Xəbər lenti

 Şrift:
 
                              İLQAR TÜRKOĞLU
 
BU DA BİR GÜNDƏLİK
 
Bu dərdə də, bəlkə əlac tapılar,
Bu sevdanı beləcə göm, ürəkdə.
Açıq olsun təki sənə qapılar,
Mənim hələ ağrılarım gömrükdə.
 
Nə zamandı gülümsəmir heç üzün,
Kədərlənmə hər yazdığım bəstəmə.
Gözlərimdə yuva qurub iç üzün,
Heç bilmədim, nədən durdun qəsdimə.
 
Ha küssək də, aramızda sayqı var,
Heç bilmirəm kefin mənsiz həncəri...
Hisslərinin postlarıma “layk”ı var,
Qaldırırsan hərdənbir messenceri…
 
Daha keçib, üz çevirib ah demə,
Mən əhdimi, ilqarımı yazmıram.
Məlhəm olmur xatirələr dərdimə,
Gileylənib hər ağrımı yazmıram.
 
Sənin üçün elə aşiq kimiydim,
Dözəmmədin,yarı yolda itirdim.
Anlamadım,elə uşaq kimiydim,
Bu “dərs”imi bir sualda bitirdim.
 
Danışmadım bircə kərə hərcayı,
Ömür ötür qovğalarda, biləsən.
Yolun üstə sızqa axan bir çayı
Dəli keçir, düşünürsən hələ sən...
 
Elə bilmə küçənizdən keçirəm,
İnnən belə hey arayıb, soraqla.
Saqi yenə şərab süzür, içirəm,
Sən hələ də şübhələri varaqla.

 
QOŞA DÜŞMÜRÜK

Ay insafsız, bir az da,
Tur eşqimdə ovuldum.
Günah görmə Arazda,
Gözlərimdə boğuldum.
 
Mən körpüyəm, sən divar,
Bu eşq ötəri belə?
Hər acıma tən də var,
Sevdim kədəri belə.
 
Daşa dəyir hər addım,
Bu sevda coşa gəlmir.
Ha sınadım, zər atdım,
Bəxtimə qoşa gəlmir.
 
Sanma daha batmışam,
Gəlib təngdən keçirəm.
Bir günaha batmışam,
Yenə cəngdən keçirəm.
 
Mindikcə qəm atına,
Çək, göndər ahı mənə.
Çevirib üst qatına,
At, hər günahı mənə.
 
Ay insafsız, bir az da
Tur eşqimdə ovuldum.
Günah görmə Arazda,
Gözlərimdə boğuldum.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac