Xəbər lenti

 Şrift:
                                     
                                                         Ənvər Aslanbəyov  
                  

                                               Ənvər paşanın adaşı

 

                                              (sənədli film üçün ssenari)

 

       Qədim Viləş çayı... Dağlardan axıb gələn çayın hər iki sahilində bir-birini əvəz edən və göz oxşayan təbiət mənzərələri görünür.

    - Ulu Tanrı dədə-babalarımızdan miras qalan bu yurdu bizə Masallı adı ilə ərməğan edib. Ana təbiət ona füsunkar gözəllikləri, saf çeşməli bulaqları, zümrüd meşələri, İstisu kimi misilsiz şəfa ocağını töhfə verib. Dövrü-zəmanə bu yurdun taleyini yazan, xeyirxah əməlləri ilə onun adını zirvələrə qaldıran oğullar bəxş edib. Sorağı dünyanın böyük ölkələrindən, nəhəng şəhərlərindən gələn  adlı-sanlı  övladlarına  uçuş meydanı olub bu torpaq! Başının üstündə neçə-neçə müqəddəs və unudulmaz şəxsiyyətlərin  ruhu dolaşır ... 

     General Ənvər Aslanbəyov! Faşist hərbi düşərgəsindən 300 azərbaycanlı əsiri xilas etsə də, özü 50 il doğma dədə-baba yurduna həsrət qalmışdı…

     Onun taleyi barədə mənə vaxtilə Qazaxıstana sürgün olunmuş Eldar adlı yaxın bir qohumu söhbət eləmişdi. Deyirdi ki, kimsə dediklərini qələmə də alıb! Eldar kişi oxuduqlarını da nağılı kimi danışmağı xoşlayardı. Və onun dasnışdığı gerçək nağıllar  “Biri vardı, bir yoxdu”larla başlamırdı. O nağıllarda bəy övladları olan əmisi oğlanları- Mir Kazım Aslanlı, Ənvər Aslanbəyov vardı... 

  Və günlərin bir günü Eldar  kişinin Ənvər  paşanın adaşı barədəki nağılı  ağ-qara kino lenti kimi gözümün önündə belə canlandı.

 

  …1919-ci ilin Novruz bayramı ərəfəsidir. Masallının ən səfalı və axarlı-baxarlı gözəl təbiət güşəsində yerləşən İsi kəndinin sayılıb-seçilən nüfuzlu simalarından olan Mirmusa bəyin malikanəsində qələbəlik var. İsi bəyi Azərbaycanın xilaskarı olmuş iki qardaşın - Nuru və Ənvər paşaların şərəfinə böyük bir ziyafət verir. Beş yaşına yenicə qədəm qoymuş Ənvər atasının ali qonaqlarının general qiyafəsinə uşaq marağı ilə baxıb, tez-tez onları sorğu-suala tutur.  Mirmusa bəy oğluna deyir:

     -Ənvər, möhtərəm qonaqlarımızı çox yorma, get bayırda uşaqlarla oyna!

     Ədirnə fatehi və hürriyyət qəhramanı Ənvər paşa bir an duruxur və üzünü ev sahibinə tutaraq incik halda soruşur: 

    -Bəy, siz mənim ismimin Ənvər olduğunu bilə-bilə nədən cocuğunuzu Ənvər deyə çağırdınız?

 Mirmusa bəy mehribancasına gülümsünərək deyir:

  - Paşam, əvvala, şanlı-şövkətli isminizi oğluma qoymağım əbədi dostluğumuzun nişanəsidir. Bir də arzum budur ki, mənim bu balaca Ənvərim böyüyəndə sizin kimi dostlarımın adına layiq  bir igid olsun!

    Sonra o, kitab dolabında saxladığı “Azərbaycan” qəzetinin dörd ay əvvəlki sayını götürüb, orada Аzərbаycаn xаlq təhsili nаziri Nəsib bəy Yusifbəyоvun hərbi məktəbin ilk burаxılışındа iştirаk еdən Ənvər Paşanın və Nuru Paşanın аtаsı Hacı Əhməd Paşayа xitabən dediyi sözləri ucadan oxuyur: «Zаtı-аliləri, sizin şаnlı оğullаrınız Ənvər Paşa və Nuru Paşanın аdlаrı nəinki təkcə Аzərbаycаnın, еyni zаmаndа bütün türk xаlqlаrının yаddаşındа həmişəlik qаlаcаqdır…” 

    Paşalar maraqla ev sahibinə qulaq asırlar. Mirmusa bəy sözünə davam edib deyir:

   -Öz balaca tay-tuşalrı ilə həmişə dava-dava oynayanda bizim Ənvərin də   böyüyəndə hərbiçi olmacağını düşünürəm. Kim bilir, bəlkə elə mənim oğlum da gedib həmin hərbi məktəbdə oxuyub,  sizn kimi komutan olacaq!

   Nuru paşanın üzünə  xəfif təbəssüm qonur:

 - İnşallah, - deyib böyük qardaşına baxır. Ənvər paşa da başını razılıqla tərpədib, qonaq otağının  pəncərəsindən həyətə boylanıb gülümsünür.

   Ordan balaca Ənvərin səsi  gəlir: “Urra!.. İrəli!..  Atəş!..”

                                                        ***
      Aradan illər ötüb keçəcəkdi. İlk təhsilini atasının dostu, milliyyətcə alman  müəllimindən almış Ənvər bəy yeniyetmə yaşlarında alman dili ilə yanaşı rus, ingilis, fransız dillərini də mükəmməl danışacaqdı...

...Hələki Ənvər öz uşaq dünysını yaşayır. 1920 –ci il aprelin  28-də rus ordusu Azərbaycana daxil olur. Çox çəkmir ki, ordu hissələri bölgələri də ələ keçirir. Yeni hökümət adlı-sanlı adamları, nəsilli-nəcabətli zadəganları, görkəmli ziyalıları, din xadimlərini təqib edir, onları tutub həbsxanalara salır, Sibirə, Qazaxıstana və başqa uzaq yerlərə sürgünə göndərir

. Otuzuncu illərdə - kolxoz quruculuğu dövrü NKVD-nin Lənkəranda Arakelyan soyadlı  zabiti Cənub bölgəsində bəyləri ailəliklə xalq düşməni elan edib, el arasında “gedər-gəlməz” deyilən sürgünə yollayır. Qohumlarının, ata-anasının, bacı və qardaşlarının ardbaard sürgün olunduğunu görən Ənvər böyük çətinliklə təqiblərdən yayınaraq Bakıda yaşayan bibisigilə üz tutur...

                                                      ***
         İkinci Dünya Müharibəsinə kimi Cavadzadə soyadı altında yaşayan Ənvər Aslanbəyov Dövlət Plan Komitəsinin sədr müavini vəzifəsinəcən yüksəlir. Lakin NKVD əməkdaşları izinə düşüb, keçmişini araşdıraraq onu yenə təqib edirdilər. Belə təqiblərdən yaxa qurtarmaq üçün Ənvər könüllü olaraq müharibəyə getməyi qərara alır

   Qanlı-qadalı müharibə… Stalinqrad cəbhəsində ağır döyüşlər gedir. Ənvər öz alayının sağ qalan bir neçə zabiti ilə düşür. Onu sorğu-sualdan sonra Almaniyaya göndərirlər. Əqli üstünlüyünə, fiziki bacarığına, yüksək rütbəli zabit olduğuna, həm də alman dilini bildiyinə görə ona türk əsilli sovet əsirləri ilə məşğul olan xüsusi şöbədə vəzifə verirlər. 

    Bu zaman  Türkiyədə Turançı hərəkata gizli dəstək verən Nuru paşa Ankaradakı Almaniya səfiri Frans von Papen və Almaniya Xarici İşlər Nazirinin məsul məsləhətçisi Ernst Voerman ilə danışıqları və təklifləri Almaniyada Şərqi Türküstan alayının qurulmasında mühüm rol oynayır. Anlaşmaya görə Almanlar türk əsilli sovet əsirlərindən ordular təşkil edərək onları Türkiyənin tabeçiliyinə verməli idi. 

   …Beləliklə, müharibənin sonuna yaxın çalışdığı şöbənin rəisi təyin olunan Ənvər 300-ə yaxın azərbaycanlı əsiri 1945-ci ilin baharında İsveçrəyə keçirəndə artıq general-leytenant rütbəsində idi. Əsirlik həyatından xilas olub Avropanın müxtəlif ölkələrinə səpələnən sovet əsgərləri və zabitləri geri döncək “vətən xaini” kimi Sibirə sürgün olunurdular.

   Belə bir zamanda Amerikanın 32-ci prezidenti Ruzveltin həyat yoldaşı Anna Eleanora Ruzveltin (1884- 1962) köməyi ilə Ənvər Aslanbəyov 100-dən artıq azərbaycanlı ilə Türkiyəyə yola düşür. (Bu ictimai fəallığının məntiqi davamı kimi Amerkanın birinci ledisi sonralar ABŞ-ın BMT-dəki təmsilçisi oldu və “İnsan Haqları Bəyannaməsi”nin müəlliflərindən biri kimi tarixə düşdü. –N.Ə)

   ...Nuru paşa Türkiyədə mühacirət həyatı yaşayan Məmmədəmin Rəsulzadə ilə birlikdə Ənvər bəyin rəhbərliyi altında Almaniyadan gələn türk əsilli əsirləri qarşılayır. Siyasi savadına, cəsarətinə görə M. Rəsulzadə Ənvər bəylə yaxından maraqlanır. Onun Masallıdan olduğunu biləndə soruşur:
– Masallıda Mirmahmud bəy Mirzə Cavadbəy oğlu Əmiraslanbəyovu tanıyırsanmı?
– O, mənim doğma əmimdir, – deyə Ənvər bəy cavab verir, – mən Mirmusa bəyin oğluyam.

     Mirmusa bəyin adını eşidən Nuru paşa söhbətə müdaxilə edir:

   – Yoxsa sən bizim gördüyümüz həmin dörd-beş yaşlı balaca Ənərsən?
    – Bəli, sizin gördüyünüz həmin balaca Ənvərəm. Atam həmişə deyərdi ki, onun və dostlarının adına layiq olmalıyam. 

     Söhbət əsnasında özünün də general-leytenant olduğunu dilə gətirən Ənvər bəy Aslanbəyov Almaniya diktatoru Adolf Hitlerin həm heyranlıqla, həm də təəssüflə ölkəsinin Ənvər paşa kimi generallarının olmadığını barədə qaləmə aldığı bir fikri sitat gətitir.


    Hitlerin məğlubiyyəti ilə Böyük Turançılıq ideyaları iflasa uğrayan Nuru paşa “bilirəm” deyir: “Amma o, lovğa və özündənrazı diktator bu fikri Birinci Cahan Savaşında söyləmiş, Kayzer Almaniyasının məğlubiyyətinin günahını o zamanki generallarında görmüşdü. Fəqət, cənnətməkan abim, Ənvər paşa kimi generallarının olmaması ucbatından İkinci Cahan Savaşı da Hitler Almaniyasının məğlubiyyəti ilə sonuclandı…”

                                                                             
    Beləcə, Ənvər bəylə Nuru Paşa və M.Ə. Rəsulzadə arasında dostluq başlayır. Bir-iki ildən sonra Ənvər bəy “Azərbaycan kültür dərnəyi” yaradan Rəsulzadənin köməkçisi olaraq fəlliyyət göstərir. Ənvər bəyin Masallıda yaşayan yaxın qohumlarının dediyinə görə, Məmməd Əmin Rəsulzadə yaxın dostu və məsləkdaşı Ə. Aslanbəyovun toy mərasimində yaxından iştirak edib, hətta xeyir-dua verdiyi bu məclisin ağsaqqalı olub.

                                                         ***
...1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edir. Elə həmin ildə, yəni 50 ildən sonra Vətənə gələn Ənvər Aslanbəyov Masallıdakı qohum-əqrabası ilə görüşür, ötən əsrin yetmişinci illərində Viləşçay dəryaçasının tikintisi ilə əlaqədar olaraq köçürülmüş ata – baba yurdunda tək-tük ev qalan İsi kəndini gəzib-dolaşır, dünyasını dəyişmiş əzizlərinin məzarlarını ziyarət edir. Belə əzizlərindən biri də Viləşçayın sahilindəki qəbiristanlıqda uyuyan adlı-sanlı həkim, alim, bəstəkar, Sarəng təxəllüsü ilə şeir və qəzəllər yazan Mir Kazım bəy Aslanlıdır. Ənvər bəydən 3-4 yaş böyük olan və 1975 –ci ildə dünyasını dəyişən əmisi oğlu – Mir Kazım bəy Aslanlı otuzuncu illərin dəhşətli repressiyasından böyük Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin sayəsində xilas olmuşdu. Bəy nəslindən olan digər qohumlarının çoxu otuzuncu illərdə yollandıqları sürgündən geri dönməmişdilər. Sağ qalanların sorağı Qazaxsatandan gəlirdi…

                                                          ***

   Xatirələrin qoynunda 60 - 65 il öncə yaşadığı ağrılı-acılı günlərinə qayıdan Ənvər bəy 75 yaşına qədəm qoysa da, çox sağlam və gümrah görünürdü. Lakin elə həmin il Türkiyəyə qayıdan kimi dünyasını dəyişir. Sanki o, Azad Azərbaycana, doğma Masallıya, ata-baba ocağı İsi kəndinə vida görüşünə gəlmişdi…

                                                                                       Nurəddin Ədiloğlu,

                                                                                            yazıçı-jurnalist.

            Qeyd: Ssenari müəllif tərəfindən “Masallı - cənnət misallı” kitabına daxil edilmiş “General Ənvər Aslanbəyov” məqaləsindəki faktlara istinadən yazılmışdır.

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac