Xəbər lenti

 Şrift:
             
                    Kəmalə Səlim Müslümqızı
                 
                                  Çələng, don, göl
 
       Ağ donlu, rəngbərəng gül-çiçəkdən hörülmüş çələngli bir qızcığazdı. Heyranlıqla ətrafı seyr edir, pak, təravətli görünüşünə həqarətlə baxanları sezmirdi. Çəmənə ayaq basdığı  andaca ayağına tikan batdı. Elə ufuldadı ki, sanki dünyanın sonuymuş. Geri qayıtmaq istəsə də, duruxdu. Axı ətraf çox cəzbedici, dəvətedici idi. Gizəmli bir səs elə hey “ irəli get “ - deyirdi. Bir qədər də irəlilədi. Kəpənəklər saçlarına qonur, çiçəklər onu ovsunlayırdı. Tikanı unutdu, axı həyat gözəl idi. Qayğısız, şən günlər qəsr pillələri kimi bir-birini əvəzləyirdi. Elə hər şey yaxşıydı ki, bir gicitkən də daladı. Gözünün yaşını leysan kimi tökdü. Yaz yağışı tez kəsir axı, yenə də unutdu. Axı cəzbedici gözəllik daha füsunkar idi.
Çələnginin çiçəkləri daha al-əlvan idi, donu isə bir qədər çirklənmişdi. Buna çox heyfsilənirdi. Laaap uzaqlarda dişini qıcırtmış qəribə, heyvanabənzər məxluqlar onu əyri-əyri seyr edirdilər. Onlar çoox uzaqlarda olsalar da, bir gün onların yanına ulaşmaq qorxusu ilə üzünü kənara çevirdi. Səmtini dəyişdi ki, görüb qorxmasın. Amma onlar hər tərəfdə varıydılar. Bir-birlərinə elə də bənzəməsələr də, hamısı heybətli və iyrənc idi.
Çələngi daha da gözəlləşmişdi. Ətrafdakıların heç biri laqeyd qala bilmir, köks ötürmədən keçib gedə bilmirdilər. Amma donu qısalır, artıq dizlərini örtmürdü. Bununçün çox heyfsilənirdi. Amma gözəlliyilə ovsununda idi. Al-əlvanlıq, laləzarlıq, məstedici sərinlik, cənnət röyasıtək onu ağuşuna almaqda idi. Yenə tikanlar, yenə tülkü xislətli hardan boy çıxartdığı məlum olmayan gicitkanlar da kötülüklərində idi. Çələnginə hələ ki, ciddi zərər yetirə bilməmişdilər, amma donu... O qədər qısalmışdı ki, artıq geyiləsi deyildi. Gözlərsə həp üzərində idi. Yırtıcı, qan sığılmış gözlər. Çürümüş dişlərilə bəyazlığından əsər-əlamət qalmayan libasını didib-parçalamaq, onu tamamən lüt-üryan qoyana qədər məhv etmək fikrində idilər...
 Çox yorulmuşdu, bezmişdi, usanmışdı. Artıq ətrafdakı gözəllikdən zövq ala bilmirdi.Yorğun ayaqlarını sürüyərək şəffaf gölün kənarında oturdu. Libasını görməməkçün bu ayna sulara baxmaq istəmirdi. Keçən günlərini fikirləşir, şən, qayğısız körpənin xiffətini çəkirdi. Gözlərindən süzülən bir damla, köynək qədər qalmış, rəngini çoxdan yadından çıxarmış donuna düşdü. Diksindi, qeyri-iradi nəhəng gölün sularına baxdı. Və qışqırdı, elə bir qiyyə çəkdi ki, səsindən gölün suları çilik-çılik oldu. Ətrafında hər şey bozardı, toz dumana qarışdı. Amma bunu nə eşidən, nə də duyan oldu. Bir göl, bir də o, göz-gözə qaldı. Bir göl eşitdi, bir o diksindi. Bir o ağladı. Onun hıçqırığını da ondan başqa duyan olmadı.
Göldən, başında qurumuş çubuqlardan çələngi olan qozbel bir qarı ona  baxıb, qarğış edirdi. Səsi çıxmır, sadəcə dişsiz ağzı açılıb-yumulurdu. 


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac