Xəbər lenti

 Şrift:

                           Ülvi ŞİRİN


DE JAVU
                                                     
 Sənə çatana qədər...
...əllərim üzüldü yalan burulğanında.
Insan unutmağa başlayanda dərk edir əsl həqiqəti.
Bu gündən sabaha ümid yoxdu,əzizim.
Sən kimə görə ölməyə belə hazırsan...deyə bilmərəm
Amma mən sənsizlikdə əriyirəm.
Daş dövründən qalma alt çənə sümüyü kimi çürüyürəm.
Ətrafına bax...Bax...
Qismətin bəlkə də hər gün önündən keçir...
...sənsə heç üzünə də baxmırsan.
Payız xəzanı qaranquşları didərgin salanda...
Yollara səpiləndə sapsarı xəzəllər...
Mən ordaydım...ordaydım,əzizim.
O unudulmuş çinar ağacının yanında.
O çinar ağacı ki,adımızı qazımışdım...səndən xəbərsiz.
Sənsə...sənsə “Kimdi bu xöşbəxt?” deyib keçirdin.
Həmin çətirdi...
...albalı qırmızısı çətir.
Böyük bir hadisəni xəbər verən...
...həyəcan siqnalına bənzəyir bu çətir.
Yenə də yağış yuyur yolları...
Yenə də sən yaxınlaşırsan...sapsarı çinar ağacına doğru.
Dilim topuq vurur...nəfəsim kəsilir.
Elə bil bu filmi hardasa görmüşəm.
Dayan!...Dur!...Stop kadr!...
Yox!...Yox,baxmayacam!...
Bunun hələ qarlı,qoranlı...qanlı,həyəcanlı qışı var.
Yalançı ümid dolu bahar yağışı var...
Yenə keçənlər retro film kadrları kimi...
...gəlib keçəcək gözümün önündən.
Exit!...
Hoh...rahatladım.
Illərin məhkumunu azadlığa buraxdım.
Indi irəliyə baxmaq lazımdı...
Irə...
-A bala,bu yağışda burda niyə durmusan?...
Dur get evə...soyuq olar...


EPITAFIYA
 
Əlvida, Günəşim,əlvida...
arxanca su atmağa taqətim də yoxdu...bağışla məni!...
Bu səfərlik gözyaşlarımla kifayətlən...
Ələn...ruhuma ələn...azacıq.
sonra get...gözlərimin sonsuzluğuna...
Get Günəş,tələs,nə olar...
arzularımın Marafon yarışına az qalıb.
Buludları qayıq elə özünə...səmanı dəniz...
...və get...
Nə bir iz...nə bir səs burax ardınca...
Əlvida Günəşim,əlvida.
Bundan sonra sonum sonbahar və qış
Qəlbim yağmur ormanları kimi...
Ancaq qurumuş ağaclardan və xəzəllərdən ibarət...
Çünkü damlalar qəlbimin hərarətində  asırlar özlərini...
ətrafda göyərçin leşləri...inqilab ordusu kimi...
budur bir sarı çəkməli kor qoca...
bir-bir toplayır göyərçinləri öz deşilmiş xurcununa...
Əlvida Günəşim,əlvida...
yarpaqları intihar etmiş bir çinar ağacı...
...və ona dayaqlanan bir bəyaz donlu,məsum qızcığaz not-not ağlayır...
Yanaqlarından  hər dəfə bir musiqi aləti yuvarlanır...
...yuvarlandıqca da buxarlanır...
Ağzından mavi kəpənəklər buraxır səmaya hər dəfə...
Kəpənəklər barmaqlarımda asırlar özlərini...
Saçları qara qarğalara çevrilib tuturlar göy üzünü...
Gözlərinin qırmızısında yoxluğum arfa çalır...
Kəpənəklər qandal olub bağlayırlar qollarımı...
Qızcığaz əvvəlcə şirin-şirin gülür...
Və sonra şahdamarımdan bir qədəhlik qan süzür özünə...
Və heçliyin sahillərində gözdən itir...
Əlvida   Günəşim,əlvida...
Bundan sonra sonum sonbahar və qış...


GECƏ DUASI
 
Küçəsində it ulayan
Bir yetim,əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.
 
Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən.
Qorxur ki,oğurlayarlar
Alın yazısını da...
 
Olur ki,gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.
 
Gündüz eyni,gecə eyni...
Otaq eyni,yataq eyni...
Eyni...eyni...
Qucaq eyni...
Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz xəstəlik olur
Təsadüfsüzlük...
 
Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman kimi
Düşdü tanrının toruna
 
Bəzən istəsəndə bilmərsən
O gülüş...
Ölümdü ya qalımdı.
Ona görə də gülmərsən.
Hardan biləsən ki,
Unutmaq üçün doğulmamaq lazımdı.


UNUTDUQLARINA...
 
Sənin unutduğun küçələrdən keçəndə
Sol qolum sırsıra kimi sallanır çiynimdən.
Qırılıb dağılır zərrə-zərrə
Sənin ayaq basdığın yerlərə...
Sənin unutduğun nəfəsi alanda...
Anlayıram...niyə o nəfəsi boş verib başqa nəfəslərə süzüldüyünü...
Necə əzildiyini...
Necə hönkürdüyünü...
Necə üzüldüyünü...
Amma...
Amma bilmirəm...vallah bilmirəm...
Axı necə qəbul eləyim?
Necə qəbul eləyim axı?
Özgə barmaqlarla susdurulduğunu...
Özgə səslərlə uyuduğunu...
Özgə nəfəslərlə oyandığını...
Özgə baxışlarla sevildiyini...
Yoxsa elə bilirsən,indi ölmür igidlər?...
Ölürlər,vallah,ölürlər.
Amma onlardan sonra daha adları qalmır...
Bir tutam vay teli qalır...
Bir vicdan qığıltısı...
Orda insanlar danışmır
Orda küçələr danışır...
Elə ürək yandırır səmadakı tək ulduz
Elə qulaq batırır sükutun uğultusu...
Bir tutam vay teli qalır...
Bir vicdan qığıltısı...
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac