Xəbər lenti

 Şrift:

                                                       AYAZ ARABAÇI


YADIMA BİR EV DÜŞÜR


Yadıma bir ev düşür..
İkiotaqlı bir ev.
Qoca tut ağacının budaqları döyərdi,
Hər baharda nübarla 
kasıb pəncərəsini..
Kəsərdim çubuğuyla dəlisov uşaqların,
Gecə səhərə qədər kəsilməyən səsini.
Gəlb çıxardı dostlar qaçıb qardan-sazaqdan.
Yadıma bir ev düşür..
Hardasa lap uzaqdan.

İçində Nuh Nəbi-dən
Qalma bir soyuducu iki çarpayı vardı..
Kim gəlsə qucağında anatək uyudardı..
Çıxsam tutun başından əlim çatardı aya..
Kimlər gəlib getmədi o balaca daxmaya,
Çox rahat bir eviydi,çox isti bir eviydi..
O evdə yaşamağın özü də bir kefiydi..
Gör neçə ünvan sayıb,gör neçə ev dəyişdik,
Ruhumuz perik-perik,qəlbimiz didik-didik..
O ev dursaydı gedib,
Bu axşam soruşardım.
Biz niyə bəs o evdə hamıdan xoşbəxt idik..
Yadıma bir ev düşür,
İkiotaqlı bir ev...
Yanıram "alev-alev"...


NƏ YAZIM

İşi-gücü balaca bir adamam,

Böyük-böyük dağ haqqında nə yazım.
Ürəyimdə nə qoyub ki,gedəndə,
Ötüb keçən çağ haqqında nə yazım.
Əllərimi dualardan asaram,
Qızıl teştə xatirələr qusaram,
Uzaqbaşı bir ah çəkib susaram,
Gülü solmuş bağ haqqında nə yazım...
İçimdəki ürək deyil yaradı,
Azadlığım məzardımı,haradı?
Mənim bəxtim əzəl gündən qaradı,
Durum sənə ağ haqqında nə yazım.
Saralıbsa göyərərmi sarı heç,
Olmayıbdı,ömür zalım yarı heç,
Əriməyib başındakı qarı heç,
Sinəmdəki dağ haqqında nə yazım.
Ürəyimi yük altında əzirəm,
Yol üstəki uçuq pirə nəzirəm,
Nə vaxtdı ki,ölü kimi gəzirəm,
Yarı canı sağ haqqında nə yazım.
Boğuluram dəli kürün içində,
Seçilmirəm neçə ürün içində,
Zəhər kimi bir ömürün içində,
Bal haqqında,yağ haqqında nə yazım.
Nə qaytarar uçub gedən quları,
Xatirələr gölləndirməz suları,
Heç bilmirəm niyə yazdım bunları,
Uralanmış tağ haqqında nə yazım...


ÜŞÜYÜRƏM, ANAM DÜŞÜR YADIMA!

Hərdən dönür acı günlər şirinə,
Bir yarpağa qoşulub da uçuram.
Bu payızı oxşadıram birinə,
Saçlarını sığallayıb,qucuram.
Qollarımda uğunduqca-uğunur,
Baxışları göylər kimi lacivərd.
Oxşadıqca ürəyimə toxunur,
Bir az qorxu,bir az ağrı,bir az dərd.
Yağış qərib,o qız qərib mən qərib,
Sığınmışam xəyal adlı büstünə.
O gözəlin nəfəsini kim sərib,
Buza dönmüş əllərimin üstünə.
Yaralanıb üfüqlərin kürəyi,
Yel oynadır buludlara "Qaytağı".
Bulanıbdı təbiətin ürəyi,
Birdən-birə yediyini qaytarır.
Qırılıbdı səmadakı nəhəng küp.. 
Yağış yağır hər tərəfi selləyir.
Neçə gündü gözlərini qan örtüb,
Şimşək odlu qılıncını yelləyir...
Külək qırır pəncərəmi bu ara,
Yağış yağır təzələyir ruhumu.
Küçə boyu axıb gedən sulara,
Görən çıxıb danışımmı yuxumu..
Yağış yağır dayanmışam lal kimi,
Bir qız vardı çiçəkərin tacıydı.
Bir qız vardı şiriniydi bal kimi..
Bir qız vardı zəhər kimi acıydı..
Aparardım itdən-qurddan ötürüb,
Harda olsa başı üstə bitərdim.
Bir də gördün qanadıma götürüb,
Gecə saat birə kimi itərdim.
Yağış yağır təzələyir ruhumu,
Danışımmı bu yağışa yuxumu..
Xatirələr xumarlanır pişiktək,
Yağış yağır küçələri basır su.
Danışacam bu sulara qoy görək,
Çin olurmu qəriblərin yuxusu..
Nələr yatır yaddaşımın canında,
Bir kimsənin yarası yox yaramca..
Qızı gözəl qonşuların,yanında,
Anam hərdən deyinərdi qaramca:
Alıb açmır birinin də ağzını,
Kitabları üzüquylu qalıbdı.
Qaralayıb hansı itin qızını
İndi kimnən yox cavabı alıbdı..
Daşdan olmaz yağışların heykəli...
Bir məktub var göz yaşından adıma.
Kövrəlirəm pəncərəyə söykənib,
Üşüyürəm anam düşür yadıma..






Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac