Xəbər lenti

 Şrift:


İLLƏR ƏYNIMƏ DAR GƏLIR

İllər əynimə dar gəlir,
Neyləyim, dərzim naşıdı.
Vaxt mənim dəyirmanım,
Günlər dəyirman daşıdı.

Doğranıram çəkil-çəkil,
Hər anım ömrümü əkir.
Mən müttəhim, zaman vəkil,
İşimi pulsuz aşıdır.

Əllərim indi əsamdı,
Dizlərim yazı masamdı.
Dünyaya gəlmək asandı,
Ömür sürmək göz yaşıdı.

Ay Ramazan, göz dəyməsin,
İndi yaxşı çıxır səsin.
Daşlara dəydi nəfəsin.
Mamırlar başın qaşıdı.

YOLU GEYIB AYAĞIMA

Yolu geyib ayağıma,
Ömrümdən çıxıb gedirəm.
Baxışlarım günsüyübdü,
Hər yerdə atıb gedirəm.

Dağlar gözümə dağlanır,
Günlər bir-bir araqlanır.
Sabahlarım ayaqlanır,
İzində qalıb gedirəm.

İllərdi şələm də ağır,
Qaranlıq gözümü sağır.
Ürəyimə ağrı yağır,
Selində batıb gedirəm.

Ramazan, sözünü bələ,
Qaçar, sənə qurar tələ.
Canımı almışam ələ,
İllərə çatıb gedirəm.

ÜZÜ QOCALIĞA GEDƏN ÇIĞIRAM

Üzü qocalığa gedən cığıram,
İllər addımlayır üstümdən sanki.
Külümün içində odum da sönüb,
Yağış səpələnib tüstümdən sanki.

Əl atıb tutmuşam uca zirvədən,
Özümə açmışam baca zirvədən.
Baxıram yollara haça zirvədən,
Canım çıxıb qaşır köksümdən sanki.

Quzeydə, güneydə ot talalanır,
Payızdır, dərənin suyu bulanır.
İndi öz-özünə gözüm sulanır,
Çeşmətək axıram özümdən sanki.

ÜMİDİMİ EDAM ETDİM

Ümidimi edam etdim,
Dedim qoy ölməsin sonda.
Ruhumu göyə qaçırtdım,
Qalmadı cəsəddə can da.

Gündoğanam-günbatanam,
Mən hər iki dünyadanam.
Dəhrəm yox illəri yonam,
Sındırmışam doğulanda.

Ürəyimə yağış damır,
Sinəm olur palçıq, çamır.
Daşlara saç olan mamır,
Tez daranır su vuranda.

Dağlara göz bulağam mən,
Bir uçulmuş qulağam mən.
Üzü astar yamağam mən,
Nə olar ki ağaranda.

Ay Ramazan, gözünü sil,
Vaxt durmadan üfürür kül.
Üstün daşdı, altınsa gil,
Nə olacaq o cahanda?

QAR ÇİÇƏYİ

Bəzi bölgələrimizdə bu gülə danaqıran da deyirlər, hətta bu haqda xalq rəvayəti də mövcuddur.

Bu qarın içində nə axtarırsan,
Hara tələsirsən, ay qarçiçəyi?!
Çıllənin çovğunu döyür başına,
Soyuqdan əsirsən, ay qarçiçəyi.

Bozaydır, heç kəs yox, dağda qəribsən,
Yuyub ləçəyini qara səribsən.
Xoşbəxt anlarını qışa veribsən,
Yaz gəlcək gedirsən, ay qarçiçəyi.

Rəngin ağarıbdı, nə dərd-sərin var?
Göylərə göz qoyan ləçəklərin var.
Çillənin ömründə vaxtın, yerin var,
Zamana əsirsən, ay qarçiçəyi.

Qarın balasısan, qar oxşarlısan,
Bütün çiçəklərdən etibarlısan.
Altına ağappaq döşək salmısan,
Yatıb dincəirsən, ay qarçiçəyi.

Torpağın bahardan ilk nişanəsi,
Sehrin düşündürür görən hər kəsi.
Şaxtanın, sazağın sevgi nəğməsi,
Ağappaq gəlinsən, ay qarçiçəyi.

İNDİ GÜNLƏRİMLƏ HESAB ÇƏKİRƏM

Hərdən günlərimlə hesab çəkirəm,
Ürək o ürəkdi, yaş o yaş deyil.
Saçlarım illərin qar yatığıdır,
Bahar o bahardı, qış o qış deyil.

İllər bostanımı sökür talayır,
Sular yarğanımın dibin yalayır.
Vaxtın dərəcəsində bayquş ulayır,
Cığır o cığırdı, tuş o tuş deyil.

Beş-beş çıxdığımı bir-bir enirəm,
Axşam günəşiyəm, vaxtdır, sönürəm.
Günlərdən özümə divar hörürəm,
Palçıq o palçıqdır, daş o daş deyil.

Sözlər də üzümə ağ olur mənim,
Düzənlər gözümdə dağ olur mənim.
Ayranım nehrəmdə yağ olur mənim,
Dolu o doludur, boş o boş deyil.

Ramazan, içində ilhama söykən,
Keçmir doğanaqdan indi hər örkən.
Nədir səni tutub özünə çəkən?
Ağıl o ağıldır, huş o huş deyil.

KAŞ KI BIR DƏ UŞAQ OLAM, AY ANA

Axtaram özümü layla səsində,
Kaş ki bir də uşaq olam, ay ana.
Ötən günlərinə dönəsən sən də,
Kaş ki bir də uşaq olam, ay ana.

Çiçək kimi gözlərində iriləm,
Su verəsən tez boy atam, siriləm.
Yolun olam, ayağına səriləm,
Kaş ki bir də uşaq olam, ay ana.

Sevinc olam gözlərinə qonam mən,
Bu dünyanın azın da çox sanam mən.
Təkcə sənin qucağında sınam mən,
Kaş ki bir də uşaq olam, aya ana.

Təkliyi də usandıram, bezdirəm,
Bu dünyanı gözlərimdə gəzdirəm.
İllərimi boy sırası düzdürəm,
Kaş ki bir də uşaq olam, ay ana.

Çeşmə kimi suyum qaça dənizə,
Damlalarım duzlu sudan yan üzə. 
Danışanda sözlərimdən bal süzə,
Kaş ki bir də uşaq olam, ay ana.

Cığırları ayağımda qaçıram,
İllərimi bir-bir sökəm, uçuram.
Sabah kimi gündən-günə açılam,
Kaş ki bir də uşaq olam, ay ana.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac