Xəbər lenti

 Şrift:


                             Mikayıl BOZALQANLI


MƏNİ

Ruhum özü sevib-seçib,
Verib dərdə buta məni,
Dərdin aşiqi olmasam,
Dərd nədi ki, tuta məni.

Könül, gileyi bəs eylə,
Dərdim sevgiyə vəsilə,
Dönə sevdiyim fəsilə,
Şəfqətinə qata məni

 

Ömür var tale gülüncü,
Dərd var kədər, dərd var inci,
Neynirəm saxta sevinci,
Dəyər-dəyməz sata məni.

Mərd dərd üzükdə qaş ola,
Dönə gözlərdə yaş ola,
Ya od ola, atəş ola,
Atəşinə ata məni.

Üstümdən ötənlər ötsün,
Kim unudursa unutsun,
Qoy elə dərdlərim tutsun,
Tutunca pis xəta məni.

GƏLƏNDƏ... GEDƏNDƏ...

Gələndə elə gəldim ki, 
Arı gülə gələn kimi.
Sevindim, elə güldüm ki,
Həyat üzə gülən kimi.

Elə dayandıq üz-üzə,
Yanıb-yapışanlar kimi.
Sehirlənmişdik göz-gözə,
Qəfil tapışanlar kmimi.

Mən ocaq, sən yerim oldun,
Yandım, alışdım içində.
Mən zahid, sən pirim oldun,
Haqqa qarışdım içində.

Ocaq da, pir də sən deyil,
Sən olan başqa dünyadı.
Heç biri sənə tən deyil,
Sənə tən olmaq xülyadı.

Nağıllardan keçib getdim,
Ayağım getməyən yerə.
Ayrılığı seçib getdim,
Ayrılıq bitməyən yerə.

Gedəndə elə getdim ki,
Beli qırıq ilan kimi.
Elə tükəndim, bitdim ki,
Varlığım bir yalan kimi.

AY YUXUMA GƏLƏN GÖZƏL

Bu gecənin nağılı sən,
Nabatı sən, noğulu sən,
Öz evindi, xoş gəlmisən,
Ay yuxuma gələn gözəl.

Ağ buluda minib gəldin,
Dumanlarda sinib gəldin,
Ucalardan enib gəldin,
Şirin-şirin gülən gözəl.

Yerlər, göylər silkələndi,
Yerə səadət ələndi,
Bu gecəm nura bələndi,
Sən də nura bələn, gözəl.

Ruhumu köklədin, çaldın,
Məni haldan hala saldın,
Özümü özümdən aldın,
Ay dilimi bilən gözəl.





Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac