Xəbər lenti

 Şrift:


                   Ələddin İNCƏLİ


    Az öncə əldə etdiyimiz məlumata görə, tanınmış şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin İncəli ağır xəstəlikdən sonra vəfat etmişdir! 
   Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) şairlik, jurnalistliklə yanaşı Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. O, 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini, 1951-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir.
 

SEVƏNLƏRƏ ZİYAFƏTİM OLACAQ

Ala gözlüm, gələcəyəm yanına
bir gün səni ziyarətim olacaq.
Kəsəcəyəm kəndirini hicranın,
ayrılıqla nəhayətim olacaq.

Odamızı tər güllərlə bəzərsən,
süfrəmizə billur qədəh düzərsən,
qədəhlərə eşq atəşi süzərsən,
sevənlərə ziyafətim olacaq.




unudacam dərd-möhnəti o gecə,
qeylü-qalı, qal-qeybəti o gecə,
kəsməyəcəm söz-söhbəti o gecə,
baldan şirin hekayətim olacaq

İncəliyəm, tapınmışam bu ada
bəxtim məni yetirəcək murada
arzumu da bildirəcəm arada
Bir ayrı cür işarətim olacaq...



GÖNDƏR


Tanrım, ərzə nə davakar,

Nə cığal bəndələr göndər.

Nə lovğa, nə təkəbbürlü,

Nə dağal bəndələr göndər.

 

Nə "dünya mənimdi" - deyən,

Nə kasıb-kusubu döyən,

Nə zəhmət çəkməyib yeyən,

Nə kahal bəndələr göndər.

Görməyək tələ-torları,

Görməyək qəlbi korları.

Yer tutmur haramxorları,

Pak, halal bəndələr göndər.

Bir də yonmağa codları

Kəsərli rəndələr göndər.

 

BƏXTƏVƏR
 

Zəhmət çəkib, zəhmətinin haqqını

Alan varsa - bəxtəvərdi, bəxtəvər.

Mayasına heç vaxt haram qatmayan

Kalan varsa - bəxtəvərdi, bəxtəvər.

 

Nə qədər ki, gəlib-gedir nəfəsin,

Olaydı kaş yaşamağa həvəsin.

Üzündə nur, dodağında təbəssüm

Plan varsa - bəxtəvərdi, bəxtəvər.

 

İncəli, çək sən də sözün nazını,

Atma hələ qələmini, yazını.

Ulu Qorqud dədəmizin sazını

Çalan varsa - bəxtəvərdi, bəxtəvər.

 

 

BİRİ MƏNƏM

Haqqı heç ödənilməyən,

Şairlərdən biri mənəm.

Çünki məğrur, yenilməyən

Şairlərdən biri mənəm.

 

Axtarıb bula bilməyən,

Haqqını ala bilməyən,

Hamı tək ola bilməyən

Şairlərdən biri mənəm.

 

Yaltaqlanıb, yarınmayan,

Məddahlıqdan barınmayan,

Kasıblığa darılmayan

Şairlərdən biri mənəm.

Kirpiyiylə od götürən,

Qəhərlənən, köks ötürən,

Az qazanıb, çox itirən

Şairlərdən biri mənəm.

 

İncəlidi qəhr eyləyən,

Namərdləri dəhrələyən,

Qüruruyla fəxr eyləyən

Şairlərdən biri mənəm...

 

BƏNÖVŞƏNİ

Bəlkə ölüb getdim, yazı görmədim,

Gülüm, o dağlardan dər bənövşəni.

Nazik əllərinlə seçib-oxşayıb

Qəbrimin üstünə sər bənövşəni.

 

Bəlkə incə ruhum xoşahal ola,

Bəlkə yaman dillər susa, lal ola.

O güllər üç rəngdə: ağ, göy, al ola,

De, şair sevməzmi hər bənövşəni.

 

Gərdiş dövranımı devirdi, deynən,

Vurub iqbalımı çevirdi - deynən.

Əllədin İncəli sevirdi - deynən,

Şehli bənövşəni, tər bənövşəni.

 

ONUNLA GETDİ

Səmada bir ulduz parlayıb söndü,

Gözəl Məlahətim onunla getdi.

Elə bil taleyim tərsinə döndü,

Bəxtim, səadətim onunla getdi.

 

Yarım məndən ötrü nur - işığıydı,

Gülün səhəriydi, gur işığıydı.

Bu şair ömrümə yaraşığıydı,

Şerim, şeriyyətim onunla getdi.

 

Ələddin İncəli, desən qürurum,

Şeirdə uğurum, işdə uğurum,

Qolumda qüvvətim, gözümdə nurum,

Dizimdən taqətim onunla getdi.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac