Xəbər lenti

 Şrift:
                            
                                                         Ülvi ŞİRİN

QIRMIZI YUXU…
 
 
Başımız üstündə qırmızı bulud,
 
qırmızı-qırmızı baxır bizlərə…
 
çiyələk qoxulu qırmızı külək…
 
…sevgimi paylayır sevgisizlərə?…
 
 
Qırmızı yarpaqlar bəzəyir yeri…
 
…gedir sonsuzluğa bir qırmızı yol…
 
Qırmızı yanaqlı bir qız oxuyur
 
“Mən səndən küssəm də sən yanımda ol”…
 
 
Qırmızı bir qarğa neçə saatdır
 
üzümə durubdu qızıl qırmızı…
 
Qırmızı sahildə oğlan nə vaxtdır…
 
…qırmızı dodağa qalıb tamarzı…
 
 
Qırmızı Ay çıxır qaranlıqlardan…
 
səssizlik mahnısı zümzümə edir.
 
“Bir cavan oğlanın nəmli qisməti…
 
…bir qızın qızarmış qismətindədir.”…
 
 
Qulaq as…qulaq as qırmızı ruhum
 
Daha burda qalma sonsuzluğa uç…
 
-A bala qan yuyub aparır səni
 
-Alo
 
-Alo…103?…


UŞAQLIĞIMA ELEGİYA
 
Bağışla məni...
...məni bağışla
Mən səni öldürərək özümü yaratmaq istədim sadəcə...
Mən...mən indi bilmirəm ki,hansı cəhənnəmdəyəm?...
Mən başqalarının həyatının sinopsisini yaza-yaza...
...öz tretmanımı bitirdim.
Hansı zibilliyə atmışam şeytan bilir...
Bağışla məni...
...məni bağışla
Mən ürəyimi qaynadıb suyunu içdim
Içdim ki,beynimin  intihar kəndirini kəsməyə gücüm olsun...
Saçlarımla qorudum onu...
Hərçənd son vaxtlar onlar da...
...ozon qatı kimi deşilə-deşilə gedir.
Nəysə,boşver...
Bağışla məni...
...məni bağışla
Mən gözlərimə xəyanət elədim...
Mən nəfəsimi aldatdım...
Mən dodaqlarımın başını qatdım...
Mən əllərimi çarmıxa çəkdim...
Mən ayaqlarımı ibtidai icma quruluşuna qaytardım...
Yalvarıram,bağışla məni...
Səni qoruya-qoruya itirmək ağırdı.
Mən sənin üstündə yarpaq kimi əsdiyimi sanırdım.
Amma son vaxtlar lap ağını çıxartmışdım.
Əsməyi deyirəm
Əsə-əsə səni də əsdirdim həyatımdan
Bağışla məni...
...məni bağışla
Gecələrin qarasını yaxıram ağaran ruhuma...Babəksayağı
Qaranlığın zümzüməsi yırtır səhərin ağısını
Alnım qaraldıqca qaralır
Tanrım,eynək lazım deyil ki?...
Bağışla məni...
...məni bağışla
Bu şəhərdə bu şəhərdən də gözəl nə var?...
Ehh,o qədər şey var ki...mənim olmayan
Ey mənim olmayanlar!...
Yağış olmayacaqsınızsa buludda olmayın...
Günəş olmayacaqsınızsa səma da olmayın...
Tanrı olun...görünün gözümə!...
Bağışla məni...
...məni bağışla
Mənim...
...cismi sazaqlı
...ruhu yamaqlı uşaqlığım
Məni uşaqlığıma bağışla...


SÜRGÜN
 
Günəş ata çox qəzəblidir...
Səmanı alıb ağzına gəmirir...
Oğul səhra
Qulağı kəsik,axsaq itlər kimi ləhləyir...
Arada da atasına baxır...
...dərsindən iki almış uşaqlar kimi.
Və bir qaraltı var oğul səhranın qəlbində
Getdikcə qırmızılaşan,çılçılpaq bir nöqtə...
Aha...
Indi vergül oldu bu nöqtə...
Indi nida...
Indi sual...
-Indi isə abzasla...
Son ümidin məchulluğu


…sənə gəlmək
sənə gülmək…
…səni silmək.
həyatımdakı bütün bədbəxtlikləri
səndə görmək…
…səndən bilmək.
Uçurumun bir addımlığında ruhunda sarılan əllərimin sayumağa başlaması…
…buludların arxasında şimşək…
…ümidərin havasında külək.
susmaq…
sevmək…
bezmək…
Sənə “Burax əlimi” deyib…əllərimi sonuncu ümidimdən üzmək…
Sal qayalara qonaq olub…
…gözlərindən…sözlərindən əbədilik küsmək.
…intihar havası…
Havada uçuşan çərpələng adam…
…adamın ürəyində sonsuzluq həvəsi…
…həvəsin bitməsi.
sonuncu arzuların…sevgilərin düşüncələrin…ümidlərin…
…gözdən itməsi.
ölümün donduran soyuğunun varlığını isitməsi…
eh…sən demə ölümü dadmaq üçün heç də ölmək lazım deyilmiş…
…ƏLVİDA…
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac