Xəbər lenti

 Şrift:
Yenə dərsdən çıxmışıq, uşaqların gülüş səsi qulaqlarımı batırır, mən gülməyi çoxdan unutmuşam... anaların nəvazişlə dediyi "qızım, necəsən?" "Bəlkə acsan mələyim?"- sözləri məni qıcıqlandırır, hər kəsin rahatca addımladığı yollar məni yorur, niyə axı?!, məgər mən çox pis uşağam?
Axı mən belə deyildim, niyə gözlərim sözümə baxmır, niyə isladır onsuz da təmiz olmayan köynəyimi, bu qədər göz yaşım, yuyacaqmı çoxdandır rəngini aça bilmədiyim köynəyimi...
Niyə çiyinlərim sözümə baxmır, hər kəsin rahatca götürdüyü çantanı mənim çiyinlərim götürmür, niyə düşür çiyinlərim, bükülür belim, axı hələ qocalmamışam... Niyə üşüyürəm, hər kəs anasının ovuclarında isidərkən əlini, bəs mənim əllərim niyə isinmir?..
Əlbəttə, axı mənim yanımda anam yoxdur, anam yoxdur ki, ovuclarıyla sıxa balaca barmaqlarımı, isidə, isti nəfəsiylə isidə məni, ağır məktəbli çantamı ala mən yorulanda dincələ çiyinlərim, ağlayanda qoymaya, uşaqlar kimi təmiz geyindirə, əlbəttə, axı mənim anam yoxdur...
Gedirəm, yol hey yorur məni.... fikirlər başımda dumanlanır, hamını anası sevərkən mən sevgisizlikdən sıxılıram, doğmam uzaqlardaykən yad ana, daha doğrusu uşaqların dilinin əzbəri olan "Ögey anam"ın soyuq baxışlarından buz bağlamışam. Kimə deyim, bu gün yenə üzüldüyümü, bu gün yenə anam üçün darıxdığımı, bəzən də anamdan küsdüyümü, axı anam məni atmalı deyildi, bəlkə də səhv edirəm amma, məncə dözməliydi, ya da məni özüylə aparmalıydı, axı mən onun qızıydım, atamın yanında qoyub gedəndə bilmirdimi ki, bir gün onunçün ağlayacam, əziləcəm... Atamdan da küsürəm, anamla ayrılanda demədimi qızım neynəyər anasız...
Yolum evə sarıdı, hamı gülüşür, hay-küylü küçələr mənə dar gəlir, axı gedəcəyim ünvanda mənə "xoş gəldin!"- deyib halımı soruşan olmayacaq... Axı getdiyim ünvan doğma evim olsa da orada mənə doğmalıq göstərən yoxdu...
Mən nə danışıram axı, doğma atam var, məni sevirdi.. əvvəllər... nənəm də var, babam da, hələ yad anamın əzizlədiyi doğma bacılardan danışmıram, onlar bacılarımdı, məni anaları sevməsə də onları sevirəm mən, bacım olduqları üçün yox, uşaq olduqları üçün... Axı atam onları daha çox sevir, ona əzizim deyən çoxdu, mənə isə yalnız nənəm deyir, o da hər dəfə anamı gözümdən salmaq istəyəndə düşür gözümdən, axı nə də olsa anadır, necə qıyaram ona...atam  da əzizlərdi məni əvvəllər, amma anamı unutduğu kimi daha mənə dediyi gözəl sözləri də unudub...
Gedirəm... xəyalımdakı balacalığımla baş-başa qalan "kiçilmiş" böyüklüyümlə bərabər gedirəm... o qədər də böyüməmişəm, amma özümü qocaman hiss edirəm. Hansı xatirəni silim ki yaddaşımdan.. ən çox incidəni isə heç siləmmirəm, o kiçik yaşlarımın xatirəsi nə yaman böyükmüş... sabahı şilləylə açmışdım, ögey ana nədir onda bilmişdim, qaçdım, hey qaçdım, uzaqlara yox, məni öz qızı kimi sevən bir xalanın yanına, göz yaşlarımı silib məni sakitləşdirmişdi. Bu vaxt arxamca gələn ögey anamın ayaq səslərindən titrəməyə başladım... amma şikayət etməzdim, çünki qorxurdum, əgər atam bilsə onu da anam kimi atacaq və bacılarım da anasız qalacaq, axı mən böyüklər kimi qəddar deyildim, nə döyməzdim, nə də incitməzdim...
Of.. niyə getmir ayaqlarım, niyə xatırladım yenə olanları... mən ki hər gün yaşadım o ağrıları/ Məni yalnız analığım döymədi, ən çox anasızlığım döydü, hər səhər uşaqlarıyla oynayan anaları gördükcə, əzizlənən uşaqları gördükcə mən döyülürdüm sanki...
Niyə nəfəsim dayanır, sıxılıram, deyəsən xəstəliyim tutdu yenə, offf bu öz-özümlə etdiyim söhbətlərdən sonra həmişə niyə belə oluram, yaman pis xəstəlik tapmışam..
Qoy gülüm halıma... nə qədər həkimlərə apardılar, kimsə bilmədi ki xəstəliyimin səbəbini, hər yeri sağlamdır dedilər, bax belə sıxılanda da "artistlik" edir dedilər.. Kimsə anlamadı xəstəliyimi, kimsə, heç həkimlər belə bilmədilər ki mənim xəstəliyimin adı anasızlıqdır, o balaca ürəyimin bir küncündə yuva salan anasızlıq, mən sevgiylə böyümək istəyirdim, amma içimə saldığım yaralar qoymur böyüyüm, yaşım artdıqca kiçilirəm mən,
Yox, bu dəfə lap pis oldum...nədənsə yıxılıram, ayağa qalxa bilmirəm, birtəhər çantamdan qələm kağız götürüb bir iki kəlmə yaza bilsəydim.. " ürəyim yaman sıxılır, kimsə inanmırdı amma mən bilirdim ki çox dözə bilməyəcəm, çox zəifləmişəm... ana... ana... səni görmədən ölmək istəməzdim...heyif.. bu dəfə də tutmadın əlimi... bağışla ana... səndən küsdüyüm üçün bağışla.. sən məni atdığın kimi mən də səni atdığım üçün bağışla.."
Vüsalə Qələndərli
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac