Xəbər lenti

 Şrift:

    Azərbaycan və Özbək xalqlarının dostluğu sarsılmaz və sönməzdir
 
SSRİ samanında Sovetlər birliyinə daxil olan “qardaş” respublikalara (mənfur düşmənimiz istisna olmaqla) səyahətə, ezamiyyətə, məzuniyyətə getmək heç o qədər də maraqlı deyildi və elə də əhəmiyyət kəsb etmirdi. Sanki qonşuya gedib-gələrdik. Ancaq indi müstəqil dövlət kimi onlar bizimçün xarici dövlət sayılırlar. Sözsüz ki, hər bir xarici dövlət öz konstitusiya qanunları ilə və hər bir xalqın özünün hörmət etdiyi adət-ənənələri ilə yaşayır, inkişaf edir. Qonşu dövlətin qanunlarına və adət-ənənələrinə hörmət etmək beynəlxalq hüquq normaların əsasını təşkil edir. Artıq 25 ildir ki, nəhəng imperiya süqut etdi. Onu yaradan da avantüristlər idi, yıxan da. Nə isə...
Özbəkistandan olan dostlarımız bizi işbirliyinin bəzi aspektlərini aydınlaşdırıb, müzakirələr aparmaq üçün evlərinə qonaq dəvət etdilər. Özbək xalqının adət-ənənələri ilə şəxsi tanışlığım yox idi. Söz yox ki, KİV-dən az çox məlumatlarla, nəyi isə eşidir, öyrənirik. Ancaq bütövlükdə elmi-nəzəri biliklər əsasında və ya səyahət edib hər bir şeyi əyani surətdə görüb, hiss edib, duymaq və fundamental bilik əldə etmək bir özgə aləmdir.
Təyyarəmiz Xəzərin ayna sinəsinin üzərindən Özbəkistan sərhəddini keçəndə mikrafonda nitqi və səsi gözəl xanımın elanını eşitdik.
2009-ci ilin məlumatına görə Özbəkistanın paytaxtı Daşkəndin sahəsi 334,8 km2, əhalisi 2,2 milyon nəfərdir. Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Ancaq başqa mənbələrdən də bizə məlumdur ki, şəhərin su ehtiyatın təmin etmək üçün onun  yaxınlığında süni Cavrak gölü yaradılmışdır. Şəhər 11 inzibati rayona bölünür. Daşkəndin əsasının e.ə. V-VIII əsrlərdə qoyulduğu güman edilir. Əvvəllər Şaşkənd sonralar Daşkənd adlanan şəhərin adı çin mənbələrində daş kənd kimi də hallanmışdır. XVI əsrdən başlayaraq şəhər indiki adı ilə adlanmağa başlamışdır. “Daşkənd” sözü “daş” və türk dillərində şəhər mənasını verən “kənd” sözlərinin birləşməsindən yaranmışdır.
Daşkənd həmişə bölgənin əsas beynəlxalq nəqliyyat mərkəzi olub. 1917-ci il inqilabı zaman baş vermiş vandalizmdən və 1966-cı il zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub. Şəhərdə daha çox sovet dövründə tikilən mədəniyyət və muzey mərkəzlərinə rast gəlmək mümkündür.
Qədim şəhərin bəzi qədim binaları şəhərin qərb hissəsində yerləşir. Maraqlı binalardan biri, XVI əsrdə inşa olunmuş Kukeldaş Mədrəsəsidir. Bu tikili Kaffali Şaş movzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Burada yerləşən Qəst-İmam tikilisinə qeyri-müsəlmanların girişi qadağandır, digər ziyarətçilər isə bura giriş üçün əvvəlcədən icazə almalıdırlar.
Daşkənddə olarkən müasir, hündür binaların yeni layihələrlə tikilən binalara, otellərə, yaşayış evlərinə, ofislərə baxdıqca adam fəxarət hissi keçirirdi ki, məhz Orta Asiyanın mərkəzində - İslam dünyasında da belə bir inkişaf, belə bir tərəqqi durmadan davam edir. Daşkənd bizim gördüyümüzdən də böyük və gözəldir. Çünki biz bir gün ərzində Daşkəndin hər tərəfdən görünən, görməli, görkəmli yerlərini gəzmək imkanına malik deyildik. Çox güman ki, səfərimizi başa vurandan sonra yenidən Daşkənddə qayıdıb, Bakıya dönəcəyik.        
 
Bir gün Daşkənddə qalandan sonra Axror və Abbos Mirziyaev qardaşları bizi öz maşınında Səmərqəndə apardılar.
Səmərqənd – Özbəkistanın cənubunda tarixi şəhər, Səmərqənd vilayətinin mərkəzi. Zərəfşan çayının vadisində, Daşkənddən 275 kilometr cənub-qərbdə yerləşən Səmərqəndin əhalisi 566 min nəfərdir. Mühüm bir sənaye (avtomobil sənayesi, traktor hissələrinin istehsalı, yeyinti sənayesi, gübrə karxanaları, toxuculuq sənayesi və s.) və təhsil (Səmərqənd Universitet) mərkəzi olan bu şəhər Teymurləng zamanından qalan tarixi abidələri ilə (Bibixanım məscidi və məqbərəsi, 1399-1404; Teymurləngin Guri Əmir adlı türbəsi, Uluğbəyin türbəsi, 1405; və s.) çox sayda turist cəlb edir.
Qədim zamanlardan bəri insanların məskəni olan Səmərqənd, e.ə. 329-cu ildə Böyük İsgəndər, eramızın 712-ci ilində ərəblər tərəfindən fəth edilmişdir. 751-ci ildə müsəlmanlar əsir alınmış çinlilərdən kağız istehsalının sirrini öyrənib müsəlman dünyasında ilk kağız karxanasını Səmərqənddə tikmişdirlər.
Buradan bu vərdiş bütün Ərəb xilafətinə, sonralar isə Avropaya yayıldı. Samanilər dövründə Səmərqənd iqtisadi baxımdan olduqca inkişaf etdi. Daha sonra Qaraxanlıların, Xarəzmşahların əlində keçdi. 1220-ci ildə Çingiz xantərəfindən yandırılıb viran ediləndən sonra, Teymurləngin paytaxt edilməsi ilə yenidən inkişaf etdi və iri mədəniyyət mərkəzinə çevrildi. 1499-cu ildə Şeybani özbəklər tərəfindən işğal olunub paytaxt edildi. XVI əsrdə Şeybanilər paytaxtı Buxaraya köçürdülər və Səmərqəndin əhəmiyyəti azalmağa başladı. Nadir şahın buraya hücumu sakinlərinin çoxusunu şəhəri tərk etməyə məcbur etdi. 1868-ci idə Rusiya imperiyasının tərkibinə girdi və 1888-ci ildə buraya dəmir yolu çəkildikcə yenidən böyük iqtisadi mərkəzə döndü. 1925-1930-cu illərdə Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı idi.
Bir gün Səmərqənddə qalandan sonra səyahətimiz Buxara istiqamətinə yönəldi.
Bu şəhər təpərə, oda sitayiş edənlərin dini ayinləri icra etdiyi və müqəddəs hesab etdikləri yerdə salınmışdır. Şəhərin adına “Avesta”da rast gəlmək olar. Buxara Səmərqəndin qərbində yerləşir və İslamın mərkəzlərindən biri kimi tanınır. Bura həmçinin Böyük Şeyx Bahəddin Nəqşibəndinin yaşadığı şəhərdir. O bütün İslam aləmində və regionda sufizmi inkişaf etdirən əsas nümayəndə olmuşdur. Bu şəhər öz zəngin muzeyləri ilə məşhurdur. Burda yerləşən Dövlət İncəsənət Muzeyidə müxtəlif rəsm kolleksiyaları, duluzçuluq məmularları, Buxara hakimlərinin paltarları saxlanılır. Şəhərdə 140-dan artıq memarlıq abidələrinin olması bu şəhərin “muzey şəhər” adlanmasına səbəb olmuşdur. Buxarda hal-hazırda 350 məscid və 100 dini kollec fəaiyyət göstərir. Bu abidələrin əksəriyyəti orta əsrlər dövrünə aiddir. Poi-Kalon, Kos Mədrəsəsi, İsmayıl Samani Movzeleyi, Kalian Minarəsi diqqəti daha çox cəlb edir. Şəhər dar küçələr, yaşıl park və bağlar, müxtəlif eposların qəhrəmanlarını təsvir edən tarixi və memarlıq abidələri ilə zəngindir. Buxara meri Vəli əkə bizi nahar qonaqlığına dəvət edib, Özbək xalqının milli geyimlərindən bizə hədiyyə etdi. Sözsüz ki, biz bu hədiyyəni özbək xalqından qəbul etmiş kimi özümüzü məmnun hiss etdik.
Buxarada iki gün qaldıqdan sonra şəhərin görməli və görkəmli tarixi yerlərini imkan daxilində gəzdikdən sonra bütün dünyadan turistlərin diqqətini cəlb edən Zaamin şəhərinə yola düşdük. Zaamin şəhəri öz gözəlliyi və yaşıllıqlarla əhatə olunmuş görüntüsü ilə dünyada ən məşhur və müalicəvi əhəmiyyətinə görə daha çox diqqəti cəlb edən bir şəhərdir. Təkrarolunmaz təbii gözəllik, yumşaq hava durumuna görə isti, hərarətli günəşin bəxş etdiyi sağlamlığına görə və dağların arasında yerləşdiyi üçün saf, təmiz havanın, münbit şəraitin ora gələnlərin, sağlamlığının keşiyində duranların qəlbən və ruhən harmoniya əldə etmək istəyənlərin həyat eşqindən, yaşamaq həvəsindən doymayanların istirahət yeridir. Özbəkistanın ən mühüm sağlamlıq və turizm mərkəzi olan bu yerdən təbiət öz istiqanlılığını əsirgəməmişdir. Təbiətin bəxş etdiyi gözəlliklərlə yanaşı müasir səhiyyənin son nəaliyyətlərindən Zaamin sanatoriyasında istifadə olunur. Zaaminin  coğrafi mövqeyi Özbəkistanda ekoloji cəhətdən ən saf bir yerdir. Burada su mənbələri ərazidə olan yeraltı su kanalları burda da yaşıllığın artırlımasına, inkişaf etdirilməsinə şərait yaradır. Zaamin Pamir dağlarının ətəyində yerləşir. Dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşir. Zaamin öz təkrarsız təbii gözəlliyi ilə seçilir və fərqlənir. Zaamin rayonunda çoxlu istirahət və sağlamlıq mərkəzləri mövcuddur. Bütün bu sadaladığımız istirahət yerləri oraya dünyanın hər yerindən turist axınını təmin edir. Bu istirahət və sağlamlıq mərkəzlərindən biri də, mən deyərdim ki, ən gözəli də “Zomin” sanatoriyası adlanır. Bu tibb müəssisənin baş həkimi, dostumuz Axror Mirziyaevdir. “Zomin” sanatoriyası rayon mərkəzindən 50 km aralıqda yerləşir. “Zomin” həm də coğrafi mövqeyinə görə Türkistan dağ silsiləsinə yaxın və 2000 metr dəniz səviyyəsindən hündürükdə yerləşir. “Zomin”in ətraf ərazisində çoxlu qoruqlar mühafizə olunur. Burada havanın təzyiqi təbii resurslara görə çox aşağıdır. İnsanın sağlamlığı üçün vacib olan kislarod və ultrafioletov şüaları insanın yuxarı tənəffüs yollarını və əsəb sistemlərinin müalicəsi üçün vacib olan elementlərlə zəngindir. “Zomin” sanatoriyasında səhiyyənin ən son nailiyyətləri, beynəlxalq standartlara cavab verən müasir diaqnostik və müaicəvi avadanlıqlarla təchis olunmuş və yüksək ixtisaslı həkim və tibb bacıları ilə təmin olunmuşdur. Burada yüksək səviyyəli laboratoriyalar, diaqnostik kabinetlər, UZİ EKQ xüsusi stomatoloji və ginekoloji xidmət növləri keyfiyyəti ilə seçilir, fərqlənir. Bütün passientlər – həkim baxışından sonra lazımi prosedurlar həyata keçirilir. Müalicə vaxtı fizioterapiyadan çox istifadə olunur. İstirahətçilərin müalicəsi üçün iki üstüörtülü hovuz, sauna, müalicəvi vanna, müxtəlif formalarda duş, sualtı massaj və palçıqlı müalicə kimi üsullar vardır. Asma-bronxit, xroniki bronxit, dematit, əsəb sistemi ilə bağlı xəstəliklər, ümumi nevroz kimi xəstəliklər burada müalicə olunur.
“Zomin”də iki gün istirahət edəndən sonra özbək dostlarımız yenidən bizi Daşkənddə gətirdilər.
Bir həftəlik Özbəkistan təəssüratlarımızın hamısını oxuculara çatdırmaq imkan xaricindədir. Bizim fəxarət hissi keçirməyimizin ən böyük təkanvericisi Özbək xalqı ilə Azərbaycan xalqının arasında olan məhəbbət gücünün səviyyəsinin sonsuzluğudur. Ona görə bu gün qəti və cəsarətli yekun sözümü işlədirəm ki, bütün bunları biz, yəni Rövşən və mən qəlbimizdə hiss etdik, duyduq, dərk etdik və bu gün bu iftixar hissi ilə də böyük məmnunluqla Özbək qardaşlarımızın Axror və Abbos Mirziyaevlərin sədaqətinin, insanpərvərliyinin həyatdakı inikasını gördük. Biz bilirdik Özbək xalqı ilə Azərbaycan xalqının arasına dostluq telləri ta qədimdən bu günə qədər inkişaf etməkdədir. Hər iki xalqın, hər iki dövlətin güvənc yeri tək və qadir olan Allaha olan inamın ifadəsidir sanki. Biz böyük və nəhəng, gücü, qüdrəti heç vaxt tükənməyən İslam dünyasını adi, sıravi bəndələriyik. Biz adi və sıravi bəndələr olsaq da, imanımızı, inamımız və inancımızı o böyük və müqəddəs Allahın göstərdiyi, tövsiyyə etdiyi qayda-qanunlara riayət etməklə öz səcdəmizi heç vaxt əsrigəmirik.
Səcdəni isə qadir və tək Allaha edərlər. Biz gedəndə də, qaydanda da əllərimizi yuxarı tutub, başımızı dikəldib Allaha dualar etdik. Bu dualardan ən vaciblərindən biri Azərbaycan xalqını, Azərbaycan torpağını, Azərbaycan dövlətini bütövlüyünə Allahdan yardımçı olmasını dilədik. Bu duaların daha ən vacibi isə Azərbaycan xalqı ilə Azərbaycan dövləti ilə Özbək xalqının və Özbəkistan dövlətini sarsılmaz, sönməz və daim möhkəmlənən dostluğuna rəvac verməsini təvəqqe etdik.
P.S. Bakıya qayıdandan sonra Axror və Abbos Mirziyaev qardaşların əmisi oğlu Şövkət Mirziyaevin Özbəkistan prezidenti seçilməsi xəbərini eşitdik və sevindik. Dostlarımızı bu münasibətlə təbrik etdik.
                                                        

   Damət Salmanoğlu,
    Şair-publisist,
  AJB-nin və İlESAM-in (Türkiyə
  Elm və Ədəbiyyat Əsərləri
  Sahibləri Məslək Birliyinin) üzvü.

                                          
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac