Xəbər lenti

 Şrift:
               
                                      Vüqar BAYRAMOV



          Hardasan
 
Yollarından çəkəmmirəm gözümü,
Qəhər boğur deyəmmirəm sözümü,
Heç bilmirəm hardan alım dözümü,
Səndən ötrü darıxmışam,hardasan?
 
Sipərimsən, səngərimsən, qalamsan,
Dilimdəki ən müqəddəs kəlamsan.
Şirinimsən,şəkərimsən,balamsan,
Səndən ötrü darıxmışam,hardasan?
 
Məni qoyub paxıl kimi getmisən,
Etibarsız oğul kimi getmisən,
Başımdakı ağıl kimi getmisən,
Səndən ötrü darıxmışam,hardasan?
 
Varlığımsan, məndəki mən adamsan,
Nisgilimsən saçımda dən adamsan,
A bəxtəvər,nə səbri gen adamsan,
Səndən ötrü darıxmışam,hardasan?
 
Taleyimdə qismət adlı hökm var,
Hər cür dərdə bir çarə var,həkim var.
Daşıyıram, həsrətindən yüküm var,
Səndən ötrü darıxmışam,hardasan?
 
 
 
                     Məni

Yaxınımda uzaqsan taleyə bax, baxta bax.
Daha dözə bilmirəm, qəhər öldürür məni.
Gündüzləri ruh kimi, gecələr yuxusuzam,
Hər gün sənsiz açılan səhər öldürür məni.
 
Hansı gün görüşmüşük daha gəlmir yadıma,
Mən həsrət şairiyəm, ad qoymuşam adıma,
Siqaretin tüstüsü hərdən çatır dadıma 
Özümü aldadıram, zəhər öldürür məni.
 
Gözlərim hey axtarır, küçə-küçə gəzirəm,
Kim bilir nə çəkirəm, dərdə necə dözürəm,
O qədər sıxılıram canımdan da bezirəm,
Nəyimə lazım həyat əgər öldürür məni?
 
Sevmək sənə çətindi, ayrılıq mənə çətin,
Bizi hara aparır bu inadın, höcətin?
Mənə artıq bəllidir sənin sevgi curətin,
Naşükürəm? Verdiyin "dəyər" öldürür məni.
 
Yüz dəfə fal açıram adıma sən düşürsən,
Günahkar mən oluram, oduma sən düşürsən.
Hara getsəm fərqi yox yadıma sən düşürsən,
Bu qaça-qaç, qova- qov, səfər öldürür məni. 

 
Gəl mənə bir nağıl danış!
 
Dəyişsin dövrüm, zamanım,
Yanılsın hər bir gümanım,
Qoy aldanım, qoy inanım,
Gəl mənə bir nağıl danış!
 
Özümü möhtac bilirəm,
Dərdimə əlac bilirəm,
Bunu ehtiyac bilirəm,
Gəl mənə bir nağıl danış.
 
Arzulara gec çatıram,
Ömürdən gün - gün satıram.
Başımı belə qatıram,
Gəl mənə bir nağıl danış.
 
Qızıl ömrü vermə yelə,
Güldür məni gülə - gülə,
Bir vaxt elə, imkan elə,
Gəl mənə bir nağıl danış.
 
Dərdi, qəmi bölüm bir az, 
Uzaqlaşsın ölüm bir az,
Qoy özümə gəlim bir az,
Gəl mənə bir nağıl danış


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac