Xəbər lenti

 Şrift:
              
                   Yuxumun laylası Gədəbəydədir...

 
   Kimliyindən asılı olmayaraq insan təbiəti elədir ki, onun üzünün gülmədiyi,yuxusunun gəlmədiyi anlar olur.Uşaqlıq yaşımda belə hallar olanda anamız könlümüzü alar, yuxumuza layla çalardı. Bu hallar mərhum şair İ.Tapdığın həyatında daha bariz şəkildə  olmuşdur. Çünki onun uşaqlığı tay-tuşları kimi Böyük Vətən müharibəsi dövrünə düşmüşdü. Atası müharibəyə getmış, bacısı və  qardaşları ilə birlikdə 4 övlad analarının ümidində qalmışdılar.Sonralar bunu o , öz şeirində belə qələmə xatırlamışdır.
 

 
 
 
Anamın boynuma dolanan qolu,
 
Yuxumun laylası Gədəbəydədir.
 
 
 
İ.Tapdığın ilk kitabının redaktoru olmuş tanınmış şair Osman Sarıvəlli yazmışdı :
 
Bəllidir aləmə dəmiri , misi,
 
Gədəbəy tanınıb dünyada artıq.
 
Gəzib dağlarında biz də oranın,
 
Qızıldan qiymətli İlyası tapdıq.
 
 
 
Mənə elə gəlir bu misralar gənc şair İ.Tapdıq üçün uğurlu yol demək idi. İ.Tapdığın elə ilk şeirlərindən mayasının sadəlik və səmimilik olduğu sezilirdi.Bunu sonralar “Bir eşqin şimşəyi” kitabına ön sözü yazmış əvəzsiz ədibimiz M.Cəlal da qeyd etmişdi. Düşünürəm ki, əgər  İ.Tapdıq 5 cildlik şeir və poemalar müəllifi olmasaydı belə,
 
Bizə pencər yığan Güləndam qarı,
 
Çoxdan tərk eləyib bu oylaqları...
 
Yaxud;
 
Bənövşə xatirinə kol dibinə iz düşdü.
 
misraları onun bulaq suyu kimi duru misralarından, dəyərli poeziyasından bizi agah edərdi.
 
Adama elə gəlir ki, o, ürəyindən gələn səsləri vərəqlərə köçürürdü.O, heç vaxt adamların  ona borclu olduğu iddiasında olmayıb. Əslində öz ömrünü xalqa, vətənə borclu bilib.   
 
Elin sevincini, kədərini yaz,
 
Sənət bağçasına yol eldən gəlir.
 
Elin ətəyini buraxma , İlyas,
 
Elin ətəyindən tutan yüksəlir.
 
 
 
İ.Tapdıq 2009-cu ildən ömrünün sonuna kimi ulu öndərimiz    H.Əliyev cənablarının  sərəncamı ilə Prezidentin fərdi təqaüdünü alırdı. O bunu təltiflərinin ən ucası hesab edirdi, başqa umacağı yox idi.
 
Adımı yazdığım adsız ağaclar,
 
Enib qalxdığım diklər, yamaclar,
 
Siz yenə , siz yenə həmən həmənsiz,
 
Otlu biçənəklər, çəmən-çəmənsiz.
 
 
 
“Dağlar” və “Sevgi”      sənətin   əbədi mövzularındandır.Kimsə elə bilər ki , Aşıq Ələsgərdən, S.Vurğundan , M.Arazdan sonra dağlara şeir yazmaq  havayıdır. Çünki hər üçü  dağları elə vəsf edib ki, inanmırsan ki, dağlardan daha nə demək olar.İ.Tapdığın  “Dağlar” ı   özünəməxsusdur, daha çox xəlqidir , vətənpərvərlik və qəhrəmanlıq  nümunəsidir.
 
Yaşayan nağıldır Yaqublu Məcid,
 
Oydu, bu yerlərin sultanı, dağlar.
 
Talıboğlu Novruz, Mustafa ağa,
 
Atından salırdı düşmanı, dağlar.
 
 
 
4 bəndlik şeir 20% torpağı işğal görmüş bir xalqı ötən qəhrəmanlar kimi mərdliyə səsləyir. Şeirin sonu daha mənalı və fəlsəfi fikirlidir.
 
Dünənə, bu günə özün yiyəsən,
 
İlyasın qəlbini qırdın niyə sən,
 
Varmı bir övladın , bəlkə deyəsən,
 
Xoşbəxtdir əvvəli,  həm sonu dağlar. 
 
 
 
Bəli , bu həyatdır, ömrün əvvəli sonu kimi, sonu isə əvvəli kimi ola da bilməz.
 
İ.Tapdıq folkloru, şifahi xalq ədəbiyyatını çox sevirdi. Aşıq sənətini dərindən bilirdi. Daha doğrusu özü də kamil aşıq idi. V.Mustafayevin “Fransız” filmində  aşıq-şair rolunda filmə çəkilmişdi. Elə səlis, elə gözəl “Qaraçı”  çalardı və oxuyardı ki, heyran olmaya bilməzdin. Əsərlərində folklorun nəfəsi duyulurdu.
 
Məzarın başında dayanmışam lal,
 
Üstümü qəm alıb, qardaş,  a qardaş.
 
Sən ki, aşıq idin, dur sazını çal,
O sənsiz tək qalıb, qardaş, a qardaş.
 
 
 
Bitib torpağında min gül , min çiçək,
Qonubdur üstünə arı , kəpənək,
 
Qəbrinin üstündən qarışqa, böcək,
 
Neçə cığır salıb qardaş, a qardaş.
 
 
 
5 bəndlik şeir el bayatısı motivlidir. Bu da elə bir məsələdir ki, bir gündə, beş  gündə mənimsənilməz. Bunu  insan ana südü ilə birgə alır, cövhər kimi saflaşaraq, durularaq illərin yaddaşından gəlir.
 
 Biz bilirik ki, aşıq ədəbiyyatında aşiq öz məşuquna qovuşmaq üçün əzablar çəkir.Ağrılı , sızıltılı şeirlər qoşur, oxuyur. Bu məhəbbət dastanlarımızda və başqa klassik aşıq poeziyasında daha qabarıqdır. İ. Tapdıq yaradıcılığında aşıqlar üçün qoşulan qoşqular daha nikbin və şaqraqdır. İ. Tapdığın Bakıda, Moskvada məşhur konsert salonlarında aşıqların oxuduğu “Mənim böyük Vətəmində” , “Təzə ildə” şeirləri inamlı, gələcəyə xoş ümidlidir.
 
 
 
Kim gül əkir , gül də biçir,
 
Sözlər günəşdən nur içir,
 
İlyas gün-gündən xoş keçir,
 
Mənim böyük Vətənimdə.
 
 
 
Saz çalan kimdir? El aşığıdır,
 
Aşıq toyların yaraşığıdır!  - yazan İ.Tapdıq  aşıq yaradıcılığını təhlil edər, aşıqlara yeni istiqamət verərdi. Aşıq Əkbər, Aşıq Ədalət, Aşıq İsfəndiyar, Dədə Şəmşirlə  dostluq edərdi.Onlar haqqında yazıları vardı. Dədə Şəmşir haqqında “Tərlan qocalsa da yenə tərlandır” adlı sanballı yazısı vardı. Aşıq Əmrahı, Aşıq Kamandarı sevər və sevdirərdi. Zahid Aslanoğlu və Bəylər Tağıyevlə xüsusi dostluq edərdi. Bu və ya başqa aşıqlar haqqında efir və ekranda verilişlər təşkil edərdi. Lüzumsuz təkrarı tənqid edərdi. Aşıq mahnılarında aradabir səslənən və mahnılara bi şirinlik qatan  
 
 
 
Bulaq bizim yerdə, qar bizim yerdə,
 
Könlün nə istəsə var bizim yerdə   - aşıqların dilində tez-tez səslənən bu misralar  da ona məxsusdur.
 
 
 
“Yaş demək olmaz”,  “Sazda ana laylası var”, “Gədəbəydədir”, “Gözlər” şeirləri aşıqların dillərindən indi də düşməyir. Sevilə-sevilə müxtəlif saz havaları üstündə oxunur.
 
       İ. Tapdıq yaradıcılığında mənalı ümumiləşdirmə movcuddur.
 
 
 
Mən İlyasam, bir həmdəmim yar idi,
 
Xəyalıma yerlər, göylər dar idi.
 
Cavan idim, bir ürəyim var idi,
 
Ata oldum, üç paradır ürəyim.
 
 
 
İ.Tapdıq uşaqların sevimli şairi idi. Onun şeirləri uşaqların özü kimi təmiz,sadə, səmimi idi. Onun şeirləri uzun müddət dərsliklərdən düşmədi və sevildi. Xalq şairi Məmməd Araz   İ.Tapdığı Abdulla Şaiqlə müqayisə etməkdə yanılmamışdı. Məktəblilər İ.Tapdiğin şeirlərini asan əzbərləyər və yaddan çıxarmazdılar.
 
 
 
Sularında üzür gəmi
 
Qara neftin bulaq kimi,
 
Qucağında sıx buruqlar,
 
Düzülübdür qatar-qatar.
 
Üstündə var polad şəhər
 
Nə gözəldir bizim Xəzər!
 
 
 
Şeir axıcı və sadə olduğundan uşaqlar onu sevə-sevə oxuyurdular. İ.Tapdığın “Xalamın qızıyam” şeiri daha ibrətamizdir.
 
 
 
Atam deyir – Sevincəm,
 
Anam deyir – nadincəm.
 
Babam deyir – uşağam,
 
Nənəm deyir – qoçağam.
 
Xalam deyir – quzuyam,
 
Mən xalamın qızıyam!
 
 
 
Əlbəttə, körpə uşaq onu kim nəvazişlə dindirirsə,onunla mülayim rəftar edirsə, ona “övlad” olmaq istəyir.İ.Tapdığın uşaqlar yazdığı “Meşənin mahnısı”, “Nağıllı ağaclar”,”Şüvəlanda”kimi poemaları da uşaqların sevdiyi əsərlərdir.
 
İ.Tapdığ təkcə Azərbaycan oxucuları tərəfindən sevilmir.Onun “Kəndimizin çobanı” , “Təpələr”,“Nağıllı ağaclar” , “Çimnaz oynayır” , “Xumar” kimi kitablarını Azərbaycan oxucuları sevirdisə də, Moskvada nəşr olunan “Çimnaz oynayır” “Dəvə balası” “Təpələr” kitablarını keçmiş SSRİ xalqları oxucuları və bir çox dünya xalqları mütaliə edə bilmişdilər. İ.Tapdığın Moskva nəşrləri həmişə yüksək tirajla yüz min nüsxələrlə çap olunurdu. 
 
Əlbəttə biz İlyas Tapdıqla tay-tuş deyildik. 10 ilə yaxın yaş fərqimiz vardı.Mən kənd məktəbinin 6-cı sinifində oxuyanda o, ali məktəb tələbəsi idi, tanınan gənc şair idi. Sonradan elə yaxınlaşmışdıq ki, hətta dünyasını dəyişdiyi gün də daxil olmaqla gündəlik heç olmasa telefon əlaqəmiz vardı. Bir dəfə şirin söhbətimiz zamanı bir şeirinin tarixçəsindən söz saldım.
 
 
 
Axtarmadım ilk sevginin izini,
 
Adı qalıb, itirmişəm özünü, - misralarının ünvanını soruşdum.
 
Köksünü ötürərək bildirdi : “1948-ci il deportasiyasında Göycə mahalından kəndimizə gələnlərdən bir ailə bizim qonşuluğumuzda olurdu.Ailədə bir gənc qız da vardı.
 
 
 
İzləyəndə onu pünhan izlədim,
 
Gözləyəndə aşıq-aşkar gözlədim.
 
Ha çalışdım sirr sözümü gizlədim,
 
Yenə çatdı baxışlarla o yara.
 
 
 
Ali məktəbə qəbul oldum. 1951-ci ilə bizimkilərlə bərabər o qız məni özü yola salıb uğur dilədi. Çətin vaxtlar idi, mənim üçün telefon əlaqəsi və başqa söz söhbət müşkül məsələ idi. İndiki kimi internet, mobil telefonlar heç xəyala da gəlməzdi. Semestri qurtarıb kəndə qayıtdım. O zaman avtobus da işləmirdi, qatarla gəlib ara-sıra görünən yük maşınları ilə yarı piyada kəndə çatdım. Evə girməzdən gözümü onların qapısına dikmişdim.Anam bildirdi ki, havayı baxma, o qız qəflətən dünyasını dəyişdi. Hönkür hönkür ağladım, anam da mənə sarıldı.
 
Ağrısı yamandır könül dostunun,
 
Baş açmaz dünyanın baş loğmanı da.
 
 
 
Zaman hər şeyi yoluna qoydu. İllər keçdi. Omür gün yoldaşım Münəvvər xanıma rastlaşdım, sevdim, sevildim, ailə qurduq.
 
 
 
Gözündən gözümə köz çıldıradı,
 
Gözüm gözlərinə ilk sataşanda.
 
O gündən günəşim olubdur  adı,
 
Üstümə nur səpir mənim hər yanda.
 
 
 
Və beləliklə də, 3 övladımız oldu. Bir ömrü belə yaşadıq.”
 
 
 
İ.Tapdıq vəfatından bir neçə ay  keçsə də  unudulmur.O şeirləri ilə əksər məclislərdə yad edilir. Qarabağ müharibəsi veteranı Sarvan Tağıyev, şair Musa Ələkbərli, şair Hacı Loğman, dostu Natiq Nağıyev həmişə onu yad edirlər,xatirəsini əzizləyirlər.
 
  Unudulmaz xalq şairimiz Zəlimxan Yaqub İ.Tapdığa həsr etdiyi bir şeirində hələ 2009-cu ildə yazmışdı.
 
 
 
Sən yaşa ömrünü Xızır İlyasın,
 
Yetmişin üstünə beş gələn kişi.
 
Şirin nəğmələri yaz ətri verən,
 
Bu qoca dünyaya qış gələn kişi.
 
 
 
Şair çiçəklərdən bal çəkən arı,
 
Şeiri zirvələrin tər-təmiz qarı,
 
Qalxıb Gədəbəydən Bakıya sarı,
 
Dağ enən, düz keçən, döş gələn kişi.
 
 
 
Sözü çiçəklərin dadında qalan,
 
Eşqi bulaqların odunda qalan,
 
Şair Zəlimxanın yadında qalan,
 
Nəfəsi allaha xoş gələn kişi.
 
 Adı, imzası hamıya xoş gələn mərhum şairimizə ulu tanrıdan rəhmət diləyir, imzasına böyük ehtiramımızı bildiririk!
 
 
 
 
          Cəmil Hüseynli.  

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac