Xəbər lenti

 Şrift:

       
                                          İlyas Tapdıq


                                                    "İnsan  yatan  torpaqda da var hənir,

                                                    Dağ  döşündə bir qəbir var, bir qəbir..."

   Müəllifi İlyas Tapdıq olan bu misralar onun öz qəbri üçün yazılmasa da o, öz məzarı ilə şeir sevənlərin müqəddəs ziyarətgahlarının bir ünvanını da artırdı. Necə ki biz şairin dəfnindən qayıdıb gələndən sonra dəfnə gecikən bir dostu təkcə gedərək  gətirdiyi qərənfillərlə onun qəbrini bəzədi. Dəfn zamanı din xadimi mənə təklif etdi ki,  mərhumun üzünü qibləyə tərəf çevirmək lazımdır. Yox, İlyas Tapdığın üzü hansı tərəfə çevrilsə vətən torpağı onun üçün qiblə idi, möhtəşəm idi, müqəddəs idi. O, vətən torpağının ayrı-ayrı gözəlliklərinin bizim görə bilmədiyimiz ştrixlərini vəsf etsə də, ümumilikdə onun üçün  vətən əziz idi.

Bu dağlarda bulaq gördüm

Dibindəki daşı saydım

Yorulmazdı gözüm könlüm

Yüz il burda yaşasaydım,   deyərdi.

Ilyas Tapdığın hələ tələbə ikən kitabı çapdan çıxmışdı. Onun uşaqlar üçün yazdığı “Kəndimizin çobanı” poeması O.Sarıvəllinin redaktorluğu ilə buraxılmışdı. Elə bu illərdə çox təbii, axıcı şeirləri dalbadal oxuculara çatırdı. Bu 1952-55-ci illər idi.

 

Məktub salam, kalam bir də nöqtələr...

Atamın məktubu oxuyun budur:

“Mən Vətən uğrunda həlak olsam da

Yunisim, İlyasım sənə oğuldur”

                “Atamın son məktubu” şeirindən.

O vaxtlar “internet”, “kompyuter” yox idi. İ.Tapdığın şeirlərindən parçalar bizim gəncliyin dəftərçələrinə yazılardı, əllərdə, dillərdə gəzərdi.

Nə deyim, nə deyim sevdiyim qıza

Yazdığım məktubu cırıb deyirlər

Sən Allah, siz deyin o insafsıza

Günahsız könlümü qırıb deyirlər.

 Onun çapdan çıxan 50-yə yaxın kitabının hər birini  həmişə səbirsizliklə gözləmişəm. Mən İ.Tapdıq imzasını həmişə doğma bilmişəm. Hətta mənə hədiyə verilən “Gözlər” kitabını düz 51 ildir evimizdəki müqəddəs kitablarla yanaşı saxlayaraq toxunulmaz etmişəm. Oğlanlar qızlara, qızlar oğlanlara  İ.Tapdığın şeirləri ilə sevgi məktubları yazırdılar. Onun şeirlərində aydınlıq, səmimilik adamı cəlb edirdi.

“Bulaq başında” kitabı şairin ikinci kitabı idi. Misralar axıcı, hər misrada bir lövhə yaradılmışdı.

“Sevirəm!” ,  hamının sevdiyi bu söz

Qəlbimdən qoparaq dodağa düşdü

Istədi yavaşca tərini silsin

Dəsmalı sürüşüb bulağa düşdü.

                 

Su daşıb ağzından axdı səhəngin

Qız öz baxışını məndən ayırdı

Gözünü səhəngdən ayırmasa da

Səhəng dolduğunu o duymayırdı...

Mən İlyas Tapdıq yaradıcılığını 60 il izləyənlərdənəm. Bizim gənclik onun yeni kitablarını hər dəfə sevinclə qarşılayırdı. İ.Tapdığın “Gözlər” kitabı o vaxt növbə ilə satılmışdı. Oxucular bir-birinə o kitabı hədiyyə kimi verirdilər. Bir balaca “Gözlər” kitabının üstündə İlyas müəllimi tənqid etdilər. Guya çox açıq-saçıqlıq var və orada şairin sevdiyi qızın adı  gizli bir rəmzlə, baş hərfləri ilə yazılıb. Onda şair yeni bir şeir də yazdı. Bu 1958-ci ildə olmuşdu.

Mən gözlərə şeir qoşdum

Gözlər məni gözdən saldı

Üzüm yaman üzlər gördü

Üzlər məni üzdən saldı.

            

Öz eşqimlə qoşalaşdım

Aşılmayan dağlar aşdım

Səndən ayrı yolu çaşdım,

Yollar məni dizdən saldı.

              

Ilyas, tale nələr etdi

Sevinc qəmlə başa yetdi

Alan-aldı, gedən-getdi

Dərd yolunu bizdən saldı.

İ.Tapdığın kitabları 3 gündən artıq mağazada qalmazdı, satılıb qurtarardı. Şairin kitablarından bir neçəsinin redaktoru M.Araz idi. O cümlədən “Gözlər”in də.

Məkan şeirləri İlyas Tapdıq yaradıcılığının inciləri sayıla bilər. Orada Azərbaycan torpağının gözəllikləri elə gözəl verilib ki, sanki mahir rəssam sözlərlə şəkil çəkib. Bunların sırasında “Gədəbəydədir” şeirinin xüsusi yeri var. Şeir 60-cı illərdən sonra meydana çıxdı. Əvvəlcə bir neçə bənd var idi. Hazırda həmin şeir 20 bənddən artıqdır. Buna qədər də Vətənimizin dilbər guşəsi Gədəbəyə bir sıra şeirlər yazılmışdı. Amma İ.Tapdığın “Gədəbəydədir”i o qədər poetik, o qədər mükəmməl oldu ki, ondan qabaq yazılanlar unuduldu. Mənə elə gəlir hələ uzun müddət bu şeirin analoqu olmayacaq.

Yastı zirvələrin minillik qarı,

Daşlara ilişən duman layları

Qərib durnaların haça qatarı

Tərlanın yuvası Gədəbəydədir.

                

Çayyurd, Çətindərə, Şır-şır, Arxaşan,

Qalakənd üstündə üç çay qarışan

Yeddi qat göy ilə hüsnü yarışan

Cənnət tamaşası Gədəbəydədir.

Dədə Şəmşir İlyas Tapdıqla görüşü zamanı xahiş edib ki, sənin “Gədəbəydədir” şeirin çox xoşuma gəlir. Çox istərdim ki, bizim Kəlbəcərə də bir şeir yazasan.

Gül-gülə qovuşub, çiçək-çiçəyə

Lalənin qatarı Kəlbəcərdədir.

Dayanıb-durublar kürək-kürəyə

Dağların ilqarı Kəlbəcərdədir.

                 

 Sular qayalarda qulac-qulacdır

Istisu yolları əriş arxacdır.

Dərdlər-dərdə düşüb dərmana qaçdı

Dəlidağ vüqarı Kəlbəcərdədir.

7 bənddən ibarət şeir Kəlbəcərin özəl xüsusiyyətlərini əks etdirir.

Şairin “Şəki” şeiri başında Şəki kəlağayısı olan gözəl bir Azərbaycan gəlinini xatırladır. Orda həm ölkənin tarixi var, həm doğma yurdun vəsfi öz yerindədir.

Quteli halvası teldən incədir,

Bəzəyi-zinəti güldən incədir,

Mehri-məhəbbəti tüldən incədir,

Dostların dilində əzbərdi Şəki.

               

İpəyi tanınıb cahana gəlib

Ulu tarixlərdən şahanə gəlib

Plovu dad verib dəhana gəlib,

Şəhərlər içində şəhərdi Şəki.

Şeir 8 bənddən ibarətdir. Oxuduqca doğma yurdun gözəlliyi qarşısında baş əyməyə bilmirsən.

Ilyas Tapdığın ən çox əks səda verən kitablarından biri, “Bir eşqin şimşəyi” kitabıdır. Kitaba ön sözü əvəzolunmaz ədibimiz M.Cəlal yazmışdı. Redaktoru gözəl şairimiz B.Vahabzadə idi. Elə kitabın adını da, kitabdaki şeirlərin birini adıyla Bəxtiyar müəllim təklif etmişdi. Kitabdakı şeirlər daha müdrik, mənalı məzmun kəsb edirdi. Kitab haqqında 2 dəfə Bəxtiyar müəllim müsbət rəy yazmışdı.

Bir eşqin şimşəyi çaxdı başımda

Yerimdə kömürtək qaraltdı məni.

O qızın gülüşü cavan yaşımda

Körpə uşaq təki ağlatdı məni.

                   

Tüstüsüz ocaq tək elə yandım ki,

Indi də yanıram mən oğrun-oğrun

Kədər dumanında daldalandım ki,

Heç kimə çatmasın sızıltım, ağrım.

                      

Sinəmdə yurd saldı bir eşqin səsi

Öldürə-öldürə yaşatdı məni

Bir anın sevinci deyib-gülməsi

Eylədi qəm yüklü, qəm atlı məni.

 Bəli,  İ.Tapdıq öz sızıltılarını, ağrılarını kədər dumanında gizlədər, ah-vay çəkməzdi. O, əsil sənət fədaisi idi. Deyirdi bu kədər məni öldürə-öldürə yaşadır. Qarabağ dərdini ürəkdən çəkirdi. “Bir şəhiddir ürəyim” deyirdi. Gün-gündən gözəlləşən Bakımızı tərənnüm edərdi. Ən çox yolları sevərdi. Yolları genişləndirməyi xahiş edərdi.

Bəhrə verə hər çəkilən əziyyət,                                                          

Torpağının bir gülü də solmaya

Bu dağlardır üzü gülən bir cənnət

Yollar niyə evlər kimi olmaya!

Sonralar İ.Tapdığın bir-birindən sanballı “Özümlə görüş”, “Məhəbbət yolları”, “Qızlar... qağayılar”, “Nağıllı ağaclar”, Moskvada “Dəvə balası”, “Küləyin ləpiri”, “Çimnaz oynayır” və başqa çoxlu kitabları, böyüklər üçün 2 cildliyi, uşaqlar üçün “Şeir sevən balalar” kitabları bizi sevindirdi. Onun çoxlu mahnıları oxundu, aşıqlar müxtəlif havalarda sözlərini oxudular.

1972-ci ildə Azərbaycan LKGİ-nın MK-nın mükafatına layiq görüldü. İ.Tapdıq Aşıq Ələsgər xronika filminin ssenari müəllifi , “Aşıq Alı” dramının müəllifi oldu.  Dünyanın tanınmış  şair və yazıçılarının əsərlərini dilimizə tərcümə etdi.

İ.Tapdıq ən çox kitab redaktə edən ədib sayılır. O, minə qədər kitabın redaktorudur. Televiziyada uzun illər uşaq verilişlərinin aparıcısı oldu. Özü yazırdı:

Vurdum tərəziyə ömürü günü,

Qurğuşunla çəkdim həsrət yükünü.

İlyasam, taleyim axır hökmünü

Nə vaxt verəcəksə bilə bilmirəm.

 

Bu da mənalı bir ömrün sonu...

İnsan yatan torpaqda da var hənir,

Dağ döşündə bir qəbir var, bir qəbir!

  
                   Cəmil Hüseynli



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac