Xəbər lenti

 Şrift:

                                              İLQAR TÜRKOĞLU


BU DA BİR PAYIZDI

Ötürdüm karvanı payıza tərəf,
Düşdükcə yarpaqlar izimin üstə.
Əlləri qoynunda o qıza tərəf
Bir sevda ağlayır dizimin üstə.
 
Buludlar başımda qısıla qalıb,
Gözümdə boğulur sızqa yağışlar.
Pəncərəm önündə asıla qalıb
Xəyallar içində donan baxışlar.
 
Qurşunlar şimşək tək yağır üstümə,
Dinib -demədiyi daha nə yoxdu?!
Baxır yanmağıma,baxır tüstümə,
Baxır, şübhələrə bəhanə yoxdu.
 
Payıza elçidi boz atlı oğlan, 
Söyüdlər saçını yolub, ağlayır.
Burda uca boylu-büsatlı oğlan
Aldanmış eşqinə qara bağlayır.
 
Bu da bir payızdı,qucub saxlayır
Əlimdə can verən o son siqarı.
Xəzana qoşulub bir qız ağlayır,
Unuda bilmirəm,unut sən,barı…
 
Ötürdüm karvanı payıza tərəf,
Düşdükcə yarpaqlar izimin üstə.
Əlləri qoynunda o qıza tərəf
Bir sevda ağlayır dizimin üstə.

 
BU DA BİR SEVDA

Dilindən düşməyən”can”da gəzirəm,
Qoy, “ay canım mənim” xitaba düşsün.
Sevdamı bəzəyən şanda gəzirəm,
Eşqimiz ”Qırmızı kitab”a düşsün.
 
Yarın görüşünə yardan keçirəm,
Günahı boynumda daşıyam, belə.
Qulağımı tutub kardan keçirəm,
Bu tale oynunda naşıyam, hələ.
 
Sən qırmızı lalə, yolumun üstə,
Arxamca gözlərin elə dolmasın.
Saçların sərilsin qolumun üstə,
Mizraba qalmasın, telə qalmasın.
 
Könlümü ovlamaq kimin bəhsində,
Kimi səhnə üçün hələ davada.
İki şeir yazdım, sənin səsində,
Yarım oktavada, bir oktavada.
 
Bu da bir sevdadır, suçu sorulmaz,
Ruhda yaşayırıq, ruhdan keçirik.
Biz gedən yollarda ömür yorulmaz,
Adəmdən keçirik, Nuhdan keçirik.
 
Dilindən düşməyən“can”da gəzirəm,
Qoy, ”Ay canım mənim” xitaba düşsün.
Sevdamı bəzəyən şanda gəzirəm,
Eşqimiz ”Qırmızı kitab”a düşsün.
 

OLUR

Qınamıram, hərdən olur, həyatdı…
Duyammadın bir eşq üçün öləni.
Nə bileydim xəyalların boyatdı,
Tanımadım, hər üzümə güləni.
 
Od olmasa, kim gələr ki, tüstünə?
Umu-küsü, çox getmədim üstünə.
Ürəyimdə yer saxladım büstünə,
Sən ki məni tanıyanı, biləni.
 
Dəyişməyib bu sevdanın bir dəmi,
Çəkdin məni imtahana birdəmi?
Nə vaxtdı ki intizarı, dərd-qəmi,
Unutmuşdum sən ömrümə gələni.
 
İnciyirsən, uşaq kimi hələ sən,
Dünən başqa, indi niyə beləsən?
Mən bilmirəm, bəlkə özün biləsən,
Bu vüsala kim qurubdu tələni?
 
Bu sevgiyə tutan çoxdu dəm hələ,
Kimi zildə, kimi çalır bəm hələ.
Sevincini yada salıb, cəm elə,
Unutsan da hər dərdini böləni...
 
Qınamıram, hərdən olur, həyatdı...
Duyammadın bir eşq üçün öləni.
Nə biləydim xəyalların boyatdı,
Tanımadım hər üzümə güləni.

 
YERİN VAR

Nə çəkirəm, baxır hələ qıraqdan,
Depressiya nə müddətdi qonağım...
Baş açılmır, hey içirəm araqdan,
Gah qaralır, gah qızarır yanağım...
 
Ürəyimi kabab edib, demir off,
Elə bil ki, heç qalmayıb insafı.
Məlhəm olur, kömək olur “Nemiroff”, -
dar günümdə dostlarımın ən safı.
 
Hələ çoxdu əsəbləşib, hirs udan,
Səbrin olsun, salma yenə gəl həşir,
“Əlli-əlli” içirəm ki, nur “Sudan”,
Baxıb “yüz” də vursun Ömər əl - Bəşir.
 
Çox ağlama, sil gözünün yaşını,
Darıxanda sən də bir az şərab iç.
Çəkəmməsən bu sevdanın daşını,
”Sərin”ə gəl, heç olmasa sirab iç.
 
Dəyməmişəm bircə kərə xətrinə,
İstəyirsən barış-küs də, yerin var.
Al qoynuna, bələnərəm ətrinə,
Saxlamışam, gözüm üstə yerin var...
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac