Xəbər lenti

 Şrift:

Ata yoxluğu
 
... Yaman ağır imiş ata itkisi,
Anamın başını qata bilmirəm.
Hər şeydən inciyir, hər şeydən küsür,
Deyir, gecələr də yata bilmirəm.
 
Dünyanı sevirdi gülərüz anam,
Atam olan yerdə uşaq kimiydi.
Deyərdi: - necə də xoşbəxt qadınam!
Qüssədən, kədərdən uzaq kimiydi.
 
Bir an qorxutmazdı qayğılar onu,
Atam olan yerdə güclüydü anam!
Güllərdən biçilən nazikbel donu,..
Şirin söhbətliydi, sözlüydü anam!
 
Atamın yoxluğu söndürdü onu,
Ilahi! Necə də dəyişər adam;
Sən getdin,
     Tərk etdin,..
          O, isə sənsiz
Yanıb külə döndü, bilsəydin,.. atam!
 
... Ay ana, ay ana sənin dalınca
Hər gecə atamın ruhu ağlayır!
Necə baş qoyasan soyuq balınca?..
Gözündən asılan yuxun ağlayır!
                                          21.01.18.   
 
 
 
   Bir payız gecəsi
 
Balaca hücrəmizdə
Oturmuşuq üz-üzə,
Pəncərəmiz mürgülü,
Ay işığı oyaqdı.
Bu payız gecəsində
Nədən, əllərin soyuq,
Gözlərinsə əhlikef,
Utancaq bir uşaqdı.
Ulduzlar da xəlvəti
Baxır pəncərəmizdən:
-         Nəsə umurlar bizdən!
Barmaqlarım aramla
Gəzişir saçlarında,
Gecə sıyrılıb gedir,
Saçlarının ucundan...
Süzülür işıq kimi
Gözlərin xumar-xumar;
Yanağın od kimidi,
Dodaqlarınsa qaynar!
                              31.10.17.
 
 
 
    Külək və dəniz
 
Külək – kobud oğlan,
Dəniz – nazlı qız!
Külək görmək istər
Dənizi yalqız!
Külək istəyər ki,
Hər an, hər saat
Dəniz onun olsun
Yalnız və yalnız!..
Dəniz də küləyin
Yolunu gözlər,
Külək olmayanda
Kədəri artar,
Küləyi görəndə
Gözləri gülər.
Külək toxundumu
Lap havalanar,
Arada nazlanar,
Arada küsər,
Arada uşaq tək
Atılıb-düşər,
Beləcə,
Özünü yaşayar dəniz!
Elə ki, tərk edib
Getdimi külək,
Köksünə çökdümü
Zalım adamlar,
Yenə qəm etməyə
Başlayar dəniz!
Tək bircə
Küləyi xoşlayar dəniz!
Beləcə,.. dənizə
Qovuşan kimi
Külək də
Titrəyər həyəcanından;
Dənizi çox sevir
O, öz canından!
Küləklə baş-başa
Qaldımı yenə
Şıltaqdı, dəcəldi,
Güclüdü dəniz!
Sakit dayananda
Baxın adamlar,
Kövrəkdi, yalqızdı,
Sözlüdü dəniz!
Dənizlə olanda
Xoşbəxtdi külək!
Küləklə olanda
Güclüdü dəniz!
                      24.08.17.
 
 
 
 
   
 
  Xəstəxanada yazılan şeir
 
Ayrı cür görünür yazın gəlişi,
Quzum, xəstəxana pəncərəsindən;
Yanına sevdiyin qızın gəlişi
Onsuz da bilinir ayaq səsindən;
 
Dərman qoxusunu qovur otaqdan,
Gözünün kədəri, saçının ətri;
Öldürür bir sual məni bayaqdan:
-         Axı neylədim ki, mən səndən ötrü...
 
Axı nə biləydim, hardan biləydim
Xəstədi gözünü sevən ürəyim!
Səni tapmamışdan gərək öləydim,
A mənim olanım, varım, gərəyim!
 
... Soyuq xəstəxana divarlarını,
Tale qisməti tək yozmaq olarmı?
Görən, ürəyimin ağrılarını,
Sənin ayağına yazmaq olarmı?..
                                                25.05.17.          
 
 
 
                          Şairlər
 
Mələklərin çiynində qanadlanıb gəliblər,
Ölümlərin içindən həyat tək yüksəliblər,
Pərvanələr ömrünü uzatmaq istəyiblər,
Özünü oda atan, közə vuran şairlər.
 
Nə şöhrətə qaçıblar, nə var-dövlət güdüblər,
Nə də baş kəsənlərin arxasınca gediblər,
Həqiqəti deyiblər, haqqı bayraq ediblər,
Zamanı atdan salan, vaxtı yoran şairlər.
 
Ürəyindən keçəni oxuyublar gözündən,
Daha işıqlı olub gecəsi gündüzündən.
Tanrıya yollar açıb sevgisindən-sözündən,
Əməlləri Peyğəmbər, sözü Quran şairlər.
                                                         06.07.17.
 
 
 
         Yetim qalan kuklalar
(Zəhranın timsalında müharibələrdə
öldürülən bütün uşaqlara)    
 
Anan da
          Atan da
                 Dostların da bir yana,
Kuklaların yetim qaldı Zəhra!
Daha fani dünyada
Nələr olmadı ki,..
Güllələdi oyuncaqları,
Rəhm etmədi
Kuklaların göz yaşına,..
Baxmadı evcik quran
Toppuş əllərinə,
Gözlərindəki gülüşünü,
Xəyallarının dalınca düşən
Yastı-yastı yerişini
Güllələdi zalımlar!
Imkan vermədilər
Kuklalarını doya-doya öpəsən,
Fürsət vermədilər
Oyuncaqlarına
Ölümqabağı əl edəsən...
Zəhra!
Bəlkə də
Güllələrə qoşulub
Göy üzünə uçmusan!
Orada,
Allah babaya
Deyəcəksən son sözünü;
Deyəcəksən:
-         Baba!
Yolumu
Gözləsələr də kuklalar,
Bir daha
Qayıtmaq
Istəmirəm yer üzünə,
Orada ermənilər var.
                            09.07.17.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac