  də. Bu  artıq  o  demək  idi  ki, Niçenin inanmağa  və  təsəlli  tapmağa  sığınacağı  yoxdur. O inanmağı  yox,  düşünməyi seçdi. Amma  insan nəyəsə  inanmalı  və  sevməlidir. Niçe  itirilmiş  inam  və  sevgi hissinin yerinə  nəyisə  qoymalı idi. Həyatında  kişi  obrazlarını  itirmişdi. Atası  balaca  ikən ölmüş,  Tanrını  isə  özü  öldürmüşdü. Niçe  bu  çətin  vəziyyətdən çıxmalı  idi.

Qadınlarla  bəxti  gətirmir 

Niçenin  bacısı  və  anası  dindar  qadınlar  idilər. Anası  ilə  münasibətləri  yaxşı  deyildi. Bir  tərəfdən  Niçenin qadınlarla  münasibəti  Şopenhaueri  xatırladı  və  təsadüfi  deyil  ki, Niçe  gəncliyində  onun  fəlsəfəsindən  çox  təsirlənmişdir. Ailədaxili  qadınlarla  münasibətindəki  uğursuzluqlar  onu  fahişəxanaya aparıb çıxartdı. Sonradan həyatında  ağıllı  və  gözəl  qadının  əksikliyini  hiss edən Niçe  Salome-yə  aşiq olur. Gözəl  dost münasibətləri  olsa  da, sonradan onun evlilik təklifi  şairə  qadın tərəfindən  rədd edilir. Qadın  Niçenin  dostunu sevirmiş.Əlbəttə ki,  Niçenin  qadın siyahısında  Riçard  Vaqnerin xanımı  Cosima-ya qarşı  məhəbbəti  də uğursuz  olur  və  qurulan  dostluqları  sonradan  elə  bir həddə  çatır ki, Cosima  Niçe  haqqında "masturbasiya  eləməkdən beyni  çürümüş  xəstə  adam"  sözlərini deyir. Və  həyatı boyu  qadınların  ona  yaşatdığı  bu travmalar  onun  fəlsəfəsinə  təsir  etmişdir. Atası uşaqkən ölmüş, Tanrının  qatili  olmuş, qadınlarla  həyatı  boyu  bəxti  gətirməyən,  kitabları  demək  olar  ki  heç  oxunmayan  tərk  edilmiş  tənha  filosofun  bir çıxış  yolu  vardı: ÜBERMENŞ!

 

Übermenşi  yaradır

Bura  qədər  oxuduğunuz  üçün  təşəkkür  edirəm. Elə  əsas  hissə burasıdır. Belə  ki, "Übermensch"  almancadan tərcümədə  "insanüzəri, üst(ün)insan, fövqəlinsan, insanüstü" kimi  mənaları  vardır. İlk  dəfə  bu sözü qədim roma  yazıçısı  Lucian "hyperanthropos" (hyper-üst, üstün, anthropos -insan)  kimi  işlətmişdir. Übermenş  və  hiperantropos  sözləri gördüyünüz kimi eyni  mənalı  sözlərdir.Dəqiq  deyə  bilmərəm, Niçe  bu sözü  Lucian-dan  götürüb ya  yox, amma qədim  yunan-roma  ədəbiyyat  və fəəsəfəsi  bilicisi  olan Niçe çox  güman bu  sözə  rast  gəlmişdi. Niçenin  Zərdüştü  hipernatropos -üstün insan idi. Onda  sual  yaranır  ki, bəs  Lucian  haradan götürüb və  necə  yaratmışdır?

Burda  artıq  mifologiyaya (əslində  mitologia)  gedib çıxırıq. Romaz  mifologiyasına yox, çünki  Roma  mifologiyası  yunan mifologiyasının şəkil  dəyişmiş  kopyasıdır. Ümumən yanaşanda, mifologiyada  3  cür  insan etapına  rast  gəlinir: insanlar, yarıinsan-yarıtanrılar  və  tanrılar. İnsanlar  adi xalqın nümayəndələri idilər, sənin-mənim kimi. Yarıinsan-yarıtanrılar  isə  hamımızın mifologiyadan yaxşı  tanıdığımız Herakl, Axilles, Perseus  kimi  qəhrəmanlardılar. Çünki insan  və  tanrıların  cinsi əlaqəsindən  yaranmışdılar. Ölümlü  insan idilər, amma  tanrısal  qeyri-adi  gücə  sahib idilər. Nə  tam insan idilər, nə  də  tam tanrı idilər. Tanrılar  məsələsi də  aydındır  yəqin. Hər  şey  onalrın əlində idi, hər  şey  onların istədiyi  kimi olmalıydı. Niçe  bunları  çox gözəl  bilirdi. Elə  Niçe  fəlsəfəsində  də bu cür  3-lük  var: sürü, insan və  üstinsan. Diqqət: insan, yarı-tanrı, tanrı. Niçe  bu  mərhələlərdə  ciddi  dəyişiklik elədi. Tanrını öldürmüşdü  onsuz  da. Tanrının  yerinə  yarı-tanrını (übermenşi)  gətirdi. Niyə? Çünki  Niçe  bilirdi  ki, əgər  tanrı  varsa,  insan üstün olmayacaq, yüksələ  bilməyəcək, dustaq, kölə  qalacaq. Tanrı  insan  önündə  barrikadadır. Tanrılar həmişə  qısqanc  və  qəddar  olublar  və    bilirdi  ki, Tanrını  aradan götürmək  lazımdır,  yoxsa  übermenşi-yarı-tanrının  yaşamağa  imkanı olmayacaq. Tanrını  öldürməklə  üstün insanı  yaratdı. Artıq  insan özü  Tanrı  idi. Mifologiya  ilə  Niçe fəlsəfəsini  müqayisə  etsək, mifologiyadakı adi  insanlar, yəni  xalq  Niçedə  sürü (qoyun  sürüsü) oldu. Tanrı  öldüyünə  görə yarı-tanrının yerini insan  tutdu  və  yarı-tanrı da Tanrının  yerini  ələ  keçirdi. Beləliklə, Niçe  Tanrını taxtdan  saldı. Yəni  Niçe  üçün tanrı fəlsəfə  və  insanlıq  tarixinin  palçıqlı  ayaqqabıları  altında  qalıb toza  döndü. İndi  ÜBERMENŞ  vardı. İndi  Niçe  inana  və  söykənə  biləcəyi "atasını"  tapmışdı. İki  atası da  ölmüşdü, 3-cü  atasını  özü  yaratmışdı. Adı  da  Übermenş  idi. 

Əslində  bunu  yazmaqda  məqsədim  odur ki,kimsə  etalon deyil. Niçe  fəlsəfə  tanrısı  ola  bilər, amma tanrı  deyil, insandır. Onun da  fəlsəfəsini  formalaşdıran  təkcə  oxuduğu  kitablar  deyil, yaşadığı  hadisələr, "travma"larıdır. Necə  ki, Platon müəllimi  Sokratın ölümündən təsirlənib "Dövlət"i  yaratdı; necə  ki, Şopenhauerin  anası ilə  nifrət  dolu  münasibəti  sonradan onu  qadınların  "monstr"ına  çevirdi; və  necə  ki, Niçenin  atasının  vaxtsız  ölümü onu "Übermenş"in  yaradıcısına çevirdi. Artıq   Niçenin  kişixasiyyətli  Übermenşi  onun tanrısı idi. Niçedən soruşsan ki,  xoşbəxtlik  nədir? Deyəcək  ki, üstün insan olmaq. 

Çox uzatmadan  bunu da  qeyd  edim  ki, filosofların adi  insanlardan  fərqi  odur  ki, onlar travmalarını  yaxşı  gizlədə bilirlər, hətta ona  fəlsəfə  yükləyərək  haqq  qazandırmağı  da bacarırlar. Bu da  onların  çıxış yoludur. Həyat  elə  bir  labirintdir  ki, hər kəs  burdan çıxış yolu  axtarır, Kimisi  başqalarının  yolunu  izləyərək,  kimisi  də  Niçe  kimi  öz  yolunu  yaradaraq. 

16 iyun 2015

 Şrift:



Bu bayramın (?) qısa  tarixi  belədir: Xristian tarixinə  görə, Qədim   Romada  Valentin  adında  bir  keşiş  olub. Xristianlığa  sevgisinə  və  inamına  görə  14  fevralda  öldürülüb. Dünya  da  axmaq  kimi  məhz  dinlə  bağlı  bu  matəm  günü  bayram  kimi  qeyd  edir. Yəni  din  sevgisi  qadın-kişi  sevgisinə  keçərək   başqa  oriyentasiyaya  yönəlib.

Ümumən, bütün  bayramların  ortaq  oxşar  cəhəti  ya  dinlə, ya  siyasətlə  bağlı  olmasıdır. Daha  çox  dinlə  bağlılığı  çoxdur. Əslində  əgər  hər  günümüz  bayram  olsa  heç  bir  bayrama  ehtiyac  olmaz. Hər  günümüz  bayram  kimi  keçmir deyə  xüsusi  günlərə  ehtiyac  duyuruq. Sevgilimlə  mənə  hər  gün  bayramdırsa, 14  fevral  adi  təqvimdən  başqa  bir  şey  deyil.

1929-cu  il  14  fevral. Franssız  əsilli  ABŞ  mafiozu  Baqs  Moran  Al  Kaponenin  fırlanan  təkərinə  çomaq  soxur. Al  Kapone  də  onun  işlərinə  qarışdığı  üçün  Moranı  və  onun  adamlarını  öldürmək  üçün  plan  qurur. Al  Kaponenin  adamları  polis  paltarları  geyinirlər  və  Moranın  adamlarını  divara  düzüb  güllələyirlər. Amma  Baqs  öz  məkanına  gecikdiyi  üçün  polis  maşınlarını  görür  və  aradan  çıxır.

İllər  sonra  Baqs  Moran  sevgililər  günü  qisasını  elə  sevgililər  günündə  alır. Öldürdüyü  adamın  əlində  sevgililər  günü  kartı  vardı. Kartda  bu  cümlələr  yazılmışdır:

“You’ve  lost  your  job, you’ve lost your dough, your jewels and handsome houses. But things could be worse, you know. You haven’t lost your trousers.”

2017,  ŞvartsMan

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac