Xəbər lenti

 Şrift:

                                       Xəyalə SEVİL


Bir payız axşamı...

Qaralan buludların
Səsi düşər üstünə.
Atar yağışını
Göy üzü giley kimi.
Yollar da burular
Ayağının altından,
Sola dönər,sağa dönər.
Ürəyin “hə”ni, ”yox”u
Bilməyən uşağa dönər.
Elə darıxarsan mənsiz...
Belə darıxarsan mənsiz!


Anamın əlləri
 
Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün ,saatbasaat
Cavanlığı barmağından sürüşür.
 
Anamın əlləri qocalır yaman,
Əllərinə illər ağrısı çökür.
Bizim qayğımızı,zəhmətimizi,
İndi də qocalmış əlləri çəkir.
 
Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.
 
Anamın əlləri qocalır yaman,
Ömrümü bu qoca əllərə yazın.
Ölsəm, ruhumu da yaşadar mənim,
Qəbrimi anamın əllində qazın.
 

Ağac
 
Bu ağacın payız dərdi başlayıb,
Əlləri qoynunda fikirə gedir.
Yarpaqlar ozünü atır budaqdan,
Yarpaqlar ,elə bil,intihar edir.
 
Bu ağacın payız dərdi başlayıb,
Cılızlaşıb, soluxubdu bu ağac.
Bu ağac ki, yazda belə deyildi,
Dərd çəkməkdən sınıxıbdı bu ağac.
 
Bu ağacın payız dərdi başlayıb-
Yaz olaydım, dərdlərini alaydım.
Bu ağacın dərdi necə böyükmüş,
Mən də deyirdim ki, ağac olaydım...
 
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac