Xəbər lenti

 Şrift:


                        Ülvi BAHADIR



GÖZLƏMƏK...


Sualsız cavablar astanasında
Gözləyir gözlərim gözünü geyib.
Sən gedəndən sonra zəvvar əllərim
Üzünnən üzümə hicrət eləyib.

Bilirəm,arada qalmaq çətindi...
Arxanda kor bulud,önündə külək.
Sinəmdən bir ovuc ürək götürüb
Harda mənsiz olsan,ora bir kül ək.

 

Kim kimsiz yaşayır,kim kimsiz ölür
Kim kimdən ayrılır bir ayrılıqla?..
Ayrı yataqlarda..eyni taledə
bir yastığa baş qoyur ayrılıqlar...

Ayrılıq acısı zamanla keçir...
Vay o gündən,səndən zaman ayrıla
Tanrıdan yapışan bir körpə damla
Harda qırıla...qırıla...qırıla...

Bu yol kimin yolu...bu izlər kimin?
Ayağım böyüyüb...izim kiçilib
Tüstüm də qurtarıb...obam da köçüb
Ürəyim soyuyub...gözüm açılıb.

Nə vaxtdı yaralı canavar kimi
Ürəyim dişimdə gəzirəm indi...
Od-ocaq ağzımla...qor ürəyimlə
Nadürüst dilimi əzirəm indi...

Getdiyin yolu da bilmirəm,axı
harada yaşayım...harada ölüm?..
Düz üzü yarama bir yol nəfəs al
Sənsiz günlərimin ağrısın alım...


ÜMİDƏ ELEGİYA


Dərkolunma ağrıyla başlayır.
Bax,məsələn mən
Qəflətən dərk elədim ölümü...
Sən demə insanlar ölürmüş,ana
Özləri də anlamadan...
...ya da anlamamazlıqdan gələrək.
Sən demə insanların saçlarına dən...
Bəxtinə xəstə bədən...
Qismətinə hər yoldan ötən...
Taleyinə bir cırıq kəfən düşürmüş,ana
Kitabları oxuya-oxuya kitablaşdım
Filmlərə baxa-baxa filmləşdim
Zülümləşdim...
Ölümləşdim,ana,ölümləşdim
Yenə də dan yeri söküləcək.
Yenə də günəş gözlərini ovuşdurub durucaq yatağından
Və mən...mən yenə də öləcəyəm
Gecələr mənim Kəbəmdi.
Gecələri sevə-sevə gecələşdim.
Qaranlıqlaşdım...
Aylaşdım...
Ulduzlaşdım...
Vampirləşdim,ana,vampirləşdim.
Mən ədalətə susamışam,ana,ədalətə
Dünyada ondan çətin heç nə yoxdu
Gücüm çatmır qollarıma...
Ayaqlarıma...
Barmaqlarıma...
Göz qapaqlarıma...
Gücüm çatmır arzularıma...
Ümidlərimə...
O qədər düşünürəm ki,
“Görəsən mən nəyə lazımam?”
Hər insan bir bədən heçdi,ana,bir bədən heç...
Neyləyim...tanrı məğlubları sevir?...
Ədalət onluq deyil...
Heç mən də onluq deyiləm...
Bütün “mən daha xəyal qurmuram” deyən insanlar yalançıdı,ana,canım üçün yalançıdı.
Yoxsa yaşaya bilməzdilər...
Ana,boş ver hər şeyi...
Boş ver,ana...
Hər puç olan ümid
Övladı yolunda özünü fəda edən hamilə qadına bənzər...
Ümid öldükcə doğulur,ana
Eynilə zaman kimi...


YOL AYRICINDA...


Allaha nə deyim,nə deyim,allah?..
əlini də ağdan qaraya vurmur..
Gəzdirir əlini kül bədənimdə...
yaram oradadı...oraya vurmur...

Əsəbi ulduzdum...Göy kürəsindən
...yanıb-tökülmüşəm Yer kürəsinə...
Torpağın bağrından çıxır buxarım
yaşayarcasına...ölərcəsinə...

Vaxtında səmaya çox üz vermişəm
indi bir yağışlıq sözümə baxmır...
Torpaq da nə yaman sevirmiş məni
bir yol qucaq açıb...tutub...buraxmır.

Ay torpaq,mən qədər çirki neynirsən?..
burax,çıxım gedim öz xarabama...
Demirəm ki,hər gün gəlib-gedəcəm
arada gözucu baxacam amma...

Məni tanımırsan,bilmirsən,məndə...
...yarasa qulağı,it nəfisi var
Yolsuz bir adamın ayaq izləri...
Ümidsiz bir qəlbin közərtisi var...

Xəyalından ötə bir addım atmaq...
...söylə görüm,kimin başına gəlib?
Biryolluq tərk edib bədin evini
...ömürlük qonaq tək xoşuna gəlib?

Kövrəldə bilmirəm çılğın buludu
bir az sakitləşə...bir az ağlaya...
Bir az da taleyin gözündən tutub
araz sakitləşə...araz ağlaya...

Bəlkə bir sözün var,denən,utanma
bir də gördün,evə dönürəm sabah
Bu torpaq bezəndə...bu göy alanda
allaha nə deyim... nə deyim,allah?..


AXTARIŞ...

Sən yalvaran günəşlərin
odu sönüb,külü...odeey.
Sənsizliyin yarı oyaq
yarısı mürgülü...odeey.

Odeey...ümidlər...odeey
Odeey...arzular...odeey.
Odeey...xəyallar odeey
Odeey...qatar...odeeey.

Vallah,girməyə yerdə yox
taleyimin qılığında...
Ağım-ağım ağarıram
yolsuzluğun dümağında.

Odeey...mələklər...odeey
Körpə fələklər...odeey
Bomboş ürəklər...odeey
Kor kəpənəklər...odeey.

Tale ağırdı yoxsa mən?...
Zirvə ağırdı yoxsa dağ?...
Dağ dağılsa öz içinə
Zirvədən günəş doğacaq?...

Odeey...taleyim...odeey
İşıqlı dağlığım...odeey.
Zirvəli ölümüm...odeey
Dağlı uşaqlığım...odeey...



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac