Xəbər lenti

 Şrift:

                                    ELŞƏN  SƏFƏVİ  İSMAYIL


DƏRVİŞ “NƏĞMƏLƏRİ”...
 
Döndüm sağa, döndüm sola,
Varmaq üçün Qutlu Yola,
Qutlu Ruhu dərk eylədim,
“Hü!” deyərək dola-dola...
 
Beş min ildir bu yoldayam,
Hey getsəm də, daldayam...
Xızır Sultan hamim olub
Onun üçün qaldayam...
 
Oğuz Xandır ulu babam,
Göy Tanrıdır ruhum, duam...
Mən tarixin sirriyəm,
Qam, Şaman, Qutlu Maqam...
 
Bil, Müqəddəs Qırxlaram mən,
Cəm aləmi, Yeddilərəm,
On İkilik şifrəm olub,
Səkkiz zolağ nur içrəyəm...
 
“Hü!”-yəm, “Ha!”-yam, “Hey!” də mənəm,
Taram, sazam, ney də mənəm,
Mən Dərvişlərin ruhuyam,
Həlal olan “mey” də mənəm...
 
Mənəm Tanrı həqiqəti,
Dörd Ünsürün rəvayəti...
Qüzey, Güney, Doğu, Batı,
Mən dünyanın hər cəhəti...
 
Şah mənəm, Dərviş mənəm,
Tanrı Əli, Nəsimiyəm...
Həllaci Mənsur ruhuyam,
Fəzlullahi Nəimiyəm...
 
Müqəddəs On İkilik mənəm,
Yaranışam, təbiətəm...
Mən Zülfüqar qılıncıyam,
Haqq əlində həqiqətəm...
 
Arslanam, Şah yanındayam,
Mürşid-kamil yolundayam,
Tanrı səsi – İsmayılam...
Türklüyün öz qanındayam...
 
Mən “Ənəlhəqq!” deyəndənəm,
Sufi, Hürufi, Maniçiyəm.
Mən Məzdəkəm, Xürrəmiyəm,
Mən Azərəm, Od içrəyəm...
Hürrəm, sərhədim yoxdur,
Yolum uzun, dərdim çoxdur...
Mən dünya malın neylərəm?!
Ruhum təki gözüm toxdur...
 
Mavi qaşlı üzük taxan,
Qələndər tək üzün yaxan,
Mavi gözlü Qurdu anan
Dərviş mənəm, Göyə baxan...
Dərviş mənəm, Göyə baxan...
 
 
8  DEKABR  2017


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac