Xəbər lenti

 Şrift:
           
                 Nizaməddin  ŞƏMSİZADƏ,
               filologiya elmləri doktoru, professor,
             Azərbaycan Respublikasının Dövlət  mükafatı
            laureatı     
                                                                      
                                                    
                                                  TALE ÇƏPƏRLƏRİ

      Azərbaycana qanlar, qadalar  bahasına  başa gəlmiş  istiqlal epoxası özü ilə bərabər  ədəbiyyata yeni imzalar  da gətirdi.  Düşüncə azadlığını  taleyin  şirin  qisməti  kimi qəbul edən bu imzalar, daha çox poeziya  və nəsrdə  yeniliyə nail  olmağa, yalnız  senzura basqısından  yox,  bədii sıxıntıdan  xilas olmağa çalışırlar. Belə yazıçılardan  biri  Nurəddin Ədiloğludur. Cəmiyyətdə və ədəbi prosesdə yerini  bilən, ədəb-ərkan sahibi, dostcanlı  bir ziyalı olan  Nurəddin  yazdığı  hər kəlmənin  məsuliyyətini dərk edən  bir insandır.
  O, mənə üç  povest və  yeddi-səkkiz  hekayədən ibarət kiçik qovluğunu  verib, -  baxarsan, – dedi. Baxmağım  isə çox uzun, bir ilə yaxın  çəkdi. Əlimdəki  işlərin çoxluğu, xüsusən də  amansızcasına vaxt və əsəb aparan “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi məni  yayınmağa qoymurdu. Nəhayət ki,  imkan tapıb,  Nurəddin Ədiloğlunun “Kiçik Paris”, “Div qapısı və ya müqəvva adam”, “Lal Adəm” povestlərini, “ Nəvəterapiya”,  “Sarı yarpaqlar”, “Qəriblikdə doğmalıq”, “Bığ haqqaında ballada”  hekayələrini oxuya bildim. Bu yazılar müxtəlif illərdə və dövrlərdə qələmə alınıb.  Bu yazıların bəziləri “Azərbaycan”, “Ulduz”, “Şəfəq”,  “Mars” və “Söz” ədəbi dərgilərində və “Ədəbiyyat qəzeti”ndə  dərc olunub.   Mən bunların bəzisini, eləcə də 2008-ci ildə işıq üzü görən “Qara sarmaşıq” romanını  oxumuşam.
     Nurəddini  bir yazıçı kimi fərqləndirən  onun  yüksək  müşahidə qabiliyyətinə malik olmasıdır. Onun  əsərləri  fərdi  müşahidələrin  psixoloji  bir silsiləsidir. Mənim fikrimcə,  müşahidə  isdedad  deməkdir: yəni çoxları  görə bilməyini sən görürsən, duya bilməyəni sən duyursan. Nurəddin ətraf mühitə də, ictimai  proseslərə də diqqətli və həssasdır.  O, insanın  çox adi  əlamətlərindən  onun daxili aləminə enməyi  bacarır.  Məsələn, o, “Kiçik Paris” povestində  Riqa aeroportunda işləyən  bufetçi qadının – Santanın  obrazını belə yaradıb. Yaxud elə həmin povestdə Salmanın evində qaldığı  polyak qadını Vandanın  bir hərəkəti əsərin qəhrəmanı Murad Muğanlını  bərk  sarsıdır:  “Ancaq onu diksindirən yuxulu-yuxulu  əllərini yuduğu soyuq su deyildi. Gördü ki, ev sahibəsi  Vanda alt  geçə köynəyində  divanda əyləşib əfqan cinsli  iri bir köpəyi sığallayır, uzun dilini çıxaran it də  şöngüyərək bu tumardan  məst olub gözlərini  yummuşdu. Qadının  açıq sinəsini, üz-gözünü yalayırdı. Anası yaşında olan Vandanın gözlərindən ehtiras qığılcımları  sacılırdı. Murad çaşıb qalmışdı... Vanda itin təmasından  vəcdə gəlmişdi. Belə anda  qoynuna aldığı  o qıllı  köpəyi hər hansı  bir kişiylə də dəyişə bilərdi”...
   “Şair  həmişə özünü yazır!” aforizmi Nurəddinin  yazı manerasında  da özünü  aydın  bir tərzdə  doğruldur.  O, ətraf aləmə, real gerçəkliyə, hətta  onu  əhatə edən adamların gözünün rənginə belə  öz taleyinin  prizmasından nəzər salır. Mənə elə gəlir ki,  o “Mən”indən  keçməyən  şeyləri qələmə almır,  şəxsiyyət kimi həzm etmədiklərini  yazıçı kimi təsvir edir.  Bu mənada onun  qəhrəmanları  tale  çəpərlərini  ictimai  mühitin baryerləri kimi adlayır... “Kiçik Paris” povestində Nurəddinə  çox oxşayan, az qala  eynilə onun  özü olan Muradın  ətrafa reaksiyasını, elə bu  aspektdən  də  onun bir obraz  kimi  təkamülünü  izləsək, bunun şahidi olarıq: Murad Muğanlı  kommunist olmadığı üçün  ona  öz vətənində  iş verməyən, ona  yer verməyən  cəmiyyətə “yox”  deyib  əvvəl Moskvaya, sonra  isə Riqaya  gəlir. Şəhərlə  ilk təması  ondan başlayır ki, onu   yabançı adam kimi  tutub  zöhrəvi  xəstəliklər mərkəzinə  aparır, necə deyərlər, hər şeydən öncə, fiziki profilaktika edir, sağlamlığına əmin olduqdan sonra şəhərə  boşlayırlar, eyni zamanda buranın “Kiçik Paris” olduğu barədə  xəbərdarlıq edirlər. Bu olay  Muradda  özünü mühafizə instinkti yaradır:  ondan  siqaret istəyən  gənc   qız,  özünü itə yalatdıran  polyak qadın, səhər açılmamış   rastlaşdığı  sərxoş qadın...  Murad bunları  tale  çəpərləri kimi aşır. Yazıçının böyük ehtiramla  təsvir etdiyi bufetçi  qadın  Santa həm  alman  anası, həm də  öz  nəcibliyi ilə  Qafqazlı  Murada  qalıb gəlir, onu  öz səmimiyyət və nacabətlərinə  inandırır, evlərində  bu tale axtaran müsafirə  yer veririlər: səhər ayılanda Murad görür ki,  iki  gözəl  lüt qadının -  Santanın və  onun  çox gənc qonşusu  Martanın arasında  yatıb...  Povest  simvolik olaraq  “Kiçik Paris” həqiqətinin  təsdiqi ilə tamamlanır...
  Az-çox tənqidçilik  təcrübəm (37 il) məndə  belə  bir əminlik yaradıb ki,  yazıçı dilə münasibətdən  başlanır. Əsərlərində Nurəddin Ədiloğlu  bədii dilin bütün  ifadə vasitələrindən istifadə etməyə  çalışır.  Obrazın  dillə ifadə  imkanını açması yazıçının ən böyük hünəridir. Nurəddinin işlətdiyi “Uzaqdan  tənha  paravozun  hikkəli səsi eşidilirdi. Elə bil yolunun üstünə kor adam çıxmışdı”, yaxud “müsibətə hamilə olmuş  bir vətənin  necə  ağrı   çəkdiyini görmək  mənə həmişə əzab verir”. Bunlar  obrazı  tapılmış  həqiqi  yazıçı cümlələridir. Bununla bərabər, məsələn “Kiçik Paris” povesti ilə bağlı  müəyyən iradlar da söyləmək olar. Burada  birinci şəxsin  dilindən verilən  təhkiyə  bəzən üçüncü şəxsin dilinə keçir, yaxud  onun Santaya  verdiyi  xarakteristika  ilə,   son anda  Santanın elədikləri tamamilə ziddir və s. Ümumiyyətlə povestin janr tələbləri var: o bir taleyin hekayəti kimi başlayıb, bir nəslin və ya  bir epoxanın  həqiqəti kimi tamamlanmalıdır. Qəribə də olsa,    “Kiçik Paris” Riqa həyatından bəhs edən “ Sarı yarpaqlar”  və  “Qəriblikdə doğmalıq” hekayələrinin  sanki prelüdüdür. Əslində  povesti dolayısıyla  tamamlayan  bu hekayələrdə  söhbət təkcə Latviyadan, ya da  Azərbaycandan getmir:  Məsələn: “...O gün maestronun  bəstələdiyi “Sarı yarpaqlar” həm də milyonlarla  insan ömrünü saraldıb-solduran qırmızı imperiyanın XƏZAN çağından soraq verirdi.”   Müəllifin  bu  fikri  qədımdən zərb-məsələ  çevrilən “Sözlər aldada,  adamlar riyakarlıq edə bilərlər, musiqi isə yalan demir” deyiminin  fəlsəfi məntiqi ilə uzlaşır. O cəmiyyət yaxşıdır ki, orada  orta təbəqə  çoxluq  təşkil edir.
     “Lal Adəm” povesti əslində  təkcə düşmənin işğal etdiyi vətənindən deyil,   yaşadığı cəmiyyətdən didərgin düşən, dostluqdan, sevgidən  dönə-dönə zərbə alan tənha insanın  hekayətidir.
     “Div qapısı və ya müqəvva adam” povesti  isə  daha çox magiya ədəbiyyatı  və ya “magik realizm” adlanan ədəbi  cərəyanın nişanələri  var.
       N.Ədiloğlu hələ ilk dəfə 90-cı illərin əvvəllərində qələmə aldığı irihəcmli “Azərnur” poman-pritçasında (Bakl, 1994, “Şuşa” nəşriyyatı, 3000 tiraj) bu cərəyanın elementlərindən  bəhrələnərək  yaddaqalan,  maraqlı  obrazlar yaratmışdı... Müasir dünya Allahın iradəsini yerinə yetirmir. Tanrı insana yaşamaq haqqı verib. Nurəddin yaşadığı mühiti təhrif etmir, dövrün real  çətinliklərini  yaza bilir.
      “Sel”, “Əsirlikdən qaçan dağ “çayı” hekayələrində  Nurəddin oxucuya  bu hissi aşılayır ki,  TƏBİƏTİN qəzəbi İNSANIN qüdrətindən  çox-çox güclüdür. 
   Təəssüf ki,  mən  onun  bu kitaba daxil etdiyi  hekayələrin hamısını  oxuya bilmədim.  Ancaq mənə bir daha yəqin oldu ki, Nurəddin Ədiloğlu  dünyanın  ən ağır işi olan əlahəzrət ağ kağızla üz-üzə oturmağın əzabına dözən  insandır, bunun üçün  onun həm  şəxsiyyəti, həm də istedadı  var. Bu  iki qüvvə  onu  mənzil başına  çatdıracaq. Həmin mənzildə  görüşmək ümidi ilə
                                                                                   
                                                                     

                   
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac