Xəbər lenti

 Şrift:
         
 
                                          İlyas Tapdıq bu dağların oğludur.


                                      ...Ölüm, namərd ölüm, gör kimə qıydı,
                                      O ürək həmdəmi, göz işığıydı,
                                      Bütün məclislərin yaraşığıydı,
                                      İnsafmı qoyulsun məzara Qoşqar?

    Bəli, bu misralar İlyas Tapdığın tanınmış alim, Milli Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədliyə həsr etdiyi “Qoşqar” şeirindəndir. Amma iş ondadır ki, insaflı olsa da, olmasa da, məzar bütün insanların son evidir. Elə İlyas Tapdığın da məzara qoyulduğundan xeyli vaxt keçir. Onunla təskinlik tapırıq ki, Azərbaycan şeirinin bayraqdarı Səməd Vurğun demişkən, soyuq məzara da ziynətdir insan.
   Qoşqar müəllim İ.Tapdığı çox istəyirdi. İlyas müəllim danışırdı ki, bir dəfə Şınıx tərəfə qonaq getmişdik. Təklif olundu ki, dağa getməliyik. Maşınla müəyyən yerə qədər getsək də, bir xeyli məsafə piyada qalxmalı  idik. Qoşqar müəllim deyib ki, kim dağın başına tez çıxa bilsə mükafatlanacaq. Amma hamımız ora çıxmalıyıq. İlyas müəllimin artıq çəkisi yox idi. O hamıdan tez zirvəyə çıxır. Qoşqar müəllim çatanda  onu qucaqlayır, dağda niyəsə tək-tək bitmiş lalələri qoparıb şairə verir. İlyas müəllim deyir ki, qardaş, o laləni dağdan qoparıb qirmasan mənə ən böyük hədiyyə olardı. Lalələr zirvənin yaraşığıdır. İlyas müəllim daha sonra danışırdı ki, nəhayət bir günlük mənalı istirahətdən sonra Gədəbəy qəsəbəsinə qayıdırdıq. Birdən qabaqda tanımadığımız bir maşın düz yolda getdiyi yerdə bir dəfə aşdı. Biz də tez maşını saxlayıb yanlarına qaçdıq. Bir nəfər sağ-salamat maşından düşüb  üst-başını nizamlayaraq bizə tərəf gəldi, Qoşqar müəllimi qucaqlayıb görüşüb öpüşdülər. Sən demə mənim gənc olduğum üçün tanımadığım bu adam Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyev imiş. Tanış olduğumuza çox sevindim və sonralar uzun müddət  dost olduq.  İlyas müəllim sonralar Mehdi müəllimin şərəfli ömrünə şeir də yazdı.
 
                                     Gənclik baharını səngərdə yatdın,
                                     İyirmi bir yaşda şöhrətə çatdın,
                                     Arxasız adamın hoyuna çatdın,
                                     Zülmətdə çıraqtək yanandı Mehdi.
                                    
                                     Vardır xatirəsi könüldə, gözdə,
                                      İlyas,  yaşayacaq ürəyimizdə,
                                      Adı dastan oldu şeirdə, sözdə,     
                                      Dünyada əbədi qalandı Mehdi.
 
   Onu da deyim ki, İlyas Tapdığın qəhrəmanları təkcə adlı-sanlı adamlar deyildi. O çox-çox sadə adamlar haqqında da çox sanballı şeirlər yazıb.
 
                                       Kəndimdə çox gözəl adamlar vardı
                                       İndi çoxusunun yeri boş qalıb.
                                       Bir xəngəllik yağa daş çıxarardı
                                       Ya da bir tövləni hörərdi Talıb.
 
   Burda Talıb kişinin insaflı adam olmağından, elinə yaradığından söz açılır. Abuzər kişi sıldırım bir döşdə kiçik bağça bitirmişdi. İlyas müəllim ona həsr etdiyi şeiri “Yaşıl ömür” adlandırmışdı.
 
                                       Dolanıb fəsillər, ötüb nə qədər, 
                                       Nəsillər yurd salıb bu dağın üstdə.
                                       Kİm deyir dünyadan köçüb Abuzər,
                                       Yaşıl bir ömürdür torpağın üstdə.
 
   İlyas Tapdıq mövzunu çox gözəl mənalandıran şairdir. Onun mənim çox sevdiyim “Buruqlar” şeirinə nəzər yetirək.
                                       Sizə hamı meşə deyib,
                                       Elə mən də meşə deyim.
                                       Küləklərin fəryadını,
                                       Sizin təki eşidəydim.
                                       Eşidəydim Abşeronun,
                                       Qara arxac meşəsini,
                                       Yeddi yana addımlayan,
                                       Dəmir ağac meşəsini.
                                       Dibi bulaq meşələrim,
                                       Quru budaq meşələrim.
                                       Ömrü sona yetişəndə,
                                       Qürubu dağ meşələrim.
                                       Od arxıdır, od axıdır,
                                       Bəlkə elə bu buruqlar,
                                       Öz oduna özü yanır.
 
   Şair “Buruqlar” şeirində adı bizim , xeyri özgəsinin olan sərvətimizin öz oduna özü yandığını söyləyirdi. Doğrudan da 70 ildə ölkəmizin qazancı özünə sərf edilsə idi, indi hər yan çiçək kimi olardı.  Bunu əvvəllər demək olmazdı, sətiraltı mənalarla oxucuya çatdırılardı . Hazırda ölkəmiz müstəqillik qazanandan sonra hər şey xalqımızın rifahına sərf edilir.
  İlyas Tapdıq uzun illər uşaq verilişləri apardığından çoxları onu yalnız uşaq şairi kimi tanıyır, onun uşaqlar üçün yazılan şeirlərini bilirdilər. Doğrudur, İ.Tapdıq uşaq ədəbiyyatında böyük müvəffəqiyyətlər qazanmış  şairdir.  Onun üşaqlar üçün yazdığı şeirlər rus və bir çox keçmiş SSRİ xalqlarının dillərinə, o cümlədən alman, fransız, çex, ingilis, ispan, macar, türk, benqal dillərinə  tərcümə edilmiş, balaca oxuculara çatdırılmışdır. Ancaq biz onu həm lirik, həm də satirik bir şair kimi də sevə-sevə oxumuşuq. İ.Tapdıq şərəfli müəllim ömrünə çox hörmətlə yanaşmış, müəllim peşəsinə, ləyaqətinə sadiq qalaraq, onları vəsf etmişdir.
 
                                       Şöhrəti bir dəniz, eşqi bir ümman,
                                       Hansı dahi ondan dərs almamışdır?
                                       Müəllim sözünə qulaq asmayan,
                                       Tarixdə heç zaman ucalmamışdır  - deyərdi. 
 
Ancaq rüşvət alan, gənclərə bilik vermək əvəzinə, təhsil ocaqlarını alverə çevirənləri də qamçılamağı   unutmamışdır.
 
                                        Tələbələr tələbimi dinləsin,
                                        Tələbkaram, tələbatım var mənim.
                                        İndi bəzi məktəblərdə çağrılan,
                                        Boyatımış bir bayatım var mənim.
 
                                        Can qoyuram, canım, əsir-yesirəm,
                                        Üstünüzü nahaqdanmı kəsirəm?
                                        Kəsiriniz var ki, sizi kəsirəm,
                                        Axı sonra hesabatım var mənim.
 
 Məlum həqiqətdir ki, keçmiş sovet təhsil sisteminin müsbət cəhətləri yox deyildi.İfrat dərəcədə rüşvət, saxtalıq da çox idi.  Xüsusilə ali məktəblərə qəbul məsələsi dəhşət idi. Demək olar ki, əksər ali məktəblərdə siyahılar tərtib olunurdu. Ancaq təkcə müəllimlər və şərait naqıs deyildi. Avara gəzən, tənbəllik edən, oxumayan tələbələr də çox idi. Belələri də İlyas Tapdığın nəzərindən qaçmazdı.
                                        İmtahandan kəsilmişəm,
                                        Dayı, hardasan, hardasan?
                                        Ayaqlarda əzilmişəm,
                                        Dayı, hardasan, hardasan?
 
                                        Balağı dar şalvar sevdim,
                                        Kino sevdim, bulvar sevdim,
                                        Gündə yeni bir yar sevdim,
                                        Dayı, hardasan, hardasan?
 
                                        Sən Bakıdan gedən zaman,
                                        Tapşır dedim ay dayıcan,
                                        Tez gələrəm dedin inan,
                                        Dayı, hardasan hardasan?
 
Beləliklə, İ.Tapdıq yaradıcılığında satira xüsusi yer tutur.
 
                                         Bir işdən ötrü on yol,
                                         Gedib-qayıtdı kişi,
                                         Onun göyçək arvadı,
                                         Bircə dəfə getməklə,
                                         Düzəltdi həmin işi.
 
                                         Döyünməyə ürəyi de,
                                         Öyünməyə namərdi,
                                         Yaltaqlara yad evində,
                                         Yal içməyi nəmərdi – yazardı.
 
İlyas Tapdıq olduqca sadə və səmimi idi. Bir dəfə ləyaqətli alimimiz Qəzənfər Paşayevin qaynatası  Mikayıl Əliyev məni İlyas müəllimlə  ötəri görmüşdü. O , dəmir yolunda bilet kassalarının rəisi işləyirdi. Yayın çox sıxlıq vaxtında bilet almaq müşkül hal alanda mən Mikayıl müəllimə yanaşdım, özümü təqdim etdim. Əvvəlcə şairi soruşdu, sonra çox hörmətlə xüsusi vaqonda mənə kupedə yer verdirdi. 15 gün sonra İlyas müəllim kəndə gəlmişdi. Ona Mikayıl müəllimin mənim üçün etdiyi hörməti danışdım, gülüb dedi ki, mən özüm indi gələndə bilet tapmadım, alverçidən baha qiymətə bir bilet aldım, özü də yuxarı yerə, bütün gecəni yata bilmədim, heç düzü Mikayıl müəllim  yadıma düşməyib. Yeri gəlmişkən onu da deyim ki, Qəzənfər müəllim özü də həmişə İlyas Tapdığa qayğı göstətib, xəstə olanda da ondan qayğısını əsirgəməyib. Beləliklə, onun adı ilə mən xüsusi vagonda rayona getsəm də, o, özü üçün bileti dəllaldan almışdı. İlyas Tapdıq belə İlyas Tapdıq idi.
  Adətən məişətimizdə gəlin-qaynana obrazları münaqişəli tərəflər olub. Sevinirəm ki, neçə illər keçsə də, mənim həyat yoldaşım gəlinimi görəndə üzü gülüb, könlü açılıb. Zarafatyana aralarını vurmaq istəsəm də , alınmayıb. Bugünkü gəlin sabahkı anadır, həyatın davamıdır. Əslində belə də olmalıdır. İ.Tapdığın yazdığı gəlin isə əvvəl “mama” , “papa” deyib, sonra  mamalıq eləyənlərdəndir.
                                         Nə ev qanır, nə çöl qanır,
                                         Üstümüzə xoruzlanır,
                                         Hamıdan da gec oyanır,
                                         Hamıdan tez yatan gəlin.
                                        
                                         Qanacaqdan, tutumdan az,
                                         Candan nasaz, çənədən saz,
                                         Söz eşidib, söz anlamaz,
                                         Aralığı qatan gəlin.
 
Arzu edərdik ki, allah belə gəlinlərə də insaf versin. 
  Xalq şairi Məmməd Rahim İlyas Tapdığın satirik şeirlərini çox sevdiyini, hədəfi düzgün vurduğunu qeyd etmişdi.
  İlyas müəllimdə Vətən məhəbbəti, ana, qardaş, dost məhəbbəti çox güclü idi. Bu onun şeirlərindən də duyulur. Ailəsini, övladlarını çox istəyirdi. Müğənni qızı Şəbnəm Tapdığa məhəbbəti daha çox idi. Onu sanki ikiqat çox istəyirdi. Birincisi, ona görə ki, qızı idi.
 
                                         Ay mənim Şəbnəm balam,
                                         Könlümə həmdəm balam , - deyərdi.
 
 Şəbnəm xanıma ikinci sevgisi isə, sənətinə görə idi. O qızının böyük Bülbüldən, Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan bəhrələndiyini qeyd edirdi. Sənət aləmində ata-bala kimi yox, dost kimi idilər.
 
                                          Görüb şəbnəmləri gül yanağında,
                                          Sənə Şəbnəm dedik, könlümüz güldü.
                                          Ömrün gül tək açdı Vətən bağında,
                                          Gəldiyin çəmənə güllər düzüldü.
 
  İ.Tapdıq ömür-gün yoldaşı Münəvvər xanımı da bir ilahi sevgi ilə sevər, onu ömrü boyu nəvazişlə dindirərdi.
 
                                          Adının yaz günlü şəfəqləriylə
                                          Hələ ki, dünyanı gəzər, gəzərəm.
                                          Eşqin şölə saçan Münəvvəriylə,
                                          Kədər zülmət olsa, dözər, dözərəm, -deyərdi.
 
  Hər ikisinə ulu tanrıdan rəhmət diləyir, qoşa qəbirlərini ziyarət edib, hər ikisinə ehtiramımı bildirirəm.
  İlyas Tapdıq Azərbaycan dilini sevər, onun təmizliyini qorumağa çalışırdı. O, övladlarını Azərbaycan dilində olan məktəblərdə oxudub.Onun övladları heç vaxt “papa” , “mama” deməyib.
Təmiz  “ata”,  “ana” kəlmələri ilə valideynlərinə müraciət ediblər. İlyas müəllimin  yeni  və təmiz ad qoymaq şakəri vardı. Müğənni qızına verdiyi Şəbnəm adı sonradan yüzlərlə qızlara verilmişdir.  Hamısı da etiraf edir ki, bizim adımız Şəbnəm xanımın adından götürülmüşdür. Digər övladlarının da adı yeni və mənalıdır. Gültəm, Qəlbinur. O dilimizə gələn bir çox yeni sözləri yaradıb, yaşadanlardandır.
  Artıq bir ildir ki,  İ.Tapdıq aramızda yoxdur. Onun irsi, yaradıcılığı, əziz xatirəsi bizimlədir.
Özü demiş:
 
                                          Qoy çəkilsin zirvələrin buludu,
                                          Yağış yaşıb, yamacları suludu,
                                           İlyas Tapdıq bu dağların oğludur,
                                           Dağlar sizə baş əyməyə gəlmişəm.  
     
                                   
                                                      Cəmil Hüseynli.


                                      
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac