Xəbər lenti

 Şrift:

                    Bu gün müəllim günüdür!

                             Ayaz ARABAÇI



                     Necəsiniz, cənab müəllimlər?

     Nə vaxtdır, müəllimlər haqqında bir yazı yazmaq istəyirəm. Bunu, onlara olan hörmətimdən əlavə özümün mənəvi borcum hesab edirəm. İlk tərbiymin icazə verdiyi şəkildə soyuq qış günündə, soyuq iş otağımda papağımı çıxarıb ( elə şagird olduğum vaxtlarda müəllimlərdimdən hansı birini görərkən papağımı çıxarırdım), bəlkə də ən zəhmətkeş, ən vicdanlı zümrə haqqında yazıma başlayıram. Əslində Bəxtiyarın təbirincə desəm “hər könüldə yeri olan müəllim” bu gün könül rahatlığını tapana kimi kipriyi ilə od götürürlər. Ömrün bu sahilindən o sahilinə Araz kimi qovrula-qovrula, qıvrıla-qıvrıla axır, tənələr, töhmətlər yağışına tuş olur.

Ardını oxu...

 Şrift:

                     
                                     Qəşəm NƏCƏFZADƏ



                        “Sənin üçün mötərizə açanda ağladım”


                                 (Sərdar Aminin şeirləri haqqında)

      Uşaqlıq illərində mənim üçün ən uzaq və ən soyuq rayon Qusar idi. Elə bilirdim ora gedib çıxmaq üçün neçə illər lazımdlr mənə. Borçalı da belə idi, Gəncə də, Dəvəçid də, Quba da...
Sonra Gəncəni mənə görkəmli yazıçı Qərib Mehdi, Borçalını İbrahimxəlil, Qubanı Ramiz Qusarçaylı, Dəvəçini Aydın Tağıyev, Qusarı da son vaxtlar Sərdar Amın yaxınlaşdırdı. Azərbaycanın ədəbi xəritəsi qədər onun fiziki coğrafiyasını bir-birinə bağlayan, doğmalaşdıran az şey var, bəlkə də heç yoxdur. Uzaq rayonları və bölgələrı yaradıcı insanlar daha sıx birləşdirirlər.
Bu anlayış sonralar məni daha böyük çoğrafi əraziyə gətirib çıxardı. Tiflis Sota İataşvili ilə, Tayvan Ye Mimi, Misir Fatma Noota ilə bir az Bakıya-mənə yaxın, doğma oldu. Albanıya Rozi Thoori il bir az mənə yaxın gəldi.

Ardını oxu...

 Şrift:
                                             
                                              Bulaq ömürlü adam
     Biz içəri daxil olanda yuxarı başda əyləşmiş axund “O, bizim mənəvi dünyamızın ustadı idi”, - deyirdi. Kimin haqqında danışdığı bəlli idi. Başının üstündə asılmış şəkildən gülümsəyən nur çöhrəli adamla bağlı, onun əməli, sənəti haqqında ancaq xoş sözlər söyləmək, xoş düşünmək mümkün idi. Və bir anlıq mənə elə gəldi ki, şəkildəki adamın yenə də gur, dolğun, insanı ovsunlayan səsi bu an hamını, hər kəsi ram edəcək, öz sehrinə salacaq. O səs qulaqlarımda səsləndi, sanki.

Ardını oxu...

 Şrift:

 
                    İlhamın ölüm  xəbəri şirin xəyalımın qol-qanadını sındırdı...
 

    Səsiylə - sədasıyla Azərbaycanımızın dünənindən bu gününə körpü salan, boy-buxununda  doğulub  boya-başa çatdığı  Masallımızın Dəmbəlov ucalığını, səsində Viləşçayın coşqunluğunu, Şır-şır bulağın həzinliyini yaşadan sənətkar  idi  İlham. Barəsində duyğularımı ipə-sapa düzüb, sağlığında   dövrü mətbuatda,  “Masallı-cənnət misallı” kitabımda dərc etdirmişəm.  Amma   indi  o,  bu dünyada  olmayanda  yazdıqlarıma baxıram və düşünürəm İlham haqqında  nə qədər yazılsa yenə azdır.
 ... Özüm də bilmirəm, İlham barədə  həmişə  düşünəndə nədənsə  məhz onu ali məktəbə qəbul imtahanına gələndə Sahil bağında – tənha bir skamyada səhəri açan ağ köynəkli abituriyent obrazında görürəm.

Ardını oxu...

 Şrift:

         
                                             Zəka VİLAYƏTOĞLU  


    
                                   Qürbətdə dolaşan qərib ruh

       Yolum yenə Gürcüstanadır. Bu dəfə Gürcüstanın kurort şəhəri Borjomiyə gedirəm. Paytaxt Tiflisdən çıxıb Borjomiyə aparan beton yola düzəlincə sadiq “dostum” olan maşınım da, mən də rahatlanırıq. Yol çox hamar, qüsursuzdur. Bir anlıq xəcalət hissi bürüyür məni, təəssüf hissiylə düşünürəm: necə olur ki, ilk dəfə, bir il öncə keçdiyim bu yolların tək bir parçası da dağılmayıb, uçulmayıb. Yəni bu yerlərə bu bir il ərzində yağışlar yağmadımı, sellər, sular axmadımı? Bu yoldan ağır TİRlər, yük maşınları keçmədimi?.. Və bizim Bakı - Quba beton yollarımız gəlir gözlərim önünə, bax, təəssüfüm də bununla bağlıdır.

Ardını oxu...

 Şrift:
 
 
         50 yaşı münasibətilə professor Hüseyn Həşimliyə açıq məktub

    Hörmətli Hüseyn müəllim! Sizi 15 il öncə, 2000-ci ilin sentyabrında şəxsən tanımışam. Ancaq orta məktəbin 7-ci sinfində oxuyandan, 1996-cı ildən ailəmizdə barənizdə söhbətlər gedirdi. O zaman Naxçıvan Dövlət Universitetində təhsil alan qardaşım İbrahim haqqınızda ağızdolusu danışırdı.
İndi düşünürəm ki, o, sizi bir kəlmə də olsun, tərifləmirmiş, sadəcə, yüksək insani keyfiyyətlərinizə və fövqəladə yaddaşınıza heyranlığını dilə gətirirmiş. O həm də deyirdi ki, Allah qismət eləyə, Hüseyn Həşimlinin tələbəsi olasan, onu yaxından tanıyasan. Tanrıya sonsuz şükürlər olsun, bunu mənə qismət elədi...
Hüseyn müəllim, doğulduğunuz Culfa rayonunun Teyvaz kəndində dərs aldığınız və rayon mərkəzində bitirdiyiniz orta məktəbdə müəllimlər riyaziyyatçı olacağınıza inanırmışlar. Amma siz “riyazi”ni “ədəbi”yə dəyişdiniz. Bununla da güclü riyazi təfəkkürünüzü ədəbiyyatşünaslığımıza tətbiq etdiniz.

Ardını oxu...

 Şrift:

4. 7. Doğmaların məhv etdiyi mələk 

                                                   Aydın DADAŞOV
                                                          professor


      Mü­ha­ri­bə­dən son­ra Ame­ri­ka dra­ma­tur­gi­ya­sın­da da for­ma­la­şan postmodernizmin par­laq nü­ma­yən­də­lə­rin­dən bi­ri Uil­yams Ten­ni­si (1911-1983) nin yalnız demokratik mühitdə üzə çıxa bilən fər­di üs­lu­bun bə­dii im­kan­la­rı dün­yə­vi ədə­bi pro­ses üçün ör­nək ol­du. Müəl­li­fin «Yay və tüs­tü»  pye­sin­də on yaş­lı Co­nun di­lin­dən səs­lə­nən «Anam ölən mə­qam­da mə­ni onun ota­ğı­na gir­mə­yə məc­bur et­di­lər. O, mə­nim əli­mi tu­tub bu­rax­maq is­tə­mir­di. Mən qış­qı­rıb onu vur­dum... O, mə­nim ana­ma bən­zə­mir­di. Ey­bə­cər və sa­ral­mış si­fə­ti var­dı, üs­tə­lik on­dan pis qo­xu da gə­lir­di! Mən onu vur­dum ki, əli­mi bu­rax­sın.

Ardını oxu...

 Şrift:

Çəkin aşağıdan nərdivanları,

Belə asılmağa həvəsim gəlir.
Söz adam öldürmür, adam dirildir,
Nə qədər yellənsəm nəfəsim gəlir.

Yazıçılar Birliyinin üzvü, şair Ramiz Kərəmin bu misraları ustad Füzulinin “Söz” qəzəlindən

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl
Edə hər saət səni ol uyqudan bidar söz...

beytini yadımıza salır. Yəni sözə can verib diriltsən, o da səni əbədi yaşadar, izini itirməz. Müəllifin “Mən sözdən asıldım” adlı şeirlər kitabını nəzərdən keçirərkən bu qənaətə gəlirsən ki, o, sözü “diri” saxlamağa çalışan şairdir.

Ardını oxu...

 Şrift:

                                                                        Süleyman Rəhimov - 115

Süleyman Rəhimov ədəbiyyatı ekranda

            1930-cu ildən ədəbi fəaliyyətə, sonralarda davamlı olaraq üzərində işlədiyi, əlavələr etdiyi “Şamo” romanı ilə başlayan, 1937-ci il represiyasından salamat qurtara bilən Süleyman Rəhimovun (1900-1983) fərdi üslubunu qismən də olsa əks etdirən, yeni quruluşun haqq-ədalət prinsipinin Azərbaycanının ucqarlarında bərqarər olunmasını göstərən “Mehman” povestinin (1944) ekranlaşdırılması prosesi uzun bir yol keçmişdir. 

4 may 1965-ci ildə “Azərbaycanfilm” kinostudiyasının ssenari şöbəsinin müdiri İsaq İbrahimovla redaktor Əhmədağa Qurbanovun imzaladıqları rəydə Süleyman Rəhimovun “Mehman” əsəri əsasında müəllifin Firudin Aşurovla birgə yazdığı ədəbi ssenarisi barədə: “Povestdəki hadisələr Böyük Vətən müharibəsindən əvvəlki illərdə cərəyan etsə də müəllifin toxunduğu məsələlər bu gün üçün də aktualdır; sovet hüquq işçilərinin rüşvətxorlarla, sosialist əmlakına xor baxanlara, əliəyrilərə, canilərə qarşı, sovet qanunun toxunulmazlığı uğrunda amansız ədalətli mübarizəsi indi də birinci dərəcəli məsələlərdən hesab olunur.

Ardını oxu...

 Şrift:



Vahidin ideyalar aləmi

Əlağa Vahid - 120

Məhəmməd Füzuli və Seyid Əzim Şirvani qəzəl məktəbinin görkəmli davamçılarından olan Əlağa Vahid (1895-1965) XX yüzillikdə janrın mövzu, ideya və sənətkarlıq cəhətdən yeni məzmun daşımasına mühüm töhfələr verib. Əsərlərinin poetik çalarları, dil-üslub özəllikləri ilə şeriyyətimizdə Vahid imzasını əbədiləşdirib.
Prezident İlham Əliyevin böyük qəzəlxanın 120 illik yubileyinin qeyd edilməsi haqqında 18 mart 2015-ci il tarixli sərəncamında da şairin dərin lirizmi ilə səciyyələnən zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus hadisə kimi qiymətləndirilir.
Araşdırıcılar Vahidin qəzəliyyata bağlılığını kiçik yaşlarından qatıldığı meyxana məclisləri ilə əlaqələndirirlər. Çünki meyxanalarda bədahətən deyilən beytlərlə yanaşı, tanınmış qəzəl şairlərinin əsərlərinə də geniş yer verilir, o nümunələrə nəzirələr yazılırdı. Bu məclislərdə iştirak edə-edə gənc Əlağada da yazıb-yaratmaq həvəsi baş qaldırırdı. O, xüsusilə M.Füzuli, S.Ə.Şirvani və M.Ə.Sabirin əsərlərini dərindən mənimsəyir, müxtəlif qəzet və jurnallarla maraqlanır, özü də satirik nümunələr qələmə alırdı. Əgər Vahid qəzəliyyatda Füzulinin xələfi idisə, satirik qələmiylə “Molla Nəsrəddin” ədəbi məktəbi ilə birləşirdi.
Əlağa Vahidin Şərq ədəbiyyatının inkişaf təmayüllərindən, eləcə də bir sıra dini-mistik cərəyanlardan xəbəri vardı. Azərbaycan, fars, ərəb və başqa xalqlara məxsus orta çağın müxtəlif ədəbi-fəlsəfi görüşlərinin izlərinə şairin əsərlərində tez-tez rast gəlirik. Bu mənada əfsanələşərək bədii ədəbiyyatın predmetinə çevrilən və lirik qəhrəmanların mübarizəsində örnək göstərilən sufi Həllac Mənsur, gözəllik simvolları kimi təqdim olunan Yusifi-Kənan, Züleyxa, səhralar sakini Məcnun, vüsal həsrətli Leyli və başqaları Vahidin də üz tutduğu obrazlar idi...

“Məktəbdir işıqlandıran afaqı sərasər...”

Əlağa Vahid yaradıcılığının ilk illərində Sabirin satira yolunu sevə-sevə davam etdirir, özünəməxsus deyim tərzi ilə müasirlərindən fərqlənirdi. “Babayi-Əmir”, “Övraqi-nəfisə”, “Tuti”, “Məzəli” kimi satirik dərgilərdə tənqidi şeirlərlə çıxış edən müəllif cəhalətin fəsadlarını göstərməklə insanları maarifə səsləyirdi.
Tənqidi əsərlərini əsasən “Məxfi”, “Qahir” və başqa gizli imzalarla da qələmə alan şair ustadı Sabir kimi həqiqəti qəsdən təhrif yolu ilə gərəkli mətləbləri ifadə edirdi. “Nəyə lazım?” rədifli satirasında Vahid insanların elmə, müasirliyə biganəliyinə acıyır, nadanlığı topa tuturdu:

Kəsb eyləmə cəhd ilə cahanda ürəfalıq,
Dünyada kişi olmadı nadan, nəyə lazım?
...Küffar kimi vermə həvəs elmü fünunə,
Elm əhli olar isə müsəlman, nəyə lazım?..

Yaxud

Aqilin hər işi dünyada fənadır, görürəm,
Arif olmaq özü, bil, başa bəladır, görürəm...

Müəllif onu demək istəyirdi ki, elmə söykənməyən din cəmiyyətin bəlasına çevrilə bilər. O, xüsusilə müsəlmanların elmə, irfana ciddi ehtiyaclarının olduğunu vurğulayırdı. “Məktəb nə deməkdir?” şeirində isə elm ocağının insanlar üçün yararlarından söz açır, onun fəzilətlərini sadalayırdı:

...Məktəbdir işıqlandıran afaqı sərasər,
Məktəblə fəqət parələnir pərdeyi-zülmət.
Məktəb əgər olmazsa bu dünya üzərində,
Məhv eyləyər insanları bilmərrə cəhalət...

Vahidin bu mövqeyi onu tarixi romanın böyük ustadı Məmməd Səid Ordubadi ilə birləşdirirdi. Ordubadi “Bir söylə görüm” adlı satirasında “maarif” kəlməsi səslənəndə “qulaqlara qurğuşun!” - deyib başını tutan mövhumatçıların dilindən yazırdı:

Məktəb nədi, qoy seyri-səfa eyləsin oğlun,
Bikar gəzib nəşvü-nüma eyləsin oğlun,
Düşdükdə yeri səfki-dima eyləsin oğlun,
Ayda çocuğun etməsə bir qan, nəyə lazım?
Axırda yeri olmasa zindan, nəyə lazım?..

Maarifə, elmə könül verdiyini, cəhalətə qənim kəsildiyini bəyan edən Vahid kainata açıq nəzərlərlə baxmağın üstünlüklərini diqqətə çatdırırdı:

Maarif əsri deyir el bizim zəmanəmizə,
Maarif ilə varam, yox işim cəhalət ilə!..
Həmişə xəlqinə qarşı sədaqət ilə dolan,
İnan ki, çox yaşamaz zövq olan xəyanət ilə.
Açıq göz ilə çalış kainata eylə nəzər,
Həyatını başa vur sülh ilə, ədalət ilə...

Müəllifin fikrincə, zülmdən, xəyanətdən zövq alanların ömrü uzun olmaz. Mənalar aləminin sultanı Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında “Kəlilə və Dimnə”dən örnək gətirdiyi “Qırx məzmun”da deyilən kimi,

Hər kəs ki, zülm üçün qılıncı aldı,
Qan tökən şir kimi pəncəsiz qaldı.

Ona görə də əgər nəsillərin səni xoş niyyətlə xatırlamasını, nümunə göstərməyini istəyirsənsə, mizan-tərəzini gözləməli, barışı, məhəbbəti bayrağa çevirməlisən...

Eşqə sədaqət - Vətənə məhəbbət

Əlağa Vahid poeziyasının əsasını lirik qəzəllər təşkil edir. Şair klassik qəzəl elementlərini (təntənəli üslub, lirik qəhrəmanın duyğu-düşüncələri və s.) saxlasa da, məzmuna real çalarlar gətirdi. Yəni “aşiq-məşuq”, “ayrılıq-vüsal”, “sədaqət-etibarsızlıq”, “cəfa-səfa”, “sevgi-nifrət”, “yar-əğyar” və s. kimi ənənəvi təzadların subyekti dəyişdi. Müəllif konkret zaman və məkan hüdudlarında qeyd olunan halların cəmiyyətdə tez-tez yaşandığını göstərdi.
“Zabul” xəstəsi” kimi tanınan mahir xanəndə Ağabala Abdullayevin qəlbləri titrədən ifasında dinlədiyim “Dil bilən, söz anlayan bir nazlı yar istər könül” mətləli qəzəldə Vahidin lirik qəhrəmanının hədəfləri müxtəlifdir. O həm gözəllərdən etibar umur, həm xalqını daim bəxtiyar görmək arzusundadır, həm də xainləri, rəzilləri vətənində istəmir:

...Etibarın görməyincə sevmərəm bir dilbəri,
Nazənin məhparələrdən etibar istər könül.
Hər qara zülfün əsiri olmaram bundan sora,
İndi aləm özgədir, xoş ruzigar istər könül...
Biz vətən mülkün həqiqətlə sevən aşiqlərik,
Xaini, ədnanı yurdumdan kənar istər könül...

Şair Vətənə olan sevgisini bülbülün çəmənə dəlicəsinə vurğunluğu ilə müqayisə edir:

Ürəyimdə o qədər sevgi varımdır Vətənə,
Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.

Vahidin dünyasında vətəndaşlığın da məna-mahiyyəti fərqlidir. O, hər yerindən duranı Vətən övladı hesab etmir. Müəllif “Könlüm yenə bülbül kimi şeydayi-vətəndir” misrası ilə başlayan məşhur qəzəlində məhz sədaqətliləri Vətən övladı saydığını bildirir:

Yüzlərlə gözəl aşiqi olsam da mən, amma
Qəlbim yenə də aşiqi-sevdayi-vətəndir.
Qoymaz bu müqəddəs yerə biganə toxunsun,
Hər kəs ki, sədaqətlidir, əbnayi-vətəndir.
Tərifi-behişt eyləməsin xəlqimə heç kəs,
Cənnət də, behişt də bizə səhrayi-vətəndir.

Sonuncu beytdəki bu çağırış şairin ana yurdun kutsallığını bir daha bəyan etməsidir. Həm də burada Vətənin boz çöllərinin cənnətə tay tutulmasının şahidi oluruq.
Vahid alovlu qələmi ilə Böyük Vətən müharibəsi illərində çox kəskin mübarizəyə qalxmışdı. Hitler və onun dünya ağalığı iddiası şairin poetik vüsətinin əsas hədəfinə çevrilmişdi. “Peşmanam indi”, “Baş tutmadı”, “Natamam oldu”, “Dədəm vay!” və s. şeirlərdə Hitlerə dərin nifrət ifadə olunur. Müəllifin müharibə dövrü yaradıcılığına nəzər salanda onun faşizm üzərində qələbəyə inandığını müşahidə edirik. Bu inamı yaradan isə igid Vətən oğulları və xalqın sarsılmaz birliyidir.

Ədəbi paralellər

Ustad Füzulinin “Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm...” düşüncəsindən çıxış edən Vahid Süleyman peyğəmbərə vəfa göstərməyən dünyaya bel bağlamağın əbəs olduğunu vurğulayır:

Dünyayə vəfa eyləmə, çox ağlama, könlüm,
Dünya nə vəfa qıldı Süleymana, tələsmə...

Əlağa Vahidin qəzəlləri sadə dili, ustadanə tərənnüm özəlliyi ilə müasirlərinin, eləcə də sonrakı nəsillərin diqqətini cəlb edib və etməkdədir. Əsərlərindən öyrənirik ki, Vahidin dövrün tanınmış qələm sahibləri Əlabbas Müznib, Mirzəli Möcüz Şəbüstəri, Səməd Mənsur (Kazımov), Cəfər Cabbarlı, Seyid Zərgər, Həsən Səyyar və başqaları ilə yaradıcılıq əlaqələri olub. Hətta özünəməxsus dəst-xəttini müşahidə edən Bakı mühitində qəzəl şairi kimi tanınan Mirzə Əbdülxalıq Yusif (1853-1924) ona “Vahid” təxəllüsünü götürməyi məsləhət bilib.
Görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü mərhum Əziz Mirəhmədov müəllifin məhəbbət lirikasının poetik xüsusiyyətlərindən bəhs edərək yazırdı: “Vahidin qəzəlləri sevən aşiqin psixologiyasının saysız-hesabsız təzahürləri haqqında təsəvvür yaradır”. Bu əsərlərdə insan halının təbii yaşantıları (şikayət, sevinc, qürur, küskünlük, ümid, peşmanlıq, xeyir-dua və s.) inandırıcı boyalarla təqdim olunur.
Vahidə görə, bütün dərdlərə əlac etmək mümkündür, bircə eşq dərdindən savayı. Çünki ona da məlum idi ki, dərd əlindən dağa üz tutan, “eşq dərdilə xoşam” deyən sələfi Füzuli də bu mərəzin müalicəsinə çalışmamışdı. Və demişdi ki,

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!

Sabirin lirik qəhrəmanı da

Hər mərəz çarəsini eyləmək asandı, təbib,
Mərəzi-eşqə nə tədbir, nə dərmanın var?

- deyə təbibindən eşq dərdinin əlacının olub-olmadığını xəbər alırdı.
Vahid isə “Nə qədər eşqimiz, ey dil, belə pünhan olacaq” mətləli qəzəlində

Eşqdən başqa nə dərd olsa, yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm, necə dərman olacaq?..

- ritorik sualı ilə bu problemə çözümün olmadığını ifadə edirdi.
Bu gün Əlağa Vahid poeziyası xanəndələrimizin ən çox müraciət etdiyi ədəbi mənbələrdəndir. Müəllifin təkcə qəzəlləri muğamlar üstündə oxunmur, sadə üsluba, şirin ovqata malik şeirləri də bəstəkarlar tərəfindən qəlbləri oxşayan mahnılara, təsniflərə çevrilərək musiqisevərlərə zövq verir. “Bütün bəşər yaşadıqca mən ölmərəm, diriyəm”, - deyən Vahid musiqiyə həmdəm şeriyyəti ilə əbədi ömür qazanıb...

Fariz Yunisli

 

 

 

Sayğac