Xəbər lenti

 Şrift:



Taleyinə uduzmuş qadınlar

Uşaq evi

Gözlərində qorxu böyüdən uşaqların

Qulaqlarından

Qadağalar sırğatək asılıb

Tərli pəncərədə "ana" yazılıb...

 

Fahişələr

Sıraya düzülmüş

Yolların kənarında

Dan yeri sökülür

Günəş yaşlı müəllim kimi

Asta-asta qalxır göyün pilləkənlərini

Taleyinə uduzmuş qadınlar evlərinə dönür

Yarıyuxulu körpələrin gözləri

Güllə kimi açılır onların üstünə

İlk eşitdikləri söz ana...

 

Qocalar evi

Əzilmiş vərəqə bənzəyən üzlərdəki

Umudsuz, çarəsiz təbəssüm

 

Altını bulayan qadın buğlanan gözləriylə görür ölümü

 

Və yuxusunda hər səhər eşitdiyi

"ana" sözünə qarışır

Söyüşləri sanitarın...

 

 

Darıxan şeirlər

 

Sən olmasan çox şey dəyişməz ki,

Yenə döyüşərəm özümlə,

Yenə uduzaram

Səni ürəyimdə tapa bilməyib

Sənə şeir yazaram.

 

Sən olmasan

Tanıdığım qızlardan biri azalar uzağı

Əllərinin istisi uçub getmiş əlimi

Qoyaram sancan ürəyimin üstünə

Sənə şeir yazaram.

 

Sən olmasan

Sənli xatirələri sapa keçirib

Boyunbağı kimi asaram keçmişimin boynundan...

Hərdən

Bir az çiynim,

Bir az şeirlərim darıxar sənin üçün

Yarpaqlara sığınan küləklər,

Səsini xatırladar

Sənə şeir yazaram.

 

 

Xəyyamdan rübai

Füzulidən qəzəl

 

Gecənin bir yarısı elə bir qadın görməzsən ki

Ağrı - acısını salıb yanına

Ucuz şərab alıb sahilə ensin

Siqaret yandırıb

Ləpədöyənə şillə kimi dəyən

Kanalizasiya qoxulu dalğaları söysün.

Gecənin bir yarısı elə bir qadın görməzsən ki,

Kimsəsiz evin işıqsız pəncərəsi kimi,

Qaranlıq küçədə gəzib

Xəyyamdan rübai

Füzulidən qəzəl oxusun

Eşqə, və şəraba dair...

Qışqırsın boşa çıxan arzularının arxasınca...

Görməzsən

Eşitməzsən...

Çünki bu yerlərdə

Fahişə deyirlər

Dərdini gecə və şərabla bölüşən qadına.

 

 

***

 

Dolaş bir azca, günəşi izlə

Rahat olarsa gecələ parkda

Quşlara daş at yada ki, dən ver,

Gül ver qarşıdan gələn qadına

Sənin sevgindən kimə nə axı?

Üzündə gülüş yaradacaqsa

Qorxularının get üzərinə

Sulara danış bütün dərdini.

 

***

 

Kölgəm kimi düşər arxamca

Ya da,

Südəmər körpənin ana yaxasından yapışdığıtək,

Yapışar yaxamdan yaşananlar.

Sanki səni bir neçə dəfə öldürüb

Atmışam şəhərin hər künc-bucağına,

Qatil kimi qaçıram

Unuda bilmədiyim hər şeydən

Bir az da özümdən

 Şrift:


İLLƏR ƏYNIMƏ DAR GƏLIR

İllər əynimə dar gəlir,
Neyləyim, dərzim naşıdı.
Vaxt mənim dəyirmanım,
Günlər dəyirman daşıdı.

Doğranıram çəkil-çəkil,
Hər anım ömrümü əkir.
Mən müttəhim, zaman vəkil,
İşimi pulsuz aşıdır.

Əllərim indi əsamdı,
Dizlərim yazı masamdı.
Dünyaya gəlmək asandı,
Ömür sürmək göz yaşıdı.

Ay Ramazan, göz dəyməsin,
İndi yaxşı çıxır səsin.
Daşlara dəydi nəfəsin.
Mamırlar başın qaşıdı.

YOLU GEYIB AYAĞIMA

Yolu geyib ayağıma,
Ömrümdən çıxıb gedirəm.
Baxışlarım günsüyübdü,
Hər yerdə atıb gedirəm.

Dağlar gözümə dağlanır,
Günlər bir-bir araqlanır.
Sabahlarım ayaqlanır,
İzində qalıb gedirəm.

İllərdi şələm də ağır,
Qaranlıq gözümü sağır.
Ürəyimə ağrı yağır,
Selində batıb gedirəm.

Ramazan, sözünü bələ,
Qaçar, sənə qurar tələ.
Canımı almışam ələ,
İllərə çatıb gedirəm.

ÜZÜ QOCALIĞA GEDƏN ÇIĞIRAM

Üzü qocalığa gedən cığıram,
İllər addımlayır üstümdən sanki.
Külümün içində odum da sönüb,
Yağış səpələnib tüstümdən sanki.

Əl atıb tutmuşam uca zirvədən,
Özümə açmışam baca zirvədən.
Baxıram yollara haça zirvədən,
Canım çıxıb qaşır köksümdən sanki.

Quzeydə, güneydə ot talalanır,
Payızdır, dərənin suyu bulanır.
İndi öz-özünə gözüm sulanır,
Çeşmətək axıram özümdən sanki.

ÜMİDİMİ EDAM ETDİM

Ümidimi edam etdim,
Dedim qoy ölməsin sonda.
Ruhumu göyə qaçırtdım,
Qalmadı cəsəddə can da.

Gündoğanam-günbatanam,
Mən hər iki dünyadanam.
Dəhrəm yox illəri yonam,
Sındırmışam doğulanda.

Ürəyimə yağış damır,
Sinəm olur palçıq, çamır.
Daşlara saç olan mamır,
Tez daranır su vuranda.

Dağlara göz bulağam mən,
Bir uçulmuş qulağam mən.
Üzü astar yamağam mən,
Nə olar ki ağaranda.

Ay Ramazan, gözünü sil,
Vaxt durmadan üfürür kül.
Üstün daşdı, altınsa gil,
Nə olacaq o cahanda?

QAR ÇİÇƏYİ

Bəzi bölgələrimizdə bu gülə danaqıran da deyirlər, hətta bu haqda xalq rəvayəti də mövcuddur.

Bu qarın içində nə axtarırsan,
Hara tələsirsən, ay qarçiçəyi?!
Çıllənin çovğunu döyür başına,
Soyuqdan əsirsən, ay qarçiçəyi.

Bozaydır, heç kəs yox, dağda qəribsən,
Yuyub ləçəyini qara səribsən.
Xoşbəxt anlarını qışa veribsən,
Yaz gəlcək gedirsən, ay qarçiçəyi.

Rəngin ağarıbdı, nə dərd-sərin var?
Göylərə göz qoyan ləçəklərin var.
Çillənin ömründə vaxtın, yerin var,
Zamana əsirsən, ay qarçiçəyi.

Qarın balasısan, qar oxşarlısan,
Bütün çiçəklərdən etibarlısan.
Altına ağappaq döşək salmısan,
Yatıb dincəirsən, ay qarçiçəyi.

Torpağın bahardan ilk nişanəsi,
Sehrin düşündürür görən hər kəsi.
Şaxtanın, sazağın sevgi nəğməsi,
Ağappaq gəlinsən, ay qarçiçəyi.

İNDİ GÜNLƏRİMLƏ HESAB ÇƏKİRƏM

Hərdən günlərimlə hesab çəkirəm,
Ürək o ürəkdi, yaş o yaş deyil.
Saçlarım illərin qar yatığıdır,
Bahar o bahardı, qış o qış deyil.

İllər bostanımı sökür talayır,
Sular yarğanımın dibin yalayır.
Vaxtın dərəcəsində bayquş ulayır,
Cığır o cığırdı, tuş o tuş deyil.

Beş-beş çıxdığımı bir-bir enirəm,
Axşam günəşiyəm, vaxtdır, sönürəm.
Günlərdən özümə divar hörürəm,
Palçıq o palçıqdır, daş o daş deyil.

Sözlər də üzümə ağ olur mənim,
Düzənlər gözümdə dağ olur mənim.
Ayranım nehrəmdə yağ olur mənim,
Dolu o doludur, boş o boş deyil.

Ramazan, içində ilhama söykən,
Keçmir doğanaqdan indi hər örkən.
Nədir səni tutub özünə çəkən?
Ağıl o ağıldır, huş o huş deyil.

KAŞ KI BIR DƏ UŞAQ OLAM, AY ANA

Axtaram özümü layla səsində,
Kaş ki bir də uşaq olam, ay ana.
Ötən günlərinə dönəsən sən də,
Kaş ki bir də uşaq olam, ay ana.

Çiçək kimi gözlərində iriləm,
Su verəsən tez boy atam, siriləm.
Yolun olam, ayağına səriləm,
Kaş ki bir də uşaq olam, ay ana.

Sevinc olam gözlərinə qonam mən,
Bu dünyanın azın da çox sanam mən.
Təkcə sənin qucağında sınam mən,
Kaş ki bir də uşaq olam, aya ana.

Təkliyi də usandıram, bezdirəm,
Bu dünyanı gözlərimdə gəzdirəm.
İllərimi boy sırası düzdürəm,
Kaş ki bir də uşaq olam, ay ana.

Çeşmə kimi suyum qaça dənizə,
Damlalarım duzlu sudan yan üzə. 
Danışanda sözlərimdən bal süzə,
Kaş ki bir də uşaq olam, ay ana.

Cığırları ayağımda qaçıram,
İllərimi bir-bir sökəm, uçuram.
Sabah kimi gündən-günə açılam,
Kaş ki bir də uşaq olam, ay ana.
 Şrift:


“Sən” deyə xəyallar dumanındayam,
Hər yerim sən qoxur, yanıq tüstü tək.
Hər bir an, hər dəqiqə sorağındayam,
Elə bil “sən” deyə fırlanır fələk...
 
Gözlərim axtarır hər yerdə səni,
Düşüncəm, xəyalım “sən” olmusan, bil.
Ah, nə vaxt görəcəm mən bir də səni,
Məni dərin həsrətə salmısan, bil...
 
Qaranlıq gecədə çıraq gəzəntək,
Gəzirəm yolları mən qarış-qarış.
İncisən, bir bağa narin düzən tək,
Vururam könlümə “sən” deyə naxış...
 
Varlığım səninlə yaşayır hər an,
Beynimin neyronu, hüceyrəsisən.
Getmə, ayaq saxla, bir qədər dayan,
Axı qol-qanadım sən olmusan, sən...
 
Daha nələr deyim, nələr söyləyim,
Mən “sən”-i sənə anlatmaq üçün?!
Bil ki, bircə dərdim, bircə gileyim,
Hər qayğım, istəyim sənsən, büsbütün...
 
Dilim də “sən” deyir, gözüm “sən” görür,
Qulağım “sən” duyur, burnum  “sən” qoxur.
Bu zalım fələksə bir divar hörür,
Sənsizlik məhbəsdən yalquzaq baxır...
 
“Sən” deyə xəyallar mən içindəyəm,
İtirdim özümü, bilmirəm, kiməm.
İsmim “Elşən”-dir, nə olsun bəyəm,
Sən yoxsan, deməli, daha heç kiməm...
 
Elşən İsmayıl
Yazar və Rejissor
15.04.2017
 
 Şrift:


Ölü uşaqlar kimi doğulur,
Bu şəhərin hüzünlü səssizliyində,
Bəzən, zibil yeşikləri ətrafında,
Bəzən də, paxıl qəssabların dükanının önündə,
Dövrə vuran, naümid pişiklər kimiyik,
Yaşamaqdan yorulanda ...
 Şrift:



“Bizlərə xoşbəxtlik verib qadınlar...”

 

Anadır, bacıdır, canımdan candır,

Güləndə güləndir, həm ağlayandır.

Sevgisiylə gözümü bağlayandır,

Dünyaya mələktək enib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Sevdasına neçə mahnı yazılır,

İsimləri bağrımıza qazılır.

Bir ilğım tək könlümüzə süzülür,

Aləmə sevgiçün gəlib qadınlar, 

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Hər gözəllik onlar ilə yaşanır,

Olan hər şey lütfü ilə yaranır.

Gecə-gündüz bizim üçün daranır,

Zövqümüzü hər an bilib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Səbirlidir, bizi hər an dinləyər,

Qəlbimizə həmdəm, “can” söyləyər.

Bizim üçün mümkünsüzü eyləyər,

Səhvimizlə birgə sevib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Gərəkirsə gizli ağlar, görmərik,

Xəyal olar, varlığını bilmərik,

Olmasalar inanın ki, gülmərik,

Üzümüzə nəşə qatıb qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Sevdiyini elə sevər, Tanrıtək,

Hər an yarıyçün diləyər dilək.

Aşiq olsa, “canım qurban” deyərək

Qorxmadan hər şeyi edib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Elşən deyər, Tanrı yolun tutalım,

Boş fikri başımızdan atalım.

Sevəriksə Türk qızını alalım,

Tomris kimi tarix yazıb qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Elşən İsmayıl

Yazar və Rejissor

7-8 mart 2017

 Şrift:

 

İLTİMAS SƏMİMİ

İltimas İltifat oğlu Səmiyev, 1987 –cil ildə Lerik rayonunda dünyaya gəlib.

AYB –nin və DGTYB –nin üzvü, BSU Yaradcılıq fakultəsının məzunudur.

 

KÖHNƏ ŞƏHƏR

Köhnə şəhər,

Binaları daş –daş tökülmüş,

Səliqəsiz, sahmansız.

Üst –başından toz tökülən,

Küçə -küçə dolaşan kimsəsiz qoca kimi.

Hamı səndən gen gəzir,

Köhnə şəhər...

Canında əsrlərin,

Qalaq –qalaq ağrıları.

Savaşların barıt qoxusu,

Topların gur səsi.

İnsanların ərşə dirənən fəryadı,

Zaman –zaman yağmalandın.

Yandırdılar səni, tüstün burum –burum

Göylərə qalxdı.

Dəniz –dəniz çalxalandın,

Gah zülmətə qərq oldun.

Gah bələndin işığa,

Köhnə şəhər.

Sən də, bir vaxtlar ürəkləri valeh edən,

Gənclərin görüşdüyü,

Sevənlərin sevişdiyi,

Küçələri tər –təmiz.

Parkları göz oxşayan bir şəhər olmusan,

Köhnə şəhər!

İndi uçuq binalarında insanları,

Qorxuya salan ruhlar dolaşır.

Divarların daş –daş ulayır,

Üzərində ölüm bayrağı dalğalandıqca...

Küçələrin ölüm himni oxuyur,

Köhnə şəhər.

Qorxuram ki, havaya dönəsən,

Suya çevriləsən,

Ya da, qaranlıq bir gecəyə.

İnsalar havadan,

Sudan zəhərlənə.

Ya da, gecələr yuxuda havalana,

Köhnə şəhər...

Sən də bir vaxtlar ürəkləri valeh edən,

Gənclərin görüşdüyü,

Sevənlərin sevişdiyi,

Küçələri tər –təmiz,

Parkları göz oxşayan bir şəhər olmusan...

27 fevral 2017

 

BİR AZ UZAQDA DUR, GENDƏN BAX MƏNƏ

Bir az uzaqda dur, gendən bax mənə,

Bax , dağa, dənizə baxdığın kimi.

Nəhəng ümmanların dalğasıyam mən,

Yağ sən də, hər zaman yağdığın kimi.

 

Qəlbində arzuya, istəyə dönüm,

Bir də tənhalığı duymayasan sən.

Üzündə təbəssüm dayanıb belə,

Sənə baxdığım tək, baxasan gendən.

 

Üzü gün doğana baxasan belə,

Baharda güllərə baxdığın kimi.

Əngin səmalara, sonsuz göylərə,

Uzadım dost kimi, mən də əlimi.

 

Sirdaşın ulduzlar, həmdəmin Günəş,

Yeriyib getdiyin yollar sevinsin.

Duyduqca duyğulu nəğmələr kimi,

O şirin sözlərin, ilıq nəfəsin.

 

Yaxınlar uzaqdır, uzaqlar yaxın,

Doğmadır könlümə bu duyğu, bu hiss.

Qəlbimə ən doğma, ən əziz insan,

Ötüşsün illər də səssiz –səmirsiz.

 

Bir az uzaqda dur, dediyim kimi,

Can atma dənizə, çağlayır dəniz,

Hər damla dağ boyda dalğaya dönüb,

Dəniz qorxuludur sənsə səbirsiz.

 

Bir az uzaqda dur, dəniz qorxulu,

Dənizin qoynunda nəhəng bir gəmi.

Uzaqdan uzağa görünür bu dəm,

Pələngin ağzında bir şikar kimi.

 

Bir az uzaqda dur, gendən bax mənə,

Bax, dağa, dənizə baxdığın kimi.

Nəhəng ümmanların dalğasıyam mən,

Yağ sən də, hər zaman yağdığın kimi.

13 fevral 2017

 

BU DÜNYANIN YADDAŞINDA

Daha heç nə,

Əyilə –əyilə,

Keç, bu buludların altından.

Qoy buludların yuxusu qarışmasın.

Bilirsənmi, bizə sarı uzanan

Bütün yollar,

Bizdən başlanır.

Zaman yolu,

Güman yolu.

Saysam bitməz.

Bir yolda var,

O yol bizik, bu dünyanın yaddaşında...

22 yanvar 2017

         ***

Bəlkə, göy üzünə oxuduğun

Duaları Tanrı eşitmir.

Daha oxuma.

Bir az göy üzü,

Bir az yer,

Bir az da biz dincələk.

Günlər an –an, saat –saat səssiz keçsin,

Bəlkə, sükut Tanrıya ən gözəl duadır,

Sükutumuzu eşidə Tanrı.

29 yanvar 2017

      ***

Günəşin ətəyində,

Kölgə aradım.

Kölgənin ətəyində Günəşi...

Keçdim ulduzların arasından,

Ulduzlarla yoldaş oldum.

Marsla görüşdüm,

Sıxdı əlimi,

Sonra endim.

Buludların arasında,

İtirdim Günəşi

Tanrı bilər, indi mən hardayam.

30 yanvar 2017.

       ***

Ayrılan an,

Gözlərindən bir damla yaş da axmadı.

Baxdı üzmə,

Baxa –baxa addım –addım aralandıq.

Ayrıldığımız yer hər ikimizə mayak kimi,

Biz isə, dənizdə fırtınalarla çarpışan gəmi.

O gözdən itənəcən,

Mən kədər dolu min il ömür yaşadım,

Çiynimdə dünya boyda ağrılar...

Hara getdiyimi bilmədən ümidsiz,

Gümansız yeridim.

31 yanvar 2017.

 

 Şrift:



                                                                     Səndə Qalmışam..

Ah, bir bu gecənin dili olaydı
Şeirlər söyləyib nəğmə qoşaydı
isti yatağından oyadıb səni
məndən biraz sənə pıçıldayaydı

Dinləyib gəcəni dolaydın səndə
halımı düşünüb köks otürəydin
Düşüb küçələrə elə o gecə
Hər tərəf hər yanda
məni gəzəydin

Görəsən nərdədir bu dəli adam
Düşünüb deyinib hey axtaraydın
Daim görüşdüyümüz parka yollanıb
Elə səhəridə orda açaydın

Məni orda burda axtarma quzum
Mən səndə itmişəm
Səndə qalmışam
Biraz saçlarına
bulaşmışam mən
Biraz əllərində mən yox olmuşam
Gec deyil hələ də
qayıt özünə!
Mən hələ dünənki
səndə qalmışam...

                                                                            Dağınıq şeir

Çarəsiz yazıram mən
Bilirəm ki, onsuzda
Başa düşməyəcəksən.
Qürura məğlub oldun,
Geri gəlməyəcəksən.

Otağım dağınıqdır
Fikirlərim dağınıq.
Sənsizlik elə bil ki,
Bu şeirədə qarışıb
Ağlımın yaratdığı
Misraları dağıdıb...

Ayın işıq saldığı
Cığırlarla gələrsən!
Bir öpüşlük geri dön
Sabah yenə gedərsən,
Bu sənin adətindir
Sən yenə tərk edərsən

Sən ki mənim deyilsən
Şeirimin qadınısan...
Uçur boş-boş səmada
Sərsəri xəyallarım
Sən onun qanadısan
Sən sevdanın özüsən
Sən hisslərin adısan...

Ayın işıq saldığı
Cığırlarla gələrsən!
Bir öpüşlük geri dön
Sabah yenə gedərsən,
Bu sənin adətindir
Sən yenə tərk edərsən



 Şrift:

 

         Dünyada

 

Sən qəlbimin hərarəti, atəşi,

Səndən gözəl ola bilməz dünyada.

Gözəlliyin utandırar günəşi,

Səndən gözəl ola bilməz dünyada.

 

Bu məqamı gözləmisən xeyli sən,

Vurulmusan, sən də mənə meylisən.

Divanəyəm, Məcnun mənəm, Leyli sən,

Səndən gözəl ola bilməz dünyada.

 

Bir xəstədir, sənsən şəfa Elnura,

Əbəs yerə vermə cəfa Elnura.

Sevgidə sən göstər vəfa Elnura,

Səndən gözəl ola bilməz dünyada.                

 

               Sonet

 

Günəşimsən, aya döndərib məni

Atdı sevgi adlı fəzaya Tanrı.

Sonra ordan geri göndərib məni

Məhkum etdi ağır cəzaya Tanrı.

 

Bu cəza ayrılıq, bu cəza hicran,

Nə edim? Buna da dözməliyəm mən.

İsti küləkləri qumlar sovuran

Səhrada Məcnuntək gəzməliyəm mən.

 

Ağlamaqla bitir hər günüm mənim,

Unutmayacağam olanları mən.

Gözdən uzaq keçir sürgünüm mənim,

Özümə dost billəm heyvanları mən.

 

Ayım sona yetər, ilim qurtarar,

Məni iztirabdan ölüm qurtarar.

 

“Nurəngiz Günə BİR BƏND ŞEİR”

 

Nəğmələri uçub rahatlanmadan

Ətrafa nəvaziş gətirməkdədir.

İnamları zəif görünənlərçün

Ülfət nəsimini əsdirməkdədir.              

 

 

 

 

 

              Anam

 

Kiçik yaşlarından atadan

yetim qalmış bir oğlanın

dilindən

 

Həyatda borcluyam anama təkcə.

Anamın borcunu qaytarım necə?

Ömründə doyunca yatmayıb gecə

Ümidini mənə bağlayar anam.

 

O, məni böyüdüb, yetirib başa,

Arzusu dünyada dəyməsin daşa.

Yolumda qocalıb dolubdur yaşa,

Dərdini qəlbində saxlayar anam.

 

Saçları ağarır keçdikcə illər,

Anamın varlığı mənimçün yetər.

Yaxşı oğul olsam, anama əgər

Dözməyib sevincdən ağlayar anam.

 

Bu gün dərsə gəlməmisən

 

Sənin yerin boş qalıbdır,

Bu gün dərsə gəlməmisən.

Ürəyimi qəm sarıbdır,

Bu gün dərsə gəlməmisən.

 

Ucdan tutub ucuzluğa,

Yol gedirik sonsuzluğa.

Dözəmmirəm yoxluğuna,

Bu gün dərsə gəlməmisən.

 

İtirmişəm özümü mən,

Söhbətimi, sözümü mən.

Silləm yaşlı gözümü mən,

Bu gün dərsə gəlməmisən.

 

Yaşamağa yer tapmıram,

Bir ölüyəm, gor tapmıram.

Yoxsa əlac var, tapmıram?

Bu gün dərsə gəlməmisən.

 

 

 

 

 Şrift:





                Cəzalıdı ürəyim

 

Cəzalıdı ürəyim,

Bədənimdə kuncə qoydum.

Yorulan göz yaşımı,

Yanağımda dincə qoydum.

 

Bu da səndən qalan ömür,

Yarı sənsən, yarı sudu.

Həsrətini atdığım  yer

Gözlərimin quyusudu.

 

Eh! Yolların yol yoldaşı,

Gedən yollara qarışdın.

Sən tək bədəndən ibarət

Sevgilərə alışdın...

İçimi çəkirəm darıxanda

 

Ayrılığın bir üzünü

Köçürdüm gözlərimə,

Bir üzü səndə qaldı.

Gecəli, gündüzlü məhəbbətimin

Gündüzü səndə qaldı.

 

Gözlərim qum saatıdı,

Boşalır, təzədən dolur.

Sən guya hamıdan yaxşı...

Yaxşılıq beləmi olur?

 

İçimi çəkirəm darıxanda

Siqaret kimi.

Nimdaş həsrətin

Dolanır yanaqlarımda küçə-küçə.

Mən indi gecə növbəsində

Yorğun, yuxusuz.

Üstəlik də 

Ay batacaq deyirlər bu gecə.

Mənsiz şəkil çəkdirmə

 

Mən səni sevə bilərdim,

Sevmirəm... guya sevmirəm.

Elə səndən danışıram

Ulduza, aya... Sevmirəm.

 

Əllərim darıxır biraz,

Əlimdən o yana yox.

Sakit danış ürəyimin içində,

Ürəyim oyanar, yox.

 

Hər gün gözlərimdəsən,

Gözlərimdən çəkil dəə.

Sənə bir söz də deyim,

Mənsiz şəkil çəkdirmə,

Pis düşürsən şəkildə.

 

Sağ çıxa bilmədik...

 

Yox! Səni də qınamıram,

Yox! Məni də qınama.

Alnımıza yazılanın

Günahkarı biz deyilik.

Bir sən varsan bu dünyada,

Bir mən varam,

Amma, ikimiz deyilik.

 

Göyə qaldırdığım xəyallar daha

Gözümün altında uçuq qalacaq.

Eh! Qapım üzünə bağlı olsa da

Pəncərəm həmişə açıq qalacaq.

 

Üzü qara olsun bu ayrılığın,

Ağ  çıxa bilmədik.

Bircə onu bilirəm ki,

Bədənimizin sol tərəfindən

Sağ çıxa bilmədik.

Susdum

 

Susdum, danışmadım onda,

Susdum ki, başa düşəsən.

Ağlamadım sən gözümdən düşəndə,

Qorxdum, yağışa düşəsən...

İndi

Üşüyən əllərimi

Ciblərim ovudur.

Gözlərimi yumub gizlədirəm

Təəssufümü, gileyimi.

Görürsənmi?

Sən də ferqli deyilsən,

Məni bütün unudanlar

Eyni cürə unudur.

Və mən indi...

 

Və mən indi hamıdan

Küsmüşəm sənə görə.

Ürəyimi sinəmdən

Asmışam sənə görə.

 

Və mən indi sevgiyə

Ən çox inanmayanam.

Gözlərinin qarasında

Yatıb oyanmayanam.

 

Yanağımda üç damla yaş...

Əcəb nağıllı oldum.

Ürəyimi itirib

Elə ağıllı oldum.

Susarsan

 

Sonra

Səssizlik çökər gözlərinə.

Kipriyindən asdığın

Yaş da quruyar,

Əllərin qoynunda yarıyar.

Gözəl-göyçək ümidlərlə

Aranı vuran tapılmaz.

Hər yerin elə ağrıyar,

Bir dənə yaran tapılmaz.

Susarsan,

Elə susarsan,

Bircə gözlərin səs eder...

İlahi, nə çox düşündün,

Mənə ölüm də bəs edər.

Qadınlardan tanıdım göz yaşını

 

Qadınlardan tanıdım göz yaşını...

Eh! Onda ürəyim hələ sağıydı.

İlahi, gör necə unutdu məni,

İlahi, o necə unutmağıydı?!

 

Daha susmağa da nəfəsim çatmır,

Susuram, dilimdən ölüm tökülür.

İlahi, əlimə yiyə çıxmadın,

Göylərə açdığım əlim tökülür.

 

Sən niyə demədin, niyə demədin,

Sevgilərin sonu bilməcə olur?...

O qara gözləri düşür üstümə,

Günün gündüz vaxtı, ah...  gecə olur.

Səndən nə qaldı ki...

 

Sonra gözəl-göyçək ayrılıq gəldi,

Sonra gözəl-göyçək ayırdı bizi.

Arxanca uzanan əlim gödəldi,

Üzü qışa tutduq ürəyimizi.

 

Səndən nə qaldı ki, eh... Səndən heç nə,

Bir azca peşmanlıq, bir azca hüzün.

Sən məni hamıdan yaxşı tanıdın,

Mən səni tanıya bilmədim, quzum.

 

Ölü doğulubdu məhəbbətimiz,

Daha yanağımda axınım sənsən...

... Bir az uzaq dayan, uzaq ol mənə,

Hələ də hamıdan yaxınım sənsən...

“Əllərim üşüyür”

 

Mən özüm “ayrılaq” demişdim  onda,

Mən özüm bilirdim belə olacaq.

Uçuq daxma kimi damır gözlərim,

Hələ nə olub ki, hələ olacaq.

 

Ağladım, gözümü  dəniz etdim ki,

Mən sənin sevgini boğum, boğulmur.

Hər axşam gözümə düşən gecəyə

Həsrətin doğulur, yuxum doğulmur.

 

Soyunum gözümdən  göz yaşlarımı,

Göndər ümidini geyim, barışaq.

Axı nə bəhanə tapım görəsən,

“Əllərim üşüyür” deyim, barışaq?

 

 

 Şrift:

                 Afaq Şıxlı


KİMƏ QALACAQ

Bu yurda can deyən canından olur!
Ömürlər puç olur, gözlər qan olur!
Qisməti gəlməmək nə yaman olur!
Bu zaman hələ çox canlar alacaq!

Ardını oxu...

Sayğac