Xəbər lenti

 Şrift:
                         

                  Yubileyin qutlu olsun, qəlbi gənc alim!

      “İnsanın iç dünyasına enmədən, ruhsal aləminə bələd olmadan haqqında fikir söyləmək yanlışdır. Mənimçünsə bu, günahdır “ deyən xanımın-alimin doğum günüdür bu gün. İlk olaraq xanım yazdım, çünki Esmira xanımla ünsiyyətdə olarkən qarşında bütün məziyyətləri ilə bir xanım dayandığının şahidi olursan. Mehriban, söhbətə asanlıqla, daha doğrusu ustalıqla körpü salan biridir. Çox şirin, ürəyə yağ kimi yayılan rahat danışığı var. Mənimçün ən önəmlisi isə yüksək polemika mədəniyyətinə malik olmasıdır. Hissə qapılıb nələrisə uzun-uzadı çözələyəndə belə müsahibin sözünü kəsmir, səbrlə dinləməsiylə yaxşıca “ utandırır”.

Elə major ladda fikir mübadiləsi edir ki, bir anlıq hər şeyi unudursan. Savaşı da, sağalmaz xəstəlikləri də, kötülükləri də. Simasından təbəssüm, səsindən nəvaziş əskik olmur. Gülümsəyir, dinləyir, danışır, gülür, unudur, unutdurur...

Telefonda yüzlərlə insanın gülüşünün içindən seçilən qəhqəhəsini eşidəndə sanki “ mini zəlzələ “ baş verir. Bessimist əhvalın elə açılır, qanın elə durulur ki, gəl görəsən. Bu gülüşdə nə  qədər xoşbəxtlik, nə qədər pozitiv enerji var bilsəniz... Göz-gözə mükalimə vaxtı elə ki ürəklə gülməyə başlayır, özümdən asılı olmadan  bir qədər geri çəkilirəm.

Vakuuma meydan oxuyur bu zaman Esmira xanım. Şən əhvalı, müsbət enerjisi bir huzur, rahatlıq yaradır qarşısındakında. Elə bu zaman da anidən Seyid Əzim Şirvanidən bir beyt deyir, gözlərinin dərinliyinə elə bir kədər çökür, o qədər hüznlənir ki, kirpikləri də nəmlənir.

Adam var nə kədərini lazımınca yaşaya, nə də sevincindən ürəkdolusu fərəhlənə bilir. Esmira Şükürova isə hər əhvalın haqqını qiymətləndirərək yaşamağı bacarır. Mükəmməl şərq qadınına xas olan keyfiyyətləri - biş-düşə olan həvəsi, keyflə süfrə açması, səliqə-sahmanı, qonaqlarının xoş ovqatda olması üçün əlindən gələni etməsi, ailə üzvlərinin qayğısına qalması, tam anlamıyla alimliyindən heç də geri qalmır. O, bütün bunları uğurlu sintezlə həyata keçirməyi bacarır.

Təhsillə tanışdığı gündən onunla “ dost “ olan Esmira xanım hər zaman əlaçı olmaqla yanaşı, həm də ictimaiyyətçi olub. Hər yerdə öndə olmağı, hər zaman hamıdan fərqlənməyilə nəzəri cəlb edib. Bütün fənləri sevərək oxusa da ədəbiyyatın yeri bir ayrı olub onun üçün. Ev işlərində anasına kömək edib, dərslərini bitirdikdən sonra şövqlə mütaliəyə girişərmiş. Demək olar ki, əksəriyyət vaxt eyni mənzərə yaşanarmış. Anası Minarə xala gecənin bir aləmi onu yuxu apardığını, kitabın sinəsi üstə qaldığını görüb, qızının gələcəyi üçün qayğıkeşlik, ancaq bəxtiyarlıqla gülümsünərmiş.

Ali məktəbə qəbul olmazdan əvvəl bir il kimi sovxozda çalışan gənc qız xəyalən oxuduğu qəhrəmanlarla ünsiyyət qurarmış. Özünün də bir zamanlar alim olacağını, xitabət kürsülərindən vətəni təmsil edəcəyini düşünər, amma bu barədə susar, eləcə pıqqıldayıb gülərmiş. Mütləq reallaşacağına əmin olduğu şirin xəyallardan gələcəyə boylanarmış.

Ailə, iş, dissertasiyalar, səfərlər, konfranslar, tədbirlər, bir sözlə həyatın bütün sahələrini bir yerdə cəm etməyi bacarıb Esmira xanım. “ Ailəmi işimdən, elmimi dostlarımdan, gündəlik qayğılarımı beynəlxalq vəziyyətdən ayrı təsəvvür etməmişəm heç zaman. Mən bütün bunların birliyində var və tamam “-deyir.

Bir müddətdir ki, onu Esmira Fuad kimi təqdim edirik. Ciyərparasının ismini vüqarla, şərəflə daşıyır. Heç zaman heç kimə şikayətlənmir, kədərini kimsəylə bölüşmür. “ Neqativ enerji ötürməkdən qorxduğum kimi heç nədən çəkinmirəm bu həyatda “-deyir. Balam hər zaman mənimlədir, bu həyatda da, o həyatda da. Həyatın bu acı sınağına qarşı mərd dayanmaq məhkumluğundayam. Qəm, göz yaşı mənə aiddir, onu digərlərinə yükləməyə mənəvi haqqım yoxdur “. Və biz həmişə gülümsəyən gözlər, işıqlı sima, nikbin ruhlu xanımla ünsiyyətdən zövq alırıq.

Esmira xanım bir Şəhriyar aşiqidir. Bütün həyatı boyu onun yaradıcılığıyla məşğul olub. Aspiranturaya qəbul olduğu gündən bu günəcən onu və Cənubi Azərbaycanın mənəvi paytaxtı hesab olunan Təbrizi coşqun məhəbbətlə sevib. Bu cümlələri həyəcansız oxumaq mümkün deyil. “ Uzun illər arzularımın, xəyallarımın şəhəri olmuş Təbrizə gəldim, imana gəldim... Səmimiyyətimə inanın, şübhə etməyin lütfən... Düz 25 ildir Güney Azərbaycanda yaranan möhtəşəm ədəbiyyatı araşdırıram və demək olar ki, hər yazımda adını çəkirdim şairlərin sevə-sevə vəsf elədiyi ulu Təbrizin... O Təbrizin ki, yuxularımda, xəyallarımda gəzirdim dolanbadolan küçələrini... "Saat qabağı"nda fikrə gedir, Elgölünün masmavi sularını seyr edir, Göy məscidində dualar edirdim... Mənə ən yaxın olan, dəfələrlə cəhd eləsəm də, müəyyən səbəblər üzündən əlim çatmayan, amma ünüm yetən Təbrizə Beynəlxalq Şəhriyar konfransına qatılmaq üçün ayaq basdığımda elin şeir boxçasından bir bayatı gəldi dilimin ucuna:

Əzizim səni, Təbriz, 
El sevər səni, Təbriz, 
Al qoynuna əzizlə, 
Anatək məni, Təbriz.

Hava limanında doğma torpağa ilk addımlarımı atdığım andanca qarşılaşdığım hər kəsə "Gün aydın!" deyirdim “.

Esmira Fuad Şükürova “ Mirzə İbrahimov adına Kitab Fondu “ nun sədri, Filologiya elmləri üzrə Fəlsəfə doktorudur. “ Yeni tərcüman “ qəzetinin təsisçisi və baş redaktoru olan alimin yüzdən çox elmi-ədəbi məqaləsi, yüzdən çox publisistik yazısı dövri mətbuatda nəşr olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “ Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu” na, Almaniyanın Nizami Gəncəvi İnstitutunun keçirdiyi “ Xocalı soyqırımı “ na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub... 2008-ci ildə Azərbaycan Qadınlarının III qurultayına nümayəndə seçilib.

“ Araz “ ali ədəbi, “ Qızıl qələm, “ Xan qızı Natəvan “, “ Həsənbəy Zərdabi “ və “ Səməd Behrəngi “ mükafatlarının və AYB-nin “ Şəhriyar “ diplomunun laeuratıdır. Bir çox elmi kitabların müəllifi və tərtibçi müəllifidir. Bu kitablar arasında Məhəmməhüseyn Şəhriyara həsr olunanları üstünlük təşkil edir. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü, AYB Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının katibidir. 

Elmi yaradıcılığına bir an da olsa fasilə vermir Esmira Fuad. Mütləq surətdə bir işlə məşğuldur, fəaliyyətdədir. Yeniyetmələr qədər aktiv, gənclər kimi enerjili, yaşlılar kimi müdrikdir yubilyarımız. Daima axtarışda olan Esmira Fuadı  “ Dünyanın öz yaşından qat-qat gənc olan xanımı “ adlandırıb həmkarı. Mən onun haqqında deyilənlərə birini də əlavə etmək istəyirəm – “ Yeniyetmə Esmira xanım “.  Uşaq kimi sevinməyi və bu sevinci səxavətlə paylaşmağı bacaran qadın, alim, ana, həmkar, vətəndaş...

 Daima yaz, yarat. Sədalarını hər zaman yüksək tribunalardan eşidək. Yeni yaşın-yubileyin qutlu olsun, qəlbi yaşındakı xanım!


Kəmalə Səlim Müslümqızı


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac