Xəbər lenti

 Şrift:
                 
                        Sultan MƏRZİLİ
 
                                                             AT ADAM
 
                                                                hekayə
 
     Lift işləmirdi, işıqlar yenə kəsilmişdi. Pilləkənləri axıracan rahatcana və birnəfəsə qalxdı. Qəribə idi, əvvəlki kimi tövşümrdü. Qapı yarıaçıq idi. İçəri girib koridordakı bədənnüma güzgüyə baxanda donub yerində qaldı! O, yox idi, yerində başqası dayanmışdı. Başqası - ağzı, gözü, burnu, qulağı olan bir məxluqun teli alnına, daha doğrusu qaşqasına tökülmüşdü. Təəccüblə gözlərini bərəltdi, fınxırdı, heyrət və gülüşü bir-birinə qarışdı. Güləndə dişlərinin mırığı göründü. Qabaq dişindən biri düşmüşdü. Qalan dişləri sağlam və möhkəm idi; əsl at dişi kimi möhkəm.
     Və birdən onu doğrudan da dəhşət bürüdü, güzgüdən ona qara bir at baxırdı! Alnında ağ qaşqası olan at. Heyrət və qorxu ilə qəhqəhə çəkdi, bərkdən at oxranışı, kişnəməsi alındı. Hirslə təpiyini yerə çırpdı. Əyilib cızından çıxan laminat döşəmədə nal izlərinin yeri qaldı. O, at olmuşdu! Heç cürə bunu ağlına sığışdıra bilmirdi. Koridorla otaqlara tərəf addımladı. Bu, mətbəxdi, stolun üstündəki çaynikin lüləsindən hələ də buğ çıxırdı, deməli, arvadı bir az qabaq evdən çıxmışdı. Çaynikin yanında kağız vərəqdə tələsik xətlə yazılmışdı: “Əzizim, yemək soyuducudadır, peçdə qızdırıb yeyərsən. Yatanda televizoru söndür, çayniki qaz pilətəsinin üstündən götürməyi unutma! Axşam uşağı bağçadan götürərsən, mən işdən çıxanda xəstəxanaya, anama baş çəkməliyəm. Öpürəm. Sənin Nisən”.
    Yataq otağına baş çəkdi. İkinəfərlik enli çarpayının yanında uşaq nənnisi vardı. Uşağın yatağını qoxladı. Oğlunun ətri burnunu qıcıqlandırdı, başını qaldırıb divara baxdı. Gözləri süd dişləri görünən körpənin təbəssümlü şəklinə sataşdı... Bərkdən kişnədi. Bu dəfə kişnərtisini aydın eşitdi. Əsl at kişnərtisi idi! Yataq çarpayısının o biri tərəfinə keçdi. Paltar dolabını hirslə yana aşırdı. Təpikləyib sındırdı. Rəfin gözündən qutular, dərmanlar, ucu arı neştəri kimi nazik iynələr töküldü. Ampulalardakı maye gözünə sataşanda gözləri qan çanağına döndü. “Yox, yox, yox! Mən sizə nifrət edirəm! Mən sizi məhv edəcəyəm! Siz, siz məni yıxa bilməzisinz! Mənim aliləmi dağıda bilməzsiniz!”- deyərək onları təpkləyib qırdı, sonra götürüb pəncərədən bayıra atmaq istədi. Ayaqları əsə-əsə boynunu yerədək uzadıb iynələri və sürüşüb qaçmaq istəyən kiçik şüşələri dişləri və dodaqlarıyla yapışıb pəncərədən bayıra atmağa çalışırdı. Pəncərə açılmırdı. Təpik zərbəsindən şüşələr qırılıb töküldü. O, müvazinətini itirib bayıra yıxıldı...
      Çəkisizlik. Boşluq. Zərbə və rahatlıq...
      Hər şey bitdi. O kiçik bir işıq zolağı şəklində qaranlığın içindən parlaq günəşə tərəf yıxıldığını duyurdu...
   … Doqquzmərtəbəli evin qarşısına xeyli adam toplaşmışdı. Təcili yardım maşınından düşən göy xalatlı dazbaş, donqar vücudlu, eynəkli həkim adamları kənara itəliyib qabağa keçdi.
     Yerdə yaşı otuzdan çox olmayan cavan bir kişi uzanıb qalmışdı. Ağzından və burnundan axan qan yerdə qəribə bir fiqur şəklində göllənib qurumaqda idi. Həkim onun yana açılmış sol qolunu qaldırıb nəbzini tutdu, sonra boynundan asılmış cihazının uclarını qulaqalarına taxıb adamın sinəsinə qoydu, ürəyini dinlədi. “Keçinib!”- dedi. Adamlar sakitləşdilər. Sürücü təkərli xərəyi yaxına gətirdi, onu qaldırıb xərəyə qoydular və maşının arxa qapısından içəriyə itələyib getdilər.
     Həyətdəki adamlardan biri yerdə göllənib quruyan qanı kürəklə qazıb götürmək istədi. Adamın diqqətini nəsə çəkdi, əlindəki kürəyə söykənib diqqətlə qan ləkəsinə baxdı.
Yerdəki qan şahə qalxmış at şəklində laxtalanıb qurumuşdu.
 
                                                                            MOSKVA, 2013.
 
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac